I. Xidməti və ya mülki silah Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı hallarda geri alınır:
1) xidməti və ya mülki silah sahibinin silah istehsalına və ya satışına hüququ, eləcə də onun əldə edilməsinə xüsusi icazəsi olmadıqda;
2) müvafiq olaraq xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən, yaxud vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə olmadıqda;
3) xidməti və ya mülki silahın istehsalına, satışına verilmiş hüquq və ya əldə edilməsinə verilmiş xüsusi icazə müəyyən edilmiş qaydada ləğv olunduqda;
4) müvafiq olaraq xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən, yaxud vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə ləğv edildikdə;
5) fiziki və hüquqi şəxslər tərəfindən silahın əldə edilməsinin, qeydiyyatdan keçirilməsinin, saxlanılmasının, gəzdirilməsinin və ondan istifadə edilməsi barədə bu Qanunla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydalar pozulduqda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qəti qərar qəbul edilənədək;
6) mülki silahın sahibi öldükdə, vərəsələr tərəfindən miras əmlakla bağlı məsələlər həll edilənədək.
II. Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvəqqəti götürülməsinə yol verilə bilər.
III. Geri alınmış və müsadirə edilmiş, texniki cəhətdən istismara yararlı xidməti və ya mülki silah Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq silah satmaq hüququ olan müəssisələr vasitəsi ilə satılmalıdır.
IV. Təmir edilməsi mümkün olmayan, texniki şərtlərə uyğun gəlməyən odlu silah və onun döyüş sursatı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əvəzsiz olaraq geri alınır və məhv edilir.
V. Müvafiq olaraq xidməti silahın saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən, yaxud vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə ləğv edildikdə və yaxud bu sənədlərin etibarlıq müddəti uzadılmadıqda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı silahı geri alaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tədbirləri görür.
VI. Silahın geri alınması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.