I. Xidməti və ya mülki silahın əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və istifadə edilməsinə dair bu Qanunun 8-ci və 9-cu maddələrində göstərilmiş sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda ləğv edilir:
1) sahibi müvafiq olaraq xüsusi icazədən və ya şəhadətnamədən könüllü qaydada imtina etdikdə;
2) sahibi öldükdə və ya hüquqi şəxs ləğv edildikdə;
3) sahibin xidməti və ya mülki silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququnun məhdudlaşdırılması üçün bu Qanunun 7-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş əsaslar müəyyən edildikdə;
4) sahibi tərəfindən silahın dövriyyəsi ilə bağlı bu Qanunla və digər normativ-hüquqi aktlarla nəzərdə tutulmuş tələblər sistematik olaraq pozulduqda və ya icra edilmədikdə.
II. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə xüsusi icazəni və ya şəhadətnaməni ləğv etməzdən əvvəl həmin xüsusi icazəni və ya şəhadətnaməni verən orqan müvafiq olaraq xüsusi icazə və ya şəhadətnamə sahibinə qabaqcadan xəbərdarlıq etməlidir. Xəbərdarlıqda məhz hansı hüquqi normaların və ya qaydaların pozulması və yaxud icra olunmaması göstərilməli, yol verilmiş pozuntuların aradan qaldırılması üçün vaxt təyin edilməlidir.
III. Xidməti və ya mülki silahın sahibi müvafiq olaraq icazənin və ya şəhadətnamənin ləğvi barədə qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
IV. İcazənin və ya şəhadətnamənin ləğv edildiyi gündən beş il keçdikdən sonra vətəndaşlar müvafiq olaraq yeni icazə və ya şəhadətnamə almaq üçün bu Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilərlər.
V. Xüsusi icazədən və ya şəhadətnamədən könüllü surətdə imtina edildikdə onların alınmasından ötrü təkrar müraciət etmək üçün müddət müəyyən edilmir.