Məhkəmə qərarları › İş №16(3-6)-710/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-710/2026

02.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-710/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi ərizəsi üzrə (Açar söz: müvəqqəti təminat tədbiri, mütənasiblik prinsipi, qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar, qətnamənin icrasının təmin olunması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə Ərizəçi X2 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklarda payların müəyyən olunması və pulun tutulması” tələblərinə dair mülki iş üzrə müvəqqəti təminat tədbirinin görülməsinə dair Ərizəçi tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları:

1. Ərizəçi (iddiaçı) X2 (cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş “Tayota RAV-4” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin yarısının – 25 000 manatın cavabdehdən xeyrinə tutulması, nikah dövründə əldə edilmiş qızıl-ziynət əşyalarının üzərində mülkiyyət haqqının tanınması, nikah dövründə əldə edilmiş qızıl-ziynət əşyalarının (İtaliya istehsalı olan ağ qızıl dəsti: boyunbağı, bir neçə qatdan ibarət sərmə tipli, 750 əyar - 130 q, 22 000 manat, qolbaq bir neçə qatdan ibarət - 50-55 q, 8500 manat, sırğalar, yuxarı hissəsi kvadrat, aşağısı saçaqlı - 30 q, 5000 manat; İtalya istehsalı olan 750 əyar sarı qızılsərmə tipli: Boyunbağı- 120 q, 20 000 manat, qolbaq - 55 q, sırğalar-15 q, 2500 manat; BƏƏ-dən alınmış 2 ədəd qolbaq, 750 əyar: Qolbaq - "Tiffany” markalı - 20 q, Qolbaq - üzərində fırlanan təkər forması olan - 20 q, cəmi 5000 manat; 2 ədəd əlavə qolbaq - təxmini 1500 manat; Ağ qızıldan boyunbağı və qolbağ dəsti: Boyunbağı - 60 q, 10 000 manat, Qolbaq- 30 q,- 5000 man; Dairə formalı, içərisi butaya bənzər işləməli, üzəri qiymətli daşla işlənmiş 750 əyar qızıldan medalyon, sırğa və boyunbağı dəsti: Medalyon - 3000 manat, sırğalar - 2000 manat, boyunbağı - 1000 manat; Banan tipli qızıl sırğa - 1000 manat (cavabdeh tərəfindən satılıb); Qabarit çıxıntılı, yarpaq formalı, üzərində mirvari olan qızıl sırğa, 750 əyar - 3000 manat; Göy sapfir daşlı, qızıl hissəsi çiçək və daş hissəsi damcı formalı, ağ qızıl üzərində brilyant daşlarla işlənmiş qızıl sırğa - 4000 manat; təkər formalı 2 dəst sırğa, biri nazik böyük dairəvi ölçüdə sadə, digəri kiçik ölçüdə içərisində saçaq formalı işlənmiş 585 əyar - cəmi 2000 manat; Mürəkkəb toxunuşlu qolbağ, Dubaydan alınıb, 750 əyar: 40-50 q., 5000 manat; Tək qaş, 0,4 karat brilyant daşlı dabl üzük (bir-birinə keçmə iki üzük) - 3000 manat; Ağ qızıl üzərində böyük ölçülü göy topaz qaşlı qızıl üzuk - 2000 manat; üzərində qızıldan muncuqlar əlavə olunmuş 3-lü (üç qatlı) qızıl boyunbağı - 1500 manat; Qəhvəyi rəngli, damla formalı qiymətli daşdan olan qızıl sırğa dəsti - 2500 manat; seplər, boyunbağılar - 3 ədəd (tək olaraq) - 3000 manat; 7-8 ədəd müxtəlif çəki və ölçüdə kulonlar (medalyonlar) 3000 manat- 1500 manat; İşdə ortaqları və dostlar tərəfindən verilmiş qızıl dəstlər - Satılıb (cavabdehin özü tərəfindən) toplam məbləğ 115 000 manat) üzərində mülkiyyət haqqının tanınması, nikah dövründə yaranmış borcun qaytarılması məqsədilə götürülmüş 100 000 ABŞ dolları borcun ½ hisssəsinin cavabdehə aid edilməsi, qeyd edilən qızıl ziynət əşyalarının dəyərinin ½ hissəsinin, yəni 55 250 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sumqayıt şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, mülki işin baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, birgə nikah dövründə əldə olunmuş “Toyota RAV-4” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyəri 40 665 (qırx min altı yüz altmış beş) manat pulun ½ hissəsi olan 20 332,50 (iyirmi min üç yüz otuz iki manat əlli qəpik) manatın X2 alınaraq Ərizəçi verilməsi, ## ####### 2022-ci il tarixli kredit müqaviləsi üzrə 100 000 (yüz min) ABŞ dolları borcun ½ hisssəsinin X2, ½ hisssəsinin isə Ərizəçi aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində ekspertiza xərcinin ona aid edilməsi, ekspertiza xərcinin qalan hissəsi olan 400 (dörd yüz) manatın X2 alınaraq “X1 Mərkəzi”nə ödənilməsi, X2 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (bir yüz) manatın alınaraq Ərizəçi verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət olunmuşdur.

4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun iddia tələblərinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsini; cavabdeh şikayət verərək onun ləğv və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

5. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.

0 Müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə

6. ## ######## 2026-cı il tarixdə Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə məhkəməyə daxil olmuşdur (elektron sistemə yerləşdirilmişdir).

7. Ərizə belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə çıxarılacaq qətnamənin icrası məqsədilə cavabdehin də üzərində ½ payla mülkiyyət hüququ müəyyən edilmiş ona məxsus torpaq sahəsinin üzərinə həbs qoyulması zərurəti vardır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

8. Maddə 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.

9. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

10. Maddə 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu.

11. Maddə 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.

12. Maddə 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.

13. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək; 158.1.4. əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq; 158.1.5. borclu tərəfindən məhkəmə qaydasında qanuniliyi barəsində mübahisə edilən tələbin icra sənədi üzrə alınmasını dayandırmaq; 158.1.6. icrası mübahisəsiz qaydada aparılmalı olan tutulmalar üzrə qanuniliyi iddiaçı tərəfindən məhkəmə qaydasında barəsində mübahisə edilən tələbin icra sənədi və ya digər sənəd üzrə alınmasını dayandırmaq.

14. Maddə 158.2. Məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər.

15. Maddə 236. Məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

16. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu, iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

17. Qanunverici tələb edir ki, müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizə, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğuna dair dəlillər göstərilməklə, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi halları ilə əlaqələndirilib əsaslandırılmalıdır.

18. Bu baxımdan nəzərə almaq lazımdır ki, ərizəçinin tələb etdiyi növdə təmin tədbirinin tətbiqi üçün ilk növbədə qəbul ediləcək qətnamənin icra edilməsinin çətinliyini və ya mümkünsüzlüyünü təsdiq edən halların mövcudluğuna dair sübutlar təqdim edilməli və iddia tələbinin heç bir təminatı mövcud olmamalıdır.

19. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli Qərarında qeyd etmişdir ki, müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Bundan əlavə məhkəmə irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, gələcəkdə iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin tətbiq olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar).

20. Ərizəçi tərəfindən qətnamənin icra edilməsinin çətinliyinə və ya mümkünsüzlüyünə dəlalət edən sübutlar təqdim olunmadığından, kollegiya hesab edir ki, ərizənin təmin olunması üçün əsas yoxdur.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157- 159-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Ərizə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Səadət Səlimova

Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar