Qanunvericilik › Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 13-1

Maddə 13-1. Yerin təki sahələrinin rekultivasiyası

Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-1.1. Yerin təki istifadəçiləri işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin torpaqların rekultivasiyasını rekultivasiya planı əsasında təmin etməlidirlər.

13-1.2. Rekultivasiya planı faydalı qazıntıların istismarını, eləcə də yeraltı qurğuların tikintisini və istismarını həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən yerin təkindən istifadə hüququ əldə edildikdən sonra 3 (üç) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rekultivasiya planına dair dövlət ekoloji ekspertizasının müsbət rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.

13-1.3. Yerin təkindən istifadə sahəsinin xüsusiyyətləri, süxurların kimyəvi tərkibi, çirklənmənin növündən asılı olaraq rekultivasiyanın üsulları (mexaniki, bioloji, kimyəvi, termik) və istiqamətləri, o cümlədən müddəti müəyyənləşdirilir, istismarın dərinliyi, faydalı qazıntının növü və istismar ediləcək həcmə uyğun olaraq rekultivasiya planı tərtib edilir.

13-1.4. Rekultivasiya planı hazırlanarkən aşağıdakılar nəzərə alınır:

13-1.4.1. torpağın münbit qatının həcmi və götürüləcək torpağın toplandığı ərazi;

13-1.4.2. faydalı qazıntıların və yanakı süxurların xüsusiyyətləri;

13-1.4.3. ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti;

13-1.4.4. süxurların saxlanılma dövründə öz xüsusiyyətlərini dəyişməsinin mümkünlüyü və ətraf mühitə təsiri;

13-1.4.5. yeraltı suların çirklənməsinin yolverilməzliyi;

13-1.4.6. faydalı qazıntıların istismarının müddəti;

13-1.4.7. bərpanın üsulları və ardıcıllığı;

13-1.4.8. bərpa müddəti.

13-1.5. Yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver