Qanunvericilik › Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Su təchizatı sisteminə qoşulmağa qoyulan tələblər

Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1. Su təchizatı müəssisələri öz xidməti zonası hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər:

a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını;

b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını;

c) su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri işlərin görülməsini.;

d) su təsərrüfatı pasportunun tərtib edilməsini.

2. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması məqsədilə müraciət Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq edilir. Digər hallarda sifarişçilər su təchizatı sisteminə qoşulmaq üçün su təchizatı müəssisəsinə bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə elektron qaydada müraciət edirlər.

3. Su təchizatı müəssisəsi istehlakçılara onların su təchizatı sisteminə birgə qoşulduğu barədə, qoşulmanın müddətini göstərməklə, bildiriş göndərə bilər.

4. İstehlakçılar tərəfindən qoşulma üçün zəruri olan işlərin nəzərdə tutulmuş müddətlərdə görülməsi haqqında su təchizatı müəssisələrinin tələbləri yerinə yetirilmədikdə və ya qismən yerinə yetirildikdə, su təchizatı müəssisələri bu işləri həmin istehlakçıların hesabına apara bilərlər.

5. Su təchizatı müəssisələrinin qoşulmağa, o cümlədən əvəzçilik qaydasında qoşulmağa çəkdiyi xərclər, belə qoşulma nəticəsində sudan istifadə edən bütün istehlakçılar tərəfindən ödənilir.

6. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması qadağandır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver