Məhkəmə qərarları › İş №16(3-6)-379/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-379/2026

19.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-379/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Ağayeva İlahə Hadil qızının, nümayəndəsi və vəkili X2, Cavabdeh, nümayəndəsi və vəkili X5, Bakı şəhəri Xəzər Rayon Icra şöbəsinin icra məmuru X6 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından Cavabdeh şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t di : Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh Ağayeva İlahə Hadil qızı arasında Xəzər rayon Qeydiyyat Şöbəsində ##.##.2014- cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 370 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş ##.##.2018-ci il təvəllüdlü X3 anası Ağayeva İlahə Hadil qızının himayəsinə verilməsi, ##.##.2025-ci il tarixdən başlayaraq Cavabdeh ##.##.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, uşağın atasının yanında olduğu dövr nəzərə alınması qət edilmişdir. Ərizəçi Ağayeva İlahə Hadil qızı müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılıb qurtaranadək azyaşlı övladı X3 onun himayəsinə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilib ki, qətnamə nikahın pozulması hissəsi istisna olaraq icra edilmir. Belə ki, oğlu X1 hələ də atasının yanındadır və atası Cavabdeh uşağa qarşı hər cür təzyiqlər göstərməkdən çəkinmir və məhkəmənin qətnaməsini qərəzli olaraq icra etməkdən yayınır. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarına əsasən Cavabdeh məhkəmə qərarının icrasından imtina etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat miqdarında cərimə edilmişdir. Buna baxmayaraq borclu Cavabdeh yenə məhkəmə qətnaməsini icra etməmiş və bu səbəqdən onun barəsində yenidən inzibati protokol tərtib edilərək məhkəməyə çıxarılmış və İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən bu dəfə 1000 manat miqdarında cərimə edilmişdir. Bundan sonra, dəfələrlə icra şöbəsinə müraciət etsə də icra vərəqəsinin icrası təmin edilməmiş və borclu Cavabdeh barəsində cinayət məsuliyyətinə cəlb edilməsi barədə təqdimat verilməmişdir. Qətnamənin icrasının uzanması borclu Cavabdeh övladı X1 daha çox təsir etməsinə gətirib çıxarıb. Cavabdeh oğluna hər cür istər psixoloji, istər fiziki, istər mənəvi təsir və təzyiqlər edir. Onun bu əməlləri artıq rəsmi şəkildə öz təsdiqini tapır. Bütün qeyd etdiyi hallar bir daha sübut edir ki, azyaşlı oğlunun həyatı üçün artıq təhlükə mövcuddur. Borclu isə əsassız vaxt uzatmaq məqsədi ilə yuxarı instansiyalara şikayətlər verərək məhkəmə qətnaməsinin icrasını uzadır. Hazırki vaxta qədər müvafiq dövlət orqanlarına müraciət etməmiş, belə ki, özü Ədliyyə qulluqçusudur və hər zaman dövlətin qanunlarına tabe olmuş, lakin hazırki müraciəti bir dövlət qulluqçusu kimi deyil, bir ana kimidir. Çünki uşağının həyatı təhlükədədir və borclunun bu kimi hərəkətləri uşağının gələcəkdə sağlam bir fərd kimi formalaşmasına mənfi təsir göstərir və göstərməkdədir Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim Nərmin Abiyeva) ərizə təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə növbəti instansiya şikayətlərinə baxılıb qurtaranadək, azyaşlı övladı X3 anası Ağayeva İlahə Hadil qızının himayəsinə verilməsi; qərardadın dərhal icraya yönəldilməsi; qərardaddan şikayətin verilməsinin onun icrasını dayandırmadığı qərara alınmışdır. Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini, müvəqqəti təminat tədbiri barədə ərizənin rədd edilməsini xahiş edib göstərir ki, 2025-ci il tarixdə Suraxanı Rayon İcra Şöbəsinin İcra məmuru tərəfindən tərtib edilmiş və İlahə Ağayeva tərəfindən şəxsən imzalanmış aktlardan açıq şəkildə görünür ki, azyaşlı uşağı görüş üçün aparsa da, uşaq özü anası ilə qalmaq istəməmişdir. Yəni uşaq anası ilə görüşməsinə baxmayaraq onun yanında qalmaqdan imtina etmişdir. Bundan əlavə, azyaşlı uşaq Xəzər Rayon Məhkəməsinin hakimi Zaur Tağıyev tərəfindən məhkəmə iclasında şəxsən dindirilmiş, hakim tərəfindən "ananın yanında qalmaq istəyirsənmi?" sualı verildikdə uşaq açıq şəkildə anasının yanında qalmaq istəmədiyini bildirmişdir. Bu hal Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin nikahın pozulması və uşaq tələbi üzrə qəbul etdiyi qətnamədə də öz əksini tapmışdır. Hazırda həmin iş Bakı Apellyasiya Məhkəməsində hakim Rəşid Səmədovun icraatındadır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə əvvəlcə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Lakin məhkəmə azyaşlı uşzağın mənafeyini nəzərə alaraq, eyni zamanda Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinə istinad edərək şikayət üzrə işə şifahi məhkəmə iclasında baxılmasını qərara almışdır. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X5 ayrı-ayrılıqda şikayəti müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsini və müvəqqəti təminat tədbiri barədə ərizənin əsassız hesab edilərək rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında ərizəçi Ağayeva İlahə Hadil qızı və nümayəndəsi və vəkili X2 isə ayrı-ayrılıqda şikayətə etiraz edərk təmin edilməməsini və mübahisələndirilən qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Eyni zamanda, ərizəçi Ağayeva İlahə Hadil qızı elektron kabinet vasitəsilə Cavabdeh ilə aralarındakı mübhisə barədə məhkəmə aktlarını, eləcə də müxtəlif dövlət orqanlarına olan müraciəti ilə bağlı cavab məktublarını təqdim edib şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xəzər Rayon Icra şöbəsinin icra məmuru X6 isə uşağa təsirin müəyyən qədər hiss olunduğunu, lakin uşağın döyülməsi halına şahid olmadıqlarını bildirdi. Məhkəmə iclasında dinlənilən azyaşlı X3 anası ilə qalmaq istəmədiyini, atası ilə yaşamaq istədiyini, atası tərəfindən ona hansısa zorakılıq edilmədiyini, əksinə anasının onu döydüyünü bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1, 158.1.2, 158.1.3-cü maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Əvvəla, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbirləri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbirləri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edən vəziyyətin əksinin qorunmasına xidmət edir və onun prosessualhüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul edərkən əlaqəli iş artıq apellyasiya instansiyası məhkəməsinin icraatında olmuşdur. Başqa sözlə, məhkəmə əlaqəli işin artıq birinci instansiya məhkəməsinin icraatında olmadığını gördüyü və bildiyi halda sözügedən ərizəyə mahiyyəti üzrə baxıb təmin etməklə səhvə yol vermişdir. Bundan başqa, əlaqəli iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə onsuzda ##.##.2018-ci il təvəllüdlü X3 anası Ağayeva İlahə Hadil qızının himayəsinə verilməsi qət edilib. Qətnamədən verilən apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərardaı ilə ##.##.2018-ci il təvəllüdlü X3 valideynlərindən hansının himayəsində və yanında qalmasının məqsədəmüvafiq olması barədə qəyyumluq və himayə orqanından rəy və valideynlərin həyat şəraitinin müayinə edilməsinə dair aktın verilməsi qərara alınmışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin apellyasiya instansiyası məhkəməsinin bu məsələ üzrə yekun qərar qəbul edilməsini gözləmədən, üstəlik qətnamə ilə həll edilməli olan məsələni müvəqqəti təminat tədbirinə dair ərizə əsasında təmin etməsi anlaşılan olmamışdır. Bununla da, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbirinə dair ərizəni təmin edərkən həmin tədbirin məqsədlərini nəzərə almamışdır. Çünki müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Apellyasiya məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmənin müvəqqəti təminat tətdbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşısa da və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilməsə də, mütləq ki, onun məqsədlərinə uyğun olmalıdır. Ona görə də birinci instansiya məhkəməsi şikayətin dəlillərini yenidən yoxlayarkən yuxarıda qeyd olunanları ərizənin əsaslılığı baxımından dəyərləndirməklə işin hallarına və tərəflərin haqq-ədalətə söykənən bərabər mənafeləri nəzərə alınmaqla iş üzrə qanuni və ədalətli qərardad qəbul etməli idi. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 398.0 və 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə tərikbi hesab edir ki, şikayət təmin edilməli; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli; Ərizəçi Ağayeva İlahə Hadil qızının müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Ağayeva İlahə Hadil qızının müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar