96-6.1. Bu Qanunun 96-4.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, müvəqqəti inzibatçı təyin olunduğu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.
96-6.2. Sığortaçının müvəqqəti inzibatçısı sığortaçının satılması, yenidən təşkili və ləğvi haqqında qərarlar qəbul edə bilməz.
96-6.3. Müvəqqəti inzibatçı sığortaçının mövcud maliyyə vəziyyəti haqqında ən geci 60 təqvim günü müddətində hesabat hazırlayıb Mərkəzi Banka təqdim edir. Hesabata sığortaçının ləğvi zamanı satıla bilən aktivlərin dəyərləndirilmiş qiyməti daxil edilir. Müvəqqəti inzibatçı hesabatın tərtib edilməsinə ekspertlər cəlb edə bilər. Ekspertlərin xidmətləri bu Qanunun 96-5.2-ci maddəsində göstərilən qaydada ödənilir.
96-6.4. Sığortaçının adından və sığortaçının hesabına əqdlər müvəqqəti inzibatçının yazılı razılığı ilə bağlanılır, əks halda həmin əqdlər etibarsız sayılır.
96-6.5. Müvəqqəti inzibatçı sığortaçının idarəetmə orqanlarının səlahiyyətlərindən başqa aşağıdakıları həyata keçirir:
96-6.5.1. sığortaçının əmlakının və sənədlərinin qorunması üçün tədbirlər görür;
96-6.5.2. sığortaçının kreditorlarını və onların qarşısında sığortaçının öhdəliklərinin həcmini müəyyən edir;
96-6.5.3. sığortaçının öz vəsaitlərini (fondları, kapitalı və s.) sığortaçının öhdəliklərinin təmin edilməsinə yönəldir və sığortaçının kreditorlar qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün tədbirlər görür;
96-6.5.4. sığortaçının adından əqdlər bağlayır və sənədlər imzalayır;
96-6.5.5. zərurət olduqda, sığortaçının investisiya qoyuluşunu nəzərdə tutan bağlanmış müqavilələrini ləğv edir və ya onlara dəyişikliklər və əlavələr edir;
96-6.5.6. sığortaçının adından və onun maraqları naminə məhkəmələrdə təmsilçiliyi təmin edir;
96-6.5.7. işdən azad edilmə, işə qəbul edilmə, aşağı vəzifəyə keçirilmə, vəzifədən kənarlaşdırma, sığortaçının işçiləri arasında vəzifələrin bölgüsü də daxil olmaqla əmrlər verir.
96-6.6. Müvəqqəti inzibatçı sığortaçının adından hər hansı bir sığorta növünün aparılması üzrə icazələrin ləğvi ilə bağlı Mərkəzi Banka müraciət edə bilər.
96-6.7. Mərkəzi Bankın razılığı ilə müvəqqəti inzibatçı sığortaçının idarə edilməsinə başqa şəxsləri, o cümlədən sığortaçının rəhbər işçilərini və əməkdaşlarını cəlb edə bilər.
96-6.8. Müvəqqəti inzibatçı bu Qanunun 29.1.2-ci, 29.1.3-cü, 29.1.5-ci, 29.1.6-cı, 29.1.7-ci, 29.1.9-cu, 29.1.11-ci, 29.1.12-ci və 29.3-cü maddələrində nəzərdə tutulan səlahiyyətləri və bu Qanunun 30.1.5-ci və 30.1.6-cı maddələrində nəzərdə tutulan vəzifələri Mərkəzi Bankla razılaşdırmaqla həyata keçirir.
96-6.9. Fəaliyyətə başladığı gündən etibarən sığortaçının rəhbər işçiləri və əməkdaşları sığortaçının möhürünü və ştamplarını, mühasibat kitablarını və digər sənədlərini, əmlakını və digər qiymətliləri müvəqqəti inzibatçıya təhvil verməli və fəaliyyəti ilə bağlı zəruri olan məlumatları ona təqdim etməlidirlər.
96-6.10. Müvəqqəti inzibatçının müraciəti ilə hüquq mühafizə orqanları onun sığortaçının binasına daxil olmasını, sığortaçının aktivlərini, mühasibat kitablarını və yazılarını idarəetməyə qəbul etməsini və onların qorunmasını təmin etməlidirlər.