14.1. Şərabçılıq məhsullarının yeni növləri və çeşidləri istehsala hazırlanarkən onların nümunələri tələb olunan sənədlərlə birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi dequstasiya komissiyasına təqdim edilməlidir. Şərabçılıq məhsullarının dequstasiyadan keçirilməsi və sənədləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən olunur.
14.2. Yeni adlara təklif edilən şərabçılıq məhsulları oxşar məhsullardan tərkibinə, fiziki-kimyəvi göstəricilərinə, habelə saxlanma şəraitinə və proseslərinə görə mütləq fərqlənməli, orqanoleptik göstəricilərinə görə isə oxşar olmalıdır. Belə məhsulların hazırlanma texnologiyası məlum məhsul növlərinin istehsal texnologiyalarından fərqlənməyə bilər.
14.3. Yeni şərabçılıq məhsuluna ad almaq üçün istehsalçı müvafiq icra hakimiyyəti orqanına ərizə təqdim etməlidir. Ərizə ilə birlikdə aşağıdakı sənədlər və materiallar təqdim olunur:
14.3.1. məhsula dair annotasiya;
14.3.2. məhsula ad verilməsi barədə əsaslandırma məktubu;
14.3.4. məhsulun tərkibi barədə reseptura məlumatları;
14.3.5. məhsulun oqranoleptik və fiziki-kimyəvi göstəriciləri barədə laboratoriya arayışı;
14.3.6. məhsulun hazırlanmasında istifadə olunan xammal və materialların mənşəyi barədə məlumatlar;
14.3.7. məhsul buraxılan qabların nümunələri, habelə xarici tərtibatının, o cümlədən etiketlərin eskizləri;
14.3.8. ekspertiza üçün qablaşdırılmış məhsulların nümunələri.
14.4. Tərkibi, hazırlanma texnologiyası və saxlanma prosesləri məlum adlarla buraxılan məhsullara uyğun gələn şərabçılıq məhsullarına yeni ad verilməsinə yol verilmir.
14.5. Eyni ad altında məhsul buraxılmasına dair iki və ya daha çox ərizə daxil olarsa, ilkinlik hüququ birinci daxil olan ərizəyə verilir.
14.6. Qəbul edilmiş ərizə üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq təlimatlara uyğun olaraq məhsulun yeniliyinə görə ekspertizası aparılır.
14.7. Ekspertiza nəticəsində məhsulun yeniliyi təsdiq olunarsa, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə şərabçılıq məhsuluna istehsalçı tərəfindən təklif edilən xüsusi ad verilir.
14.10. Yeni ad altında istehsal olunan şərabçılıq məhsulları “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq patentləşdirilir.
14.11. Şərabçılıq məhsullarına adların verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.
14.12. Bu Qanun qüvvəyə mindiyi günədək müxtəlif adlar altında dövriyyədə olan patentləşməmiş şərabçılıq məhsulları da patentləşdirilməlidir.
14.13. Adlar verilən şərabçılıq məhsullarının ekspertizasına görə dövlət rüsumu alınır.
14.15. Yeni ad altında patent verilmiş şərabçılıq məhsullarının başqa istehsalçılar tərəfindən istehsal edilməsi patent sahibi ilə bağlanmış lisenziya müqaviləsi əsasında həyata keçirilə bilər.
14.16. Lisenziya müqaviləsinə görə patent sahibi patent verilmiş şərabçılıq məhsullarının istehsalı üzrə hüququnu, haqqı ödənilməklə, müqavilədə nəzərdə tutulmuş həcmdə başqa istehsalçılara verə bilər. Lisenziya müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydiyyata alınır.
14.17. Lisenziya müqaviləsinin bağlanması qaydaları və şərtləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.