Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-760/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, İddiaçı Ərizəçi MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə ərizəçi Ərizəçi MMC-nin müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı Ərizəçi MMC cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 337.855 manat məbləğində pulun və 628 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 338.483 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, e-*- *(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi ## ##### 2026-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmışdır. Ərizəçi MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinin təmin edilməsi, Cavabdeh MMCdən alqı-satqı müqaviləsi üzrə yaranmış 337.855 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 628 manat olmaqla ümumilikdə 338.483 manat pulun Ərizəçi MMC-nin xeyrinə tutulması, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 314 manatın Cavabdeh MMC-dən alınıb Ərizəçi MMC-nə ödənilməsi qət olunmuşdur. Hazırda ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək cavabdeh Cavabdeh MMC-yə məxsus Azərbaycan Respublikasında mövcud olan bank və digər kredit təşkilatlarındakı hesablarda olan pul vəsaitləri üzərinə və cavabdehə məxsus bütün daşınar və daşınmaz əmlakın üzərinə qətnamə ilə tutulan məbləğ həcmində, yəni 338.483 manat həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə tələbin faktiki əsasları kimi ona istinad edilmişdir ki: -Hazırda qətnamənin gələcək icrasını təmin etmək üçün müvəqqəti təminat tədbirlərinin tətbiqi zərurəti vardır. Əks halda, müvəqqəti tamirıat tədbirlərinin tətbiq edilməməsi gələcəkdə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçının artıq qətnamə ilə tanınmış hüquqlarının təmin və ya bərpa edilməsinin mümkün olmamasına və ya əhəmiyyətli dərəcədə çətinləşməsinə səbəb ola bilər. Bu əsasla, cavabdeh “xxxx" MMC-yə məxsus Azərbaycan Respublikasında mövcud olan bütün bank və digər kredit təşkilatlarındakı hesablarında olan pul vəsaitləri üzərinə həbs qoyulmalıdır. Cavabdehin bir neçə bank və kredit təşkilatında hesablarının olması faktı istisna edilmir. İddiaçıya cavabdehin hazırda hansı bank hesablarına malik olması barədə dəqiq məlumat məlumatlı olmadığından və bu məlumatın iddiaçı tərəfindən bilavasitə əldə edilməsi mümkün olmadığından, müvəqqəti təminat tədbirləri institutunun mahiyyətinin gələcəkdə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin deyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağının qarşısının alnması olduğunu nəzərə alaraq, hesab edir ki, müvəqqəti təminat tədbiri kimi cavabdehin bank və digər kredit təşkilatlarındakı bütün hesablarında olan pul vəsaitləri üzərinə qətnamə ilə tutulan məbləğ həcmində həbs qoyulmalıdır. Nəzərə alınmalıdır ki, "İcra haqqında" Qanunun 45-oi maddəsinə əsasən məcburi icra tədbirləri qismində icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları və əmanətləri barədə məlumat olmadıqda, icra məmuru belə məlumatları vergi orqanlarından tələb edir. AR-nm “Kommersiya sirri haqqında" qanunun 4-cü maddəsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə vergi sirri hesab olunan məlumatlar kommersiya sirri hesab edilir. Hüquqi və fiziki şəxslərin bank sinini təşkil edən məlumatlarının qorunması və istifadəsi müvafiq qanunvericiliklə tənzimlənir. AR-nın Vergi Məcəlləsinin 30.3-cü maddəsinə görə “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil eden məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla açılmamalıdır. Bildiririk ki, hazırda təqdim edilmiş müvəqqəti təminat tədbirlərinin təmin etmək haqqında ərizənin təmin edilmə zəruriliyinin mütləq əsasları vardır. Belə ki, iddiaçı Ərizəçi MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulmasfna dair iddiası üzrə qəbul edilmiş qətnamənin qanuni qüvvəyə minənədək və icra icraatı başa çatanadək müvəqqəti təminat tədbirinin tətbiq edilməsi zəruriliyi aşağıdakı əsaslar: İlk növbədə bildirir ki, cavabdeh borcun mövcudluğunu özü etiraf edərək 2023-cü ilin sonunadək ödəniş vəd etməsinə baxmayaraq, uzun müddət ərzində, o cümlədən iki məhkəmə instansiyası qarşısında gedən icraat boyunca ödənişdən yayınmışdır. Cavabdehin işin həlli prosesində iddia müddətinin ötürülməsi kimi formal müdafiə vasitələrindən istifadə etməsi və borcu könüllü ödəməkdən imtina etməsi, özlüyündə cavabdehin qətnamənin icrasından da yayına biləcəyini və müvafiq müvəqqəti təminat tədbirinin tətbiqinin zəruriliyini sübut etməkdədir. Həmçinin bildirir ki, iddia tələbinin əsaslı olması artıq preliminar sübutlarla deyil, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli, qanuni qüvvəyə minməsi gözlənilən qətnaməsi ilə məhkəmə qaydasında təsdiqlənmişdir. Bu baxımdan, borcun mövcudluğu və məbləği ilə bağlı hər hansı mübahisə artıq mövcud deyildir, yeganə açıq qalan məsələ qətnamə üzrə tutulmuş məbləğin faktiki icrasının təmin edilməsidir ki, bu da məhz müvəqqəti təminat tədbirinin tətbiqi yolu ilə mümkündür. Habelə, bildirir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilmədiyi halda, qətnamənin qanuni qüvvəyə minməsindən sonra icra icraatı zamanı cavabdeh tərəfindən “icranın onlar tərəfindən mümkün olmadığı” donunu geyindirmək üçün sui-istifadə hallarına yol verilə bilər ki, bu da məhz Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində təsbit edildiyi kimi ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmamasına və ya qorunmanın əhəmiyyətli dərəcədə çətinləşəcəyinə birbaşa istiqamətləndirəcəkdir. Nəzərə alınmalıdır ki, cavabdeh qətnamə qanuni qüvvəyə minənədək və icra icraatı başlanana qədər hər hansı məhdudiyyət qoyulmadığı təqdirdə öz əmlakı üzərində istənilən sərəncam verməyi, habelə bank hesablarında olan pulun nağdlaşdırılmasına və ya digər formada çıxarılmasında sərbəstdir. Belə olduğu halda isə qətnamə qanuni qüvvəyə mindikdə belə, iddiaçının hüquqları cavabdeh tərəfindən qəsdli olaraq pczulmaqda davam edəcəkdir. Habelə, qeyd edir ki, qoyulacaq həbs yalnız qətnamə ilə tutulan məbləğ həcmində olacağından və cavabdehin əmək haqqı, vergi və digər məcburi dövlət ödənişlərinə məhdudiyyət qoymayacağından, bu nüansda belə müvafiq tədbir cavabdehin hüquqlarını məhdudlaşdırmayacaq, mütənasiblik prinsipi tam olaraq gözləniləcək və bu yalnız ədalətin bərpası naminə iddiaçının artıq qətnamə ilə tanınmış hüquqlarının qorunmasına xidmət edəcəkdir. Ərizəçi tələbinin hüquqi əsası kimi AR Mülki Prosessual Məcəlləsinin 157-158-ci maddələrini göstərmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası hesab edir ki, ərizə qismən təmin edilməlidir. MPM-in: 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.5.1 və 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6-cı maddəsinə görə müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 158.1.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. 159.1-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır. Həmçinin müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə 2 hal əsaslandırılmalıdır: 1) müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 2) iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Hazırkı halda iş üzrə iddianın təmin edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mövcudluğu ilə ərizəçi Ərizəçi MMC-nin iddia ərizəsinin təmin edilməsi iddianın əsaslılığına dair ilkin qənaətə gəlmək üçün kifayət edir. Digər tərəfdən cavabdeh təşkilatın həmin qətnamənin icrasından yayınmaq riski mövcuddur və bu hal iddiaçının hüquqlarının bərpasını çətinləşdirə bilər. Sözügedən qətnamə qanuni qüvvəsini aldığı halda, iddiaçı həmin borcu icra mərhələsində yubatmaqla, məhkəmə qərarının faktiki icrasını imkansız etməklə, iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı olduğundan müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmədən MPM-in 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədə nail olmaq mümkün olmayacaqdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin məqsədə çatmaq üçün, cavabdehə məxsus bank hesablarındakı pul vəsaitlərinin, daşınar və daşınmaz əmlakların üzərində iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş hissəsi həddində, yəni 338.483 manat həcmində həbs qoyulmalıdır. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri olaraq müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri olaraq mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 158.2-ci maddəsinə görə isə məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. 158.3-cü maddəsinə görə əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə — cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə — hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə — daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə — başqa şəxslərə verilmiş əmlak. 158.4-cü maddəsinə görə cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Yuxarıda sadalanan maddənin məzmunundan göründüyü kimi, müvəqqəti təminat tədbiri olaraq cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Bu zaman cavabdehə məxsus əmlak üzərinə həbs qoyularkən ilk növbədə cavabdehin bilavasitə istehsalda iştirak etməyən əmlakı - qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə üzərinə həbs qoyulmalıdır. Eyni zamanda o da qeyd edilməlidir ki, qətnamənin icrası mərhələsində cavabdeh Cavabdeh MMC-nin mülkiyyətində olan əmlak qismində bank hesablarındakı pul vəsaitlərinin üzərinə həbs qoyulduğu təqdirdə həmin tədbir işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, müvəqqəti təminat tədbiri olaraq cavabdeh Cavabdeh MMC-nin iddianın təmin edilmiş hissəsi, yəni 338.483 manat həcmində əmlaklarının üzərinə həbs qoyulmalıdır. Qərardadın icrası mərhələsində cavabdehin əmlakı qismində bank hesablarındakı pul vəsaitlərinin üzərinə həbs qoyularsa həmin tədbir işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilməlidir. Məhkəmə xərclərinə münasibətdə qeyd edilir ki, ərizə əhəmiyyətli hissədə təmin edildiyindən həmin ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat cavabdehdən tutularaq ərizəçiyə ödənilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157-158, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizə qismən təmin edilsin. Cavabdeh Cavabdeh MMC-nin 338.483 manat həcmində bank hesablarında olan pul vəsaitlərinin, daşınar və daşınmaz əmlaklarının üzərinə həbs qoyulsun. Qərardadın icrası mərhələsində cavabdehin bank hesablarındakı pul vəsaitlərinin üzərinə həbs qoyularsa, həmin tədbir işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan həyata keçirilsin. Ərizə verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat cavabdehdən tutularaq ərizəçiyə ödənilsin. Qalan hissədə ərizə rədd edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Səməd Cəfərov Tural Qocayev
Məhkəmə qərarları › İş №16(3-6)-760/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-760/2026
14.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver