Məhkəmə qərarları › İş №16(3-6)-703/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-703/2026

16.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-703/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi haqqında” ərizəsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 5 (əvvəl ünvan 1) ünvanında yerləşən və "xxxx" MMC tərəfindən tərtib edilmiş layihədə əks olunmuş 58,8 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının 42,13 kv.m hissəsinin qarşısında olan və ona məxsus 16,67 kv.m hissəsindən istifadə edilməsi Cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 V saylı evin qarşısında yerləşən və sahəsi 42,13 kv.m təşkil edən qeyri-yaşayış sahəsi uzun müddət istifadəsində olmuşdur. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2012-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 V saylı evin qarşısında yerləşən və uzun müddət istifadəmdə olan qeyri-yaşayış sahəsinin təqdim olunmuş layihəyə uyğun mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının ## ###### 2012-ci il tarixli aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 V saylı evin qarşısında yerləşən və sahəsi 42,13 kv.m təşkil edən qeyri-yaşayış sahəsi layihəyə uyğun başa çatdırıldığından istismara yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş, ünvan 1 (əvvəl 3V) ünvanında yerləşən qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, qeyri-yaşayış binasının sahəsi 42,13 kv.m təşkil edir. Sonradan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2012-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 V saylı evin qarşısında yerləşən qeyri-yaşayış sahəsini qarşı tərəfdən genişlətmişəm və hazırda qeyri-yaşayış sahəsinin ölçüsü 58,8 kv.m təşkil edir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdehlər X1, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və ondan müştərək qaydada ***R********** saylı kredit razılaşması üzrə 218197,30 manat (iki yüz on səkkiz min yüz doxsan yeddi manat otuz qəpik) əsas borc, 24555,77 manat (iyirmi dörd min beş yüz əlli beş manat yetmiş yeddi qəpik) faiz borcu, 9180,68 manat (doqquz min yüz səksən manat altmış səkkiz qəpik) cərimə olmaqla, cəmi 251933,75 manat (iki yüz əlli bir min doqquz yüz otuz üç manat yetmiş beş qəpik) məbləğində borc və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 240 (iki yüz qırx) manat xidmət haqqı, ödənimiş dövlət rüsumunun əvəzi olaraq 535,31 manat (beş yüz otuz beş manat otuz bir qəpik) olmaqla, ümumilikdə 252739,06 manat (iki yüz əlli iki min yeddi yüz otuz doqquz manat altı qəpik) məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ona məxsus olan ünvan 3 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına və ünvan 4 ünvanında zirzəmidə yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan artıq məbləğ qalarsa, qalan məbləğin ona qaytarılması, ipoteka predmeti olan, ünvan 3 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin 152000 (yüz əlli iki min) manat, ünvan 4 ünvanında zirzəmidə yerləşən 92.2 m² ümumi sahədən ibarət qeyriyaşayış binasının ilkin satış qiymətinin 185000 (yüz səksən beş min) manat müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Maraqlı şəxs Cavabdeh ## #### 2025-ci il tarixli hərracda iştirak etmiş, qalib olmuş və 192584 (yüz doxsan iki min beş yüz səksən dörd) manat məbləği tam ödəyərək ünvan 3 ünvanında 0.00518 ha torpaq sahəsində yerləşən 42.13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri- yaşayış binasını əldə etmişdir. Bundan sonra cavabdehlər "xxxx" QSC və "xxxx" MMC-yə qarşı "hərracın keçirilməsi barədə protokolun etibarsız hesab edilməsi və həmin protokollar üzrə verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- *****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Hazırda qətnamə qanuni qüvvəsini almamışdır və qətnamədən apellyasiya şikayəti veriləcəkdir. ünvan 3 (hazırda ünvan 5) ünvanında yerləşən 42,13 m² ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası Cavabdeh tərəfindən hərracda alınmasına baxmayaraq qeyri-yaşayış sahəsinin qarşısında olan və mənə məxsus 16,67 kv.m (58,8-42,13) sahədən də, istifadə etmək istəyir. Hansı ki, həmin sahə mənim sahiblik və istifadəmdədir. Qeyri-yaşayış sahəsinin 16,67 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və sərəncam əsasında inşa olunaraq tərəfimdən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Eyni zamanda qeyri-yaşayış sahəsinin 16,67 kv.m hissəsinə mənim gözlənilən hüququm vardır. Gözlənilən hüquq dedikdə təkcə özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi ehtiva olunmur. Analoji işlərdə bu hüquq daha geniş təfsir olunmalıdır. Zaman-zaman özbaşına tikililərə mülkiyyət hüququnun qeydə alınmasına dair normativ aktların qəbul edilməsi təcrübəsi də mövcud olmuşdur. Dövlət müəyyən mərhələlərdə belə hüquqi rejimde olan tikililəri tanımışdır. Hazırda qüvvədə olan qanunvericilik özbaşına tikililərə mülkiyyət hüququnu istisna edir. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Lakin, həmin tikiliyə çəkilən xərclərin tikintini aparan şəxsə məxsus olması və ondan bəhrələnmək hüququnun da məhz həmin şəxsə məxsus olması istisna deyil. Qeyri-yaşayış sahəsinin 16,67 kv.m hissəsinə çəkilən vəsait mənim vəsaitim olduğundan digər şəxslərin ondan bəhrələnmək hüququ vəsaitin sahibinin (sahiblərinin) icazəsi ilə baş tuta bilər. Hazırda maraqlı şəxs qeyri-yaşayış sahəsinin 16,67 kv.m hissəsindən istifadə etməyə çalışmaqla mənim özümə məxsus əmlakdan istifadəmə maneçilik yaradır. Hansı ki, maraqlı şəxs özü üçün qeyri-yaşayış sahəsinin digər hissələrindən giriş qapısı aça bilər. Buna görə də, maeələrin aradan qaldırılması tələbi ilə bağlı məhkəməyə müraciət etməliyəm. Bunun üçün isə vaxt tələb olunur. Müvəqqəti təminat tədbiri barədə ərizə təmin olunmadığı təqdirdə maraqlı şəxs qeyriyaşayış sahəsinin 16,67 kv.m hissəsindən istifadə etməklə onun həmin sahədən ayrılıqda istifadə edərək qazanc əldə etməyimə maneçilik törədəcəkdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə hazırki ərizə təmin edilməmişdir. Ərizəçi Ərizəçi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin **(*-**)- ***/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ərizəçi bildirir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş layihədən görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası 58,8 kv.m ümumi sahədən ibarətdir ki, həmin sahənin 42,13 kv.m hissəsi Cavabdeh mülkiyyətindədir, həmin sahənin qarşısında olan 16,67 kv.m hissəsi isə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2012-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Ərizəçi məxsusdur. Qeyri-yaşayış sahəsinin 16,67 kv.m hissəsindən istifadə etmədən isə həmin sahənin 42,13 kv.m hissəsindən istifadə etmək mümkün deyildir. Bunun üçün ayrıca giriş qapısı açılmalıdır. Cavabdeh öz mülkiyyətində olan sahədən istifadə etmək üçün ayrıca giriş qapısı açmaq əvəzinə onun sahəsindən qanunsuz olaraq istifadə edir. Belə olan halda Cavabdeh qeyri-yaşayış sahəsinin 16,67 kv.m hissəsindən istifadəsinin qanunsuz olması açıq aydın görünür və Cavabdeh həmin sahə üzrə hər hansı hüquq sahibi olması barədə heç bir sübut yoxdur. Bundan başqa məhkəmə qeyd etmişdir ki, bu kimi hallar adətən mülki işə mahiyyəti üzrə baxılarkən müəyyən edilməli olan hallardır. Hazırda isə ərizəçi maraqlı şəxsin həmin mübahisəli sahədən istifadə etməsinin qətnamənin gələcəkdə icrasının qeyrimümkün etməsinin konkret və tutarlı səbəbini göstərə bilmir. Bu baxımdan bildirilir ki, müvəqqəti təminat tədbirləri mübahisəli məsələlərin həllini deyil, mövcud vəziyyətin qorunmasını nəzərdə tutur. Bu cür öhdəliklər yalnız yekun məhkəmə aktı ilə müəyyən edilə bilər. Onu qeyd edir ki, bu kimi hallar ilkin sənədlərin məcmusu ilə görünür və zərurət olduqda məhkəmə müvəqqəti təminat tədbirinə baxılması çərçivəsində yerində müayinə keçirməklə məsələni həll edə bilərdi. Bundan başqa Cavabdeh qeyri-yaşayış sahəsinə verilən elektrik enerjisi üzrə abunə kodunu öz adına dəyişdirdiyindən elektrik enerjisinin verilişini dayandırmışdır. Ona məxsus sahəni ayıra bilmədiyindən öz sahəsinə yeni abunə kodunu ala bilmir ki, həmin sahəni ayrıca icarəyə versin. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan 16,67 kv.m qeyri-yaşayış sahəsinin maraqlı şəxs Cavabdeh istifadəsinin qanunsuz olması və ya onun həmin sahə üzrə hər hansı hüquq sahibi olubolmaması qeyri-müəyyəndir. Lakin təqdim etdiyi "xxxx" MMC tərəfindən tərtib edilmiş layihədən görünür ki,ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binası 58,8 kv.m ümumi sahədən ibarətdir ki, həmin sahənin 42,13 kv.m hissəsi Cavabdeh mülkiyyətindədir, həmin sahənin qarşısında olan 16,67 kv.m hissəsi isə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının ## ###### 2012-ci il tarixli, *** nömrəli sərəncamına əsasən ona məxsusdur. Qeyri-yaşayış sahəsinin 16,67 kv.m hissəsindən istifadə etmədən isə həmin sahənin 42,13 kv.m hissəsindən istifadə etmək mümkün deyildir. Bunun üçün ayrıca giriş qapısı açılmalıdır. Təbii ki, Cavabdeh öz mülkiyyətində olan sahədən istifadə etmək üçün ayrıca giriş qapısı açmaq əvəzinə onun sahəsindən qanunsuz olaraq istifadə edir. Belə olan halda Cavabdeh qeyri-yaşayış sahəsinin 16,67 kv.m hissəsindən istifadəsinin qanunsuz olması açıq aydın görünür və Cavabdeh həmin sahə üzrə hər hansı hüquq sahibi olması barədə heç bir sübut yoxdur. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. MPM-in 157.5-ci maddəsinə görə isə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır:-müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı;-iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Həmin Məcəllənin 157.6-cı maddəsində isə göstərilmişdir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Göründüyü kimi müvəqqəti təminat barədə ərizə Mülki Prosessual Məcəllənin 157.5ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, iddiaçı tərəfindən cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı ilə bağlı hər hansı sübut müəyyən olunmamışdır. Bununla bağlı kollegiya vurğulayır ki, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbirdir və həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Ona görə də, müvəqqəti təminat tədbirlərinin məhkəmə tərəfindən tətbiqi üçün sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə təqdim olunmasına ehtiyac yoxdur. Bununla belə, müvəqqəti təminat tədbirlərinin görülməsi üçün məhkəməyə ilkin zəruri sübutların təqdim edilməsinə və ilkin əsaslandırılmasına, habelə bununla bağlı dəlillərin təqdim edilməsinə ehtiyac vardır. Məhz bu məqamda müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi məsələsi ortaya çıxır. Buna görə, müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Məhz buna görədir ki, qanunverici hətta iş üzrə cavabdehlərə qarşı verilsə belə, hər bir halda müvəqqəti təminat tədbirinə dair ərizələrin təmin ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Əksinə, yuxarıda göstərilənləri nəzərə almaqla qanunverici, müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizələrin təmin edilməsini MPM-in 157.1-ci maddəsində “bilər” ifadəsini işlətməklə məhkəmənin səlahiyyətinə verir. Beləliklə, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrin zərurilik meyarı baxımından qiymətləndirilməsi ona imkan verir ki, belə tədbirlərin görülməsi ilə əlaqədar hər hansı əsaslandırma aparılmadan və ilkin sübut təqdim edilmədən verilən ərizələrin təmin edilməsi mümkün deyildir. Göründüyü kimi, müvəqqəti təminat tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək üçün görülən prosessual tədbirdir. Bu isə o zaman zəruri olur ki, həmin tədbirin görülməməsi çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətinləşdirsin və yaxud qeyrimümkün etsin. Müvəqqəti təminat tədbiri barədə ərizə təqdim edən ərizəçi, bir tərəfdən iddianın uğurluluq ehtimalını təsdiq edən dəlilləri, digər tərəfdən isə ərizənin təmin edilməyəcəyi halda qətnamənin icrasının mümkünsüz, yaxud çətin olacağını təsdiq edən dəlilləri təqdim etməlidir, çünki həmin tədbir cavabdehə məxsus hüququn bu və ya digər şəkildə məhdudlaşdırılmasını ehtiva edir. Məhkəmə icraatının gedişində cavabdehə tətbiq edilən məhdudiyyət isə yalnız zərurətdən irəli gələ bilər. Müvəqqəti təminat tədbirilərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş va ya mübahisəli hüququnun mövcudluğunu, üzərinə məhdudiyyət qoyulan əmlakın kimə məxsus olmasını təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Həmçinin ərizəçi özü qeyd etdiyi kimi mübahisəli qeyri-yaşayış sahəsinə dair hüquqlar dövlət reyestrində qeydə alınmamışdır, ərizəçi həmin sahənin özü tərəfindən tikildiyini, oraya gözlənilən mülkiyyət hüququnun mövcudluğunu iddia edərək hazırki təminat tədbirlərin görülməsini tələb edir. Bu baxımdan mübahisə predmeti olan 16,67 kv.m qeyri-yaşayış sahəsinin Ərizəçi tərəfindən tikilməsi, məhz həmin tikili üzərində onun gözl\nilən mülkiyyət hüququnun olması və sonradan başqalarının hüquq sahibi olması və s kimi hallarla bağlı ilkin sübutlar müəyyən olunmur, həmin məsələlərin müvəqqəti təminat tədbirinə dair icraat çərçivəsində araşdırılması isə belə icraatın vəzifələrinə aid deyil. Nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbirləri üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hazırki ərizənin təmin edilməsi üçün əsaslar mövcud olmadığından onun rədd edilməsi qənaətinə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmin dəlilləri qərardadın ləği üçün əsas hesab etmir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar