Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-289/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bədəlova İlhamə Abdulla qızının müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi ilə bağlı icraat üzrə Hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bədəlova İlhamə Abdulla qızının müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Rəhimov İqbal Tofiq oğlu cavabdeh cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzildən cavabdeh cavabdeh2 çıxarılması, qeyd edilən mənzilə müdaxilənin cavabdehə qadağan edilməsi və cavabdehə məxsus olan əşyaların mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən mənzildən cavabdeh cavabdeh2 çıxarılması, qeyd edilən mənzilə müdaxilənin cavabdehə qadağan edilməsi, cavabdehə məxsus olan əşyaların mənzildən çıxarılması, eyni zamanda həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir.
3. Məhkəmə aktı ilə maraqlarına toxunan şəxs Bədəlova İlhamə Abdulla qızı tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
4. Hazırda maraqlarına toxunan şəxs Bədəlova İlhamə Abdulla qızı müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyi zaman məhkəmədə müəyyən edildi ki, mübahisəli mənzilə ##.##.1996-cı il tarixdə Yasamal rayon İcra hakimiyyəti tərəfindən cavabdeh2 Əlyar oğlunun adına order verilmişdir. Hansı ki, mənzilə daha əvvəl Loban adlı şəxsin adına order verilmişdir. Həmin order əsasında cavabdeh2 mənzilə ##.##.2025-ci il tarixdə çıxarış almış, nədənsə tələm-tələsik ##.##.2025-ci il tarixdə Rəhimov İqbal Tofiq oğluna satmışdır. Bədəlova İlhamə Abdulla qızı 2017-ci il tarixdən uşaqları ilə birgə mübahisəli mənzildə yaşayır, nə cavabdeh2, nə də İqbal Rəhimovu görməyib. Hal-hazırda mübahisəli mənzili yenidən satmaq istəyirlər. Hətta bu barədə sosial şəbəkədə (tik-tok) platformasında mənzilin satılması barədə elan verilmişdir. O məhkəməyə müraciət etdiyi üçün həmin elan tik-tok platformasından çıxarılmışdır. Mənzilin yenidən satılması vəziyyəti bir daha çətinləşdirəcəkdir. Müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinə təcili ehtiyac yaranmışdır. Belə ki, gələcəkdə iddiası təmin olunacağı təqdirdə qərarın icrasını təmin etmək mümkün olmayacaqdır. Qeyd edilənləri nəzərə alaraq işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 2 ünvanda yerləşən ** saylı mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: .. 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; Maddə 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Maddə 159.2. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Maddə 159.3. Qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə və ya arbitraj mübahisəsi tərəfinə dərhal xəbər verilir. Maddə 160.1. Müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Maddə 162.4. İddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir.
8. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbiri cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq olunan prosessual tədbirdir.
9. İşdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin cavabdeh cavabdeh2 tərəfindən boşaldılması və iddiaçı Rəhimov İqbal Tofiq oğluna təhvil verilməsi qət edilmişdir. Qətnamə Bədəlova İlhamə Abdulla qızı tərəfindən mübahisələndirilmişdir.
10. Bədəlova İlhamə Abdulla qızı hazırkı ərizəsində mübahisə predmeti olan mənzildə uzun müddətdir ailə üzvləri ilə yaşamasına istinad edərək mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmasını xahiş edir.
11. Məhkəmə kollegiyası qeyd edir ki, Bədəlova İlhamə Abdulla qızı tərəfindən mübahisə predmeti olan mənzilin ona məxsus olması və ya həmin mənzildə yaşaması, qadağa qoyulmasını xahiş etdiyi hərəkətlər davam etdiyi təqdirdə hansı hüquqlarının pozulması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda Kollegiya hesab edir ki, ərizəçi müvəqqəti müdafiə tədbirinin tətbiqi zəruriliyini təsdiq edən ilkin mötəbər sübutları (arayış, çıxarış, müqavilə və s.) təqdim etməmişdir.
12. Məhkəmə kollegiyası izah edir ki, müvəqqəti təminat tədbiri müstəsna xarakterli prosessual institutdur və onun tətbiqi üçün ərizəçinin maddi-hüquqi tələbinin ilkin baxışda (prima facie) əsaslı görünməsi və müvafiq ilkin sübutlarla möhkəmləndirilməsi qanunvericiliyin imperativ tələbidir.
13. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd edilir ki, “....İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar. Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. ......Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.”
14. Kollegiya hesab edir ki, hazırki iş üzrə tətbiqi xahiş edilən müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi təqdirdə ərizəçi İ.Bədəlovanın hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi müəyyən edilmir, bununla bağlı ilkin sübutlar ərizəçi tərəfindən təqdim edilməmişdir.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Bədəlova İlhamə Abdulla qızının “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: Rəşid Səmədov
Xumar Mərdanova
Vahid Sadıqov