Məhkəmə qərarları › İş №16(3-6)-613/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-613/2026

07.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-613/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə müvəqqəti təminat tədbirinin görülməsinə dair “xxxx” ASC tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi:

1. İddiaçı Ərizəçi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, "xxxx " MMC-dən O********* saylı, ##.##.2023-cü il tarixli Alqı-satqı müqaviləsi üzrə 119.235,16 AZN əsas borc, 53755,60 AZN dəbbə pulu; O********* saylı, ## ##### 2024-cü il tarixli Xidmət müqaviləsi üzrə 45754,5 AZN əsas borc, 19798,30 AZN dəbbə pulu; AZE-LEAS_AZ- ****-**** saylı, ##.##.2025-ci il tarixli icarə müqaviləsi üzrə 29854 AZN əsas borc məbləğlərinin və dövlət rüsumunun ödənilməsinə görə 559 AZN pulun tutularaq iddiaçı xxxx ASC-yə ödənilməsi, Cavabdeh MMC-nin qarşılıqlı iddiası üzrə 87776,43 manat tələbinə onun xxxx ASC-yə olan 194843,66 AZN əsas borcunun 87776,43 manat hissəsi ilə əvəzləşdirilərək xitam verilməsi, qarşılıqlı iddianın 10000 cərimə və ödənilmiş 383,40 manat dövlət rüsumunun ödənilməsi tələbinin təmin edilməməsi, 107067,23 AZN əsas borc məbləğinin, hesablanmış 73533,9 AZN cərimə məbləğinin, dövlət rüsumuna görə ödənilmiş 559 AZN pulun Cavabdeh MMC-dən tutularaq Holcim Azərbaycan ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Ərizəçi qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 87.776,43 manat əsas borcun və Mülki Məcəllənin 445-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün 1000 manat faizlərin və ödənilmiş 383,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsi aşağldakılar qət edilmişdir: - Ərizəçi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilsin. - ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 119.235 (bir yüz on doqquz min iki yüz otuz beş) manat 16 (on altı) qəpik, cərimə borcu üzrə 6.000 (altı min) manat olmaqla, cəmi 125.235 (bir yüz iyirmi beş min iki yüz otuz beş) manat 16 (on altı) qəpik, ##.##.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən əsas borc üzrə 45.754 (qırx beş min yeddi yüz əlli dörd) 50 (əlli) qəpik, cərimə borcu üzrə 2.200 (iyirmi iki min) manat olmaqla, cəmi 47.954 (qırx yeddi min doqquz yüz əlli dörd) manat 50 (əlli) qəpik, ##.##.2025-ci il tarixli icarə müqaviləsinə əsasən 29.854 (iyirmi doqquz min səkkiz yüz əlli dörd) manat məbləğində pul, ümumilikdə 203.043 (iki yüz üç min qırx üç) manat, 66 (altmış altı) qəpik məbləğində pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Ərizəçi ödənilsin. - İlkin iddia qalan hissədə təmin edilməsin. - Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Ərizəçi qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. - ##.##.2023-cü il tarixli daşıma müqaviləsinə əsasən əsas borc üzrə 87.776 (səksən yeddi min yeddi yüz yetmiş altı) manat 43 (qırx üç) qəpik, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% hesablanmaqla 4.388 (dörd min üç yüz səksən səkkiz) manat 82 (səksən iki) qəpik olmaqla, cəmi 92.165 (doxsan iki min bir yüz altmış beş) manat 25 (iyirmi beş) qəpik məbləğində pul Ərizəçi tutularaq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. - Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. - Təmin edilmiş pul tələbləri qismən əvəzləşdirilsin. Yekun olaraq 110.878 (yüz on min səkkiz yüz yetmiş səkkiz) manat, 41 (qırx bir) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Ərizəçi ödənilsin. - Dövlət rüsumunun əvəzi olaraq 493 (dörd yüz doxsan üç) manat 04 (sıfır dörd) qəpik məbləğində pul xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Ərizəçi ödənilsin. - Dövlət rüsumunun əvəzi olaraq 366 (üç yüz altmış altı) manat 50 (əlli) qəpik məbləğində pul Ərizəçi tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin.

4. Həmin qətnamədən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommerisya Kollegiyasının ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə icraata qəbul edilmiş, məhkəmə iclası ## ######## 2026-cı il tarixə, saat 10:20-yə təyin edilmişdir.

5. Hazırda “xxxx” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin banklarda mövcud olan hesablarındakı pul vəsaitlərinin üzərinə işçilərinin əmək haqqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına və xxxx ASC-nin bank hesablarına ödəniş etməsinə məhdudiyyət qoyulmadan 194843,66 manat həddində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, müqavilələr üzrə cavabdehin ərizəçiyə əsas borcu üzrə ümumi məbləğ 194843,66 manat, dəbbə pulu üzrə ümumi məbləğ 73533,9 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli ##.##.2026cı il tarixli qətnaməsi ilə 194843,66 manat əsas borc tam təmin edilmiş, dəbbə pulu isə qismən təmin edilmişdir. müqavilədə qeyd edilmiş mallar cavabdehə çatdırılmışdır, cavabdeh həmin malları yük-nəqliyyat qaimələrini imzalayaraq təhvil almışdır. Cavabdehə göndərilmiş malların satılması barədə elektron qaimələr təsdiq edilmişdir. Müqavilənin 2.6-cı maddəsinə əsasən Alıcıya elektron qaimənin göndərilməsi Malın Alıcı tərəfindən alınması faktını təsdiq edir. Alıcıya göndərilənlər yük-nəqliyyat qaimələri imzalanıb möhürlənmişdir. Həmin müqaviləyə əsasən Alıcı malın dəyərini Satıcıya ödəməlidir. Cavabdehin həmin müqavilə üzrə əsas borcu 119235,16 (bir yüz on doqquz min iki yüz otuz beş manat on altı qəpik) AZN təşkil edir. Cavabdehlə iddiaçı arasında bağlanmış ********** saylı, ## ##### 2024-cü il tarixli xidmət müqaviləsinə əsasən cavabdehə müqavilədə qeyd edilmiş xidmətlər göstərilmişdir. Həmin müqavilə üzrə cavabdehin əsas borcu 45754,5 (qırx beş min yeddi yüz əlli dörd manat əlli qəpik) AZN təşkil edir. Tərəflər arasında bağlanmış AZE-LEAS_AZ-****-**** saylı, ##.##.2025-ci il tarixli icarə müqaviləsinə əsasən cavabdehə müqavilədə nəzərdə tutulmuş texniki vasitə icarəyə verilmişdir. İcarə müqaviləsi üzrə cavabdehin əsas borcu 29854 (iyirmi doqquz min səkkiz yüz əlli dörd) AZN borcu yaranmışdır və bu barədə ## #### 2025-ci il tarixli akt imzalanmışdır. Həmin aktda ‘‘Wirtgen WR240” markalı qrunt emalı maşınının 46 gün icarəsi nəticəsində cavabdehin iddiaçıya ## #### 2025-ci il tarixinə 29854 AZN borcunun yarandığı qeyd edilmişdir. Həmin akt imzalandıqdan sonra cavabdehə elektron qaimə göndərilmişdir. Tərəflər arasında imzalanmış ## #### 2025-ci il tarixli üzləşmə aktında cavabdeh ## #### 2025-ci il tarixinə iddiaçıya əsas borcunun 194843,66 AZN təşkil etdiyini təsdiq etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh təhvil aldığı məhsulların dəyərini ödəməmişdir. Müvəqqəti təminat tədbiri tətbiq edilməzsə ərizəçinin hüquqlarının qorunması, təmin və ya bərpa edilməsi mümkün olmayacaqdır və ya əhəmiyyətli dərəcədə çətinləşəcəkdir. Nəzərə almaq lazımdır ki, borc məbləği çox yüksəkdir və həmin məbləğin ödənilməsi üçün cavabdehə kifayət qədər möhlət verilmişdir. Lakin cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq cavabdeh borcunu ödəməmişdir. Bu hallar göstərir ki, cavabdehin borcu könüllü qaydada ödəmək niyyəti yoxdur və o, borcu ödəməkdən yayınır.

7. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməlidir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; ... 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; ... Maddə 160. Müvəqqəti təminat tədbirləri haqqında qərardadın icra edilməsi 160.1. Müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. ... Maddə 236. Qətnamənin icrasının təmini Məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər.

9. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

10. İşin hallarından da göründüyü kimi, Ərizəçi (satıcı) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (alıcı) arasında ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinə eyni tarixli * saylı Əlavə, ##.##.2024-cü il tarixli ** saylı, ##.##.2024-cü il tarixli ** saylı Əlavə ilə tərəflər malların çatdırılma ünvanı, qiyməti barədə razılığa gəlmişlər. Daha sonra Ərizəçi (icraçı) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) arasında ##.##.2024-cü il tarixli O********* saylı xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı, bu müqavilənin * saylı Əlavəsində göstərilən xidmətləri sifarişçiyə göstərməyi, sifarişçi isə öz növbəsində həmin xidmətlərin nəticələrini qəbul edir və icraçıya * saylı Əlavədə qeyd edilmiş qaydada ödənişləri etməyi öhdəliklərinə götürür.

11. Bundan başqa Ərizəçi (icarəyəverən) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (icarəçi) arasında ##.##.2025-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icarəyəverən siyahıda qeyd olunan texnikaları icarəçinin istifadəsinə verməyi, icarəçi isə əvəzində icarəyə verənə icarə haqqı ödəməy öhdəsinə götürür. Müqavilə və Əlavələr tərəflərin imzası və hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

12. Ərizəçi cavabdehin ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 119.235,16 manat, ##.##.2024-cü il tarixli xidmət müqaviləsi üzrə 45.754,5 manat, ##.##.2025-ci il tarixli icarə müqaviləsi üzrə isə 29.854 manat olmaqla, ümumilikdə 194.843,66 manat məbləğində borcunun qaldığını bildirərək, iddiaçının xeyrinə tutulmasını məhkəmədən tələb etmiş, birinci instansiya məhkəməsi də öz növbəsində iddianı qismən təmin etmişdir.

13. Tərəflər Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin Ərizəçi ## #### 2025ci il tarixinə olan ümumi borc məbləğinin 194,843.66 manat təşkil etdiyini ##.##.2025-ci il tarixli üzləşmə aktı ilə öz imza və möhürləri ilə təsdiq etmişlər.

14. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilkin iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 119.235,16 manat, ##.##.2024-cü il tarixli xidmət müqaviləsinə əsasən əsas borc üzrə 45.754,50 manat, icarə müqaviləsinə əsasən 29.854 manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Ərizəçi verilməlidir.

15. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda müvəqqəti təminat tədbiri barədə ərizə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra, lakin həmin qətnamə qanuni qüvvəyə minməmişdən əvvəl verilmişdir. Bu baxımdan hazırkı ərizəyə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsi tətbiq olunur.

16. Həmin maddəyə əsasən, qətnamənin icrasının təmini bu Məcəllənin 13-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu isə o deməkdir ki, qətnamənin icrasının təmin edilməsi məqsədilə tətbiq olunan tədbirlər hüquqi mahiyyətinə görə müvəqqəti təminat tədbirləri ilə eyniləşdirilir və onların tətbiqi zamanı Mülki Prosessual Məcəllənin 157-ci maddəsində təsbit edilmiş məqsəd, mütənasiblik, təcililik və işin qabaqcadan mahiyyəti üzrə həll edilməməsi meyarlarına riayət olunmalıdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən tutulan borc məbləğinin miqdarını, müqavilələr üzrə ödənişlərin olmamasını, cavabdehin kommersiya fəaliyyəti ilə məşğul olan şəxs olmasını nəzərə alaraq qeyd edir ki, cavabdehin bank hesablarındakı pul vəsaitləri gündəlik təsərrüfat dövriyyəsinin predmetidir və həmin vəsaitlər üzərində sərəncam hüququnun məhdudlaşdırılmaması halında, vəsaitlərin qısa müddət ərzində üçüncü şəxslərə köçürülməsi real ehtimal təşkil edir.

18. Məhkəmə kollegiyası hesab edir ki, məhz cavabdehin maliyyə dövriyyəsinin dinamik xarakter daşıması gələcəkdə məhkəmə qətnaməsinin icrasının çətinləşməsi riskini yaradır və bu riskin qarşısının alınması MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edir.

19. Kollegiya qeyd edir ki, faktiki fəaliyyət göstərən hüquqi şəxsin işçilərinə ödənilən əmək haqları və məcburi dövlət ödənişləri bilavasitə istehsalda iştirak edən əmlak kimi qiymətləndirilməli və bank hesabları üzərinə qoyulmuş həbs həmin vəsaitlərin ödənilməsinin qarşısını almamalıdır.

20. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə təmin edilməli, cavabdehin bank hesablarında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergilər, məcburi dövlət sosial sığorta ödənişləri və s.) aparılmasına məhdudiyyət qoyulmadan 194,843.66 manat məbləğində həbs qoyulmalıdır.

21. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 236, 365, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan *-*(*- **)-***/**** nömrəli iş üzrə ilkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilsin. İlkin iddia üzrə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesablarındakı pul vəsaitinin üzərinə işçilərin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergilər, məcburi dövlət sosial sığorta ödənişləri və s.) aparılmasına məhdudiyyət qoyulmadan 194,843.66 manat (bir yüz doxsan dörd min səkkiz yüz qırx üç manat almış altı qəpik) məbləğində həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar