Məhkəmə qərarları › İş №16(3-6)-744/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-744/2026

10.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-744/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, İddiaçı Ləğv prosesində olan Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “İdeal Office” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə üzrə borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə müvəqqəti təminat tədbirinin görülməsinə dair Ləğv prosesində olan Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi:

1. İddiaçı LPO Ərizəçi ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan Ərizəçi ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə “İdeal Office” MMC arasında bağlanmış ##.##.2017-ci il tarixli, icarə müqaviləsi üzrə cavabdehdən 22.486,51 (iyirmi iki min dörd yüz səksən altı, 51) manat yaranmış borcun və ödənilmiş 157.46 (bir yüz əlli yeddi,46) manat məbləğində dövlət rüsumunun iddiaçı ləğv prosesində olan Ərizəçi ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Günay Namazova) iddianın qismən təmin edilməsi, cavabdeh “İdeal Office” MMC-dən 7680 manat icarə haqqı borcu və dövlət rüsumunun əvəzi olaraq 97 manat tutularaq iddiaçı ləğv prosesində olan Ərizəçi ASC-yə ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən tərəflər apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Kommerisya Kollegiyasının ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətləri icraata qəbul edilmiş, məhkəmə iclası ## ######## 2026-cı il tarixə, saat 09:40-a təyin edilmişdir.

4. Hazırda Ləğv prosesində olan Ərizəçi Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, kommersiya mübahisəsi yekunlaşanadək müvəqqəti təminat tədbiri kimi “İdeal Office” MMC-nin “xxxx” ASC-də olan AZ**AIIB******************** saylı hesabına və Azərbaycan Respublikasında yerləşən digər banklardaki hesablarında olan pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, , iddia tələbini gələcəkdə təmin etmək məqsədi ilə cavabdeh “İdeal Office” MMC-nin Azərbaycan Respublikasında yerləşən banklardaki hesablarında pul vəsaitlərinin üzərinə iddia tələbi həcmində həbs qoyulması zərurəti vardır. Belə ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca icra edilməməsi nəticəsində iddiaçıya külli miqdarda ziyan vurulmuşdur.

6. Məhkəmə kollegiyası hesab edir ki, ərizə qismən təmin edilməlidir.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. ... 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. ... Maddə 158. Müvəqqəti təminat tədbirlərinin növləri və həmin tədbirlərə riayət edilməməsinin nəticələri 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya arbitraj mübahisəsi tərəfində və ya digər şəxslərdə olan cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə məxsus əmlak üzərinə həbs qoymaq; ... 158.3. Əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə; ... Maddə 160. Müvəqqəti təminat tədbirləri haqqında qərardadın icra edilməsi 160.1. Müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. ... Maddə 236. Qətnamənin icrasının təmini Məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər.

8. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilən prosessual tədbirdir. Yəni məhkəmədə belə qənaət formalaşmalıdır ki, bu tədbirlərin görülməməsi mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər, ona görə də ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır.

9. İşin hallarından da göründüyü kimi, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12 A, B bloku, qapı 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları Ərizəçi ASC-nin adına hüquqi qeydiyyata alınmışdır.

10. Ərizəçi ASC ilə “İdeal Office” MMC arasında ## ###### 2017-ci il tarixli daşınmaz əşyaya dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bu Müqaviləyə əsasən İcarəyə Verən Əşyanı İcarəçiyə icarəyə verməyi, İcarəçi isə İcarəlik Əşyanın həmin Müqavilədə göstərilən şərtlərə müvafiq olaraq istifadə etməyi və bunun müqabilində İcarəyə Verənə İcarə Haqqı ödəməyi öz öhdəsinə götürür.

11. LPO Ərizəçi ASC tərəfindən “İdeal Office” MMC-yə ##.##.2023-cü il tarixli EBCO seriyalı ****** nömrəli 1050 manat məbləğində, ##.##.2023-cü il tarixli EBDB seriyalı ****** nömrəli 1050 manat məbləğində, ##.##.2023-cü il tarixli EBDC seriyalı ****** nömrəli 1050 manat məbləğində, ##.##.2023-cü il tarixli EBDF seriyalı ****** nömrəli 1050 manat məbləğində, ##.##.2023-cü il tarixli EBDH seriyalı ****** nömrəli 1050 manat məbləğində, ##.##.2023-cü il tarixli EBDJ seriyalı ****** nömrəli 1050 manat məbləğində, ##.##.2023-cü il tarixli EBDL seriyalı ****** nömrəli 1050 manat məbləğində, ##.##.2023cü il tarixli EBDN seriyalı ****** nömrəli 1050 manat məbləğində e-qaimələr göndərilmişdir.

12. LPO Ərizəçi ASC tərəfindən “İdeal Office” MMC-yə ünvanlanan ##.##.2024cü il tarixli məktuba əsasən “İdeal Office” MMC-nin 13 ay ərzində ödənilməmiş 13650 manat məbləğində icarə haqqı borcu olduğu bildirilmiş və 5 iş günü ərzində borcun ödənilməsi tələb edilmişdir.

13. ##.##.2026-cı il tarixli maliyyə arayışına və hər il üzrə borc cədvəllərinə əsasən icarə müqaviləsi üzrə “İdeal Office” MMC-nin 19056,36 manat məbləğində icarə haqqı borcu və 3430,15 manat məbləğində ƏDV borcu, ümumilikdə isə 22486,51 manat məbləğində borcu müəyyən edilmişdir: 2018-ci il üçün – 1156,51 manat, 2019-cü il üçün – 0 manat, 2020-ci il üçün – 0 manat, 2021-ci il üçün – 0 manat, 2022-ci il üçün – 7350 manat, 2023-cü il üçün – 2430 manat, 2024-cü il üçün – 11550 manat.

14. İşə mahiyyəti üzrə baxan birinci instasiya məhkəməsi müəyyən etmişdir ki, arasında daşınmaz əmlakın icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, qeyri-yaşayış sahəsi cavabdeh “İdeal Office” MMC-nin icarəsinə verilmiş, cavabdeh tərəfindən icarə haqqı öhdəlikləri yerinə yetirmədiyi üçün həmin müqavilə üzrə borcu yaranmışdır.

15. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda müvəqqəti təminat tədbiri barədə ərizə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra, lakin həmin qətnamə qanuni qüvvəyə minməmişdən əvvəl verilmişdir. Bu baxımdan hazırkı ərizəyə münasibətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsi tətbiq olunur.

16. Həmin maddəyə əsasən, qətnamənin icrasının təmini bu Məcəllənin 13-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu isə o deməkdir ki, qətnamənin icrasının təmin edilməsi məqsədilə tətbiq olunan tədbirlər hüquqi mahiyyətinə görə müvəqqəti təminat tədbirləri ilə eyniləşdirilir və onların tətbiqi zamanı Mülki Prosessual Məcəllənin 157-ci maddəsində təsbit edilmiş məqsəd, mütənasiblik, təcililik və işin qabaqcadan mahiyyəti üzrə həll edilməməsi meyarlarına riayət olunmalıdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən tutulan borc məbləğinin miqdarını, müqavilə üzrə ödənişlərin olmamasını, cavabdehin kommersiya fəaliyyəti ilə məşğul olan şəxs olmasını nəzərə alaraq qeyd edir ki, cavabdehin bank hesablarındakı pul vəsaitləri gündəlik təsərrüfat dövriyyəsinin predmetidir və həmin vəsaitlər üzərində sərəncam hüququnun məhdudlaşdırılmaması halında, vəsaitlərin qısa müddət ərzində üçüncü şəxslərə köçürülməsi real ehtimal təşkil edir.

18. Məhkəmə kollegiyası hesab edir ki, məhz cavabdehin maliyyə dövriyyəsinin dinamik xarakter daşıması gələcəkdə məhkəmə qətnaməsinin icrasının çətinləşməsi riskini yaradır və bu riskin qarşısının alınması MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edir.

19. Kollegiya qeyd edir ki, faktiki fəaliyyət göstərən hüquqi şəxsin işçilərinə ödənilən əmək haqları və məcburi dövlət ödənişləri bilavasitə istehsalda iştirak edən əmlak kimi qiymətləndirilməli və bank hesabları üzərinə qoyulmuş həbs həmin vəsaitlərin ödənilməsinin qarşısını almamalıdır.

20. Göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə qismən - “İdeal Office” MMC-nin “xxxx” ASC-də olan AZ**AIIB******************** saylı hesabına münasibətdə təmin edilməli, cavabdehin bank hesabında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergilər, məcburi dövlət sosial sığorta ödənişləri və s.) aparılmasına məhdudiyyət qoyulmadan 7680 manat məbləğində həbs qoyulmalıdır.

21. Belə ki, qeyd edilən məbləğ işə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, iddianın ümumi məbləği 22.486,51 manat təşkil etsə də, iddia tələbi həmin hissədə təmin edilməmişdir.

22. Digər banklarda olan hesabların üzərinə həbs qoyulmasına gəldikdə isə kollegiya qeyd edir ki, ərizəçi tərəfindən yalnız cavabdehin “xxxx” ASC-də olan AZ**AIIB******************** saylı hesabı təqdim edilmişdir. Digər banklarda olan hesablar barədə isə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən kollegiya həmin hissədə ərizəni əsassız hesab edir.

23. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 236, 365, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının icraatında olan *-*(*- *)-***/**** nömrəli iş üzrə iddiaçı Ləğv prosesində olan Ərizəçi Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə qismən təmin edilsin. Cavabdeh “İdeal Office” Məhdud Məsuliyyətli Cəmiyyətinin “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan AZ**AIIB******************** saylı bank hesabındakı pul vəsaitinin üzərinə işçilərin əmək haqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergilər, məcburi dövlət sosial sığorta ödənişləri və s.) aparılmasına məhdudiyyət qoyulmadan 7680 manat (yeddi min altı yüz səksən) məbləğində həbs qoyulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar