Məhkəmə qərarları › İş №16(3-7)-27/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-7)-27/2026

23.04.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 16(3-7)-27/2026 23.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, İddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinə müdaxiləyə son qoyulması” tələbinə dair mülki iş üzrə iddiaçı Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat barədə ərizəyə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonracavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 2,30 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinə çəkilmiş dəmir çəpərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin apellyasiya baxışı zamanı iddiaçı müvəqqəti təminat tədbiri barədə ərizə verərək, ona məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 2,30 ha torpaq sahəsində cavabdeh tərəfindən əkin-biçin işlərinin dayandırılması üçün torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun Göygöl rayonu Quşqara kəndində 2,30 ha torpağı var. Torpağını cavabdeh zəbt edib. O, torpağından istifadə edə bilmir. Cavabdeh onu torpağına buraxmır və neçə illərdir ki, onun torpağının əkib-becərir. Ona görə də hesab edir ki, ona məxsus torpaqda əkin-biçin işlərinin qarşısını almaq üçün torpağın üzərinə həbs qoyulmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməli, iddiaçıya məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən ümumi sahəsi 2,3 ha torpaq sahəsindən istifadə cavabdehə və başqa şəxslərə qadağan edilməlidir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən çıxarışdan görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən sahəsi 2,3 ha olan torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə müvəqqəti təminat tədbiri kimi aşağıdakı tədbirlər görülə bilər: müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Qanunun mənasına görə müvəqqəti təminat tədbirləri görmək üçün əsas, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi qənaətidir. Hazırkı mübahisənin predmetini (torpaq sahəsindən çıxarılma) nəzərə alaraq Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadənin cavabdehə və başqa şəxslərə qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri seçilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçinin “müvəqqəti təminat tədbirinin tətbiqi” barədə ərizəsi mülkiyyət hüququ qeydə alınmış iddiaçıya məxsus olan torpaq sahəsinə cavabdeh tərəfindən müdaxiləyə son qoyulması barədə iddia tələbi ilə bağlı olmaqla, iddianın təmin edilməsi halında məhkəmə qətnaməsinin icrasında ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyini güman etməyə əsaslar mövcuddur. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 157, 158 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDI: İddiaçı Ərizəçi tərəfindən verilmiş “müvəqqəti təminat tədbirinin tətbiqi” barədə ərizə qismən təmin edilsin. İddiaçı Ərizəçi mülkiyyətində olan Göygöl rayonu, Quşqara kəndində yerləşən ümumi sahəsi 2,3 ha torpaq torpaq sahəsindən istifadə cavabdeh Cavabdeh və başqa şəxslərə qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar