Məhkəmə qərarları › İş №16(3-6)-571/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-571/2026

14.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-571/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsinə dair iş üzrə Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-***/**** nömrəli qərardadından X3 şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Məhkəmə icraatı 1.Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə tələb olunub ki, ana Ərizəçi ata X3 ilə birlikdə yaşayan uşaqlarla ünsiyyət hüququ müvəqqəti təmin edilsin. 2.Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, ərizə qismən təmin olunsun, *(*-***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Ərizəçi iki uşaqla - ##.##.2010-cu il təvəllüdlü X1 və ##.##.2013-cü il təvəllüdlü X2 ilə həftənin bazar günü saat 10:00-dan 18:00-dək ünsiyyətdə olması təmin edilsin, ərizə qalan hissədə təmin edilməsin. 3.Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və ərizə təmin edilməsin. Birinci instansiya məhkəməsi şikayəti rədd edərək baxılması üçün apellyasiya instansiyasına göndərmişdir. Məhkəmənin mövqeyi 4.Işin faktiki halları birinci instansiya məhkəməsinin qərardadında müəyyən edildiyindən, hazırkı qərardad isə eyni faktiki hallara əsaslandığından onların təkrar qeyd edilməsinə zərurət yoxdur. 5.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-ci maddəsinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna malikdir. Müvəqqəti təminat tədbiri tətbiq edilərkən ilkin sübutlar əsas götürülür, mübahisənin mahiyyətinə aid olan hallar iddiaya baxılarkən qiymətləndirilir. Hal-hazırda Ərizəçi uşaqların tərbiyəsinə, sağlamlığına, psixi, fiziki və mənəvi inkişafına zərər yetirə biləcək hər hansı mənfi cəhət müəyyən olunmur. Odur ki, anaya həftədə 1 dəfə 8 saat uşaqlarla görüş imkanının verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin göstərişlərinə, habelə Ali Məhkəmə Plenumunun ##.##.2016-cı il tarixli qərarında verilən izahlara uyğundur. 6.Şikayətdə qeyd olunub ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadda ananın uşaqlarla görüş yeri müəyyən olunmadığına görə ata qərardadı mübahisələndirir. Ana yaşadığı evdə uşaqların atası və digər şəxslərlə normal münasibət qura bilmədiyi üçün könüllü olaraq evdən çıxıb getmişdir. Bu səbəbdən onun evə gəlib uşaqlarla görüşməsi mümkün deyil. Digər tərəfdən, uşaqların anası öz anasının evində qeydiyyatda olsa da, onun yaşadığı yer bəlli deyil. 7.Şikayətin həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, qərardadda görüş yeri müəyyən olunmadığına görə, görüş yerini ana öz mülahizələrinə əsasən müəyyən edəcək. Qərardad anaya uşaqların yaşadığı evə həmin evin mülkiyyətçisinin və ya digər qanuni sahibinin iradəsi ziddinə daxil olmaq hüquq vermir. Əgər mülkiyyətçi və ya digər qanunu sahib ananın evə daxil olmasına icazə verməzsə, görüş ananın müəyyən edəcəyi başqa yerdə keçirilə bilər. 8.Qərardad ərizənin rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qərardadın əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 9.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-***/**** nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar