Məhkəmə qərarları › İş №16(3-6)-431/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-431/2026

01.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-431/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi Balaqədeş oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu ** saylı Notariat Kontorunda ##.##.2026-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən hərracın keçirilməsinin təyin olunmasına qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-**(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə rədd edilmişdir. Ərizəçi Ərizəçi məhkəmənin həmin qərardadından şikayət verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-98)- ***/**** saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin arvadı iddiaçı Ərizəçi qardaşı olan Elşəndən sələmə verdiyi pulu tələb edir, onların iddiaçı ilə heç bir faktiki borc münasibəti olmamışdır. İddiaçı həmin adamları tanımadığını və onlarla heç bir mübahisəsinin olmamasını və qardaşının sələmə götürüb 24 min manatını qaytarıb, qaytarmadığı qalan pul məbləğinin isə ona heç bir aidiyyəti olmamasını qeyd etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İcra haqqında qanunun: 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə, icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 21.1-ci maddəsinə əsasən Bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. “Notariat haqqında” Qanunun 76-cı maddəsi: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır; 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir; 158.1.2-ci və 158.1.3-cü maddələrinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbiri tətbiq edilə bilər; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalara istinadən qeyd edir ki, müvəqqəti təminat tədbiri, tərəflərin mövcud vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarət olmaqla, cavabdehlərin və digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasını qeyri-mümkün edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu da öz növbəsində bu tədbirin təcili (təxirə salınmadan) tətbiq edilməsinin zəruriliyinin əsaslandırılmasını şərtləndirir. Bununla belə, həm ərizədə iddia tələbinin əsaslığına dair ilkin sübutlara istinad olunmalı, həm də ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Kollegiya qeyd edir ki, hazırki halda ərizə ilə təmin edilən müvəqqəti təminat tədbiri bu institutun mahiyyətinə uyğun olmamaqla icra haqqında qanunun tələblərinə əsasən həll edilməli məsələdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, ərizəçi tərəfindən təqdim edilmiş ərizədə əsas etibarilə müvəqqəti təminat tədbirinin anlayışı, hüquqi mahiyyəti və qanunvericilikdə nəzərdə tutulmuş ümumi müddəalar sadalanmış, lakin konkret mübahisə üzrə həmin tədbirin tətbiqini zəruri edən hallar göstərilməmişdir. Ərizədə hərracın keçirilməsinin dayandırılmasının hansı səbəbdən təxirəsalınmaz xarakter daşıdığı, belə tədbir görülmədiyi təqdirdə ərizəçiyə hansı bərpaolunmaz və ya əhəmiyyətli ziyanın dəyəcəyi, habelə iddia tələbinin ilkin əsaslılığını təsdiq edən hansı sübutların mövcud olduğu açıqlanmamışdır. Bundan başqa, məhkəmə nəzərə alır ki, əsas iddia üzrə məhkəmə baxışı artıq ## #### 2026cı il tarixə təyin edilmişdir. Həmin iş üzrə iddia tələbi icra qeydinin və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı olsa da, ərizəçi nə icra qeydinin qanunsuz hesab edilməsinə əsas verən konkret halları, nə də ipoteka münasibətlərində qanun pozuntusunun nədən ibarət olduğunu məhkəməyə təqdim etmişdir. Yəni, ərizədə yalnız nəticə etibarilə hərracın dayandırılması tələb olunsa da, bu tələbə əsas verən hüquqi və faktiki hallar kifayət qədər əsaslandırılmamışdır. Bu səbəbdən ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar