Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-316/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi MMMC-nin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbiri) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışinski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 16(5-98)- ***/**** saylı qərardadından cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:
1. Ərizəçi MMMC müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMMC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, 330 mənzil və 1 500 nəfərdən artıq sakinə göstərilən xidmətin pisləşməsinin qarşısını almaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən Ərizəçi MMMC-nin idarəetməsində olan binanın ümumi istifadəsində olan 2 ədəd elektrik sayğacı üzrə (abonent kodu 07/89-372) elektrik enerjisinin verilməsinin cavabdeh tərəfindən dayandırılmasının Cavabdeh ASC-yə qadağan edilməsi barədə müvəqqəti müdafiə tədbirinin tətbiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 16(006)- ***/**** saylı qərardadı ilə qismən ərizə təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən Ərizəçi MMMC-nin idarəetməsində olan binanın ümumi istifadəsində olan 2 ədəd elektrik sayğacı üzrə (abonent kodu 07/89-372) 50592 manat borca münasibətdə elektrik enerjisinin verilməsinin dayandırılması Cavabdeh ASC-yə qadağan edilmişdir.
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən və Ərizəçi MMMC-nin idarəetməsində olan binanın ümumi istifadəsində olan 2 ədəd elektrik sayğacı üzrə elektrik enerjisinin verilməsinin dayandırılmasının Cavabdeh ASC-yə qadağan edilməsi zəruri və əsaslı müvəqqəti təminat tədbiridir. Lakin qeyd olunan dayandırmanın məhz mübahisəli borca münasibətdə tətbiq edilməsi cavabdehin qanuni mənafelərinin qorunması baxımından zəruri hesab edilir.
ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:
4. Cavabdeh ASC məhkəmənin həmin qərardadından şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir
5. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi MMMC əsassız olaraq MTT hüququndan sui-istifadə etməklə məhkəməyə müraciət etməsi və məhkəmə tərəfindən qərardadın qəbul edilməsi elektrik enerjisinin dəyərini ödəmək əvəzinə elektrik enerjisinin talan olunmasına şərait yaradacaqdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 16(5-98)- ***/**** saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-***/**** saylı qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayəti təmin edilməmiş, şikayət baxılması üçün 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ
8. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-157.2,157.5-157.6-cı maddələrini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, yuxarıda sadalanan maddələrin məzmununa əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən müvafiq tədbirlərin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı, tətbiq olunacaq tədbirin isə irəli sürülmüş tələbə mütənasib olub-olmamasına hərtərəfli qiymət verməli və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etməlidir.
10. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında mövcud olan borc məbləği mübahisəlidir və ərizəçi həmin borcun qanuniliyini məhkəmə qaydasında mübahisələndirəcəyini bildirir. Bu şəraitdə, mübahisə həll olunmamışdan əvvəl yalnız mübahisəli borca istinad edilməklə 1500-dən artıq sakinin elektrik enerjisindən məhrum edilməsi hüquqi dövlət prinsipləri və ədalət mühakiməsinin məqsədləri ilə uzlaşmır.
11. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirləri öz mahiyyəti etibarilə təcili və qabaqlayıcı xarakter daşıyır və onların tətbiqində əsas məqsəd tərəflərdən birinə bərpası mümkün olmayan və ya sonradan aradan qaldırılması əhəmiyyətli dərəcədə çətin olan zərərin vurulmasının qarşısını almaqdan ibarətdir. Bu baxımdan, hazırkı halda elektrik enerjisinin verilməsinin dayandırılması çoxsaylı şəxslər üçün geri dönməz nəticələr doğura bilər.
12. Eyni zamanda məhkəmə tərəflər arasında maraqlar balansının qorunmasını da vacib hesab edir. Belə ki, elektrik enerjisinin verilməsinin davam etdirilməsi cavabdehin hüquq və qanuni mənafelərinə əsassız və ölçüsüz müdaxilə kimi qiymətləndirilə bilməz. Çünki mübahisə predmeti olan borc gələcəkdə əsaslı hesab ediləcəyi təqdirdə, həmin borcun ödənilməsi öhdəliyi yenə də ərizəçinin üzərində qalacaqdır.Digər tərəfdən, ərizəçi və bina sakinləri tərəfindən cari istehlak üzrə ödənişlərin mübahisəsiz qaydada davam etdirilməsi şərti ilə cavabdehin iqtisadi maraqlarına zərər vurulmasının qarşısı alınmış olur. Bu isə tərəflər arasında ədalətli tarazlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
13. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, əsas iddia hələ məhkəmə icraatına qəbul edilməmiş olsa da, mülki prosessual qanunvericilik qabaqlayıcı xarakter daşıyan müvəqqəti təminat tədbirlərinin tətbiqini istisna etmir. Əksinə, qanunvericilik müəyyən hallarda təcililiyin mövcudluğunu nəzərə alaraq, belə tədbirlərin qısa müddət ərzində-bir ay müddətinə tətbiqinə imkan verir.
14. Hazırkı halda mübahisə insanların gündəlik yaşayışını birbaşa təmin edən elektrik enerjisindən istifadə ilə bağlı olduğundan, bu münasibətlər yüksək ictimai əhəmiyyət kəsb edir. Bu səbəbdən məhkəmə təcililik prinsipini rəhbər tutaraq, müvəqqəti təminat tədbirinin bir ay müddətinə tətbiq edilməsini zəruri və əsaslı hesab edir.
15. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən və Ərizəçi MMMC-nin idarəetməsində olan binanın ümumi istifadəsində olan 2 ədəd elektrik sayğacı üzrə elektrik enerjisinin verilməsinin dayandırılmasının Cavabdeh ASC-yə qadağan edilməsi zəruri və əsaslı müvəqqəti təminat tədbiridir. Lakin qeyd olunan dayandırmanın məhz mübahisəli borca münasibətdə tətbiq edilməsi cavabdehin qanuni mənafelərinin qorunması baxımından zəruri hesab edilir.
16. Məhkəmə kollegiyası şikayətə münasibətdə qeyd edir ki, iş materialları və tərəflərin mövqeləri birgə qiymətləndirilərək müəyyən olunur ki, əvvəlki qərardadla formalaşdırılmış hüquqi mövqenin məntiqi davamı olaraq hazırkı mərhələdə tətbiq edilmiş müvəqqəti təminat tədbiri həmin institutun tətbiqi üçün zəruri olan bütün hüquqi elementləri özündə ehtiva edir.
17. İlk növbədə, zərurilik meyarı baxımından məhkəmə qeyd edir ki, elektrik enerjisi ilə təminat insanların layiqli həyat səviyyəsinin təmin edilməsinin ayrılmaz tərkib hissəsidir. Bu xidmətin dayandırılması yalnız maddi deyil, eyni zamanda sosial və təhlükəsizlik baxımından ciddi mənfi nəticələr doğura bilər. Bundan əlavə, mövcud vəziyyət dəyişdirildiyi halda, ərizəçinin hüquqlarının sonradan bərpası əhəmiyyətli dərəcədə çətinləşə və ya mümkünsüz ola bilər.
18. İkinci olaraq, təcililik meyarı üzrə müəyyən edilir ki, elektrik enerjisinin verilməsinin davam etdirilməsi təxirəsalınmaz xarakter daşıyır. Onun kəsilməsi yaşayış binasında liftlərin, su nasoslarının və digər həyati əhəmiyyətli infrastrukturun fəaliyyətinin dayanmasına səbəb olmaqla, geniş dairədə şəxslərin hüquq və qanuni maraqlarına dərhal və real təhlükə yaradır. Üçüncü olaraq, ilkin sübutların mövcudluğu baxımından məhkəmə nəzərə alır ki, tərəflər arasında borcun mövcudluğu və məbləği mübahisələndirilir. Ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, ödənişlərin həyata keçirildiyi iddia olunur, lakin abonent kodunun onların adına rəsmiləşdirilməməsi səbəbindən ödənişlər başqa bir MTKnın adı 19.ilə aparılmışdır. Bu halı təsdiq edən müvafiq MTK-nın məktubu da iş materiallarına əlavə edilmişdir ki, bu da ilkin baxışda ərizəçinin mövqeyinin əsassız olmadığını göstərir.
20. Nəhayət, mütənasiblik meyarı baxımından məhkəmə qeyd edir ki, tətbiq olunmuş təminat tədbiri tərəflərin maraqları arasında ədalətli balansı qoruyur. Belə ki, ərizə qismən təmin edilərək yalnız mübahisələndirilən borca münasibətdə elektrik enerjisinin dayandırılmasının qarşısı alınmış, tədbir isə yalnız MMC-nin balansında olan 2 sayğacla məhdudlaşdırılmışdır. Bu isə tədbirin həddən artıq geniş tətbiq edilmədiyini, məqsədli və ölçülü xarakter daşıdığını təsdiq edir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənilməsi hər bir halda abonentin qanuni öhdəliyidir və bu öhdəliyin mövcudluğu mübahisə predmeti kimi istisna edilmir.
22. Lakin bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında həmin öhdəliyin həcmi, hesablanma qaydası və ya ödənişlərin düzgün uçotu ilə bağlı mübahisə yarandığı hallarda, bu cür mübahisələr yalnız məhkəmə qaydasında, hərtərəfli, obyektiv və tam araşdırılmaqla həll edilməlidir. Bu zaman məhkəmə mübahisənin düzgün həlli və yekun qərarın ədalətli qəbul edilməsi üçün zəruri olan bütün prosessual vasitələrdən istifadə etməli, tərəflərin təqdim etdiyi sübutları qarşılıqlı şəkildə qiymətləndirməlidir.
23. Beləliklə, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəyə baxarkən tədbirlərin tətbiq edilməsinin əsaslı olub-olmamasına, həmçinin tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olub-olmasına hərtərəfli qiymət vermiş və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktını qəbul etmişdir. Belə olan halda da, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
25. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 16(5-98)- ***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov