Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 16(3-1)-15/2026 21.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbi (Açar sözlər: Müvəqqəti təminat tədbiri, uşaqla ünsiyyət hüququ, ilkin sübutlar, dispozitivlik prinsipi) Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbinə dair iş üzrə çıxarılmış Sədərək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.
1. Ərizəçi ## ###### 2026-cı ildə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Sədərək Rayon Məhkəməsinə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ona valideynlik hüquqlarını həyata keçirməsi üçün ## #### 2016-cı il təvəllüdlü X1 ilə ünsiyyət hüququnun məhdudlaşdırılmasının həyat yoldaşı Cavabdeh qadağan etməklə, ünsiyyət qaydasının müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 02- 04).
b) Müraciətin əsaslandırılması.
2. Ərizəçi ərizəsini əsaslandıraraq qeyd etmişdi ki,11 aydan artıq müddətdir evdən çıxmışdır və ## #### 2016-cı il təvəllüdlü övladı X1 atası (cavabdeh) Cavabdeh ilə birlikdə yaşayır. Cavabdeh tərəfindən uşağın onunla görüşdürülməsinə və ünsiyyət saxlamasına mütəmadi olaraq maneçilik törədilir. O, övladını görməyə dəfələrlə cəhd göstərsə də, cavabdeh tərəfindən buna imkan verilmir və uşaqla görüşüb ünsiyyət qurmaq mümkün olmur. Uşaqla ünsiyyətin tamamilə kəsilməsi ailə münasibətlərinin zəifləməsinə, azyaşlı uşağın anasını unutmasına, aralarındakı mövcud emosional bağlılığın itirilməsinə və sonradan bu münasibətlərin bərpasının xeyli çətinləşməsinə səbəb ola bilər.
c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.
3. Sədərək Rayon Məhkəməsinin (sədrlik edək hakim Ilham Ibrahimov) ## ###### 2026cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, ərizəçinin məhkəmədə qaldırdığı iddia tələbinə mahiyyəti üzrə baxılıb qanuni qərar qəbul edilənədək, ## #### 2016-cı il təvəllüdlü X1 anası ilə görüş və ünsiyyət hüququnun məhdudlaşdırılmasının cavabdeh Cavabdeh qadağan etməklə, həftənin bazar günü saat 1000-dan bazar günü 1700-dək onun yanında qalması barədə görüş və ünsiyyət qaydası müəyyən edilməsi qərara alınmışdır (iş vərəqə 08-10). ç) Məhkəmə aktından verilən şikayət.
4. Sədərək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı ilə razılaşmayan cavabdeh Cavabdeh ## ###### 2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, sözügedən qərardadın ləğv olunmasını, ərizənin təmin edilməsindən imtina olunması, şikayətə baxılarkən X4 faktiki yaşayış yeri, Bakı şəhərində təhsil alması, təhsil rejimi, yaşayış şəraiti və valideynləri ilə münasibətlərinin hərtərəfli araşdırılmasını, Turanın 10 yaşında olması nəzərə alınaraq onun fikrinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə uyğun olaraq, yaşına və inkişaf səviyyəsinə uyğun və uşağın mənafeyinə xələl gətirməyən şəraitdə öyrənilməsinin və qiymətləndirilməsinin təmin edilməsini, zəruri hesab edildiyi halda Turanın yaşayış və təhsil şəraitinin, valideynləri ilə münasibətlərinin və digər mühüm halların araşdırılması üçün aidiyyəti orqanların rəyinin alınmasının, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 163.3-cü maddəsi nəzərə alınaraq, şikayətə baxılanadək ## ###### 2026-cı il tarixli müvəqqəti təminat tədbirinin icrasının dayandırılması barədə məsələnin həll edilməsini, məhkəmə tərəfindən bu şikayətin təmin edilmədiyi halda, şikayətin qanunla müəyyən edilmiş qaydada baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir (iş vərəqə 24-28).
d) Şikayətin əsaslandırılması və dəlilləri.
5. Cavabdeh Cavabdeh şikayətini əsaslandıraraq qeyd etmişdi ki, o, heç vaxt övladının anası ilə görüşməsinə və ünsiyyət saxlamasına maneçilik törətməmişdir və məhkəmə qərardadında onun konkret olaraq hansı tarixdə, hansı hərəkətlə və hansı formada bu hüquqa mane olduğunu təsdiq edən hər hansı mötəbər sübut və ya konkret hadisə göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi üçün cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı barədə real təhlükənin mövcudluğu sübutlarla təsdiq edilməlidir, lakin hazırkı iş üzrə belə bir təhlükənin mövcudluğu müəyyən edilməmişdir. Bununla yanaşı, həmin Məcəllənin 157.5-ci maddəsinin tələbinə zidd olaraq, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu məhkəmə tərəfindən əsaslandırılmamışdır.
6. Şikayətçi həmçinin Mülki-Prosessual Məcəllənin 157.6-cı maddəsinə istinad edərək vurğulayır ki, təminat tədbirləri qarşı tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalı və mütənasib olmalıdır. Anaya maneə törədilməsi faktı sübuta yetirilmədiyi halda, hər həftənin bazar günü saat 1000-dan 1700-dək uşağın anasının yanında qalması barədə məcburi görüş qaydasının müəyyən edilməsi tədbirin zəruriliyi və mütənasibliyi baxımından heç bir şəkildə əsaslandırılmamışdır. Nəticə etibarilə, qərardad işin hallarına uyğun gəlmədiyindən qanunilik və əsaslılıq tələblərinə cavab vermir.
7. On yaşlı Turan faktiki olaraq Bakı şəhərində yaşayır və orada məktəbə gedir. Məhkəmə uşağın Bakı şəhərindəki təhsil rejimini, məktəb qrafikini, faktiki yaşayış və sosial mühitini, o cümlədən valideynləri ilə münasibətlərini ümumiyyətlə araşdırmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, on yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır və hazırda Turanın öz anası ilə görüşmək istəmədiyi barədə dəqiq mövqeyi mövcuddur. Lakin məhkəmə uşağın bu fikrini, həmin fikrin formalaşma səbəblərini və məcburi görüş qaydasının onun gündəlik həyatına, istirahətinə necə təsir edəcəyini lazımi qaydada öyrənmədən qərar qəbul etmişdir. Bütün bu mühüm halların iş üçün əhəmiyyət daşıdığını nəzərə alan cavabdeh, apellyasiya şikayətinə yeni sübut kimi Turanın Bakı şəhərində təhsil almasını və faktiki yaşayışını təsdiq edən sənədləri əlavə edəcəyini bildirmiş, məcburi qrafikin uşağın gündəlik həyatına təsirinin qiymətləndirilməsi üçün bu sənədlərin qəbul edilməsini və azyaşlının fikrinin mütləq şəkildə öyrənilməsini məhkəmədən tələb etmişdir
8. Şikayəti verən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə və "uşağın üstün mənafeyi" prinsipinə, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci, 88-ci, 157.2-ci, 157.5-ci, 157.6-cı, 217.1-ci və 385.1-ci maddələrinə istinad etmişdir.. e) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.
9. Sədərək Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı ilə şikayət əsaslı sayılmadığından onun baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 18-19).
10. X2 Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına ## ######## 2026-cı ildə daxil olmuşdur.
II. Şikayətə qarşı etirazın dəlilləri.
11. Şikayətə qarşı etiraz daxil olmamışdır. III. Apellyasiya instansiya məhkəməsində işə baxılmasının hədləri.
12. Kollegiya işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.
13. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.
14. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdeh Cavabdeh müraciəti birinci instansiya məhkəməsi qərardadının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti və qərardadın qanuniliyi, habelə əsaslılığı apellyasiya instansiyası məhkəməsi tərəfindən tam həcmdə yoxlanılmalıdır.
IV. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Konstitusiyasının:
16. - 60-cı maddəsinin İ hissəsi ilə müəyyən edilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. b) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
17. - 2.1-ci maddəsinə görə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır;
18. - 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər;
19. -157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər;
20. -157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir;
21. -157.3-157.4-cü maddələrindən aydın olur ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir;
22. -157.5-ci maddəsinin mahiyyətinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır;
23. - 157.7-ci maddəsinin tələbinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. c) “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarının:
24. -7.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki-Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıqaydın halların olub-olmamasına qiymət verilməlidir. V. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.
25. Cavabdehin şikayəti Sədərək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)- */**** nömrəli qərardadının ləğv edilməsinə və müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair tələbin rədd edilməsinə yönəldiyindən kollegiya şikayəti və iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi əsasları, tətbiq edilə biləcək tədbirlərin növləri, bununla bağlı məhkəməyə edilmiş müraciətlərin baxılması qaydaları, həmçinin müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizəyə baxılması ilə əlaqədar qəbul edilə biləcək məhkəmə aktları və onlardan şikayət vermə qaydaları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13-cü fəslində, yəni 157- 164-cü maddələrində öz əksini tapıb.
26. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirləri mülki mühakimə icraatının effektivliyini təmin edən, subyektiv hüquqların məhkəmə müdafiəsinin real nəticəsini qoruyan prosessual institutdur. Bu tədbirlər iş mahiyyəti üzrə həll edilənədək tətbiq olunur və gələcəkdə çıxarılacaq qərarın icrasını qabaqcadan sığortalayır. Sözügedən tədbirlər əsasən tərəflərin mülkiyyət və ya hərəkət azadlığını məhdudlaşdırdığı üçün o, yalnız zərurət olduqda tətbiq edilən müstəsna hüquqi vasitədir. Bu tədbir hüququn pozulmasını gözləmək deyil, həmin pozuntunun baş verməsini və ya daha ağır nəticələrə səbəb olmasını əvvəlcədən qabaqlayan bir müdafiə üsuludur.
27. Mülki-Prosessual Məcəllənin 157-ci maddəsində müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin əsasları - məqsədi müəyyən edilib ki, sözügedən prosessual normanın mahiyyətinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı hallarda və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
28. Normanın mahiyyətindən aydın olur ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi üçün aşağıdakı şərtlərin ən azından biri mövcud olmalıdır:
29. -cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkünsüzlüyü;
30. - cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) əhəmiyyətli dərəcədə çətinləşməsi.
31. Prosessual normanın hazırkı mübahisə üzrə mahiyyəti onu qeyd etməyə imkan verir ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsində əsas iki məqsəd var:
32. - gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasının təmin edilməsi - uşaqla ayrı yaşayan valideyn arasında ünsiyyət bağlarının qırılmasının, yadlaşmanın və birtərəfli təcridolunma hallarının qarşısını almaqla, gələcəkdə çıxarılacaq yekun qətnaməsinin real və səmərəli icra olunmasını qabaqcadan sığortalamaq;
33. - mövcud vəziyyətin qorunması - mübahisəli hüquq münasibətlərində tərəflərin hərəkətləri nəticəsində vəziyyətin dəyişməsinə yol verməmək.
34. Kollegiya yuxarıda qeyd olunan təminat tədbirinin məqsədlərini nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinə əsasən ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu mütləq şəkildə əsaslandırılmalıdır. Ilkin sübutların mahiyyəti ondan ibarətdir ki, onlar məhkəmədə müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini, yəni cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının doğrudan da pozulduğunu və ya gələcəkdə pozulma təhlükəsinin real olduğunu ehtimal etməyə əsas verən vizual, sənədli və ya digər faktiki məlumatlardır. Məhz bu sübutlar məhkəmədə inam formalaşdırmalıdır ki, həmin tədbir görülməsə, şəxsin qanuni hüquqlarının müdafiəsi doğrudan da çətinləşəcək.
35. Lakin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş ərizədə uşaqla ünsiyyət hüququna cavabdeh tərəfindən hər hansı maneə törədildiyini təsdiq edən heç bir ilkin sübut göstərilməmiş və ərizəyə belə sübutlar əlavə edilməmişdir.
36. Birinci instansiya məhkəməsi isə qərardadında hazırkı mübahisə ilə bağlı iddiaçının mülki iddiasının məhkəmənin icraatında olmasını əsas götürərək ərizəni təmin etmişdir. Kollegiya vurğulayır ki, məhkəmənin icraatında tərəflər arasında nikahın pozulması və uşaqla bağlı tələbin olması ərizəçini müvəqqəti təminat tədbirinin tətbiqi üçün zəruri olan qeyd olunan ilkin sübutları təqdim etmək vəzifəsindən azad etmir. Eyni zamanda, sadəcə əsas işin icraatda olması faktı hakimin müvəqqəti təminat tədbirinə dair ərizəyə bu şəkildə, yəni zəruri sübutlar araşdırılmadan baxmasına və qayda müəyyən etməsinə hüquqi əsas yaratmır.
37. Qanunvericiliyin müvəqqəti təminat tədbiri barədə ərizəyə məhz mübahisəni (əsas işi) həll edən hakim tərəfindən baxılmasını müəyyən etməsinin əsas mahiyyəti isə ondan ibarətdir ki, əsas işə baxan hakim tərəflər arasındakı mübahisənin xarakterinə, işin detallarına daha yaxından bələd olur və tətbiq ediləcək tədbirin mütənasibliyini, ona doğrudan ehtiyac olubolmadığını və bu addımın işin hallarına uyğunluğunu daha dəqiq və ədalətli qiymətləndirə bilir.
38. Əgər doğrudan da uşaqla ünsiyyətə maneə yaradılmasını təsdiq edən faktlar və ya uşağın vəziyyəti ilə bağlı zəruri sənədlər əsas mülki işin materiallarında mövcud idisə, ərizəçi həmin sənədlərin surətlərinin çıxarılaraq müvəqqəti təminat icraatı materiallarına əlavə edilməsini məhkəmədən xahiş edə bilərdi. Lakin ərizə mətnindən də göründüyü kimi, iddiaçı tərəfindən belə bir vəsatət və ya tələb irəli sürülməmişdir.
39. Digər tərəfdən, apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, ana və uşaq ayrıayrı ünvanlarda yaşayırlar və uşağın faktiki yaşayış yeri və təhsil aldığı müəssisə Bakı şəhərindədir. Bu yaşayış yerlərinin fərqliliyi, aradakı məsafə, eləcə də uşağın oxuduğu təhsil müəssisəsinin dərs qrafiki birbaşa ünsiyyətin rejiminə və keyfiyyətinə təsir edən, uşağın üstün mənafeyi baxımından mütləq şəkildə nəzərə alınmalı olan mühüm amillərdir. Lakin birinci instansiya məhkəməsi müvəqqəti görüş qaydası müəyyən edərkən bu mühüm amilləri diqqətdən kənarda saxlamışdır.
40. Kollegiya həmçinin diqqəti ərizəçinin tələbinin tam aydın olmamasına yönəldir. Mülki mühakimə icraatının fundamental prinsiplərindən olan dispozitivlik prinsipinə əsasən, məhkəmə işlərə yalnız tərəflərin təqdim etdiyi tələblər çərçivəsində və həmin tələblərin hüdudlarında baxır. Lakin ərizəçi öz müraciətində həm uşaqla ünsiyyət hüququnun məhdudlaşdırılmasının cavabdehə qadağan edilməsini, həm də eyni vaxtda ünsiyyət qaydasının müəyyən olunmasını tələb edərək qeyri-müəyyən və qarışıq bir tələb formalaşdırmışdır. Bu isə tələbin aydınlığı və konkretliyi prinsipləri ilə uzlaşmır.
41. Qeyd olunanları, yəni tələbin prosessual qaydada aydın formalaşdırılmamasını, zəruri ilkin sübutların əlavə edilməməsini və müəyyən edilmiş qaydanın işin faktiki halları (uşağın təhsil rejimini və yaşayış yerini) ilə uyğunlaşdırılmamasını əsas tutaraq, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Sədərək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı əsassız olduğundan ləğv edilməli və Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi rədd edilməlidir.
42. Cavabdeh Cavabdeh apellyasiya şikayətində qaldırdığı digər tələblərə - şikayətə baxılarkən azyaşlının fikrinin öyrənilməsi, uşağın yaşayış və təhsil şəraitinin araşdırılması, eləcə də aidiyyəti orqanların (qəyyumluq və himayəçilik orqanının) rəyinin alınması məsələlərinə gəldikdə isə, kollegiya bildirir ki, həmin məsələlər əsas mülki işin (nikahın pozulması və uşaqla ünsiyyət qaydasının daimi olaraq müəyyən edilməsi və s.) mahiyyəti üzrə baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmalı və hüquqi qiymət verilməli olan hallardır. Hazırkı icraat yalnız müvəqqəti təminat tədbirinin qanuniliyinin yoxlanılmasından ibarət olduğu üçün şikayətin bu məsələlərin araşdırılmasına dair hissəsi apellyasiya icraatında təmin edilə bilməz.
43. Yekunda, yuxarıda göstərilən bütün halları ümumiləşdirərək kollegiya qərara gəlir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin rədd edilməsi baxımından cavabdehin şikayəti əsaslı olsa da, qalan tələblər (araşdırma və rəy alınması) əsas işin predmeti olduğu üçün şikayətin hüquqi həlli qismən təmin edilməli formasında müəyyən olunmalıdır.
44. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.
45. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:
46. - cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli;
47. - Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbinə dair iş üzrə çıxarılmış Sədərək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı tam ləğv edilməli və qərardadla həll edilməli olan məsələ yenidən həll olunmalı;
48. - ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi rədd edilməli;
49. - şikayətin qalan hissəsi təmin edilməmədir.
50. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.
51. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
52. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir. VI. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə.
Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq,
q ə r a r a a l d ı:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbinə dair iş üzrə çıxarılmış Sədərək Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı tam ləğv edilsin və qərardadla həll edilməli olan məsələ yenidən həll olunsun. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi rədd edilsin. Şikayətin qalan hissəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.
Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Səxavət Bəylərli.