Qanunvericilik › Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Daxili işlər orqanları

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması sahəsində fəaliyyətini daxili işlər orqanları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Bu məqsədlə daxili işlər orqanlarında yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə xüsusi polis qurumu yaradılır.

17.2. Daxili işlər orqanları:

17.2.1. bu Qanunun 5.1-ci maddəsində göstərilmiş yetkinlik yaşına çatmayanlar, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya onların davranışına mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr barəsində profilaktik iş aparırlar;

17.2.2. yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görürlər;

17.2.3. inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanlar tərəfindən ictimai təhlükəli əməllərin törədilməsi, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxslər barəsində müraciətlərə baxırlar;

17.2.4. müvafiq dövlət orqanlarına və müəssisələrə yetkinlik yaşına çatmayanların baxımsızlığına, qanunazidd əməllər törətməsinə imkan yaradan səbəb və hallar barədə məlumat verirlər;

17.2.5. müvafiq dövlət orqanlarına, idarə, təşkilat və müəssisələrə yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntusu törədilməsinə şərait yaradan səbəb və halların aradan qaldırılması barədə təkliflər verirlər;

17.2.6. hüquq pozuntusu törətmiş yetkinlik yaşına çatmayanlar barəsində, habelə onların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən və ya onların tərbiyəsinə mənfi təsir göstərən, yaxud onlarla qəddar rəftar edən valideynlər və ya digər qanuni nümayəndələr, yaxud vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş təsir tədbirlərinin tətbiq edilməsi haqqında müvafiq dövlət orqanlarına təkliflər verirlər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver