Məhkəmə qərarları › İş №16(3-6)-528/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-528/2026

29.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-528/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Səadət Rəşid qızı Səlimova və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı # #### 2026- cı il tarixli qərardadı ilə mübahisənin predmeti ilə əlaqədar sübutların qorunması məqsədilə cavabdeh1 Arzu oğlunun, cavabdeh6 Firidun oğlunun, cavabdeh5, İmanov Alının, cavabdeh3, X10 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunun başlanğıcının şimal hissəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksində yerləşən inzibati ofislərə, mühasibatlıq otaqlarına, arxivə, satış şöbəsinə, elektron məlumat bazalarının saxlanıldığı otaqlara və yalnız xidməti istifadə üçün nəzərdə tutulmuş digər inzibati sahələrə məhkəmə baxışı başa çatanadək və ya məhkəmə tərəfindən təminat tədbiri ləğv edilənədək daxil olmaları, həmin şəxslərə mübahisənin predmetini təşkil edən maliyyə, mühasibat, satış və digər sənədlərə, elektron məlumat bazalarına müdaxilə etməyi, onları götürməyi, dəyişdirməyi, məhv etməyi, üçüncü şəxslərə verməyi və ya hər hansı formada sərəncam verməyi, mübahisəyə aid sənədlərin və elektron məlumatların mövcud vəziyyətinin qorunmasının təmin edilməsi məqsədilə həmin sənədlərin və məlumat daşıyıcılarının dəyişdirilməsi, silinməsi və ya üzərində hər hansı əməliyyat aparılması qadağan edilməsi qərara alınmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh6 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)- ***/**** saylı # #### 2026-cı il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ## #### 2026- cı il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmişdir. ##.##.2026-cı il tarixdə ərizəçi Ərizəçi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-**(*- **)-***/**** saylı ## #### 2026-cı il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadın 3 və 4-cü səhifələrində qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında “xxxx” MTK ilə bağlı bir neçə məhkəmə işi mövcuddur, həmin işlər üzrə mənzillərin satışı məhdudlaşdırılmış, nizamnaməyə dəyişikliklərin dövlət qeydiyyatına alınması qadağan edilmiş və müxtəlif MTT tətbiq edilmişdir. Lakin eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, hazırki iş üzrə sənədlərin, arxivin, elektron məlumat bazalarının və maliyyə sənədlərinin qorunmasına ehtiyac yoxdur. Əgər məhkəmənin özü etiraf edirsə ki, tərəflər arasında çoxsaylı məhkəmə mübahisələri mövcuddur və həmin mübahisələr üzrə artıq MTT tətbiq edilmişdir, onda həmin mübahisələr üçün əsas sübut mənbəyi olan sənədlərin və elektron məlumatların qorunmasına ehtiyac olmadığı barədə nəticə hüquqi məntiqə ziddir. Məhkəmə bir tərəfdən bildirir ki, ərizədə göstərilən təminat tədbiri mübahisənin predmeti ilə bağlıdır. Digər tərəfdən isə həmin tədbiri yalnız ona görə ləğv edir ki, mübahisə kommersiya məhkəməsinin aidiyyatına daxildir. Aidiyyat məsələsi təminat tədbirinin zəruriliyini aradan qaldırmır. Əgər risk mövcuddursa, həmin risk yalnız aidiyyat barədə nəticə ilə yox olmur. Məhkəmə qərardadda qeyd edir ki, MTT iddia tələbinə mütənasib olmalıdır və Konstitusiya Məhkəməsinin ## #### 2018-ci il tarixli qərarına istinad edir. Lakin həmin qərarda müəyyən edilmiş meyarlar- riskin mövcudluğu, gələcək məhkəmə müdafiəsinin mümkünsüzləşməsi və sübutların itirilməsi ehtimalı-ümumiyyətlə qiymətləndirilmir. Beləliklə, məhkəmə istinad etdiyi hüquqi mövqeyini özü tətbiq etmir. Qərardadda göstərilir ki, Bakı Kommersiya Məhkəməsində baxılan işlər üzrə yalnız mənzillərin satışı və hüquqi şəxsin qeydiyyatı ilə bağlı təminat tədbirləri tətbiq olunmuşdur. Lakin hazırki ərizədə tələb olunan təminat tədbiri tamamilə fərqli xarakter daşıyır və maliyyə sənədlərinin, arxiv materiallarının, elektron məlumat bazalarının və digər sübutların qorunmasına yönəlmişdir. Deməli, əvvəlki təminat tədbirləri hazırki təminat tədbirini əvəz etmir. Buna baxmayaraq məhkəmə onları eyni hüquqi nəticə kimi qiymətləndirmişdir ki, bu da səhv hüquqi nəticədir. Məhkəmə qərardadda bildirir ki, hazırki mübahisə kommersiya xarakterlidir və buna görə ərizə geri qaytarılmalıdır. Eyni zamanda MPM-in 269.2-ci maddəsinə əsasən şikayətə baxılarkən yalnız əvvəlki qərardadın qanuniliyi və əsaslılığı yoxlanılmalıdır. Bu daxili ziddiyətlər göstərir ki, ##.##.2026-cı il tarixli qərardad vahid, ardıcıl və məntiqi hüquqi əsaslandırmaya malik deyil, nəticə hissəsi əsaslandırma hissəsindən irəli gəlmir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Cavabdeh cavabdeh6 nümayəndəsi və vəkili Vəkil şikayətə qarşı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, iş üzrə Qaradağ Rayon Məhkəməsi tərəfindən aidiyyət qaydaları pozulmaqla iddia icraata qəbul edilmiş və müvəqqəti təminat tədbirinin tətbiqinə dair qərardad qəbul edilmişdir. Sonradan cavabdeh6 nümayəndəsi və vəkili qismində həmin qərardaddan verdiyi şikayət əsasında Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** saylı qərardadı ilə əvvəlki qərardad ləğv edilmiş və müvəqqəti təminat tədbirinin tətbiqindən imtina olunmuşdur. Tərəflər arasında aparılmış danışıqlar zamanı qarşı tərəf də aidiyyət qaydalarının pozulduğunu etiraf etmiş və bununla razılaşmışdır. Bunun nəticəsi olaraq eyni əsaslar, eyni tələb və eyni tərəflər üzrə Bakı Kommersiya Məhkəməsinə yenidən müraciət etmiş, həmçinin həmin məhkəmədən də müvəqqəti təminat tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-**(*-**)-***/**** saylı iş üzrə də müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə təmin edilməmişdir. Bu hal qarşı tərəfin özünün də ilkin müraciətin aidiyyət qaydaları pozulmaqla təqdim edildiyini faktiki olaraq qəbul etdiyini və mübahisənin kommersiya məhkəməsinin aidiyyətinə aid olduğunu təsdiq edir. Beləliklə, eyni əsaslar, eyni tələb və eyni subyektlər üzrə verilmiş ərizələr həm ümumi məhkəmə, həm də kommersiya məhkəməsi tərəfindən araşdırılmış və hər iki halda müvəqqəti təminat tədbirinin tətbiqindən imtina edilmişdir. Bununla yanaşı, qeyd edir ki, Bakı Kommersiya Məhkəməsi Qaradağ Rayon Məhkəməsinin qərardadının mövcudluğuna istinad etməklə kifayətlənməmiş, ərizəni və iş materiallarını müstəqil şəkildə araşdıraraq qiymətləndirmiş və müvəqqəti təminat tədbirinin tətbiqindən imtina etmişdir. Bu isə göstərir ki, hər iki məhkəmə eyni nəticəyə müstəqil hüquqi qiymətləndirmə əsasında gəlmişdir. Bununla yanaşı, qarşı tərəf hər iki məhkəmə prosesini paralel şəkildə davam etdirmiş, Kommersiya Məhkəməsinin icraatında olan iş üzrə də şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(4- **)-***/**** saylı qərardadı ilə "xxxx" MTK tərəfindən verilmiş şikayət təmin edilərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən, Qaradağ Rayon Məhkəməsinin e-**(*-**)-***/**** saylı ,##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin icraatında e-*-*(*-**)-****/**** saylı kommersiya mübahisəsi mövcuddur. Həmin iş üzrə iddia tələbi “xxxx” MTK-nın cavabdehlər X3, X3, X2, Ərizəçi, X4 və X1 qarşı “səlahiyyətsiz şəxslər tərəfindən qəbul olunan “xxxx” MTK-nın fəaliyyətinə dair “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının ## ###### 2025-ci il tarixli protokol qərarı adlandırılan sənədin ləğv edilməsi” ilə bağlıdır. Bundan əlavə müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadına əsasən e-*-*(***)-*****/**** saylı kommersiya işinə baxılıb qurtaranadək, “xxxx” MTK-nın üzvlərinin ümumi yığıncağının ## ###### 2025-ci il tarixli protokol qərarı əsasında kooperativin nizamnaməsində ediləcək dəyişikliyin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınması qadağan edilmişdir. Eləcə də, Bakı Kommersiya Məhkəməsinin e-**(*-**)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunun başlanğıcının şimal hissəsi ünvanında “xxxx” MTK tərəfindən inşa edilən 8 girişli, 16 mərtəbəli yaşayış kompleksindəki binalarda mənzillərin və qeyri-yaşayış sahələrinin satışı “xxxx” MTK-nın sədri və satışı hüququna malik olan digər şəxslərə qadağan edilməsi və satılmış mənzillərin və qeyri-yaşayış sahələri siyahıya alınması, müvəqqəti təminat tədbirinin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-*-*(*-**)-***/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il ## #### tarixli qərarına əsasən tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun ## ######## 2020-ci il tarixli Qərarının 12 -ci bəndinə əsasən bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Plenum qərarına əsasən qeyd edilməlidir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Yəni, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə aidiyyəti ilə bağlı hüquqi mövqeyinə əsasən, kommersiya hüquqi şəxslərinin idarə olunması, onların fəaliyyətinə dair qərarların etibarlılığı, idarəetmə orqanlarının səlahiyyətləri və bu fəaliyyət nəticəsində yaranan hüquqi münasibətlər korporativ mübahisələr hesab edilir və belə mübahisələrə kommersiya məhkəmələri baxmalıdır. Kollegiya haesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisə kommersiya subyektləri arasında yaranan mübahisə olduğu üçün, habelə onların birgə kommersiya fəaliyyəti ilə əlaqədar olduğu üçün məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq kommersiya məhkəməsinin səlahiyyətinə aid edilməlidir. Belə ki, təqdim olunmuş materiallardan görünür ki, tərəflər arasında yaranmış mübahisə ayrı-ayrı fiziki şəxslərin mülki hüquqlarının müdafiəsi ilə bağlı deyil, bilavasitə “xxxx” MTK-nın idarə olunması, onun fəaliyyətinin təşkili, ümumi yığıncaq qərarlarının hüquqi qüvvəsi, idarəetmə orqanlarının səlahiyyətləri və kooperativin fəaliyyətindən irəli gələn korporativ münasibətlərlə əlaqədardır. Hazırkı mübahisənin predmeti tərəflərin birgə sahibkarlıq fəaliyyətindən yaranan hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı olduğundan, bu münasibətlər kommersiya mübahisəsi xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında eyni hüquq münasibətlərindən irəli gələn bir neçə iş mövcuddur. Həmin işlər üzrə artıq müxtəlif müvəqqəti təminat tədbirləri tətbiq edilmiş, o cümlədən kooperativin nizamnaməsində dəyişikliklərin dövlət qeydiyyatına alınması qadağan edilmiş, eləcə də yaşayış kompleksində yerləşən mənzil və qeyri-yaşayış sahələrinin satışı məhdudlaşdırılmışdır. Bu hallar onu göstərir ki, tərəflər arasında mövcud hüquqi mübahisə artıq kommersiya məhkəməsinin icraatındadır və həmin məhkəmə tərəfindən mübahisənin predmeti üzrə zəruri təminat tədbirləri görülmüşdür. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən eyni hüquq münasibətlərindən irəli gələn mübahisə üzrə ümumi məhkəmənin əlavə təminat tədbiri tətbiq etməsi məhkəmələrin səlahiyyət bölgüsünün pozulmasına, eyni predmet üzrə paralel təminat tədbirlərinin yaranmasına və ziddiyyətli məhkəmə aktlarının qəbul olunmasına səbəb ola bilər. Şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, müvəqqəti təminat tədbiri barədə ərizə kommersiya məhkəməsinin aidiyyətinə aid olduğundan, məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar