Məhkəmə qərarları › İş №16(3-6)-447/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-447/2026

08.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-447/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadından “xxxx” MMC tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər ərizəçi2 və ərizəçi1 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin yekun qərarı qüvvəyə minənədək Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli 8İ-5465 nömrəli icra qeydinin icrası üzrə Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin icra məmuru Samir Əzizovun icraatında olan e-******/****-*-** nömrəli icraatın (icra hərəkətlərinin- evin siyahıya alınması, həbs qoyulması və satılması) təcili olaraq dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin olunmuş, ərizəçilər ərizəçi2 və ərizəçi1 paylı mülkiyyətində və ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldilməsi barədə Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli 8İ-5465 nömrəli icra qeydinin icrası dayandırılmış, həmin icra qeydinin icrası istiqamətində icra hərəkətlərinin edilməsi qadağan edilmişdir. "xxxx" MMC ##.##.2026-cı il tarixdə elektron qaydada məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(5-101)- ***/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçilər tərəfindən təqdim olunmuş müvəqqəti təminat tədbiri barədə ərizədə bu tədbirin tətbiqini zəruri edən hallar əsaslandırılmamış məhkəməyə konkret sübut və arqumentlər təqdim edilməmişdir. Belə ki, ərizəçilərin “icra qeydinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etməsi özlüyündə icra sənədinin icrasının dayandırılması üçün qanuni əsas hesab edilə bilməz. Qüvvədə olan icra sənədinin icrasına maneə yaradılması və daşınmaz əmlakın hərraca çıxarılmasının qarşısının alınması icra prosesinə müdaxilə təşkil edir. Mənzilin hərraca çıxarılması, özgəninkiləşdirilməsi və digər sərəncam hüquqlarının məhdudlaşdırılması barədə tətbiq edilmiş təminat tədbiri faktiki olaraq icra sənədinin icrasını qeyri-mümkün edir ki, bu da qanunvericiliyin tələblərinə ziddir və icra prosesinə əsassız müdaxilədir. Bu səbəbdən hesab edir ki, mübahisələndirilən qərardad əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərardad “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin tələblərinə ziddir. Həmin maddəyə əsasən, borclu tərəfindən icra sənədinə dair iddia qaldırıldıqda icraatın məcburi dayandırılması yalnız qanunla yol verilən hallarda mümkündür. Eyni zamanda maddədə birbaşa olaraq istisna nəzərdə tutulmuşdur, yəni “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan sənədlərə dair mübahisə qaldırılması icraatın dayandırılması üçün əsas hesab edilmir. Mübahisə predmeti olan icra sənədi “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununa əsasən verilmiş notariusun icra qeydidir. Qanunvericiliyin imperativ tələbinə görə belə icra sənədinin icrasının dayandırılması yolverilməzdir. Lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadla ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldilməsi barədə Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ## ### 2026-cı il tarixli 8İ-5465 nömrəli icra qeydinin icrası dayandırılsın, həmin icra qeydinin icrası istiqamətində icra hərəkətlərinin edilməsi qadağan edilməsi təminat tədbiri qismində tətbiq olunmuşdur. İpoteka predmetinin realizəsinə və özgəninkiləşdirilməsinə yönəlmiş hər hansı hüquqi və ya faktiki hərəkətlərin qadağan edilməsi icra sənədinin icrasını hüquqi cəhətdən mümkünsüz və faktiki olaraq iflic vəziyyətinə salır. Başqa sözlə, məhkəmə qərardadı ilə tətbiq edilmiş təminat tədbiri ipoteka predmetinin satışını, realizəsini və mülki dövriyyəyə daxil edilməsini tam şəkildə bloklamaqla, notariusun icra qeydinin icrasını nəticəsiz və icra qabiliyyətindən məhrum edən hüquqi maneə yaratmışdır. Beləliklə, məhkəmə birbaşa qanunun açıq və imperativ normasını pozaraq icra sənədinin icrasına müdaxilə etmiş, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Halbuki məhkəmə təminat tədbiri tətbiq edərkən qüvvədə olan icra sənədinin icrasını faktiki olaraq iflic edən məhdudiyyətlər müəyyən edə bilməzdi. Bu səbəbdən mübahisələndirilən qərardad qanunsuz və əsassız hesab edilməli, ləğv olunmalıdır. Bundan əlavə, “İcra haqqında”Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsi imperativ xarakter daşıyır və məhkəməyə bu normanın tətbiqi məsələsində hər hansı seçim və ya mülahizə səlahiyyəti vermir. Qanunverici ipoteka münasibətlərində kreditorun hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədilə notariusun icra qeydləri üzrə icraatın dayandırılmasını istisna etmişdir. Məhkəmənin bu normanı nəzərə almaması qanunvericinin iradəsinə ziddir. Hazırkı halda məhkəmə ümumi xarakterli prosessual normalara istinad etməklə xüsusi maddi hüquq normasını tətbiq etməmişdir. Halbuki hüququn ümumi prinsiplərinə əsasən xüsusi norma ümumi normaya nisbətən üstün tətbiq edilməlidir. Bu prinsipin pozulması maddi hüququn düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Eyni zamanda, notariusun icra qeydi qanunvericiliyə əsasən tam hüquqlu icra sənədi hesab olunur və məhkəmə qətnaməsi ilə eyni hüquqi nəticələr doğurur. Məhkəmə həmin icra sənədinin icrasını dayandırmaqla onun hüquqi qüvvəsini əsassız olaraq zəiflətmiş, hüquqi sabitlik və icra sənədlərinin məcburiliyi prinsipini pozmuşdur. Bundan başqa, icra sənədinin icrasının dayandırılması ipoteka institutunun mahiyyətinə və məqsədinə ziddir. İpoteka mexanizmi borcun icrasının sürətli və səmərəli təmin edilməsinə xidmət edir. Məhkəmənin qərardadı bu məqsədi aradan qaldırmaqla maddi hüquqi münasibətlərin düzgün tənzimlənməsinə mane olmuşdur. Qanunun ruhu və məntiqindən belə nəticə çıxır ki, icra qeydi və ya həmin icra qeydinə əsas olan tələblər üzrə icraatın məcburi qaydada dayandırılması yalnız qanunla nəzərdə tutulmuş istisna hallarda mümkündür. Əks halda, kreditorun qanuni və təmin edilmiş tələblərinin icrasına əsassız müdaxilə edilmiş olur ki, bu da qanunvericilikdə nəzərdə tutulmuş icra mexanizminin pozulması, borclunun isə məsuliyyətdən yayınmasına şərait yaradılması deməkdir. Nəzərə almaq lazımdır ki, ipoteka müqaviləsi əsasında yaranmış təminat hüququnun icrası, borcun ödənilməməsi halında kreditorun əsaslı maraqlarının qorunması məqsədi daşıyır və bu hüquq yalnız qanuni əsaslarla məhdudlaşdırıla bilər. Hazırkı halda isə belə əsaslar mövcud deyildir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hesab edirik ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Qərardadla müvəqqəti təminat tədbiri tətbiq edilmiş, nəticədə "xxxx" BOKT MMC-nin müqavilə əsasında əldə etdiyi təminat hüququnun icrası əsassız şəkildə məhdudlaşdırılmışdır. Ərizəçilər ilə “xxxx”BOKT MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli kredit və ipoteka müqavilələri qüvvədədir və borcun icra olunmaması səbəbindən təminat hüququ qanuni şəkildə icra mexanizminə yönəldilmişdir. Ərizəçinin borcu vaxtında ödəməməsi, kreditorun qanuni hüquqlarından istifadə etməsinə əsas vermişdir. Ərizədə bu hüquqların pozulması ilə bağlı hər hansı hüquqi əsas göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqinə dair mövqeyi formal və ehtimal xarakterli mülahizələrə əsaslanmaqla yanaşı, icra sənədinin hüquqi qüvvəsinin və kreditorun qanunla qorunan hüquqlarının balanslı qiymətləndirilməsi baxımından yetərli əsaslandırılmış hesab edilə bilməz. Belə ki, məhkəmə tərəfindən göstərilmiş “məhkəmənin qənaətinə görə, “İcra haqqında”Qanunla müəyyənləşdirilən sözügedən istisna, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldığı hallarda, məhkəmələrin “müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək”, “mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək”, “mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq” kimi müvəqqəti təminat tədbirləri görmək hüququnu məhdudlaşdıra bilməz.” barədə nəticə göründüyü kimi hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçılar ərizəçi2 və ərizəçi1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi cəlb edilməklə cavabdehlər Bakı şəhəri ** saylı Notariat Ofisinin və “xxxx”BOKT MMC-nə qarşı notariusun icra qeydinin etibarsız hesab edilməsi və icra hərəkətlərinin dayandırılması barədə iddia tələbinə qəti surətdə ziddir. Belə ki, iddiaçılar icra sənədinə və ya onun verilməsinə əsas olan tələbi mübahisələndirilmədikləri halda məhkəmə yuxarıda göstərilən hüquqi əsasla icra qeydinin icrasını dayanadırılması barədə qərardad qəbul edilmişdir. Bu da iddia tələbi ilə hazırki müvəqqəti təminat tədbiri barədə ərizənin birbiri ilə əlaqəli olmadığına dəlalət edir. Məhkəmə nəzərə almamışdır ki, hazırkı halda tətbiq edilmiş təminat tədbiri sadəcə mövcud vəziyyətin qorunmasına deyil, faktiki olaraq notariusun icra qeydinin icrasının tam şəkildə bloklanmasına, ipoteka predmetinin realizəsinin mümkünsüz edilməsinə və qanuni qüvvəyə malik icra sənədinin hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olmuşdur. Bu isə təminat tədbirinin mahiyyətini aşaraq, mübahisə mahiyyəti üzrə həll edilmədən əvvəl bir tərəfin mənafeyinə üstünlük verilməsi ilə nəticələnmişdir. Bundan əlavə, məhkəmə tərəfindən istinad edilən prosessual prinsiplərə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi üçün iddia tələbinin kifayət qədər əsaslı olmasına dair ilkin sübutlar təqdim edilməlidir. Lakin ərizəçilər tərəfindən təqdim olunmuş materiallar iddia tələbinin yüksək ehtimalla təmin ediləcəyini təsdiq edən, mötəbər və inandırıcı sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə isə həmin sübutların hansı halları təsdiq etdiyini, onların iddia tələbinin əsaslılığına necə dəlalət etdiyini və tətbiq edilmiş təminat tədbirinin proporsionallığını qərardadda konkret şəkildə əsaslandırmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka münasibətlərindən irəli gələn öhdəliklərin icrası dövlət tərəfindən qorunan mülki dövriyyənin sabitliyi prinsipinə əsaslanır və qanuni qüvvəyə malik icra sənədinin icrasının qeyri-müəyyən müddətə bloklanması kreditorun mülkiyyət hüquqlarına və qanuni mənafelərinə ağır və disproporsional müdaxilə təşkil edir. Beləliklə, tətbiq edilmiş müvəqqəti təminat tədbiri zərurilik, əsaslılıq və proporsionallıq meyarlarına cavab verməməklə yanaşı, icra sənədinin icrasını faktiki olaraq iflic vəziyyətinə salmış, bununla da tərəflər arasında prosessual tarazlığı pozmuşdur. Məhkəmə tərəfindən mübahisə üzrə müvəqqəti təminat tədbiri kimi icra sənədinin icrasının dayandırılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinin tələblərinə ziddir. MPMnin qeyd olunan maddələrinə əsasən, müvəqqəti təminat tədbirləri yalnız: iddianın mümkün icrasını təmin etmək məqsədi ilə, və qanunla yol verilən hallarda tətbiq edilə bilər. Hazırkı iş üzrə isə müvəqqəti təminat tədbiri: qanunla qadağan olunmuş nəticəyə, yəni ipoteka üzrə notariusun icra qeydi əsasında aparılan icra hərəkətlərinin dayandırılmasına gətirib çıxarmışdır; bu isə müvəqqəti təminat institutunun hüquqi mahiyyətinə və təyinatına ziddir. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq etməklə qanunun açıq qadağasını faktiki olaraq aradan qaldırmışdır. Halbuki məhkəmə qərarları qanunun tələblərinə uyğun olmalı və məhkəmə tərəfindən qanunvericiliyin imperativ normaları dolayısı ilə də olsa pozula bilməz. Bu hal prosessual hüququn əsas prinsiplərinin, o cümlədən qanunun aliliyi və məhkəmənin səlahiyyət hədləri prinsipinin pozulmasına səbəb olmuşdur. AR Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri yalnız ciddi və əsaslandırılmış risklər olduqda, yəni cavabdehin hərəkətləri nəticəsində ərizəçinin hüquqlarının həyata keçirilməsinin qeyrimümkün və ya xeyli çətin olacağı hallarda tətbiq oluna bilər. Lakin təqdim edilən ərizədə belə hallar hüquqi və sübutlarla əsaslandırılmamış və ehtimala əsaslanan subyektiv fikir irəli sürülmüşdür. Bu, təminat tədbirinin tətbiqinə hüquqi əsas yaratmır. Qərardad müvəqqəti xarakter daşımalı olsa da, onun nəticəsi olaraq kreditorun qanuni şəkildə başladığı icra sənədinin icraatı dayandırılmış, maddi hüquq faktiki olaraq bloklanmışdır. Bu, təminatın balansını pozur və tərəflərdən birinin —yəni kreditorun —zərərinə nəticələnir. Hazırkı qərardad, faktiki olaraq mülki iş üzrə yekun qətnamə verilməmişdən əvvəl, kreditorun əsas hüququnu — borcun icrasına yönəlmiş icra hərəkətlərini — tamamilə dayandırmışdır. Bu isə işin mahiyyəti üzrə qabaqcadan həll edilməsi kimi qiymətləndirilə bilər ki, bu da prosessual hüququn pozulmasıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin **(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş materiallarına yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən məhkəmə iş üzrə bütün mühüm halları tam, hərtərəfli və obyektiv araşdırmalı, təqdim olunmuş sübutlara onların qarşılıqlı əlaqəsində hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, ərizəçilər (iddiaçılar) notarius tərəfindən verilmiş icra qeydinin qanuniliyini mübahisələndirmiş və həmin icra qeydi əsasında ipoteka predmeti olan daşınmaz əmlakın hərracda satılmasına yönəlmiş icra hərəkətlərinin dayandırılması barədə təcili tənzimləmə tədbirinin tətbiq edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi ərizəni təmin etmişdir. Kollegiya qeyd edir ki, təcili tənzimləmə mübahisənin mahiyyəti üzrə qabaqcadan həll edilməsi məqsədi daşımır. Bu institutun məqsədi mübahisə yekun həll edilənədək tərəflərin hüquq və mənafeləri arasında müvəqqəti tarazlığın qorunması, sonradan qəbul ediləcək məhkəmə aktının səmərəliliyinin təmin olunması və iddiaçı üçün aradan qaldırılması çətin və ya qeyri-mümkün nəticələrin qarşısının alınmasıdır. Belə ərizəyə baxılarkən məhkəmə, ilk növbədə, iddia tələbinin böyük ehtimalla uğurlu olub-olmayacağını (prima facie əsaslılığını), iddiaçının hüququnun ilk baxışdan inandırıcı dərəcədə mövcud olub-olmadığını, təcili müdaxilə edilmədiyi halda ciddi və aradan qaldırılması çətin zərərin yaranması riskini, habelə seçilmiş tədbirin mütənasibliyini qiymətləndirməlidir. Bu qiymətləndirmə işin mahiyyəti üzrə qəti nəticəyə gəlmək demək deyil, yalnız müvəqqəti müdafiə tədbirinin tətbiqinin zəruriliyinin müəyyən edilməsinə xidmət edir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi göstərilən meyarların hər biri üzrə kifayət qədər əsaslandırma aparmamışdır. Qərardadda iddiaçının təqdim etdiyi sübutların iddianın böyük ehtimalla uğurlu olmasını nə dərəcədə göstərdiyi, icra qeydinin qanuniliyinə dair irəli sürülmüş dəlillərin ilkin hüquqi qiymətləndirilməsi, habelə həmin dəlillərin təcili tənzimləmə tədbirinin tətbiqinə necə təsir etdiyi ətraflı izah edilməmişdir. Bundan başqa, məhkəmə mübahisəli əmlakın hərracda satılacağı halda iddiaçıların hüquqlarının sonradan bərpasının nə dərəcədə çətinləşəcəyini, ipoteka saxlayanın qanunla qorunan hüquqları ilə iddiaçıların effektiv məhkəmə müdafiəsi hüququ arasında balansın necə təmin olunduğunu, eləcə də daha az məhdudlaşdırıcı alternativ tədbirlərin mövcud olub-olmadığını kifayət qədər araşdırmamışdır. Kollegiya hesab edir ki, təcili tənzimləmə barədə məsələnin həlli üçün zəruri olan bu hallar tam və hərtərəfli araşdırılmadan qəbul edilmiş qərardad əsaslandırılmış məhkəmə aktına dair tələblərə cavab vermir. Göstərilən prosessual çatışmazlıqların aradan qaldırılması əlavə araşdırma aparılmasını tələb etdiyindən, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi iddianın böyük ehtimalla uğurlu olması meyarını, təcili tənzimləmənin tətbiq edilməməsinin doğura biləcəyi nəticələri, tərəflərin mənafeləri arasında balansı və seçilmiş tədbirin mütənasibliyini tam araşdırmalı, gəldiyi nəticəni konkret faktlara və hüquqi əsaslara istinad etməklə əsaslandırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və toplanmış sübutlara uyğun deyildir. Göstərilənlərə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ləğv olunmalı, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ləğv edilsin. Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəyə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) iş materialları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Günel Abbasova Hakimlər imzalar: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar