Qanunvericilik › Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 96-5

Maddə 96-5. Müvəqqəti inzibatçının təyin edilməsi

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

96-5.1. Müvəqqəti inzibatçı Mərkəzi Bankın işçiləri sırasından və ya kənar şəxslərdən (fiziki və (və ya) hüquqi şəxslərdən) 3 ayadək müddətə təyin edilir. Bu müddət hər dəfə 3 aydan çox olmamaq şərti ilə ümumilikdə 12 ayadək uzadıla bilər.

96-5.2. Müvəqqəti inzibatçının əməkhaqqı və çəkdiyi xərclər sığortaçının aktivləri hesabına ödənilir. Müvəqqəti inzibatçının əməkhaqqı və çəkdiyi xərcləri ödəmək üçün sığortaçının aktivləri kifayət etməzsə, ardıcıl olaraq 3 ay ərzində həmin xərclər Mərkəzi Bank tərəfindən ödənilir.

96-5.3. Sığortaçılara aidiyyəti olan şəxslər, habelə sığortaçının kreditorları, sığortalılar, sığorta olunanlar, faydalanan şəxslər və benefisiar mülkiyyətçilər (Mərkəzi Bank istisna olmaqla) sığortaçının müvəqqəti inzibatçısı vəzifəsinə təyin oluna bilməzlər.

96-5.4. Müvəqqəti inzibatçının təyin edilməsi və ya təyinat müddətinin uzadılması haqqında qərarda bu Qanunun 96-4.2-ci maddəsi nəzərə alınmaqla, həmin qərarın qəbul edilməsinin əsasları, müvəqqəti inzibatçı haqqında məlumat və onun səlahiyyət müddəti göstərilir. Mərkəzi Bank qərar qəbul edildikdən sonra onun dərhal sığortaçının Direktorlar Şurasına və İdarə Heyətinə təqdim olunmasını təmin edir.

96-5.5. Müvəqqəti inzibatçı öz fəaliyyətində bu Qanunu, qüvvədə olan normativ hüquqi aktları, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarını, habelə göstəriş və tövsiyələrini rəhbər tutur.

96-5.6. Mərkəzi Bankın müvəqqəti inzibatçının təyin edilməsi haqqında qərarının surəti sığortaçıya təqdim edildiyi gündən etibarən 3 iş günü müddətində sığortaçının Direktorlar Şurası sığortaçıya təyin edilmiş müvəqqəti inzibatçının dəyişdirilməsi və ya ona razılıq verilməsi barədə qərar qəbul etməli və qərarın təsdiq edilmiş surətini Mərkəzi Bankına təqdim etməlidir. Sığortaçı Mərkəzi Bankın müraciətinə münasibətini bildirmədikdə, sığortaçı müvəqqəti inzibatçının təyin edilməsi qərarı ilə razı olmuş hesab olunur.

96-5.7. Mərkəzi Bank təyin etdiyi müvəqqəti inzibatçıya dair etiraz aldıqda, 5 iş günü müddətində öz qərarına yenidən baxmalı, təyinatın ləğv edilməsi və ya seçimini əsaslandıraraq qərarının qüvvədə saxlanılması barədə qərar qəbul etməlidir. Mərkəzi Bankın digər müvəqqəti inzibatçının təyin edilməsi və ya əvvəlki təyinatının qüvvədə saxlanılması barədə qərarı dərhal sığortaçıya təqdim olunmalıdır.

96-5.8. Bu Qanunun 96-5.6-cı və 96-5.7-ci maddələrində nəzərdə tutulmuş hallardan asılı olmayaraq, Mərkəzi Bank tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı Mərkəzi Bankın onun təyin olunması barədə qərarı qəbul edildikdən sonra dərhal öz vəzifələrinin icrasına başlamalıdır. Müvəqqəti inzibatçının təyinatı dəyişdirildikdə, müvəqqəti inzibatçı dərhal sığortaçının aktivlərinin idarə olunmasını, mühasibat kitablarını və yazılarını yeni təyin olunmuş müvəqqəti inzibatçıya təhvil verməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver