Qanunvericilik › Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 2

Maddə 2. Əsas anlayışlar

Xidməti və mülki silah haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:

1) silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir;

2) xidməti silah — insanların həyat və sağlamlığının qorunması, təbiətin, təbii ehtiyatların, mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslər tərəfindən istifadə olunması üçün nəzərdə tutulmuş silahdır;

3) mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır;

4) döyüş silahı — qulluq vəzifəsinin və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunan silahdır;

5) döyüş sursatı — müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır;

6) soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır;

7) soyuq atıcı silah — insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət əldə edən əşyalarla məsafədən hədəfi zədələmək təyinatına malik olan silahdır;

8) odlu silah — barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır;

9) pnevmatik silah — sıxılmış havanın və ya qazın təzyiqindən yaranan enerji hesabına gülləsi istiqamətlənmiş hərəkət edərək hədəfə məsafədən zədə yetirmək təyinatına malik olan silahdır;

10) qaz silahı — gözyaşardıcı, qıcıqlandırıcı, zəhərləyici, sinir-iflic və ya başqa güclü təsir göstərən digər maddələrin tətbiqi ilə canlı hədəfin müvəqqəti sıradan çıxarılması üçün nəzərdə tutulmuş silahdır;

11) özünümüdafiə silahı — yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahıdır;

12) ov silahı — vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır;

13) idman silahı — idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır;

14) təlim silahı — növündən asılı olmayaraq silahla davranılması, onun sökülməsi və yığılması, habelə ondan istifadə edilməsi qaydalarını öyrətmək üçün nəzərdə tutulmuş və döyüş sursatı ilə atəşin açılmasını istisna edilən silahdır;

15) təltif silahı — hər hansı şəxsə xüsusi döyüş, qulluq və ya idman sahəsində xidmətlərinə görə mükafat kimi verilən, atəşi qatarlarla atmaq imkanına malik olmayan silahdır;

16) silah dövriyyəsi — silahın istehsalı, gətirilməsi, aparılması, idxalı, ixracı, satışı, başqasına verilməsi, əldə edilməsi, kolleksiya edilməsi, sərgisinin keçirilməsi, uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, istifadə edilməsi, göndərilməsi, götürülməsi və məhv edilməsidir;

17) silah sahibi — mülkiyyətində bu Qanunun tələblərinə uyğun olaraq əldə edilmiş silah olan şəxsdir;

18) silah istifadəçisi — bu Qanunla müəyyən edilmiş qaydada təyinatı üzrə istifadə edilməsi üçün silah verilmiş şəxsdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver