Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-547/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair iş üzrə Açar sözlər: müvəqqəti təminat tədbiri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək müvəqqəti təminat tədbiri tətbiq edilməsi, Bakı şəhəri Suraxanı rayon Icra şöbəsinin e-24096/2022-18- 20 və e-*****/****-**-** nömrəli qərarlarının icrasının dayandırılması, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə müvəqqəti daxil olmasının təmin edilməsi, mənzilə və şəxsi əmlaka çıxış müvəqqəti bərpası barədə göstəriş verilməsi, mübahisəli əmlakda hər hansı söküntü, dəyişiklik və ya müdaxilənin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, icraatda olan iş Bakı şəhəri Suraxanı rayon Icra şöbəsi tərəfindən qəbul edilmiş e-24096/2022-18-20 və e-*****/****-**-** nömrəli, ##.##.2026cı il tarixli icraata xitam verilməsi haqqında qərarların ləğvi ilə bağlıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə böyük icra məmuru Rəşad Dövlətovun ##.##.2026-cı il tarixli icra tədbiri zamanı hərəkətləri artıq qanunsuz hesab edilmişdir. Beləliklə, mübahisə predmeti olan icraata xitam verilməsi qərarları qanunsuz hesab edilmiş icra hərəkətləri nəticəsində qəbul edilmişdir. Bu səbəbdən də ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən kənarda qalmaqla kirayə mənzildə yaşamağa məcburdur, mənzilə və şəxsi əmlaka çıxışları da yoxdur, mübahisəli əmlak üzərində dəyişiklik (söküntü və s.) riski mövcuddur. Bu vəziyyət davam etdikcə onun və ailə üzvlərinin hüquqlarına ağır və geri dönməz zərər vurulması qaçılmazdır. Xüsusi olaraq qeyd edir ki, qanunsuz hesab edilmiş icra hərəkətləri əsasında qəbul olunmuş icraata xitam verilməsi qərarlarının qüvvədə qalması hüquqlarının faktiki bərpasını mümkünsüz edir və bu vəziyyət davam edən hüquq pozuntusudur.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli **(*-***)-***/**** nömrəli qərardadına əsasən yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmuşdur.
4. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı müvəqqəti təminat tədbiri barədə ərizənin birbaşa əlaqədə olduğu 8(5- ***)-***/**** nömrəli iş icra sənədi üzrə icraata xitam verilməsi qərar(lar)ının ləğv edilməsi, qanunsuz həyata keçirilən icra tədbirləri nəticəsində yaranmış vəziyyətin (statuskvo – status-quo) aradan qaldırılması və əvvəlki vəziyyətin (statusquo ante) bərpa edilməsindən ibarətdir. Ərizəçinin (maraqlı şəxsin) hüquqlarının qorunması (təmin və ya bərpa edilməsi) sferasında vacib əhəmiyyətə malik və məhkəmə müdafiəsi hüququnun mühüm komponentlərindən biri olan müvəqqəti təminat tədbiri institutu özüözlüyündə bu və ya digər iddia tələbinin mövcudluğu ilə əlaqədardır. Yəni, müvəqqəti təminat tədbiri tətbiq edilməsi üçün pozulmuş və ya barəsində mübahisə edilən hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət edən şəxsin – iddiaçının iddiaya cavab verməli olan şəxsə cavabdehə qarşı yönəlmiş tələbi mövcud olmalı, bu tələbin kifayət qədər əsaslılığına dair mötəbər sübutlar mövcud olmalı və həmin tədbirlər tətbiq edilmədən mövcud vəziyyətin dəyişməsi nəticəsində hüquqların qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə əsaslandırma aparılmalıdır. Lakin, hazırkı iş üzrə hər hansı iddia tələbi mövcud deyil və tərəflər arasında yaranmış mübahisə icra icraatı çərçivəsində həll edilməlidir. Icra icraatı iştirakçıları ilə icra sənədinin icrası üzrə səlahiyyətli şəxs – icra məmuru arasında yaranan mübahisəli hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu qəbildən olan mübahisələrə həm iddia icraatı, həm də icra icraatı çərçivəsində baxılması mümkündür. Lakin, hazırda icra sənədi üzrə borclunun xahişi məhz icra sənədi üzrə həyata keçirilən icra hərəkətləri nəticəsində yaranmış mövcud vəziyyətin dəyişdirilməsinə, yəni əvvəlki vəziyyətin bərpasına, eləcə də icra məmuru tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğvinə yönəlmişdir. Belə olan halda, icra sənədi üzrə borclunun xahişinə yalnız icra icraata qaydasında baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Bundan əlavə, yalnız tələb hüquqları üçün xarakterik olan müvəqqəti təminat tədbiri institutunun iddia icraatından kənar icraat qaydasında tətbiqinin mümkün olmaması da diqqətdə saxlanılmalıdır. Hazırkı ərizəyə baxılması ilə bağlı isə müvəqqəti təminat tədbirlərinə qanunvericiliklə verilən anlayışa, eləcə də qanunla bu növ tədbirlərin tətbiq edilməsinə yol verən halların dairəsinə diqqət çəkilməli və müvafiq tədbirlərin tətbiqi üçün zəruri şərtlər təmin olunduğu təqdirdə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməlidir. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün ilkin şərt iddia tələbinin kifayət qədər əsaslılığına dair sübutların mövcudluğudur. Bu sübutların mövcudluğu bir tərəfdən iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməklə, iddia icraatının ərizəçinin (iddiaçının) xeyrinə perspektivliyinə dair məhkəmədə qənaət formalaşdırmalı, digər tərəfdən bu və ya digər müvəqqəti təminat tədbiri tətbiq edilmədən mülki mühakimə icraatı haqqında qanunvericiliklə nəzərdə tutulmuş məqsədlərə (müvafiq tədbirlər tətbiq edilmədən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi) nail olmağın mümkünsüzlüyünə işarə etməlidir. Hər bir halda, müvəqqəti təminat tədbirləri tələb hüquqları üçün xarakterik olan bir institutdur və həmin tədbirlərin qanunun analogiyası üzrə bu və ya digər icraat qaydasında tətbiqinə yol verilmir. Odur ki, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən ərizənin icraata qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə icra sənədi üzrə borclu – Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizədə, eləcə də məhkəmə iclasında birbaşa istinad etdiyi prosessual hüquq normasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1-ci maddəsi mülki mühakimə icraatı gedişində tətbiq edilməsi mümkün olan müvəqqəti təminat tədbirlərinin siyahısını özündə əks etdirir və tətbiqi mümkün olan tədbirləri ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.5-ci maddəsinə əsasən, borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq tətbiqi mümkün olan müvəqqəti təminat tədbirlərindən biri kimi nəzərdə tutulmuşdur. cra sənədi üzrə borclu – Ərizəçi həmin prosessual hüquq normasına istinad etməklə müvəqqəti təminat tədbirlərinin icra icraatı çərçivəsində tətbiqinin mümkün olduğunu məhkəmənin diqqətinə çatdırsa da, məhkəmə qeyd edir ki, həmin prosessual hüquq normasının icra sənədi üzrə borclunun çatmaq istədiyi konteksdə təfsir edilməsi qanunun tələbləri ilə qəti şəkildə uzlaşmır. Belə ki, həmin normanın məcburi göstərişlərindən aydın olur ki, bu və ya digər icra sənədi üzrə tələbin qanuniliyi icra sənədi üzrə borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirildikə, yəni tələbin qanuni olub-olmaması barədə iddia qaldırıldıqa həmin iş üzrə məhkəmə mübahisəsi yekunlaşanadək maraqlı şəxsin ərizəsi əsasında müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. Lakin, işin faktiki halları və ərizəçinin çatmaq istədiyi hüquqi nəticə çərçivəsində müvəqqəti təminat tədbiri tətbiq edilməsi və həmin tədbirin qanuni əsası qismində müvafiq prosessual hüquq normasına istinad edilməsi qanunun tələbləri ilə uyğunluq təşkil etmir.
5. Iddiaçı Ərizəçi həmin qərardaddan şikayət verərək ləğv olunmasını xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Belə ki, SuraxanıRayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin böyük icra məmuru Rəşad Dövlətovun ##.##.2026-cı il tarixli icra tədbiri zamanı həyata keçirdiyi hərəkətlər qanunsuz hesab edilmişdir. Məhkəmə qərardadı ilə artıq müəyyən edilmişdir ki, icra sənədlərinin hüdudlarından kənara çıxılaraq ailəmizin istifadəsində olan əlavə tikililər, bitişik otaqlar və daş hasarla əhatələnmiş həyət üzərində qanunsuz müdaxilə edilmişdir. Hazırkı iş üzrə müvəqqəti təminat tədbirinin tətbiq edilməsində məqsəd qeyri-qanuni icra tədbirinin nəticələrinin daha da ağırlaşdırılmasının qarşısının alınması və gələcəkdə hüquqların bərpasının mümkünsüz hala düşməsinin qarşısını almaq olmuşdur. Bununla yanaşı, SuraxanıRayon Məhkəməsinin hakimi Leyla Talıbovanın icraatında olan e-*(***)- ****/**** saylı iş üzrə verilmiş vəsatət artıq təmin edilmiş və məhkəmənin **(*-***)-***/**** saylı qərardadı ilə Maraqlı şəxs MMC-yə mübahisəli əlavə tikililər və konstruksiyalar üzərində söküntü və dəyişiklik aparılması qadağan edilmişdir. Bu isə birbaşa təsdiq edir ki: mübahisəli vəziyyət realdır; müdaxilə və dəyişiklik təhlükəsi mövcuddur; mübahisəli əmlakın qorunmasına hüquqi zərurət vardır. Belə olan halda hazırkı iş üzrə təminat tədbirinin tətbiq edilməməsi işin faktiki hallarına və mövcud hüquqi vəziyyətə uyğun deyildir. Hazırda ailə üzvlərimizin mənzilə və şəxsi əmlaka sərbəst çıxışıməhdudlaşdırılmış olaraq qalır və qeyri-qanuni icra tədbirinin nəticələri davam edir. MPM-nin 157-ci və 158-ci maddələrinin tələblərinə əsasən məhkəmə gələcəkdə hüquqların bərpasını çətinləşdirə və ya mümkünsüz edə biləcək halların qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbiri tətbiq etməlidir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-ci il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: Maddə 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; Maddə 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
9. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarı: “Mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur (Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsi). Lakin, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu səbəbdən də işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, birinci instansiya məhkəməsinin dəyişdirilməsi və ya ləğvi üçün əsaslar mövcud deyildir.
11. Birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirmə aparılaraq qeyd olunmuşdur ki, müvəqqəti təminat tədbiri tətbiq edilməsi üçün pozulmuş və ya barəsində mübahisə edilən hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət edən şəxsin – iddiaçının iddiaya cavab verməli olan şəxsə - cavabdehə qarşı yönəlmiş tələbi mövcud olmalı, bu tələbin kifayət qədər əsaslılığına dair mötəbər sübutlar mövcud olmalı və həmin tədbirlər tətbiq edilmədən mövcud vəziyyətin dəyişməsi nəticəsində hüquqların qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi barədə əsaslandırma aparılmalıdır. Lakin, hazırkı iş üzrə hər hansı iddia tələbi mövcud deyil və tərəflər arasında yaranmış mübahisə icra icraatı çərçivəsində həll edilməlidir.
12. Məhkəmə kollegyiası qeyd edir ki, icra sənədi üzrə tələbin qanuniliyi icra sənədi üzrə borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirildikə, yəni tələbin qanuni olubolmaması barədə iddia qaldırıldıqa həmin iş üzrə məhkəmə mübahisəsi yekunlaşanadək maraqlı şəxsin ərizəsi əsasında müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. Lakin hazırkı vəziyyətdə qeyd olunan hal da mövcud deyildir.
13. Ərizəçi tərəfindən qərardadan şikayət verilsə də, şikayətin məzmununda ərizəçinin icraata qəbul olunması ilə bağlı xüsusatlar deyil, müvəqqəti təminat tədbirinin tətbiqi ilə bağlı dəlillər qeyd olunmuşdur. Buna görə də məhkəmə kollegiyası şikayətin dəlilləri əsasında hər hansı bir qiymətləndirmə aparılmasına zərurət görmür.
14. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermədiyi üçün qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.