Qanunvericilik › Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Vəkillər Kollegiyasının Rəyasət Heyəti

Vəkillər və vəkillik fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

I. Üç ildən az olmayan müddət ərzində vəkil işləmiş, Vəkillər Kollegiyasının üzvləri arasında nüfuza malik olan və seçkilər gününədək intizam tənbehi olmayan şəxslər Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri seçilə bilərlər.

II. Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri, sədr müavinləri və digər üzvləri Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağında (konfransında) beş il müddətinə seçilirlər. Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri və sədr müavinləri eyni zamanda müvafiq olaraq Vəkillər Kollegiyasının sədri və onun müavinləri hesab olunurlar.

III. Vəkillər Kollegiyasının Rəyasət Heyəti:

Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağını (konfransını) çağırır və onun qərarlarının icrasını təşkil edir;

Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətləri həyata keçirir, vəkil reyestrini aparır;

dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın (vəsaitin) ödənilməsi ilə bağlı sənədləşmə qaydasını müəyyən edir, dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını təsdiq edir və aidiyyəti dövlət orqanlarına (qurumlarına) təqdim edir;

Vəkillərin İxtisas Komissiyasının vəkil üzvlərini təyin edir;

ixtisas imtahanının qaydasını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir;

vəkillik fəaliyyətinin statistikasını aparır, təcrübəni ümumiləşdirir və vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır;

vəkilləri həvəsləndirmə qaydasını müəyyən edir və vəkillərin həvəsləndirilməsini həyata keçirir;

vəkillər barəsində intizam icraatı başlayır və bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş qaydada intizam tənbehi tətbiq edir;

vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir;

Vəkillər Kollegiyası Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əməkhaqqını təsdiq edir;

Vəkillər Kollegiyasının regional qurumlarını (mərkəzlərini), hüquqi yardım mərkəzlərini və tədris mərkəzlərini yaradır, onların aparatlarının strukturunu, ştat cədvəlini, illik büdcəsini və işçilərin əməkhaqqını təsdiq edir;

Vəkillər Kollegiyası orqanlarının qəbul etdikləri qərarların icrasının təmin edilməsi ilə bağlı Vəkillər Kollegiyasının regional qurumlarının (mərkəzlərinin), hüquqi yardım mərkəzlərinin və tədris mərkəzlərinin, vəkil qurumlarının və fərdi qaydada fəaliyyət göstərən vəkillərin fəaliyyətinin azı üç ay müddətində monitorinqini aparır, onların nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə qərarlar qəbul edir;

vəkilliyə qəbul üzrə imtahanda iştirak haqqının məbləğini müəyyən edir;

Vəkillər Kollegiyasına daxil olmuş vəsaitlərin xərc istiqamətlərini müəyyən edir;

Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müəyyən etdiyi qaydalara əsasən vəkilin müraciəti əsasında onun müəyyən dövr üzrə üzvlük haqqından azad edilməsi və ya müəyyən dövr üzrə üzvlük haqqının azaldılması barədə qərar qəbul edir;

vəkillərin fəaliyyətində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozuntusu halını aşkar edərsə, həmin Qanuna müvafiq olaraq tədbirlər görür;

vəkilin xidməti vəsiqəsinin təsviri və nümunəsini müəyyən edir;

bu Qanun və öz Nizamnaməsində nəzərdə tutulmuş digər məsələləri həll edir.

IV. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasları səlahiyyətlidir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclaslarında qərarlar açıq səsvermə yolu və sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasına sədrlik edənin səsi həlledicidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver