11.1. Hazırlanma texnologiyalarına görə şərablar təbii və xüsusi olur.
11.2. Təbii şərablar üzümün tam və ya qismən spirt qıcqırması yolu ilə alınır.
11.3. Xüsusi şərablar üzüm və ya şərab materialından müxtəlif texnoloji üsulların tətbiqi ilə alınır. Belə şərablar xammala və hazırlanma texnologiyasına məxsus dad keyfiyyətinə malik olurlar.
11.4. Keyfiyyət xüsusiyyətlərinə və yararlılıq müddətinə görə şərablar adi (ordinar) və yüksək keyfiyyətli (markalı) olur.
11.5. Adi şərablar ümumi texnologiya üzrə hazırlanır, məhsul yığımı ilində və ya növbəti ilin əvvəlində satışa buraxılır.
11.6. Markalı şərablar yüksək keyfiyyətli xammaldan, xüsusi texnologiyanın tətbiqi ilə hazırlanır və texnoloji tutumlarda bir ildən üç ilədək dincə qoyulur.
11.7. Butulkalarda əlavə olaraq xüsusi şəraitdə iki il yarımdan az olmayaraq saxlanılan markalı şərablar kolleksiya şərabları hesab olunur.
11.8. Keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında şərabçılıq məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır. Uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.