Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-510/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Ərizəçi İsmət oğlunun cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təqdim edilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair iddiaçının nümayəndəsi-vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi:
1. İddiaçı Ərizəçi İsmət oğlu cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “sənədlərin təqdim edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK tərəfindən inşa edilmiş ünvan 3 ünvanda, çoxmərtəbəli binada 2-ci giriş, 2, 50, 52 və 76-cı mənzillərə və ünvan 2 ünvanda, çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 501 kv.m qeyri-yaşayış sahəsinə dair iddiaçının adına tərtib edilmiş Cavabdeh MTK-nın ümumi yığıncağın protokolundan çıxarışın və maliyyə arayışının əsillərinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilməmişdir.
3. Qətnamədən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının e-*-*(*-*)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə mümkün hesab edilərək, icraata qəbul edilmiş, məhkəmə iclası ## #### 2026-cı il tarixə, saat 11:00-a təyin edilmişdir.
4. Hazırda iddiaçı nümayəndəsi-vəkili vasitəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci girişində yerləşən 2, 50, 52 və ** nömrəli mənzillərin, habelə həmin binanın birinci mərtəbəsində yerləşən 501 kv.m qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmasını, həmin əmlakların özgəninkiləşdirilməsini cavabdehə və digər şəxslərə qadağan edilməsini, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək qeyd olunan mənzillərdə və qeyri-yaşayış sahəsində cavabdeh və digər şəxslər tərəfindən hər hansı təmir, tikinti, söküntü, yenidənqurma, daxili planlaşdırmanın dəyişdirilməsi, mühəndis-kommunikasiya xətlərinə müdaxilə edilməsi və digər fiziki müdaxilə xarakterli işlərin aparılmasını, həmin əmlaklardan istifadə edilməsini, həmin əmlaklara üçüncü şəxslərin yerləşdirilməsini və ya giriş imkanlarının üçüncü şəxslərə verilməsini qadağan edilməsini xahiş etmişdir.
5. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir.
6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ...
7. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.
8. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.
9. İddia tələbindən göründüyü kimi iddiaçı onun adına tərtib edilmiş daşınmaz əşyalara dair Cavabdeh MTK-nın ümumi yığıncağın protokolundan çıxarışın və maliyyə arayışının əsillərinin ona verilməsini cavabdehdən tələb edir.
10. Müvəqqəti təminat tədbiri barədə ərizədə isə daşınmaz əşyaların üzərinə həbs qoyulmasını, onların özgəninkiləşdirilməsinin üçüncü şəxslərə və cavabdehə qadağan edilməsini, həmin əşyaların faktiki istifadəsinn qadağan edilməsini tələb edir.
11. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində aparılan araşdırma nəticəsində iddianın uğurlu olması öz təsdiqini tapmamış, iddiaçı qəbul edilən qətnamədən apellyasiya şikayəti vermişdir.
12. Hazırki halda iddianın uğurlu olması hər hansı fərqli dəlillə əsaslandırılmamışdır. Belə olduqda isə kollegiya ərizənin təmin edilməsini zəruri hesab etmir.
13. Belə ki, işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi də öz mövqeyini onunla əsaslandırmışdır ki, mənzillərin və qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsini (ayrılmasını) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
14. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Kollegiya hər hansı əlavə şərh verməkdən çəkinərək, qeyd edir ki, digər məsələlərə qiymət verilməsi işə mahiyyəti üzrə baxılmasında maneə ola bilər.
17. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirini təmin etmək barədə hakimin qəbul etdiyi qərardadın işi qabaqcadan mahiyyəti üzrə həll etməməsinə dair Mülki Prosessual Məcəllənin 157.7-ci maddəsi hüquqi mənasına görə həm də onu nəzərdə tutur ki, müvəqqəti təminat tədbiri məzmununa və mahiyyətinə görə bu tədbirlə eyni olan iddia tələbinin təmin olunması üçün tətbiq edilə bilməz. Əks halda, müvəqqəti təminat tədbirini təmin etmək barədə qərardad işi qabaqcadan mahiyyəti üzrə həll etmiş olacaq ki, bu da Mülki Prosessual Məcəllənin 157.7-ci maddəsinin tələblərinə ziddir.
18. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müvəqqəti təminat tədbiri yalnız mövcud vəziyyətin dəyişdirilməsi nəticəsində ərizəçinin hüquqlarının həyata keçirilməsinin mümkünsüz və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi hallarda tətbiq edilə bilər. Lakin hazırkı işdə iddiaçı özü məhz mövcud vəziyyətin dəyişdirilməsini, yəni cavabdehin qeyri-yaşayış sahəsindən istifadəsinin qadağan edilməsini və onun ərazidən çıxarılmasına yönəlmiş tədbirlərin görülməsini tələb edir. Bu isə müvəqqəti təminat tədbirinin hüquqi mahiyyətinə zidd olmaqla, onun tətbiqini əsassız edir.
19. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
20. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 365, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin icraatında olan e-*-*(*-*)-***/**** nömrəli iş üzrə iddiaçı Ərizəçi İsmət oğlunun nümayəndəsi-vəkili Vəkil/Nümayəndə tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.