Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 15(3-6)-181/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI i Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri; inzibati aktın icrasının dayandırılması; iddianın böyük ehtimalla uğurlu olması; ilkin təcili tənzimləmə; yaşa görə əmək pensiyası; xarici dövlətdə əmək stajı; əlverişli inzibati akt; etimadın qorunması; əlverişli inzibati aktın ləğvi; birillik müddət) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə Ərizəçi Ərizəçi qərarın icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməsi, əmək pensiyasının ləğv edilməsi barədə qərarının ləğv edilməsi, Ərizəçi Maarif oğluna pensiyanın ləğv edildiyi tarixdən ödənilməli olan məbləğlərin ona geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək pensiyanın dayandırılması barədə qərarın icrasının dayandırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini onunla əsaslandırılmışdır ki, Ərizəçi ## ###### 1957-ci ildə anadan olmuşdur. ##.##.1976-cı il tarixdə Azkomun Layihə İnstitutunda tədqiqat şöbəsinə texnik vəzifəsinə təyin olunmuşdur. ##.##.1976-cı il tarixdə isə həmin vəzifədən azad olunmuşdur. ##.##.1977-##.##.1977-ci il tarixlərində Texniki tədqiqat şöbəsində texnik vəzifəsinə təyin olunmuşdur. ##.##.1977- ##.##.1979-cu il tarixlərində hərbi xidmətdə olmuşdur. ##.##.2019-##.##.1979-cu il tarixlərdə texnik-topoqraf vəzifəsində işləmiş, ##.##.1980-##.##.1981-ci il tarixlərdə texniki çilingir vəzifəsində işləmiş, ##.##.1981- ##.##.1981-ci il tarixlərdə tikinti ustası vəzifəsində işləmiş, ##.##.1981-##.##.1982-ci il tarixlərdə laborant vəzifəsində işləmiş, ##.##.1983- ##.##.1985-ci il tarixlərində Trolleybus parkın tikinti ustası vəzifəsində işləmiş, ##.##.1986- ##.##.1986-cı il tarixlərdə elektrik sarğı işləri üzrə usta vəzifəsində işləmiş, ##.##.1987- ##.##.1987-ci il tarixlərdə Lenin rayon X1 İcraiyyə Komitəsinin Mənzil Təsərrüfatı İdarəsində usta olaraq çalışmış, daha sonra X5 İnstitutunun böyük mühəndisi vəzifəsində çalışmış, ##.##.1987-##.##.1989-cu il tarixlərində isə eyni orqanda 1-cidərəcəli mühəndis vəzifəsində işləmiş, ##.##.1990-##.##.1992-ci il tarixlərində müvəqqəti direktor vəzifəsini icra edib, ##.##.1992-##.##.1993-cü il tarixlərində tikinti üzrə mühəndis olaraq işləmiş, ##.##.1993-cü ildə Azərtəkrarnəcib metal” Dövlət Firmasına baş direktor müavini vəzifəsinə təyin eidlmiş, ##.##.2024-cü ildə müddətli əmək müqaviləsi bağlamaqla 4-cü dərəcəli sürü vəzifəsinə təyin olunmuşdur. Ona 2022-ci ildən etibarən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilən zaman əmək kitabçası, o cümlədən, digər mühüm sənədlər inzibati orqana təqdim edilmiş, inzibati orqan tərəfindən təqdim edilən sənədlər əsasında Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta stajı rəsmi təsdiqlənmiş və ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, cavabdeh orqan tərəfindən daxili xidməti yoxlama aparılaraq ona yaşa görə əmək pensiaysı hüququna yenidən baxılması üçün inzibati icraat başlanılmışdır. Nəticə etibarı ilə iddiaçının ##.##.1994-cü il tarixdən sonrakı dövr üzrə Rusiya Federasiyasındakı əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi inzibati orqan tərəfindən qeyri-mümkün hesab edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbbləğinin dəyişdirilməsi cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. Belə ki, cavabdeh inzibati orqan öz təşəbbüsü ilə yoxlamalar apararaq iddiaçının əmək pensiyasını hesablamışdır. Məktubda qeyd olunmuşdur ki, 2022-ci ilin ## ##### tarixində imzalanmış “Azərbaycan ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsinə əməkdaşlıq haqqında” Müqavilənin 20-ci maddəsinin 1-ci hissəsinə əsasən həmin Müqavilə ratifikasiya edilməlidir. Həmin Maddənin 2-ci hissəsinə əsasən isə bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Müqavilə Azərbaycan Respubliksının 2022-ci il # #### tarixli ***-VIQ nömrəli Qanunu ilə təsdiq edilsə də, hazırki günədək ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyindən qüvvəyə minməmişdir. Həmçinin, iddiaçının sosial təminat hüququnun müdafiəsi baxımından ilkin təcili tənzimləmənin zəruriliyi hazırki iş üzrə açıq şəkildə mövcuddur. Belə ki, iddiaçıya ödənilən pensiya onun və ailəsinin əsas dolanışıq mənbəyidir. İş materiallarına əlavə olunmuş ilkin zəruri tənzimləmə ilə əlaqədar sənədlərdən görünür ki, onun arvadı Aida Salayeva ağır xəstəlik – onkoloji anamnes (süd vəzi xərçəngi) xəstəliyindən əziyyət çəkir və davamlı müalicəyə, dərman təminatına, tibbi müayinələr və xüsusi qayğıya ehtiyac duyur. Bununla yanaşı, onun hər iki böyrəyində parapelvik kist vardır. Əmək pensiyasının hazırki vəziyyətdə ödənilməməsi ailənin yaşayış və müalicə imkanlarını əhəmiyyətli dərəcədə çətinləşdirə, sağlamlıq vəziyyətinə ağır təsir göstərə bilər. Bu isə ailənin maddi yükünü əhəmiyyətli dərəcədə artırır. Belə bir vəziyyətdə pensiya ödənişinin dayandırılması iddiaçının və onun ailə üvlərinin minimum yaşayış və tibbi təminat imkanlarını ciddi şəkildə təhlükə altına salır. Nəticə etibarilə hazırki vəziyyətdə əmək pensiyasının iddiaçıya ödənilməyə davam etdirilməsi ilkin zəruri tənzimləmə baxımından mümkün əhəmiyyət kəsb edir. Sonradan ərizəçinin nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Cavabdeh “Əmək pensiyasının dayandırılması barədə” 3- **-*/*-M-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarının icrasının dayandırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə qarşı etiraz təqdim edilərək ərizənin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Ərizəçi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən ##.##.2022-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd edirlər ki, 2022-ci il ## ##### tarixində imzalanmış “Azərbaycan ilə Rusiya Federasiya pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin 20-ci maddəsinin 1-ci hissəsinə əsasən həmin Müqavilə ratifikasiya edilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən isə bu Müqavilə ratifikasiya səndələrinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Həmçinin bildirirlər ki, Müqavilə Azərbaycan Respublikasının 2022-ci il # #### tarixli 579 VIQ nömrəi Qanunu ilə təsdiq edilsə də, hazırki günədək ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyindən qüvvəyə minməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçı Ərizəçi ##.##.1994-cü il tarixindən sonrakı dövr üzrə Rusiya Federasiyasındakı əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmamışdır. Belə ki, xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının mək kitabçasının surətində qeyd olunmuş ##.##.1994-cü il tarixindən ##.##.2004-cü il tarixinədək Rusiya Federasiyasına olan əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilmişdir. Buna görə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən onun pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün Ərizəçi ##.##.2026-cı il tarixində dəvət məktubu göndərilmiş (*-**-*/*-M-*****/**** nömrəli məktub) və ##.##.2026-cı il tarixində saat 11:20də Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Fondun İnzibati Binasına (qəbul şöbəsinə) gəlməsi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməsi xahiş olunmuşdur. İddiaç Ərizəçi ##.##.2026-cı il tarixində Fondda qəbulda olmuş və ona yaşa görə pensiya işində yaranmış uyğunsuzluq barədə ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir. Nəticədə iddiaçı Ərizəçi təyin edilmiş yaşa görə əmək pensiyası ödənişi ##.##.2026- cı il tarixindən dayandırılmış və Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla ##.##.2023-cü il tarixindən (artıq ödənilmiş məbləğ barədə qərarın tarixindən 3 il əvvələ) ##.##.2026-cı il tarixinədək əmək pensiyası üzrə artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. Həmçinin, ərizədə istinad olunan ilkin təcili tənzimlənmə ilə bağlı bildirirlər ki, iş üzrə icraat materiallarına iddiaçı Ərizəçi tərəfindən ##.##.2024-cü ilə dair laboratiya analizi təqdim edilmiş, lakin həmin nəticələrə hər hnsı xəstəliyə əsas verən diaqnoz müəyyən edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş X4 ##.##.2017- ci ilə dair arayışında fərqli vətəndaşın adı (Günay Əhmədova) qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilən sənədlərlə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizədə ərizəçi təcililiyinə dair əsaslanma etməmiş, sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-cı il tarixli, **(*-*)-***/**** saylı qərardadı ilə (hakim Aygün Abdullayeva) müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin olunmuş, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Cavabdeh tərəfindən ərizəçi Ərizəçi barəsində qəbul olunmuş ##.##.2026-cı il tarixli, *-**-*/*-M-*****/**** nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarın icrasının dayandırılması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək, şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, ərizəçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin əsaslı sayılması üçün ilk növbədə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir. Halbuki işin faktiki və hüquqi hallarının ilkin araşdırılması məhkəmədə iddianın böyük ehtimalla uğurlu olacağı barədə hər hansı qənaət formalaşdırmamışdır. Həmçinin belə bir nəticə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsi ilə aydın olmur, eyni zamanda mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruriliyi də iş üzrə müəyyən olunmamışdır. Belə ki, iddiaçının (ərizəçinin) maddi vəziyyətinin pisləşəcəyi onların hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi demək deyil. Məhkəmə həm təcili tənzimləmə ilə həm də iddianın böyük ehtimalla uğurlu olmasını əsaslandırmamış, Ali Məhkəmənin müvafiq qərardadına istinad edilsə də, iş üzrə hansı faktiki halların məhz Ali Məhkəmənin qərardadında qeyd etdiyi mövqeyə uyğunluğunu da aydınlaşdırmamışdır. Ərizəçi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 7-ci maddəsinə əsasən ##.##.2022-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. 2022-ci il ## ##### tarixində imzalanmış “Azərbaycan ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin (bundan sonra–Müqavilə) 20-ci maddəsinin 1-ci hissəsinə əsasən həmin Müqavilə ratifikasiya edilməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən isə bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Müqavilə Azərbaycan Respublikasının 2022-ci il # #### tarixli 579 VIQ nömrəli Qanunu ilə təsdiq edilsə də, hazırkı günədək ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyindən qüvvəyə minməmişdir. İddiaçı Ərizəçi ##.##.1994-cü il tarixindən sonrakı dövr üzrə Rusiya Federasiyasındakı əmək fəaliyyətinin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmamışdır. Buna müvafiq olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsinə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə bağlanmışdır. Müqavilənin 20-ci maddəsi onun qüvvəyə minmə əsasını tənzimləyir. Birinci əsas kimi müqavilənin ratifikasiya edilməsi nəzərdə tutulmuşdur. Bu hissə ilə əlaqədar məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” MüqaviləninAzərbaycan Respublikası tərəfindən ## #### 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə ## #### 2023-cü il tarixdə ratifikasiya edildiyi müəyyən edilmişdir. Müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasıdır. İki dövlət arasında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılması apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Göründüyü kimi iki dövlət arasında ratifikasiya sənədlərinin mübadiləsinin aparılmadığından iddianın böyük ehtimalla uğurlu olacağı istiqamətində məhkəmə yanlış nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli 2-1(102)-3184/2025 qərarına əsasən iddiaçıya əmək pensiyasının təyin edilməsinin qanunsuz olması əsası ilə ##.##.2021-ci il tarixində *********** nömrəli qərarla iddiaçının pensiya ödənişi dayandırılmışdır. Bundan sonra cavabdehin qeyd olunan qərarı məhkəmə qaydasında mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə “lazımi inzibati icraat aparılmaması” əsası ilə həmin qərar ləğv edilmişdir. Sözügedən qərarın 32-ci bəndinə əsasən cavabdeh tərəfindən əlverişli inzibati aktın ləğv edilməsi üçün əsaslar ##.##.2020-ci il tarixdə aşkar edilmiş və 1 il keçmədən ##.##.2021ci il tarixində *********** nömrəli qərarla iddiaçının pensiyası dayandırılmışdır. Qərarın 33cü bəndində məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh sözügedən qanunun tələblərinə uyğun inzibati icraat apararaq ##.##.2023-cü il tarixli qərarla iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərar ləğv olunmuşdur. Belə olan halda mübahisələndirilən qərar cavabdeh tərəfindən qəbul edilərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbi pozulmamışdır. Hazırki iş üzrə icraat materiallarından müəyyən edilir ki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, onun pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün Ərizəçi ##.##.2026-cı il tarixində dəvət məktubu göndərilmiş (3-17-1/2-M *****/**** nömrəli məktub) və ##.##.2026-cı il tarixində saat 11:20də Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Fondun İnzibati Binasına (Qəbul şöbəsinə) gəlməyi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməyi xahiş olunmuşdur.İddiaçı Ərizəçi ##.##.2026-cı il tarixində Fondda qəbulda olmuş və ona yaşa görə pensiya işində yaranmış uyğunsuzluq barədə ətraflı məlumat verilmiş, qanunvericiliyin tələbləri izah edilmişdir. Daha sonra Mərkəzi Filial tərəfindən##.##.2026cı il tarixli, *-**-*/*-M*****/**** nömrəli qərarla pensiya ödənişi dayandırlmışdır. Göründüyü kimi Mərkəzi Filial tərəfindən Qanunun tələblərinə tam əməl edilmiş, eyni mövqe Ali Məhkəmənin qərarında da əks olunmuşdur. Qeyd olunanlara əsasən həm qanunvericiliyin normalarına uyğun olaraq həm də inzibati icraat çərçivəsində araşdırmanın yekununda ərizəçinin iddiasının böyük ehtimalla uğurlu olması faktı müəyyən edilmir. Buna görə də Bakı İnzibati Məhkəməsinin##.##.2026-cı il tarixli **(*-*)-***/**** nömrəli qərardadında qeyd olunan “əsas iş üzrə işin hazırkı halında iddianın uğursuz nəticələnəcəyi müəyyən edilmədiyinə görə müvəqqəti xarakterli müdafiə barədə ərizə təmin edilməlidir” ifadəsini əsassızdır. Bundan başqa ərizəçi Ərizəçi zəruri tənzimləmə ilə bağlı xəstəliyinə dair sənədlər təqdimetdiyini iddia etsə də, iş üzrə icraat materiallarına iddiaçı Ərizəçi tərəfindən ##.##.2024-cü ilə dair laboratoriya analizi təqdimedilmiş lakin həmin nəticələrdə hər hansı xəstəliyə əsas verən diaqnoz müəyyən edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş X4 ##.##.2017-ci ilə dair arayışında fərqli vətəndaşın adı (Günay Əhmədova) qeyd edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilən sənədlərlə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizədə ərizəçi təcililiyə dair heç bir əsaslandırma etməmiş, sübut təqdim etməmişdir. Ərizəçi məhkəməyə müraciətində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə onun hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi halına dair öz mövqeyini aydın təsvir etməli, mövcud vəziyyətin dəyişməsinə səbəb ola biləcək təhlükənin nədə ifadə olunduğunu və ya oluna biləcəyini konkret işin faktiki halları ilə əlaqələndirməklə əsaslandırmalıdır. Belə əsaslandırma məhkəmədə elə bir qənaət formalaşdırmalıdır ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya xeyli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Ərizəçi tərəfindən təqdim edilən müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizədə ərizəçi (onun nümayəndəsi və vəkili) təcililiyə tutarlı bir əsaslandırma etməmiş, sübut təqdimetməmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin **(*-*)-***/**** nömrəli iş üzrə ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilməsinə baxmayaraq, ərizəçi iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə: Maddə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Maddə 43.1. Məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Maddə 44.4. müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin mövqelərini, habelə apellyasiya baxışı zamanı əldə edilmiş əlavə məlumatları məcmu halında qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair qərardadı ləğv edilməli və ərizə təmin olunmamalıdır. İlk növbədə qeyd edilməlidir ki, müvəqqəti xarakterli müdafiə tədbiri əsas mübahisənin qabaqcadan həllinə deyil, əsas iş üzrə məhkəmə müdafiəsinin gələcəkdə səmərəsiz hala düşməsinin qarşısının alınmasına xidmət edir. Buna görə də bu icraat çərçivəsində məhkəmə əsas iddia üzrə yekun hüquqi nəticəyə gəlmədən, mövcud faktiki və hüquqi vəziyyəti ilkin qiymətləndirməli və müvəqqəti müdafiə üçün qanunla nəzərdə tutulmuş şərtlərin mövcud olub-olmadığını müəyyən etməlidir. İPM-in 41.2 və 43.1-ci maddələrinin məzmunundan görünür ki, müvəqqəti müdafiənin tətbiqi zamanı, bir tərəfdən, mövcud vəziyyətin dəyişməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkünsüz və ya xeyli dərəcədə çətinləşməsi səbəbindən ilkin təcili tənzimləməyə ehtiyacın olub-olmaması, digər tərəfdən isə əsas iddianın perspektivi qiymətləndirilməlidir. Xüsusilə inzibati aktın icrasının dayandırılması tələb olunduqda İPM-in 41.2-ci maddəsi işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı barədə əsaslandırılmış qənaətin formalaşmasını tələb edir. Hazırkı işdə Kollegiya hesab edir ki, əsas iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Əksinə, işin hazırkı mərhələsində müəyyən edilmiş faktiki və hüquqi hallar iddianın uğur perspektivini əhəmiyyətli dərəcədə zəiflədir. Belə ki, ərizəçiyə yaşa görə əmək pensiyası təyin edilərkən onun ## ##### 1994-cü il tarixindən ## #### 2004-cü il tarixinədək Rusiya Federasiyasındakı əmək fəaliyyəti sığorta stajına daxil edilmişdir. Lakin iş materiallarında olan rəsmi məlumatlara görə, ## ##### 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə” hər iki dövlət tərəfindən ratifikasiya edilsə də, Müqavilənin 20-ci maddəsində onun qüvvəyə minməsi üçün tələb edilən ratifikasiya sənədlərinin mübadiləsi aparılmamış və buna görə Müqavilə qüvvəyə minməmişdir. Hazırkı mərhələdə iş materiallarında ## ##### 1994-cü il tarixindən sonrakı dövrdə Rusiya Federasiyasındakı əmək fəaliyyətinin sığorta stajına daxil edilməsini açıq şəkildə əsaslandıran başqa hüquqi əsas da müəyyən edilmir. Bu hal əsas iddianın maddi-hüquqi əsasına birbaşa təsir göstərir. Çünki mübahisələndirilən qərarın ləğvi üçün ərizəçinin yalnız pensiyanın əvvəllər təyin edilmiş olmasına deyil, onun əvvəlki həcmdə pensiya hüququnun davam etməsini təmin edən hüquqi əsasın mövcudluğuna da istinad edə bilməsi tələb olunur. Mövcud materiallar isə belə hüquqi əsasın böyük ehtimalla mövcud olduğunu göstərmir. Buna görə də iddianın sadəcə “ilk baxışdan əsassız olmaması” ilə onun “böyük ehtimalla uğurlu olması” eyniləşdirilə bilməz. Ərizəçinin pensiyanın uzun müddət ödənilməsi nəticəsində yaranmış etimadının qorunması məsələsi də bu nəticəni dəyişdirmir. İş üzrə müəyyən olunur ki, ərizəçiyə pensiya 2022-ci ildən təyin edilmiş və müəyyən müddət ödənilmişdir. Bu hal, prinsip etibarilə, əlverişli inzibati aktın sabitliyinə və şəxsin həmin aktın davamlılığına etimadına hüquqi əhəmiyyət verilməsini tələb edir. Lakin etimadın mövcudluğu əlverişli inzibati aktın heç bir halda ləğv edilə bilməməsi demək deyildir. Etimadın qorunmasının mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində nəzərdə tutulmuş şərtlər və istisnalar çərçivəsində qiymətləndirilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsi qanunsuz inzibati aktın onun ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilməsini nəzərdə tutur. İş üzrə təqdim edilmiş məlumatlara görə, ərizəçinin pensiyasının təyin edilməsinə əsas olmuş sığorta stajının hesablanmasındakı mübahisəli hal cavabdehə ## ###### 2026-cı il tarixində məlum olmuş, pensiyanın dayandırılması barədə qərar isə ## ##### 2026-cı ildə qəbul edilmişdir. Beləliklə, ilkin qiymətləndirmə baxımından, cavabdehin qanunsuz hesab etdiyi əlverişli inzibati aktın aradan qaldırılması üçün qanunda nəzərdə tutulan birillik müddətin keçdiyi qənaətinə gəlmək mümkün deyildir. Bununla yanaşı, iş materiallarından cavabdehin pensiya hüququna yenidən baxılması ilə bağlı inzibati icraat apardığı, ərizəçiyə nəzərdə tutulan tədbirlər barədə mülahizələrini