Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-369/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, ərizəçi Ərizəçi MMC tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizənin qismən təmin edilməsi barədə məhkəmənin ##.##.2026-cı il tarixli e-16(4-11)- ***/**** saylı qərardadından ilkin iddia ərizəsi üzrə cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: Iddiaçı Ərizəçi MMC cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC-nin ##.##.2024-cü il tarixli müqavilədə göstərilmiş Bakı şəhəri, Heydər Əliyev prospekti, 187 C ünvanında yerləşən iş mərkəzində fəaliyyət göstərdiyi ofis sahəsindən istifadəyə cavabdeh Cavabdeh MMC tərəfindən yaradılmış maneənin aradan qaldırılması, 30.000 manat dəyərində dəymiş zərərin və ödənilmiş dövlət rüsumun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ##.##.2026-cı il tarixdə Cavabdeh MMC EMIS vasitəsi ilə məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək ilkin iddianın təmin edilməməsi, Ərizəçi MMC-dən müqavilə üzrə 5692.25 manat ödənilməmiş icarə haqqı, internet xidməti, 3878.87 manat cərimə borcu, 5785.32 manat vurduğu zərər, cəmi 15356.44 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdehin qeyri-yaşayış sahəsini boşaltması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Ilkin iddia üzrə iddiaçı eyni zamanda müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək 1.Cavabdeh MMC-yə məxsus 6-cı mərtəbədə yerləşən müşahidə kameralarının ##.##.2026 tarixindən hazırkı tarixədək olan görüntülərinin məhkəmə tərəfindən tələb olunaraq iş materiallarına əlavə edilməsi; 2. Əmlakların qorunması məqsədilə müvafiq təminat tədbirlərinin görülməsi; 3. Cavabdehin mübahisəli ofis sahəsinə iddiaçının razılığı olmadan daxil olunmasının qarşısının alınması; 4. aşağıda qeyd olunan əmlakların üzərinə həbs qoyularaq qorunmasının təmin edilməsini xahiş etmişdir. Əmlakların siyahısı: 12 ədəd əməliyyat masası, 6 ədəd işçi oturacağı, 1 ədəd MacBook markalı kompüter, 2 ədəd Dell masaüstü kompüter, 2 ədəd dekorativ yaşıl bitki, 2 ədəd tablo, 1 ədəd su dispenseri, 2 ədəd dolab və mətbəx əşyaları, 2 ədəd Samsung mobil telefon, masa və çekmecələrdə olan şəxsi əşyalar, 1 ədəd rəngli printer. Məhkəmənin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək sadalanan əmlaklar üzərinə həbs qoyulmuşdur. ##.##.2026-cı il tarixdə ilkin iddia üzrə cavabdeh Cavabdeh MMC həmin qərardaddan şikayət verərə məhkəmənin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçinin ərizədə iddia etdiyi əşyalar əks etdirən foto görüntülər ərizəçinin fəaliyyəti dövründə çəkilmiş fotolardır. Hal-hazırda qeyd olunan əşyaların müəyyən hissəsi qeyri-yaşayış sahəsində mövcud deyil. Cavabdeh tərəfindən ##.##.2026- cı il tarixində video çəkliş ilə ərizəçinin istifadə etdiyi qeyri-yaşayış sahəsində mövcud əşyalar siyahıya alınmış və akt tərtib edilmişdir (akt əlavə olunur). Bununla əlaqədar bütün video görüntülər məhkəməyə təqdim ediləcəkdir. Hesab edir ki, ərizəçi mövcud olmayan əşyaları göstərməklə Cavabdeh MMC-yə və onun əməkdaşlarına böhtan atır. Cavabdeh MMC dövlət qrumudur, fəaliyyətinin əsas məqsədi idmana tövhə verməkdir və heç bir qruma və ya şəxsə hər hansı bir zərər vurmaq niyyəti olmamışdır. Həmçinin Cavabdeh MMC yarandığı gündən bu günə kimi icarəçilərlə heç bir belə problemlə qarşılaşmayıb. Əksinə “xxxx” MMC müqavilə şərtlərinə əməl edərək icarəçilərə daha yüksək xidmət göstərərək onların razılığını, hörmətini və onlardan minnətdarlıq alaraq, öz fəaliyyətində daha yüksək nailiyyətlər əldə edib. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(4-11)- ***/**** saylı qərardadından ilkin iddia ərizəsi üzrə cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya apellyasiyanın hədlərinə münasibətdə qeyd edir ki, birinci instansiyası məhkəməsinin mübahisələndirilən qərardadı ilə ərizəçinin müvəqqəti təminat tədbiri barədə ərizəsi qismən təmin edilmiş və həmin qərardad ilkin iddia ərizəsi üzrə cavabdeh tərəfindən ərizə təmin edilmiş, ərizəçi tərəfindən isə ərizənin təmin edilməmiş hissəsində mübahisələndirilmişdir, odur ki, məhkəmə tərəfindən qərardadın əsaslılığı bütövlükdə yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(4-11)- ***/**** saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Faktlar: - Icarəyə verən Cavabdeh MMC və icarəçi Ərizəçi MMC arasında bağlanan ##.##.2024-cü il tarixli ****-**-İ-AIS saylı icarə müqaviləsinin 1-ci bəndinə əsasən icarəyə verən müqavilənin şərtlərinə uyğun olaraq əlavədə göstərilən iş mərkəzində qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir. -##.##.2024-cü il tarixli ****-**-İ-AIS saylı icarə müqaviləsinə 1 Saylı əlavənin 1-ci bəndindən görünür ki, icarəyə verən Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 187C ünvanında yerləşən binanın 6-cı mərtəbəsində sahəsi 23 kv.m olan ***A nömrəli qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir. -Cavabdeh MMC tərəfindən Ərizəçi MMC-yə ünvanlanan icarə müqaviləsinin ləğv edilməsi barədə ##.##.2026-cı il tarixli bildirişdən görünür ki, icarə haqqı ödənilmədiyi üçün ##.##.2026-cı il tarixdən icarə müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyi bildirilmişdir. -Ərizəçi tərəfindən ərizəyə əmlaklara dair fotoşəkillər əlavə edilmişdir. Mülki Prosessual Məcəllənin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.4-cü maddəsinə görə iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Qanunun mənasına görə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirləri tətbiq edilir. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Hazırkı halda ərizəçi məhkəmədə qaldırdığı ona məxsus əşyaların qaytarılması hissəsində iddianın əsaslılığı ilə bağlı ilkin sübutları (icarə müqaviləsi, fotoşəkillər və müqaviləyə xitam bildirişi) məhkəməyə təqdim etmişdir. Mübahisəli qərardada əsasən tətbiq edilmiş üvəqqəti təminat tədbirinin tətzəruriliyi ilə bağlı isə kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirləri preventiv olaraq mübahisə həll edilənədək tərəflər arasında mövcud vəziyyəti qoruyub saxlamaq (status quo) və ərizəçinin hüquqlarının hər hansı formada məhdudlaşdırılmasının qarşısını almaq məqsədi daşıyır. Hazırkı halda cavabdehin sahibliyində olması iddia olunan mübahisə predmeti olan əşyaların üzərinə həbs qoyulması tərəflər arasında status quo-nun qorunması və cavabdeh tərəfindən həmin əşyaların gizlədilməsi, özgəninkiləşdirilməsi və ya digər yollarla aradan çıxarılmasının, yəni ərizəçininin hüquqlarının bərpa edilməsinin çətinləşməsinin qarşısının alınması baxımından zəruridir. Üzərinə həbs qoyulmuş əmlakların icarə obyektində mövcud olmaması barədə cavabdehin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, mübahisəli əşyaların icra obyektində hazırda olub-olmaması qərardadın icra mərhələsində icra məmuru tərəfindən yoxlanılmalı olan hallara aiddir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-16(4-11) - ***/**** saylı qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №16(3-6)-369/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-369/2026
12.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver