Məhkəmə qərarları › İş №16(3-6)-413/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-413/2026

24.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-413/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ağamalıyeva Failə X1 Aleksandr Abramoviçə qarşı mənzilin satılmasına görə ödənilmiş 55.000 manat pulun X2 miras qalmış ünvan 5 ünvanında olan mənzilə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ərizəçi məhkəməyə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək, ünvan 5 ünvanında olan mənzilin satılmasına, həmin mənzillə bağlı hər hansı bir əməliyyatın aparılmasına cavabdeh cavabdeh2 qadağa qoyulması və həmin qadağanın icrasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilərək, iddiaçı Ərizəçi cavabdeh cavabdeh2 qarşı tələbin “miras əmlaka yönəldilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi cavabdeh cavabdeh2 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Hazırda cavabdeh cavabdeh2 məhkəməyə qərardaddan şikayət təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadının tam ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmlaka yönəldilməsi tələbi ilə müraciət etmiş və bununla yanaşı müvəqqəti təminat tədbirinin tətbiqini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, ünvan 2 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsi cavabdehə və digər şəxslərə qadağan olunmuş, qərardadın icrası isə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadında müvəqqəti təminat tədbiri üçün tələb olunan məhdudiyyət tətbiq olunmadan cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almağın mümkün olmadığı sübut olunmamışdır. Yəni, iddia tələbi üzrə yekun qətnamə qəbul edilənə və qəbul edilmiş qətnamənin qanuni qüvvəyə minənədək cavabdeh, yəni X2 varisi cavabdeh2 atasından miras qalmış ünvan 4 ünvanında olan mənzili sata və ya başqa şəxsə bağışlaya bilməsi, bu səbəbə görə də, iddia tələbinin heç əhəmiyyəti olmayacağı sübut olunmamışdır. Digər tərəfdən, məhkəmə tərəfindən müvəqqəti təminat tətbiq edilən tədbir Mülki Prosessul Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib deyil və cavabdehin hüquqlarını lüzumsuz məhdudlaşdırmışdır. Qərardadda risk yalnız ehtimal səviyyəsində göstərilmiş, cavabdehin əmlakı özgəninkiləşdirmək niyyətini təsdiq edən heç bir konkret sübutlara istinad edilməmişdir. Bundan əlavə, mübahisəli daşınmaz əmlak üzrə cavabdehin hüquqi statusu tam və aydın şəkildə müəyyən edilməmişdir. Cavabdeh tərəfindən vərəsəliyin qanunla nəzərdə tutulmuş qaydada qəbul edilib-edilməməsi, həmin mərhələnin yekunlaşıb-yekunlaşmaması, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın mövcud olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmadan təminat tədbiri tətbiq edilmişdir. Halbuki bu hallar cavabdehin həmin əmlak üzərində hazırkı hüquqi statusunun, sərəncam səlahiyyətinin və ümumiyyətlə qadağa tədbirinin ona tətbiq edilməsinin mümkünlüyünün müəyyən olunması baxımından həlledici əhəmiyyət daşıyır. Vərəsəlik münasibətlərinin hüquqi əsası düzgün müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla həyata keçirilir. Bu norma göstərir ki, miras qoyanın ölümündən sonra əmlakın müəyyən şəxslərə keçməsi üçün yalnız qohumluq və ya mümkün vərəsə statusu kifayət etmir; konkret hüquqi əsas və həmin hüququn qanunda nəzərdə tutulmuş qaydada reallaşdırılması tələb olunur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin hazırkı maddi hüquqi statusunu tam müəyyən etmədən onu artıq mübahisəli mənzil üzərində sərəncam verə biləcək şəxs kimi qəbul etmişdir. Mübahisəli əmlakla tələb arasında hüquqi bağlılıq kifayət qədər əsaslandırılmamışdır. Qərardadda ərizəçinin tələbi “miras əmlaka yönəldilməsi” kimi göstərilsə də, həmin tələb üzrə məhz bu konkret mənzilin təminat predmetinə çevrilməsinin hüquqi əsası ayrıca təhlil edilməmişdir. Çıxarışın olmaması cavabdehin daşınmaz əmlak üzərində rəsmiləşmiş hüququnun olmadığını göstərən mühüm maddi hüquqi haldır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Deməli, cavabdehin adına çıxarışın olmaması onun daşınmaz əmlak üzərində rəsmiləşmiş və dövlət tərəfindən tanınmış hüquq sahibi statusunun müəyyən olunmaması deməkdir. Ona görə də, cavabdehin adına çıxarışın olmadığı, vərəsəliyin qəbul edilib-edilmədiyinin və bu mərhələnin yekunlaşıb-yekunlaşmadığının müəyyən olunmadığı şəraitdə ona qarşı özgəninkiləşdirmə qadağasının tətbiqi maddi hüquq normalarının pozulması ilə həyata keçirilmişdir. Cavabdehin adına çıxarışın olmaması onun daşınmaz əmlak üzərində rəsmiləşmiş və dövlət tərəfindən tanınmış hüquq sahibi statusunun müəyyən olunmaması deməkdir. Ona görə də, cavabdehin adına çıxarışın olmadığı, vərəsəliyin qəbul edilibedilmədiyinin və bu mərhələnin yekunlaşıb-yekunlaşmadığının müəyyən olunmadığı şəraitdə ona qarşı özgəninkiləşdirmə qadağasının tətbiqi maddi hüquq normalarının pozulması ilə həyata keçirilmişdir. Qərardadda mənzilin miras qaldığı göstərilsə də, cavabdehin həmin əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı və vərəsəlik münasibətlərinin yekun hüquqi vəziyyəti ayrıca araşdırılmamışdır. Hazırkı mərhələdə cavabdehin vərəsəliyi qəbul etməsi faktı məhkəmə tərəfindən təsdiqlənmiş sənədlərlə müəyyən edilməmişdir. Vərəsəliyin qəbulu mərhələsinin yekunlaşmaması, onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın onun adına rəsmiləşdirilməməsi o deməkdir ki, cavabdehin həmin daşınmaz əmlak üzərində de-yure sərəncam hüququnun mövcudluğu sübuta yetirilməmişdir. Belə olan halda, hüquqi statusu tamamlanmamış şəxsin adına rəsmən keçməmiş əmlaka münasibətdə müvəqqəti təminat tədbirinin seçilməsi maddi hüquq normalarının pozulması ilə həyata keçirilmişdir. 55.000 manatlıq pul tələbinin konkret mənzilə yönəldilməsi maddi hüquqi baxımdan əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1- ci maddəsinə əsasən, öhdəlik borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etməsidir, o cümlədən pul ödəməsidir. Bu halda tələbin predmeti pul məbləği olduğu üçün onun icrası da pulun ödənilməsi ilə bağlı olmalıdır. Həmin tələbin konkret daşınmaz əmlaka, xüsusilə də mübahisəli mənzilə yönəldilməsi üçün ayrıca maddi hüquqi əsas — məsələn, ipoteka, girov, pay hüququ və ya qanunda birbaşa nəzərdə tutulmuş digər əsas — göstərilməmişdir və belə bir əsas da mövcud deyildir. Buna görə də, 55.000 manatlıq pul tələbinin məhz ünvan 3 ünvanında yerləşən mənzilə münasibətdə təminat predmetinə çevrilməsi maddi hüququn düzgün tətbiq edilməməsidir. Qərardadda risk yalnız “hər an sata və ya bağışlaya bilər” ehtimalı ilə əsaslandırılmış, konkret sübut göstərilməmişdir. Qərardadda həm gələcək iddia niyyəti, həm də artıq qeydiyyata alınmış mülki işdən bəhs olunur ki, bu da daxili ziddiyyət yaradır. Qərardadda hansı sənədin hansı faktı təsdiq etdiyi və niyə məhz belə bir tədbirin seçildiyi əsaslandırılmamışdır. Cavabdehin Rusiya Federasiyasında yaşadığı nəzərə alınmaqla, MPM-in 35.1-ci maddəsi baxımından işin aidiyyəti ayrıca qiymətləndirilməli idi. Məhkəmə 55.000 manatlıq tələb fonunda bazar dəyəri həmin məbləğdən əhəmiyyətli dərəcədə yüksək ola bilən mənzilin özgəninkiləşdirilməsinə tam qadağa qoymaqla tələb həcmi ilə tədbir arasında balansı gözləməmişdir. Qərardadda daha yumşaq tədbirlərin niyə yetərsiz olduğu izah edilməmişdir. Məhkəmə qadağanı yalnız cavabdehə deyil, həm də "digər şəxslərə" aid etmişdir. Bu "digər şəxslər" ifadəsi hüquqi baxımdan tamamilə qeyri-müəyyəndir. “Digər şəxslər” ifadəsi hazırkı mübahisə kontekstində hüquqi müəyyənlik prinsipinə ziddir. İcra aidiyyəti ilə bağlı qüsur. Əmlak Nəsimi rayonu ərazisində yerləşdiyi halda qərardadın icrası Nərimanov rayon İcra şöbəsinə həvalə edilmişdir. Bu hal hakimin sənədi şablon formada hazırladığını və kobud prosessual xəta etdiyini göstərir. Birinci instansiya məhkəməsi cavabdehin mübahisəli əmlakı özgəninkiləşdirmək üçün real hazırlıq hərəkətlərinin olub-olmadığını, həmin əmlak üzərində qeydiyyat və vərəsəlik statusunu, tələb olunan 55.000 manatla mənzilin dəyəri arasındakı nisbəti, daha yumşaq təminat tədbirlərinin mümkünlüyünü və işin ərazi aidiyyətini aydınlaşdırmamışdır. Məhkəmənin cavabdehin mənzili özgəninkiləşdirə biləcəyi barədə qənaəti konkret, mötəbər və aidiyyəti sübutlarla deyil, yalnız ərizəçinin mülahizələri ilə əsaslandırılmışdır. İddia pul tələbi ilə bağlı olduğu halda seçilən tədbir konkret daşınmaz əmlakı tam dövriyyədən çıxarır və tədbirin həcmi (miqyası) iddianın mahiyyəti ilə uyğun gəlmir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər; 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir; 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır; 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir; 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətlərin edilməsi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətlərin edilməsi başqa şəxslərə qadağan edilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu məsələni tənzimləyən digər aidiyyəti müddəalara istinadən qeyd edir ki, müvəqqəti təminat tədbiri, tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olmaqla, cavabdehlərin və digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu da öz növbəsində bu tədbirin təcili (təxirə salınmadan) tətbiq edilməsinin zəruriliyinin əsaslandırılmasını şərtləndirir. Qanunvericiliyin müəyyən etdiyi digər tələbə əsasən həm ərizədə iddia tələbinin əsaslığına dair ilkin sübutlara istinad olunmalı, həm də ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, tərəflər arasında iddia icraatı qaydasında mülki iş vardır. Bu baxımdan ərizəçinin mübahisəli əmlakın özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə (məsələn, etibarnamə üzrə əmlakın özgəninkiləşdirilməsi hallarının qarşısının alınması məqsədi ilə) qadağa edilməsi bilavasitə qətnamənin gələcəkdə icrasının təmin edilməsinə xidmət edir. Eyni zamanda, bu növ müvəqqəti təminat tədbirinin tətbiq edilməsi Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmaqla əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş müvəqqəti təminat tədbiri Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasibdir və onların təmin edilməsinə xidmət etməklə, ərizəçinin hüquqlarının qorunmasını (təmin və ya bərpa edilməsini) qeyri-mümkün edən və ya əhəmiyyətli dərəcədə çətinləşdirən halların qarşısını almaq məqsədi daşıyır. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar