Qanunvericilik › Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13

Maddə 13. Yer təkinin istifadəyə verilməsi

Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilir.

Yerin təki istifadəyə hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

İcazə yer təkinin geoloji öyrənilməsinə, ehtiyatları müvafiq qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının işlənilməsinə, dağ-mədən müəssisələri və onlarla bağlı emal sahələrinin tullantılarından istifadə olunmasına, yerin təkindən faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün istifadə edilməsinə, xüsusi mühafizə edilən geoloji obyektlərin yaradılmasına, mineraloji, paleontoloji və digər geoloji kolleksiya materiallarının toplanmasına və arxeoloji qazıntıların aparılmasına hüquq verir.

Yerin təkindən istifadə çoxyönümlü (çoxprofilli) olduqda, hüquqi, yaxud fiziki şəxslər bir neçə icazəyə malik ola bilərlər.

Elmi-tədqiqat işləri və dövlət proqramlarına əsasən aparılan bütün növ geoloji işlər, zəlzələlərin proqnozlaşdırılması, ətraf mühitin monitorinqinin yaradılması və aparılması, yeraltı suların rejiminə və balansına nəzarət edilməsi, arxeoloji tədqiqatların aparılması və yer təkinin bütövlüyünü pozmayan başqa işlər üçün icazə tələb olunmur.

Yer təkinin öyrənilməsinə yönəlmiş işlər geoloji fondda dövlət qeydiyyatına alınır.

İcazə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya torpaq sahibinin yerin təkindən istifadə məqsədilə (dövlət proqramları üzrə aparılan işlər daxil olmaqla) müvafiq torpaq sahəsinin ayrılmasına qabaqcadan razılığı olduqda verilir. Yer təkinin istifadəçisinə torpaq sahəsi yerin təkindən istifadəyə icazə verildikdən sonra Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada ayrılır.

Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Yer təki istifadəçilərinə dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver