Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-459/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Elşən Uğur oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili nümayəndə1, Cavabdehin nümayəndəsi İsmayılov Kənan Şəmsəddin oğlunun iştirakı ilə, Ərizəçi Global TMB Company DBA Robbins tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxılmasına dair Bakı Kommersiya Məhkəməsinin 16(4-11)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Global TMB Company DBA Robbins cavabdeh Avro-Asiya İnşaat Korporasiyası “xxxx” ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 1,755,227.32 (bir milyon yeddi yüz əlli beş min iki yüz iyirmi yeddi ABŞ dolları 32 sent) ABŞ dolları məbləğində əsas borcun, həmin məbləğə illik 6.75 faiz dərəcəsi ilə hesablanacaq qanuni faizlərin faktiki ödəniş gününədək tutulması, habelə ödənilmiş məhkəmə rüsumunun (1,931.95 manat) və digər məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "Euro-X4 “xxxx” ASC-dən iddiaçı Ərizəçi DBA Robbinsin xeyrinə ## ###### 2022-ci il tarixli Barışıq Sazişi ilə təsbit edilmiş 1,755,227.32 ABŞ dolları məbləğində əsas borcun; Cavabdehdən pulun ödənilməsinin gecikdirilməsinə görə ##.##.2023-cü il tarixindən ##.##.2026-cı il tarixinədək hesablanmış AR Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq 405,601.78 ABŞ dolları miqdarında faiz məbləğinin; Faiz tələbi üzrə ödənilmiş 979.52 (doqquz yüz yetmiş doqquz manat 52 qəpik) manat məbləğində, habelə əsas borc tələbi üzrə ödənilmiş 2,281 (iki min iki yüz səksən bir) manat məbləğində dövlət rüsumunun; Ümumilikdə 2,160,829.10 (iki milyon bir yüz altmış min səkkiz yüz iyirmi doqquz ABŞ dolları 10 sent) və 3,260.52 (üç min iki yüz altmış manat 52 qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Hazırda qeyd edilən kommersiya mübahisəsi e-2-2(4-11)-2546/2026 nömrəsi ilə qeydiyyata alınaraq Bakı Kommersiya Məhkəməsinin icraatındadır (hakim Ülkər Həsənova). Ərizəçi Global TMB Company DBA Robbins müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə iddianın təmin edilməsi məqsədilə cavabdeh Euro-X4 “xxxx” ASC-yə məxsus pul vəsaitlərinin və digər əmlak üzərinə iddia məbləği həddində həbs qoyulması; müvəqqəti təminat tədbiri cavabdehin bank hesablarında olan pul vəsaitlərinə, habelə üçüncü şəxslərin sərəncamında olan cavabdehə məxsus əmlaka da şamil edilməsi; müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad dərhal icra üçün aidiyyəti qurumlara göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə iddiaçı Ərizəçi DBA Robbins tərəfindən cavabdeh Euro-X4 “xxxx” ASC-yə qarşı 1,755,227.32 ABŞ dolları məbləğində əsas borcun, 405,601.78 ABŞ dolları məbləğində qanuni faizlərin, habelə dövlət rüsumu və digər məhkəmə xərclərinin tutulması barədə iddia ərizəsi təqdim edilmişdir. İddia tələbi tərəflər arasında ## ###### 2022-ci il tarixdə bağlanmış ******-C nömrəli Barışıq Sazişindən irəli gəlir. Həmin Sazişlə Cavabdeh İddiaçı qarşısında mövcud olan borcunu açıq şəkildə qəbul etmiş, borcun ödənilməsi üçün konkret ödəniş qrafiki müəyyən edilmiş və öhdəliklərin icrası ayrıca təsbit olunmuşdur. Buna baxmayaraq, Cavabdeh uzun müddət ərzində həmin öhdəlikləri yerinə yetirməmiş, ödənişləri həyata keçirməmiş və borcun könüllü şəkildə ödənilməsi istiqamətində real addımlar atmamışdır. İş materiallarından göründüyü kimi, tərəflər arasında dəfələrlə yazılı və şifahi danışıqlar aparılmış, Cavabdehə müxtəlif tarixlərdə pretenziya məktubları və elektron müraciətlər göndərilmiş, borcun könüllü qaydada ödənilməsi üçün kifayət qədər imkan yaradılmışdır. Lakin Cavabdeh tərəfindən nə borcun məbləği mübahisələndirilmiş, nə də onun ödənilməsi istiqamətində hər hansı real tədbir görülmüşdür. Əksinə, Cavabdeh uzun illər ərzində öhdəliyin icrasından faktiki olaraq yayınmışdır. Bundan əlavə, Cavabdeh sonrakı elektron yazışmalarda da borcun mövcudluğunu dolayısı ilə bir daha təsdiq etmiş, hətta həmin borc üçün 10 faiz məbləğində güzəşt təklif etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının və ya bərpasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmçinin MPMin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi üçün: — iddia tələbinin kifayət qədər əsaslı olması; — belə tədbir tətbiq edilmədiyi halda ərizəçinin hüquqlarının qorunmasının çətinləşəcəyi ilkin sübutlarla əsaslandırılmalıdır. Hazırkı iş üzrə həmin şərtlər tam şəkildə mövcuddur. Belə ki, Cavabdehin borcu qəbul etməsi birbaşa Barışıq Sazişi ilə təsdiq olunur. Bundan əlavə, sonrakı yazışmalar və tərəflər arasında aparılmış kommunikasiya da borcun mövcudluğunu və Cavabdehin həmin borcdan xəbərdar olduğunu açıq şəkildə göstərir. Deməli, iddia tələbi formal və ya ehtimal xarakterli deyil, kifayət qədər ciddi və ilkin sübutlarla təsdiq olunan pul tələbidir. Digər tərəfdən, Cavabdehin bir neçə il ərzində öhdəliyi icra etməməsi, davamlı şəkildə ödənişdən yayınması, göndərilmiş pretenziyalara baxmayaraq borcu ödəməməsi və heç bir təminat təqdim etməməsi gələcək məhkəmə qətnaməsinin icrasının real təhlükə altında olduğunu göstərir. Hazırkı mərhələdə Cavabdehin sərəncamında olan pul vəsaitləri və digər aktivlər üzərində sərbəst şəkildə sərəncam verməsi, həmin əmlakın özgəninkiləşdirilməsi, hesabların boşaldılması və ya digər şəxslərə keçirilməsi gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsinin faktiki icrasını mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətin vəziyyətə sala bilər. Nəzərə alınmalıdır ki, tələb olunan məbləğ xüsusilə iri məbləğdir və cavabdehin uzunmüddətli davranışı onun öhdəliyi könüllü şəkildə icra etmək niyyətində olmadığını göstərir. Belə olan halda, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməməsi İddiaçının gələcəkdə məhkəmə müdafiəsindən faktiki olaraq məhrum olması ilə nəticələnə bilər. Cavabdeh hazırkı müvəqqət təminat tədbirinin tətbiq edilməsi barədə ərizəyə dair yazılı etiraz təqdim edərək, ərizənin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ərizəçi tərəfindən təqdim edilmiş müvəqqəti təminat tədbirinə dair ərizədə qeyd edilmiş hallar sübut edilmir, hesab edirik ki, məhkəməyə təqdim edilmiş istinad ediləm 2022-ci il avqust ayında imzalanmış razılaşmanın alt sənədləri, o cümlədən təqdim edilməmişdir. Eyni zamanda ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında tərəfimizdən təqdim edilmiş müqaviləyə əsasən də hesab edirik ki, tərəflər arasında məhkəmə və ərazi aidiyyəti məsələləri tənzimlənmədiyi və mübahisəli olduğu üçün hesab edirik ki, hazırki müvəqqəti təminat tədbiri əsaslı ola bilməz. Belə ki, ##.##.2013-cü il tarixli 053113-C Müqavilənin 20-ci bəndində məhkəmə aidiyyəti və yurisdiksiya aidiyyəti üzrə aşağıdakı kimi müəyyən edilmişdir. Maddə 28 İdarəetmə qanunları və yurisdiksiyası 28.1. Bu Saziş ABŞ-ın və Ohayo ştatının qanunlarına uyğun olaraq və qanunların ixtilafı qaydalarına istinad edilmədən şərh edilir, burada Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq satışı haqqında Konvensiyası istisna təşkil edir. 28.2. EJSC bununla ABŞ-ın Ohayo əyalətinin yurisdiksiyasına tabe olur və prosesin xidmətini, şəxsən Ohayo daxilində xidmət göstərildiyi kimi qəbul etməyə razıdır. 28.3. Bu Saziş üçün və Tərəflər arasındakı hər hansı digər rabitə üçün etibarlı dil ingilis dilidir. Göründüyü kimi hazır ki, ərizəyə əlavə edilmiş razılaşmanın Preambulasının C bəndində və 1.3-cü bəndində bu müqaviləyə istinad edilmiş razılaşmanın özündə mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilməmişdir. Hesab edirik ki, yuxarıda sadaladığımız hallar müvəqqəti təminat tədbirinin rədd edilməsi üçün qərardad qəbul edilməsinə əsasdır. Bakı Kommersiya Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Ülkər Həsənova) ərizənin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh sahibkarlıq subyektidir, onun qətnamənin icrasını gələcəkdə təmin etməyə yetəcək qədər pul vəsaitinə və əmlaka sahib olmaması iş materialları ilə təsdiqini tapmır, ərizəçi də cavabdehin belə bir iqtisadi imkana malik olmadığını irəli sürmür. Belə ki, ərizəçinin tətbiq edilməsini xahiş etdiyi təminat tədbirləri maraqlı şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnə bilər. Qeyd edilən qərarardaddan ərizəçinin verdiyi şikayət məhkəmənin ## #### 2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iş üzrə mövcud olan hallar tam və düzgün qiymətləndirilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələbləri düzgün tətbiq edilməmiş, habelə müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılarkən araşdırılmalı olan məsələlərin hüdudlarından kənara çıxılmışdır. Hazırkı iş üzrə iddia tələbi tərəflər arasında bağlanmış ## ###### 2022-ci il tarixli ******-C nömrəli Barışıq Sazişindən irəli gəlir. Həmin Sazişlə Cavabdeh İddiaçı qarşısında mövcud borcunu qəbul etmiş, borcun məbləğini təsdiqləmiş və onun ödənilməsi qaydasını müəyyən etmişdir. Sonrakı dövrdə tərəflər arasında aparılmış yazışmalar da həmin borcun mövcudluğunu təsdiq etmiş, Cavabdeh tərəfindən borcun inkar edilmədiyini göstərmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı tərəfindən uzun müddət ərzində Cavabdehə çoxsaylı müraciətlər edilmiş, öhdəliyin könüllü qaydada icrası tələb olunmuş, müxtəlif həll variantları müzakirə edilmiş, lakin Cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində hər hansı real tədbir görülməmişdir. Belə olan halda, MPM-in 157.5.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələbinin kifayət qədər əsaslı olmasına dair ilkin sübutların mövcudluğu şübhə doğurmur. Buna baxmayaraq, məhkəmə müvəqqəti təminat tədbiri barədə ərizəyə baxarkən qanunun tələb etdiyi ilkin qiymətləndirmə ilə kifayətlənməmiş, faktiki olaraq mübahisənin mahiyyəti üzrə araşdırma aparmış və iddiaçının üzərinə qanunvericilikdə nəzərdə tutulmayan əlavə sübutetmə yükü qoymuşdur. Halbuki MPM-in 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi üçün iddia tələbinin əsaslı olmasına dair ilkin sübutların təqdim olunması kifayətdir. Həmin mərhələdə iddiaçının öz tələblərini işin mahiyyəti üzrə tam həcmdə sübut etməsi tələb olunmur. Əks yanaşma müvəqqəti təminat tədbirləri institutunun məqsədinə uyğun olmazdı. Belə olan halda hər bir iddiaçı təminat tədbirinin tətbiqinə nail olmaq üçün işin mahiyyəti üzrə bütün sübutları əvvəlcədən təqdim etməli olardı ki, bu da MPM-in 157-ci maddəsinin məzmununa uyğun deyildir. Qərardadda qeyd edilmişdir ki, cavabdehin gələcəkdə qətnamənin icrasını təmin etməyə yetəcək qədər pul vəsaitinə və əmlaka malik olmaması iş materialları ilə təsdiq edilmir. İddiaçı hesab edir ki, məhkəmənin bu nəticəsi də MPM-in 157.2ci maddəsinin məzmununa uyğun deyildir. Belə ki, həmin norma ərizəçidən cavabdehin ödəmə qabiliyyətinə malik olmadığını və ya gələcəkdə qətnaməni icra edə bilməyəcəyini sübut etməyi tələb etmir. Qanun yalnız onu tələb edir ki, müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda ərizəçinin hüquqlarının qorunması və ya bərpası mümkün olmasın və ya əhəmiyyətli dərəcədə çətinləşsin. Hazırkı iş üzrə isə həmin risk mövcuddur. Belə ki, Cavabdeh tərəfindən qəbul edilmiş pul öhdəliyi təxminən üç ildən artıq müddətdir icra olunmur. Bu müddət ərzində Cavabdeh borcu ödəməmiş, hər hansı ödəniş qrafiki təqdim etməmiş, borcun icrasını təmin edən heç bir təminat verməmişdir.Məhz bu hallar qətnamənin gələcəkdə icrasının çətinləşməsi riskini təsdiq edən faktiki hallardır. Məhkəmə qərardadda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarına istinad etmişdir. Həmin qərarda göstərilmişdir ki, cavabdehin vicdansız davranışına dəlalət edən yazışmalar, öhdəliklərin icrasından yayınma halları və digər analoji faktlar müvəqqəti təminat tədbirinin tətbiqi üçün əsas kimi qiymətləndirilə bilər. Hazırkı iş üzrə isə məhz belə hallar mövcuddur.Belə ki, Cavabdeh borcu qəbul etmiş, onun ödənilməsi qaydasını müəyyən etmiş, sonrakı yazışmalarda da borcun mövcudluğunu təsdiqləmiş, lakin buna baxmayaraq uzun müddət ərzində öhdəliyi icra etməmişdir. Məhkəmə həmin halları qərardadda sadalasa da, onların hüquqi nəticələrinə lazımi qiymət verməmişdir. Qərardadda həmçinin qeyd edilmişdir ki, iddiaçı tərəfindən 2013 və 2014-cü illərə aid müqavilələr, habelə tələb edilən borcun əsasına dair digər sübutlar təqdim edilməmişdir.İddiaçı hesab edir ki, məhkəmənin bu nəticəsi işin predmetinə və tətbiq edilməli olan hüquq normalarına uyğun deyildir. Belə ki, hazırkı iddia ##.##.2013-cü il tarixli müqavilədən və ya ##.##.2014-cü il tarixli müqavilədən irəli gəlmir. Hazırkı iş üzrə tələb tərəflər arasında ##.##.2022-ci il tarixdə bağlanmış ******-C nömrəli Barışıq Sazişinə əsaslanır. Cavabdeh həmin Sazişlə borcun məbləğini qəbul etmiş, onun ödənilməsi qaydasını müəyyən etmiş və müstəqil öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2-ci maddəsinə əsasən barıq sazişinin hüquqi nəticəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquq və tələblərə istinad edilməsi istisna olunur və tərəflər üçün hüquqi nəticələr məhz barışıq sazişindən irəli gəlir. Bu səbəbdən 2013 və 2014-cü illərə aid müqavilələrin təqdim edilməməsi müvəqqəti təminat tədbiri barədə ərizənin həlli üçün hüquqi əhəmiyyət kəsb etməmişdir. Məhkəmə tərəfindən həmin müqavilələrin təqdim edilməməsinə istinad olunması faktiki olaraq hazırkı mübahisənin predmetindən kənar halların qiymətləndirilməsi deməkdir. Bundan başqa, müvəqqəti təminat tədbiri barədə ərizəyə baxılarkən məhkəmə tərəfindən müəyyən edilməli olan hallar MPM-in 157.5-ci maddəsində göstərilən meyarlarla məhdudlaşır. Həmin mərhələdə tərəflər arasındakı ilkin müqavilə münasibətlərinin araşdırılması, müqavilələrin icrasının qiymətləndirilməsi və ya iddiaçının işin mahiyyəti üzrə bütün sübutları təqdim etməsinin tələb olunması qanunun məqsədinə uyğun deyildir. Beləliklə, məhkəmə iddiaçının təqdim etməyə borclu olmadığı sənədlərin təqdim edilməməsinə istinad etmiş, həmin halı müvəqqəti təminat tədbirinin tətbiqindən imtina üçün əsas kimi qəbul etmiş və bununla da MPM-in 157 və 158-ci maddələrini düzgün tətbiq etməmişdir. Bundan əlavə, İddiaçı tərəfindən tələb edilən tədbir tam şəkildə mütənasib olmuşdur. İddiaçı yalnız iddia məbləği həddində Cavabdehin əmlakı üzərinə həbs qoyulmasını xahiş etmişdir. Tələb olunan tədbir birbaşa iddia tələbi ilə bağlıdır, Cavabdehin təsərrüfat fəaliyyətinin dayandırılmasına yönəlməmişdir və yalnız gələcəkdə qəbul ediləcək məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə olan halda, məhkəmənin həmin tədbirin Cavabdehin hüquqlarını lüzumsuz məhdudlaşdıracağı barədə nəticəsi də iş materialları ilə təsdiq olunmur. Cavabdeh şikayətə etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir. Kollegiyanın ## #### 2026-cı il tarixli qərardadı ilə qərardaddan verilmiş şikayətə şifahi icraat qaydasında, açıq məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili nümayəndə1 şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, tərəflərin izahatlarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5-ci maddəyə görə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: - 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; - 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəyə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəyə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: - 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; - 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; - 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; - 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. 158.6. Maraqlı şəxslər və ya arbitraj mübahisəsində maraqlı şəxslər müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etməyə haqlıdır. 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. 164.1.İşi mahiyyəti üzrə həll edən məhkəmə aktı qüvvəyə mindikdən sonra, habelə məhkəmədə iddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardad qəbul edildikdə, lakin iddia ərizəsi bu Məcəllənin 157.4-cü maddəsində müəyyən edilmiş müddətdə verilmədikdə maraqlı şəxslər məhkəmə tərəfindən təyin edilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi nəticəsində vurulmuş zərəri məhkəmə qaydasında tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci l tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Belə ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bu da öz növbəsində ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Müvəqqəti təminat tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. İddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, müvəqqəti təminat tədbirləri həmin subyektiv hüququn real bərpası deməkdir. Hazırki halda mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılan işdə cavabdeh tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılmasına dair vəsatətinə münasibət bildirilməsi ## ###### 2026-cı il tarixə, saat 12:15-ə təxirə salmışdır. Məhkəmə kollegiyası birinci intsansiya məhkəməsinin qənaəti ilə razılaşmır. Çünki birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə ərizəyə baxarkən MPM-in 157 və 158-ci maddələrinin tətbiqi zamanı həmin institutun hüquqi mahiyyətini və məqsədini tam nəzərə almamışdır. Belə ki, birinci instansiya məhkəməsi ərizəni qiymətləndirərkən 2013 və 2014-cü illərə aid müqavilələrin təqdim edilməməsinə istinad etmişdir. Halbuki hazırkı mübahisənin predmeti həmin müqavilələrdən deyil, sonradan bağlanmış Barışıq Sazişindən irəli gələn müstəqil öhdəlikdir. Buna görə də ilkin müqavilələr üzrə bütün sübutların bu mərhələdə təqdim edilməməsi müvəqqəti təminat tədbirinin tətbiqindən imtina üçün kifayət qədər hüquqi əsas hesab edilə bilməz. Əks yanaşma müvəqqəti təminat institutunun mahiyyətini faktiki olaraq işin mahiyyəti üzrə əvvəlcədən həll edilməsinə gətirib çıxarar. İş materiallarından görünür ki, tərəflər arasında ## ###### 2022-ci il tarixli, ******-C nömrəli Barışıq Sazişi bağlanmış, həmin sazişlə cavabdeh iddiaçı qarşısında mövcud pul öhdəliyini qəbul etmiş, borcun məbləğini və ödənilməsi qaydasını müəyyən etmişdir. Buna görə də hazırkı mərhələdə iddia tələbinin kifayət qədər əsaslı olmasına dair MPM-in 157.5.2ci maddəsində nəzərdə tutulmuş meyarın mövcud olduğu qənaətinə gəlinir. Həmçinin, kollegiya qeyd edir ki, iş materiallarında olan ##.##.2022-ci il tarixli Barışıq Sazişi və borcun uzun müddət icra olunmaması barədə məlumatlar MPM-in 157.5-ci maddəsində nəzərdə tutulan "iddia tələbinin kifayət qədər əsaslı olması" meyarını ilkin mərhələdə təmin edir. Görünən odur ki, ərizəçi mübahisəyə baxılıb yekunlaşanadək cavabdehə məxsus pul vəsaitlərinin və digər əmlakların üzərinə iddia məbləği həcmində həbs qoyulmasını, habelə cavabdehin bank hesablarında olan pul vəsaitlərinə, üçüncü şəxslərin sərəncamında olan məxsus əmlaklara şamil edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, müvəqqəti təminat tədbiri iddia tələbi ilə mütənasib olmalıdır. Hazırkı iş üzrə iddia həm əsas borcun, həm də hesablanmış faizlərin tutulmasına yönəlmişdir. Lakin faiz tələbinin məbləği iş üzrə son nəticədən, hesablamaların düzgünlüyündən və hüquqi qiymətləndirmədən asılı olduğundan həmin hissədə iddia tələbinin kifayət qədər əsaslı olması ilkin mərhələdə müəyyən edilmir. Əsas borc isə birbaşa Barışıq Sazişində əks etdirilmiş, cavabdeh tərəfindən qəbul edilmiş pul öhdəliyindən irəli gəldiyinə görə məhz bu hissədə iddia tələbinin kifayət qədər əsaslı olması müəyyən edilir. Bu baxımdan cavabdehin əmlakı üzərinə həbsin yalnız əsas borc məbləği həddində qoyulması MPM-in 157.6-cı maddəsində təsbit olunmuş mütənasiblik prinsipinə uyğun olmaqla tərəflərin maraqları arasında ədalətli tarazlığı təmin edir. Digər hissələrə münasibətdə kollegiya ərizənin təmin edilməsini zəruri hesab etmir. Çünki həmin hallarla bağlı ilkin sübutlar təqdim edilməmişdir. Müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıyır və cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh qəbul etdiyi öhdəliyi uzun müddət icra etməmiş, borcun könüllü ödənilməsi istiqamətində real nəticə doğuran hərəkətlər etməmişdir. Hazırki işin hallarından da aydın olur ki, müvəqqəti təminat tədbiri tətbiq olunmadığı təqdirdə ilkin vəziyyəti bərpa etmək mümkün olmayacaqdır. Bununla belə nəzərə alınmalıdır ki, iddia əsassız olduğu təqdirdə maraqlı şəxs barəsində tətbiq edilmiş müvəqqəti təminat tədbiri nəticəsində ona dəymiş zərəri tələb etmək hüququ Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində təsbit olunmuşdur. Qanunverici Mülki Prosessual Məcəllənin 158.6-cı maddəsində maraqlı şəxslərin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icra edilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu təsbit etməklə yanaşı, həmin tədbirin tətbiq edilməsi nəticəsində vurulmuş zərərin ödənilməsini də müəyyən etmişdir. Belə ki, müvəqqəti təminat tədbirlərinin tətbiqi bəzi hallarda cavabdehə ziyan vurulması ilə nəticələnə bilər. Cavabdehə vurulmuş ziyanın ödənilməsi iş üzrə qətnamə qanuni qüvvəyə mindikdən sonra müstəqil iddia qaldırmaq yolu ilə həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və cavabdehə məxsus bank hesablarında olan pul vəsaitlərinin üzərinə 1.755.227,32 ABŞ dolları məbləğində əsas borc həddində (bank hesabları üzərinə həbs qoyulacağı təqdirdə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan) həbs qoyulmalıdır. Faiz tələbi və digər hissədə isə müvəqqəti təminat tədbirinin tətbiqi üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən ərizə həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 401 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Global TMB Company DBA Robbins tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Ərizəçi Global TMB Company DBA Robbins tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə qismən təmin edilsin. Cavabdeh Avro-Asiya İnşaat Korporasiyası “xxxx” ASC-yə məxsus olan Azərbaycan Respublikasındakı bank hesablarında olan 1.755.227,32 ABŞ dolları (bir milyon yeddi yüz əlli beş min iki yüz iyirmi yeddi dollar, otuz iki sent) həcmində pul vəsaitinin üzərinə (bank hesabları üzərinə həbs qoyulacağı təqdirdə işçilərinin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına məhdudiyyət qoyulmadan) həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər saxlanılır. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-6)-459/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-459/2026
04.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver