Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 16(3-1)-14/2026 14.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki Kollegiyası Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı ərizəsinə dair (Açar sözlər: müvəqqəti təminat tədbirinin təmin edilməsi barədə qərardaddan şikayət) Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Əliyev Zamiq Xudaverdi oğlu və X1 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat, məhkəmə aktı və şikayət
1. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olub Gəncə şəhəri, Xudat bəy Rəfibəyli küçəsi, ev 3 ünvanında yaşayan Cavabdeh “xxxx” ASC, “xxxx” ASC və “xxxx” ASC-də olan bank hesablarından pul vəsaitlərinin çıxarılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh adına banklara qoyulmuş 18000 manat pulun birgə nikah dövründə qazanılmış əmlak hesab edilməklə 1/2 payının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsində mülki işə baxılarkən ## #### 2026-cı il tarixdə 2(5-88)- ***/**** nömrəli qərardad qəbul edilərək "xxxx" ASC, "xxxx” Bank ASC və "xxxx" ASC-də Cavabdeh adına bank hesabının olub-olmaması, hesab mövcuddursa hansı tarixdə hesabın açılması, pul vəsaitinin qoyulub-qoyulmaması, məbləği, hesabdan pulun çıxarılıb çıxarılmaması, pul çıxarılmışsa həmin tarixlər, həmçinin hesabda pul varsa mövcud olan vəsaitin məbləği barədə məlumatlar verilməsi xahiş edilmişdir. Sorğuya verilmiş cavablardan belə məlum olmuşdur ki, cavabdeh Cavabdeh həmin banklarda adına hesablar açılmışdır. Ona görə də cavabdeh Rəhimə Hacıyeva həmin banklarda adına açılmış hesablardan pulların götürülməsi ona qadağan edilməlidir.
3. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizəsinin təmin edilməsi, “xxxx” ASC, “xxxx” ASC və “xxxxı” ASC-də olan hesablardan pul vəsaitlərinin çıxarılmasının cavabdeh Cavabdeh qadağan edilməsi qərara alınmışdır.
4. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə qərarının dəyişdirilməsi və ya qanunvericiliyə uyğun qaydada yenidən qiymətləndirilməsi, xxxx ASC-də olan və yalnız dövlət pensiyasının köçürüldüyü 33825019448322222199 AZN pensiya hesabına tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi, ona həmin hesaba köçürülən dövlət pensiyasını sərbəst şəkildə almaq və ondan istifadə etmək imkanının təmin edilməsi, məhkəmə hesab edərsə ki, müvəqqəti təminat tədbiri qüvvədə saxlanılmalıdır, həmin tədbirin yalnız iddia predmeti ilə əlaqəli ola biləcək əmlaka və ya vəsaitə şamil edilməsi, yalnız dövlət pensiyasının daxil olduğu hesabın isə bu məhdudiyyətdən kənarda saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qərar tətbiq olunduğu həcmdə əsaslı və mütənasib deyildir, hüquq və qanuni mənafelərimə ciddi zərər vurur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, iddianın təmin edilməsi yalnız məhkəmə qərarının gələcəkdə icrasının çətinləşəcəyini və ya qeyri-mümkün olacağını göstərən kifayət qədər əsaslar olduqda tətbiq edilə bilər. Onun tərəfindən əmlakın və ya pul vəsaitinin gizlədilməsi, özgəninkiləşdirilməsi və ya gələcək məhkəmə qərarının icrasından yayınmaq niyyətində olmağını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Xüsusilə qeyd edir ki, xxxx ASC-də olan 33825019448322222199 AZN hesabı pensiya hesabıdır. Həmin hesaba yalnız dövlət tərəfindən ona təyin edilmiş pensiya köçürülür. Bu hesaba başqa heç bir mənbədən pul vəsaiti daxil olmur. Pensiya onun yeganə daimi gəlir mənbəyidir və gündəlik yaşayışının, ərzaq, dərman, kommunal xidmətlər və digər zəruri ehtiyaclarının ödənilməsi üçün istifadə edilir. O, 62 yaşlı pensiyaçıdır və pensiyadan başqa daimi gəlir mənbəyi yoxdur. Pensiya hesabının bloklanması nəticəsində o, yeganə dolanışıq vasitəndən məhrum olur, ən zəruri ehtiyaclarını belə ödəmək imkanını itirir. Bu isə onun sosial təminat hüququna və normal yaşayış şəraitinə ciddi zərər vurur. Bundan əlavə, pensiya vəsaiti iddia predmetinə aid deyildir. Həmin vəsait dövlət tərəfindən sosial təminat məqsədilə ödənilən və yalnız onun yaşayışı üçün nəzərdə tutulmuş ödənişdir. Buna görə də pensiya hesabına tətbiq edilmiş məhdudiyyət müvəqqəti təminat tədbirinin məqsədinə uyğun deyil və qeyri-mütənasibdir. Məhkəmədən xahiş edir ki, iş üzrə iddianın təmin olunması məqsədilə görülən tədbirlərlə onun yaşayışı üçün zəruri olan dövlət pensiyası bir-birindən fərqləndirilsin. Pensiya hesabı mübahisə predmeti ilə əlaqəli olmadığından onun bloklanması həm hüquqi, həm də sosial baxımdan ədalətli hesab edilə bilməz.
6. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməyərək, işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. II. Tətbiq edilən hüquq a) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
9. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır.
10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 47.1. Işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar
12. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər;
13. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. Müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. Iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu;
14. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
15. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
16. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
17. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır.
18. Maddə 398.0 və 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158ci maddələrinin b) bəzi müddəalarına dair” ##.##.2018-ci il tarixli Qərarı
19. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. c) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ###### 2023-cü il tarixli qərarı. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.
III. Apellyasiya instansiya məhkəməsində işə baxılmasının hədləri
20. Kollegiya işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdır.
21. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdehin müraciəti mübahisələndirilən məhkəmə aktının dəyişdirilməsi və ya qanunvericiliyə uyğun qaydada yenidən qiymətləndirilməsi, xxxx ASC-də olan və yalnız dövlət pensiyasının köçürüldüyü 33825019448322222199 AZN pensiya hesabına tətbiq edilmiş məhdudiyyətin ləğv edilməsi, ona həmin hesaba köçürülən dövlət pensiyasını sərbəst şəkildə almaq və ondan istifadə etmək imkanının təmin edilməsinə yönəldiyindən, şikayətin obyekti mübahisələndirilən hissədə yoxlanılmalıdır.
IV. Məhkəmə kollegiyasının mövqeyi
24. Kollegiya iş materiallarını, şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin qərardadının qanuniliyini və əsaslılığını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı qismən - xxxxı ASC-də Cavabdeh adına olan ******************** nömrəli pensiya hesabına tətbiq edilmiş müvəqqəti təminat tədbirinə aid hissədə ləğv edilməli və Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı qalmış hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Yuxarıda da qeyd ounduğu kimi, ərizəçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olub Gəncə şəhəri, Xudat bəy Rəfibəyli küçəsi, ev 3 ünvanında yaşayan Cavabdeh “xxxx” ASC, “xxxx” ASC və “xxxxı” ASC-də olan bank hesablarından pul vəsaitlərinin çıxarılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizəsinin təmin edilməsi, “xxxx” ASC, “xxxx” ASC və “xxxxı” ASC-də olan hesablardan pul vəsaitlərinin çıxarılmasının cavabdeh Cavabdeh qadağan edilməsi qərara alınmışdır (bax bənd 1,3)
26. Qərardaddan narazı qalan cavabdeh şikayətində qeyd etmişdir ki, “Qəbul edilmiş qərar əsaslı və mütənasib deyil, hüquq və qanuni mənafelərinə ciddi zərər vurur. xxxx ASC-də olan hesab pensiya hesabıdır və həmin hesaba yalnız dövlət tərəfindən təyin edilmiş pensiya köçürülür. Pensiya onun yeganə daimi gəlir mənbəyidir və gündəlik yaşayış, ərzaq, dərman, kommunal və digər zəruri ehtiyacların ödənilməsinə sərf olunur. 62 yaşlı pensiyaçının bu hesabının bloklanması onu yeganə dolanışıq vasitəsindən məhrum edir və sosial təminat hüququna ciddi zərər vurur. Pensiya vəsaiti iddia predmetinə aid olmadığından onun bloklanması müvəqqəti təminat tədbirinin məqsədinə uyğun və mütənasib hesab edilə bilməz. Bu səbəbdən məhkəmədən xahiş olunur ki, iddianın təmin edilməsi tədbirləri ilə yaşayış üçün zəruri olan dövlət pensiyası fərqləndirilsin və pensiya hesabına tətbiq edilmiş məhdudiyyət aradan qaldırılsın”. Kollegiya göstərilən bu dəlillərə razılaşaraq aşağıdakıları qeyd edir.
27. Belə ki, müvəqqəti təminat tədbirləri mülki prosesdə müstəqil və xüsusi prosessual müdafiə vasitəsi olmaqla, gələcəkdə qəbul ediləcək məhkəmə aktının faktiki və səmərəli icrasının təmin edilməsinə, habelə mübahisə predmetinin mövcud vəziyyətinin dəyişdirilməsi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının və ya bərpasının mümkünsüz və yaxud əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısının alınmasına xidmət edir.
28. Müvəqqəti təminat tədbirinin tətbiqi ilə məhkəmə mübahisənin mahiyyəti üzrə qabaqcadan mövqe bildirmir və cavabdehin mübahisəli hüququnun olub-olmamasını həll etmir. Bu institutun məqsədi yalnız məhkəmə araşdırmasının sonunda qəbul ediləcək qərarın real və effektiv icrasını təmin etmək üçün müvəqqəti xarakterli prosessual müdafiə mexanizmi yaratmaqdır.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinin mahiyyətinə görə, müvəqqəti təminat tədbiri o halda tətbiq edilə bilər ki, belə tədbirin görülməməsi nəticəsində mövcud vəziyyətin dəyişməsi ərizəçinin hüquqlarının qorunmasını və ya bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə və ya mümkünsüz edə bilsin.
30. Deməli, müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız iddianın mövcudluğu və cavabdehin adına müəyyən bank hesablarının olması kifayət hesab edilə bilməz. Məhkəmə konkret olaraq müəyyən etməlidir ki, tələb olunan tədbirin görülməməsi hansı real təhlükəni yaradır, həmin təhlükə iddia predmetinin gələcəkdə icrasına necə təsir edə bilər və seçilmiş tədbir bu təhlükənin qarşısının alınması baxımından zəruri və yararlıdırmı.
31. Hazırkı iş üzrə Ərizəçi əsas tələbi Cavabdeh adına banklara qoyulmuş 18.000 manat pul vəsaitinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməklə 1/2 hissəsinin ona verilməsi ilə bağlıdır.
32. Halbuki mübahisələndirilən hesabın, yəni xxxxı ASC-də Cavabdeh adına olan ******************** nömrəli hesabın yalnız dövlət pensiyasının köçürülməsi üçün istifadə edilən pensiya hesabı olduğu şikayətçi tərəfindən göstərilmiş, bu hal birinci instansiya məhkəməsi tərəfindən isə müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyi və mütənasibliyi baxımından lazımi qaydada qiymətləndirilməmişdir.
33. Həmçinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə də cavabdehin təqaüd məlumatları sorğulanmış, xxxxı ASC-də Cavabdeh adına olan ******************** nömrəli hesabın yalnız dövlət pensiyasının köçürülməsi üçün istifadə edilən pensiya hesabı olduğu təsdiqini tapmışdır.
34. Məhkəmə xüsusilə nəzərə alır ki, pensiya hesabına daxil olan vəsaitin hüquqi və iqtisadi təyinatı digər bank vəsaitlərindən fərqlənir. Dövlət pensiyası şəxsin əmək fəaliyyəti və ya digər əmlak münasibətlərindən irəli gələn adi pul dövriyyəsi deyil, sosial təminat məqsədi daşıyan ödənişdir. Belə vəsait şəxsin əsas yaşayış ehtiyaclarının təmin edilməsinə yönəldilir.
35. Iş materiallarında Cavabdeh həmin hesabdan başqa məqsədlərlə istifadə etməsi, hesaba iddia predmetini təşkil edən 18.000 manatın daxil olması və ya hesabdakı vəsaitin məhz iddiaçı tərəfindən tələb edilən əmlakla eyniləşdirilməsi barədə kifayət qədər məlumat müəyyən edilmir.
36. Əksinə, şikayətin məzmunundan və iş materiallarında olan məlumatlardan həmin hesabın dövlət pensiyasının alınması məqsədilə istifadə edildiyi, şikayətçinin 62 yaşlı pensiyaçı olduğu və pensiyadan başqa daimi gəlir mənbəyinin olmadığı barədə mövqeyinin nəzərə alınmasının zəruri olduğu görünür.
37. Bu hal müvəqqəti təminat tədbirinin tətbiqinə ümumiyyətlə yol verilməməsi anlamına gəlmir. Lakin məhkəmə tərəfindən seçilən təminat tədbirinin konkret şəraitdə hansı həddə tətbiq edilməsinin mümkün və zəruri olduğu ayrıca qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsində nəzərdə tutulmuş mütənasiblik tələbi də məhz bu zərurətdən irəli gəlir. Həmin normanın mənasına görə, müvəqqəti təminat tədbirləri Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamalıdır.
38. Mütənasiblik prinsipi tələb edir ki, məhkəmənin tətbiq etdiyi prosessual məhdudiyyət bir tərəfdən gələcək məhkəmə aktının icrasını təmin etməyə yararlı olsun, digər tərəfdən isə cavabdehin hüquqlarına zəruri olduğundan artıq müdaxilə etməsin.
39. Bu prinsipin tətbiqi zamanı üç əsas meyar nəzərə alınmalıdır: tətbiq edilən tədbirin qanuni məqsədə çatmaq üçün yararlı olması, həmin məqsədə çatmaq üçün zəruri olması və tədbirin yaratdığı yük ilə qorunan hüquqi maraq arasında ağlabatan və ədalətli balansın mövcudluğu.
40. Kollegiya vurğulayır ki, hazırkı iş üzrə Cavabdeh bütün bank hesablarından vəsait çıxarmasının qadağan edilməsi formasında tətbiq edilmiş tədbirin pensiya hesabına da şamil olunması həmin hesabın təyinatı nəzərə alınmaqla həddindən artıq geniş məhdudiyyət yaratmışdır.
41. Məhkəmə həmçinin nəzərə alır ki, müvəqqəti təminat tədbiri cavabdehin əmlak vəziyyətini tamamilə iflic edən, onun minimal yaşayış ehtiyaclarını ödəməsinə mane olan və ya gündəlik həyatını davam etdirməsini əhəmiyyətli dərəcədə çətinləşdirən formada tətbiq edilməməlidir.
42. Məhkəmə onu da qeyd edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqində əsas meyar yalnız ərizəçinin hüquqlarının qorunması deyil, həm də prosesin digər iştirakçısının hüquqlarına əsassız müdaxilənin qarşısının alınmasıdır. Müvəqqəti təminat tədbiri tərəflərdən birinə digər tərəfin hüquqlarının hesabına əsassız üstünlük verməməli, tərəflərin prosessual vəziyyəti arasında ədalətli balansı pozmamalıdır.
43. Iddiaçının gələcəkdə məhkəmə qətnaməsinin icrasının mümkünlüyünü təmin etməkdə qanuni marağı şübhəsizdir. Lakin həmin qanuni marağın qorunması cavabdehin dövlət pensiyasından tamamilə məhrum edilməsi hesabına həyata keçirilə bilməz. Belə yanaşma müvəqqəti təminat tədbirinin məqsədini aşaraq cavabdeh üçün iddianın mümkün nəticəsindən əvvəl faktiki və ağır maddi nəticə yarada bilər.
44. Eyni zamanda qeyd edilməlidir ki, bu nəticə birinci instansiya məhkəməsinin digər bank hesablarına münasibətdə tətbiq etdiyi müvəqqəti təminat tədbirinin avtomatik olaraq əsassız olması anlamına gəlmir. Məhkəmənin hazırkı araşdırmasının predmeti şikayətçinin konkret olaraq xxxxı ASC-də olan pensiya hesabına tətbiq edilmiş məhdudiyyətlə bağlıdır.
45. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı yalnız mübahisələndirilən və əsaslandırılmış şəkildə şikayət verilmiş hissədə ləğv olunmalı və həmin hesab üzrə tətbiq edilmiş müvəqqəti təminat tədbiri ləğv edilməlidir.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh şikayəti əsaslıdır və təmin edilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı xxxxı ASC-də Cavabdeh adına olan ******************** nömrəli hesaba tətbiq edilmiş müvəqqəti təminat tədbirinə aid hissədə ləğv edilməli, həmin hesabdan dövlət pensiyasının alınmasına və həmin vəsaitdən istifadə edilməsinə qoyulmuş qadağa aradan qaldırılmalıdır.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 400, 401 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı qismən - xxxxı ASC-də Cavabdeh adına olan 33825019448322222199 AZN nömrəli pensiya hesabına tətbiq edilmiş müvəqqəti təminat tədbirinə aid hissədə ləğv edilsin. Cavabdeh dövlət pensiyasının köçürüldüyü 33825019448322222199 AZN nömrəli hesabdan pensiya vəsaitlərini almaq və həmin vəsaitdən istifadə etmək hüququna tətbiq edilmiş məhdudiyyət aradan qaldırılsın. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** nömrəli qərardadı qalmış hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.