Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-626/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, **(*-***)-***/**** saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iddiaçı Ərizəçi verdiyi şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “uşaqla ünsiyyətdə olma hüququnun müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehin birgə övladı – ##.##.2017-ci il təvəllüdlü Amina ilə ünsiyyətdə olma hüququnun həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə sərbəst şəkildə hər həftənin şənbə günü saat 12:00-dan saat 19:00-dək, məktəb tətili günlərində isə hər həftənin şənbə və bazar günləri uşağın onun yanında qalması qaydasında ünsiyyət vaxtının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, eyni zamanda, “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, yuxarıda qeyd edilən iddiaya dair mülki işə baxılıb qurtaranadək, onun azyaşlı uşağı ilə hər həftənin şənbə günü saat 12:00-dan saat 19:00dək cavabdehin iştirakı olmadan sərbəst ünsiyyətdə olmasının müəyyən edilməsini xahiş etmişdir. “Müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin qismən təmin edilməsini, iddiaçının övladı ilə hər həftənin şənbə günü saat 12:00-dan 18:00-dək sərbəst ünsiyyətdə olmasının, ünsiyyətin cavabdehin iştirakı olmadan həyata keçirilməsinin müəyyən edilməsini, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə hər həftənin şənbə günü saat 12:00-da cavabdeh tərəfindən iddiaçıya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı tərəfindən cavabdehə təhvil verilməsini, ərizənin qalan hissədə təmin edilməməsini qərara almışdır. İş üzrə cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və “müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında” ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin qismən təmin edilməsini, ##.##.2026-cı il tarixli qərardadın dəyişdirilməsini, mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək iddiaçının övladı ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək cavabdehin iştirakı ilə müəyyən edilməsini qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və cavabdehin ##.##.2026-cı il tarixli qərardaddan verdiyi şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadı qəbul edərkən işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, cavabdeh tərəfin mülahizələrinə və əvvəlki məhkəmə proseslərində təqdim etdiyi tibbi sənədlərə əsaslanmışdır. Məhkəmənin istinad etdiyi tibb müəssisələrinin – “ORVİTA” MMC-nin ##.##.2026-cı il tarixli, **-** saylı arayışında və “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, *** saylı psixoloji rəyində uşağın psixo-emosional vəziyyətinin məhz iddiaçının davranışlarından qaynaqlandığı müəyyən edilməmişdir. Həmin sənədlər iddiaçının uşaqla ananın iştirakı olmadan ünsiyyət saxlamasının uşağın mənafeyinə zidd olması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər (maddə 157.1.). Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir (maddə 157.2.). Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (maddə 49.3.). Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir (maddə 50.1.). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarının 7.1ci bəndi ilə “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarına aşağıdakı məzmunda yeni abzas əlavə edilmişdir: “Məhkəmələrə izah edilsin ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”. Həmin qərarının 8-ci bəndində görə, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına dəyişikliklər edilmiş, 2-ci bəndə aşağıdakı məzmunda yeni abzas əlavə edilmişdir: “Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”. Hazırkı işin materiallarından görünür ki, “ORVİTA” MMC-nin ##.##.2026-cı il tarixli, **-** saylı arayışında ##.##.2017-ci il təvəllüdlü Aminada psixo-emosional gərginlik, qorxu, həyəcan və təşviş pozuntusunun aşkar edildiyi, uşağın psixoloji dəstək almasının vacib olduğu, psixoloji seanslar davam etdiyi müddətdə onun təhlükə, həyəcan və narahatlıq yaradan hallardan qorunmasının məqsədəuyğun olduğu qeyd edilmişdir. İş materiallarında, həmçinin uşağın psixoloji vəziyyətinə dair “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, *** saylı psixoloji rəyi də var kı, həmin rəylə də, Aminanın səhhətində yuxarıda qeyd edilən problemlərin mövcudluğu öz əksini tapır. Məhkəmə hesab edir ki, uşağın hazırkı psixo-emosional vəziyyətinə dair iş materiallarında olan həmin məlumatlar müvəqqəti ünsiyyət qaydası müəyyən edilərkən nəzərə alınmalı olan əhəmiyyətli hallardır. Çünki uşağın hüquqları valideynlərin hüquqlarından üstündür. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin tələblərinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hazırkı mərhələdə iddiaçının uşaqla ünsiyyətinin cavabdehin iştirakı ilə həyata keçirilməsinin onun valideyn kimi ünsiyyət hüququnu aradan qaldırmadığını, yalnız uşağın mövcud vəziyyəti nəzərə alınmaqla həmin hüququn həyata keçirilməsinin müvəqqəti qaydasını müəyyən etdiyini nəzərə alaraq, Rayon Məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, iş materiallarından tərəflər arasında uşaqla ünsiyyətin həyata keçirilməsi ilə bağlı mübahisənin davam etdiyi görünür. Belə şəraitdə mübahisə mahiyyəti üzrə həll edilənədək uşağın atası ilə ünsiyyətinin tamamilə kəsilməsi onların münasibətlərinin soyumasına səbəb ola bilər. Digər tərəfdən isə uşağın psixoemosional vəziyyətinə dair işdə olan məlumatlar nəzərə alınmadan bu mərhələdə ünsiyyətin ananın iştirakı olmadan həyata keçirilməsinin müəyyən edilməsi də uşağın mənafeyinin lazımi qaydada nəzərə alınmaması ilə nəticələnə bilər. Bu səbəbdən Rayon Məhkəməsinin müəyyən etdiyi ünsiyyət qaydası mövcud vəziyyətdə valideynlə uşağın ünsiyyət hüququ ilə uşağın mənafeyi arasında ağlabatan tarazlığı təmin edir. Bu baxımdan iddiaçının şikayətində göstərilən dəlillər barəsində şikayət verilmiş qərardadın ləğv edilməsinə əsas vermir. Şikayətdə istinad olunan halların bir qismi tərəflər arasındakı mübahisənin mahiyyəti ilə bağlı olmaqla, əsas iddiaya baxılarkən iş üzrə toplanmış sübutların məcmusu əsasında qiymətləndirilməlidir. Müvəqqəti təminat tədbirinə dair hazırkı icraatda isə həmin mübahisənin mahiyyəti üzrə qabaqcadan nəticəyə gəlinməsi yolverilməzdir. Məhkəmə onu da nəzərə alır ki, barəsində şikayət verilmiş qərardadla müəyyən edilmiş ünsiyyət qaydası müvəqqəti xarakter daşıyır və *(*-***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək tətbiq edilir. Rayon Məhkəməsi məhz bu dövr üçün iddiaçının övladı ilə hər həftənin şənbə günü saat 11:00-dan 15:00-dək cavabdehin iştirakı ilə görüşməsini müəyyən etmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi müvəqqəti təminat tədbiri barədə məsələni həll edərkən iş üçün əhəmiyyətli halları nəzərə almış, tətbiq edilməli prosessual və ailə qanunvericiliyi normalarının tələblərinə uyğun nəticəyə gəlmişdir. Buna görə də şikayətin təmin edilməsi və barəsində şikayət verilmiş qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. Buna görə də, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalı, iddiaçının həmin qərardaddan verdiyi şikayət isə təmin edilməməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-in 157, 158, 398, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı Ərizəçi şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-6)-626/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-626/2026
01.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver