Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 96-3

Maddə 96-3. Sığortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılması və azad edilməsi

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

96-3.1. Aşağıdakı hallarda Mərkəzi Bank sığortaçıya rəhbər işçilərinin 45 iş gününədək müddətə vəzifələrindən müvəqqəti kənarlaşdırılması barədə təqdimat verir:

96-3.1.1. sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90 faizindən az, 80 faizindən çox olduqda;

96-3.1.2. bu Qanunun 96-1.2.1-ci maddəsində nəzərdə tutulan tədbir sığortaçı tərəfindən icra edilmədikdə;

96-3.1.3. bu Qanunun 96-2.1-ci maddəsində göstərilən sağlamlaşdırma planının təqdim edilməsi üçün əsas olan hal sağlamlaşdırma planının icrası nəticəsində aradan qalxmadıqda.

96-3.2. Bu Qanunun 96-3.1-ci maddəsində nəzərdə tutulan təqdimat verildiyi gündən Mərkəzi Bank sığortaçının məcmu kapitalının məbləğinin azalmasının və (və ya) sağlamlaşdırma planının icra edilməməsinin və ya təqdim edilməməsinin səbəblərini araşdırır.

96-3.3. Mərkəzi Bank tərəfindən bu Qanunun 96-3.1-ci maddəsinə əsasən verilmiş təqdimatda göstərilən müddət ərzində aparılan araşdırmalar nəticəsində vəzifələrindən müvəqqəti kənarlaşdırılan rəhbər işçilərin fəaliyyətində qüsurlar aşkar edilərsə, Mərkəzi Bank sığortaçıya həmin rəhbər işçilərin vəzifələrindən azad edilməsi barədə əsaslandırılmış təqdimat verir.

96-3.4. Mərkəzi Bankın sığortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılması və ya azad edilməsi ilə bağlı təqdimatı bu təqdimatın verildiyi gündən sonrakı 5 iş günü ərzində icra edilməlidir.

96-3.5. Mərkəzi Bank sığortaçıya bu Qanunun 96-3.1.1-ci maddəsində nəzərdə tutulan hal ilə əlaqədar təqdimat verdikdə, sığortaçı onun məcmu kapitalının məbləğinin tələb olunan kapitalın məbləğinin ən azı 90 faizinə bərabər olmasını bu cür təqdimat verildiyi tarixdən 6 ay ərzində təmin etməlidir.

96-3.6. Mərkəzi Bank sığortaçıya bu Qanunun 96-3.1.2-ci maddəsində nəzərdə tutulan hal ilə əlaqədar təqdimat verdikdə, sığortaçı onun məcmu kapitalının məbləğinin tələb olunan kapitalın məbləğinə bərabər olmasını bu cür təqdimat verildiyi tarixdən sağlamlaşdırma planının icra müddəti bitənədək təmin etməlidir.

96-3.7. Mərkəzi Bank sığortaçıya bu Qanunun 96-3.1.3-cü maddəsində nəzərdə tutulan hal ilə əlaqədar təqdimat verdikdə, sığortaçı onun məcmu kapitalının məbləğinin tələb olunan kapitalın məbləğinə bərabər olmasını bu cür təqdimat verildiyi tarixdən 6 ay ərzində təmin etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver