Dövlət hakimiyyəti orqanlarının, habelə hər hansı təsərrüfat subyektlərinin (yer təki istifadəçilərinin) aşağıdakılara yönəldilən hərəkətləri qadağan edilir:
bu Qanuna uyğun olaraq yerin təkindən istifadə hüququ almaq istəyən hüquqi və fiziki şəxslərin hərracda (auksionda və ya müsabiqədə) iştiraka buraxılmasının hərrac şərtlərinə zidd olaraq məhdudlaşdırılması;
hərrac (auksion və ya müsabiqə) qaliblərinə icazə verməkdən boyun qaçırılması;
hərracların (auksion və ya müsabiqənin) birbaşa danışıqlar ilə əvəz edilməsi;
yerin təkindən istifadədə hakim mövqeyə malik təsərrüfat subyektləri ilə rəqabətə girə bilən strukturlar yaradan yer təki istifadəçilərinin ayrı-seçkiliyə məruz qoyulması;
nəqliyyat və infrastruktur obyektlərindən istifadəyə imkan yaradılmasında yer təki istifadəçilərinin ayrı-seçkiliyə məruz qoyulması.
Bu maddənin birinci hissəsinin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) istifadəyə verilən yer təki sahələrinin ölçülərini, sahələrin sayını və çıxarılan faydalı qazıntıların ehtiyatlarını müəyyənləşdirə bilər.