bildirmək imkanı verdiyi və onu dinlədiyi görünür. Bu hallar inzibati icraatın bütün tələblərinə mütləq şəkildə riayət edildiyi barədə yekun nəticə çıxarmaq üçün yetərli olmasa da, birinci instansiya məhkəməsinin prosedur pozuntularına dair ehtimalları iddianın böyük ehtimalla uğurlu olmasını təsdiqləyən əsas kimi qəbul etməsini zəiflədir. Kollegiya vurğulayır ki, etimadın qorunmasının konkret olaraq hazırkı işdə tətbiq edilə bilib-bilməməsi, əvvəlki pensiya təyinatının qanunsuz olub-olmaması, ərizəçinin həmin qanunsuzluğu bilib-bilməməsi və ya bilməli olub-olmaması, habelə əlverişli inzibati aktın ləğvinin digər maddi və prosessual şərtlərinin mövcudluğu əsas iş üzrə sübutların tam araşdırılması əsasında həll edilməlidir. Lakin müvəqqəti müdafiə mərhələsində mövcud məlumatlar etimad prinsipinin ərizəçinin xeyrinə açıq və üstün hüquqi əsas yaratdığını göstərmir. Əksinə, qanunsuzluğun cavabdehə ## ###### 2026-cı ildə məlum olması və ## ##### 2026-cı ildə qərar qəbul edilməsi 67.12-ci maddədəki müddət baxımından cavabdehin mövqeyini ilkin olaraq zəiflətmir. Təcililik meyarına gəldikdə, Kollegiya pensiya ödənişinin sosial xarakterini və onun şəxsin gündəlik yaşayışının təmin edilməsində əhəmiyyətini nəzərə alır. Bununla belə, apellyasiya baxışı zamanı əldə edilmiş məlumata görə, ərizəçi hazırda əmək fəaliyyətini davam etdirir və aylıq 473 manat əməkhaqqı alır. Bu hal ərizəçinin sosial vəziyyətini və pensiyanın dayandırılmasının ona təsirini aradan qaldırmasa da, onun heç bir cari gəlir mənbəyinin olmadığı barədə yanaşmanı istisna edir və ilkin təcili tənzimləmənin zəruriliyinin qiymətləndirilməsində nəzərə alınmalıdır. Bununla belə, hazırkı iş üzrə təcililik məsələsinin qəti həlli nəticəyə təsir etmir. Hətta ərizəçinin fərdi və ailə vəziyyəti nəzərə alınaraq ilkin təcili tənzimləmənin zəruri olduğu onun xeyrinə qəbul edilsə belə, inzibati aktın icrasının dayandırılması üçün İPM-in 41.2-ci maddəsində nəzərdə tutulan əsas iddianın böyük ehtimalla uğurlu olması şərti hazırkı mərhələdə ödənilmir. Birinci instansiya məhkəməsinin iddianın “ilk baxışdan əsassız olmadığını” müəyyən etməklə kifayətlənməsi və bunu müvəqqəti müdafiənin tətbiqi üçün yetərli hesab etməsi düzgün olmamışdır. İş üzrə mövcud materiallar, xüsusilə Rusiya Federasiyasındakı mübahisəli əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməsinin hüquqi əsasının ilkin araşdırmada təsdiqini tapmaması, etimadın qorunması məsələsinin birmənalı olaraq ərizəçinin xeyrinə həll edilməməsi və əlverişli inzibati aktın ləğvi üçün birillik müddətin keçməməsi iddianın böyük ehtimalla uğurlu olacağı barədə tələb olunan yüksək ehtimal dərəcəsində proqnoz formalaşdırmağa imkan vermir. Bu nəticə əsas iddianın mahiyyəti üzrə mütləq rədd edilməli olduğuna dair qabaqcadan hüquqi mövqe kimi başa düşülməməlidir. Əsas iş üzrə məhkəmə etimadın qorunması, inzibati aktın ləğvinin bütün şərtləri, tətbiq edilən maddi hüquq normaları və inzibati icraatın qanunauyğunluğu barədə tərəflərin dəlillərini və sübutlarını tam həcmdə araşdırmalıdır. Hazırkı mərhələdə isə yalnız müvəqqəti müdafiə üçün tələb olunan ehtimal standartının ödənilib-ödənilmədiyi qiymətləndirilir. Nəticə etibarilə, hətta ərizəçinin sosial vəziyyəti nəzərə alınaraq ilkin təcili tənzimləmənin zəruri olduğu qəbul edilsə belə, işin hazırkı mərhələsində mövcud sübutlar və hüquqi vəziyyət əsas iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmək üçün kifayət etmir. Beləliklə, müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi üçün tələb olunan şərtlər mövcud olmadığından apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin olunmamalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Ərizəçi Ərizəçi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi haqqında ərizəsi təmin edilməsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №15(3-6)-181/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №15(3-6)-181/2026
17.09.2026 · Müvəqqəti xarakterli müdafiə təbdirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver