Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-307/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim məruzəsi ilə, hakimlər ibarət tərkibdə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və X1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə müvəqqəti təminat tədbirinin görülməsinə dair iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, müəyyən etdi:
1. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və X1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Cavabdeh MMC arasında bağlanmış ## ###### 2024-cü il tarixli, *** nömrəli və ## #### 2024-cü il tarixli, *** nömrəli müqavilələrin etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi kimi 2 089 799,26 rubl (44 023,71 manat) pul, həmçinin ödənilmiş 180 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Iddiaçı, “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi qismində 2 227 760,88 rubl (48 690,64 manat) və 15 000 manat pul, ödənilmiş cərimənin əvəzi qismində 159 650 rubl (3 490,14 manat) pul və ödənilmiş 315 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada vurulmuş zərərin əvəzi qismində 2 058 799,26 rubl və 159 650 rubl olmaqla ümumilikdə 2 218 449,26 rubl pulun, həmçinin ödənilmiş 300 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamədən cavabdeh Cavabdeh MMC apellyasiya şikayəti vermişdir.
4. Iddiaçı “xxxx” MMC-nin adından məhkəmənin elektron poçt ünvanına müvəqqəti təminat tədbiri barədə ərizə daxil olmuşdur. Ərizədə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, cavabdeh Cavabdeh MMC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakların, habelə bank hesablarının üzərinə 2 218,449,26 rubl məbləğində tələb və 300 manat dövlət rüsumu həcmində həbs qoyulmasına dair qərardad qəbul edilməsi xahiş olunur.
5. Məhkəmə kollegiyası hesab edir ki, ərizə geri qaytarılmalıdır.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. ... Maddə 159. Müvəqqəti təminat tədbirləri haqqında ərizəyə baxılması ... 159.4. Məhkəmə aşağıdakı hallarda müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir: ... 159.4.2. ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda. 159.5. Bu Məcəllənin 159.4.1-159.4.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər.
7. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə elektron poçt vasitəsilə (“Niyamaddin Afandiyev” adlı şəxs tərəfindən) Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. 8.Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, kommersiya mübahisələri üzrə ərizələr “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə, ərizəçinin (və ya onun nümayəndəsinin) elektron kabinetindən göndərilməli və gücləndirilmiş elektron imza ilə təsdiqlənməlidir. Bu baxımdan, ərizənin elektron poçt vasitəsilə təqdim edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. 9.Bundan əlavə, ərizə elektron poçt vasitəsilə göndərildiyindən ərizədəki imza skan olunmuş formada təqdim edilmişdir. Imzanın bu formada təqdim olunması onun həqiqiliyinin müəyyən edilməsini, eləcə də ərizənin məhz ərizəçi tərəfindən imzalanıb təqdim edildiyini texniki baxımdan təsdiq etməyi qeyri-mümkün edir. 10.Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, elektron poçt vasitəsilə təqdim edilmiş və imzasının həqiqiliyi təsdiqlənməyən ərizə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən həmin ərizəyə baxılması mümkün deyildir.
11. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. 12.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 159, 365, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: *-*(*-*)-***/**** saylı iş üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.