Məhkəmə qərarları › İş №16(3-8)-111/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-111/2026

30.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-111/2026 30.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizəsinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Maraqlı şəxs İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mahiyyəti üzrə iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər onun yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə Maraqlı şəxs İB tərəfindən (abonent kodu: 011403600000136) qaz sayğacının bərpa olunması və qazın verilməsinin dayandırılmasının Maraqlı şəxs İB-yə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs İB mart ayında qaz sayğacını qanunsuz və heç bir əsas olmadan çıxarmışlar. Daha sonra, yəni ##.##.2026-cı il tarixdə Sumqayıt Regional Qaz İdarəsinə müraciət edəndə ona bildirdilər ki, 4381.02 manat borcu var. Həmin borcun 3017.25 manat hissəsi 2023-cü il tarixdə ünvanına işlənmiş qaz sayğacı quraşdırarkən sayğacın üzərində olan sərfiyyatı qanunsuz yazmışlar. Digər 4 akt əsasında, yəni ##.##.2026-cı il tarixli ***-** saylı akt, ##.##.2026-cı il tarixli ******* saylı akt, ##.##.2026-cı il tarixli ******* saylı akt və ##.##.2026-cı il tarixli ******* saylı aktla qanunsuz və əsassız cərimə tərtib etmiş, əlavə sərfiyyat göstərərək onun ünvanına ümumilikdə 3456.87 manat əsassız borc hesablamışlar. Borcun olmasını 2026-cı ilin mart ayında qaz sayğacını açıb aparandan sonra onun borcu olmasını bilmişdir. Həmin akt əsasında yazılmış borcla razı olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. O, indiyə kimi heç bir akta imza etməmişdir. Qanunsuz və əsassız yazılan cərimələrdən xəbəri yoxdur. Aktların surəti ona verilməyib. Qaz sayğacı küçədə yerləşdiyindən Maraqlı şəxs İB-nin işçiləri qanunsuz olaraq qaz sayğacını çıxarıb aparmışlar (abonent kodu 011403600000136). Həyət evində yaşayır. Qaz sayğacı hasarın çölündə yerləşir. O və ailə üzvləri qaz sayğacına müdaxilə etməmişlər. Tərtib olunmuş aktın surətini qaz idarəsinə müraciət edəndən sonra almışdır. Ona aid sayğaca cərimə yazan şəxslər onun iştirakı olmadan bunu edib, yazdıqları aktın surətini ona verməyiblər. Hal-hazırda evdə qazı yoxdur. Çox çətinlik çəkir. Cavabdeh tərəfindən tərtib edilmiş akt əsasında yazılmış 3456.87 manat borc əsassızdır. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Məlahət Abbasova) ərizənin təmin edilməsi, Ərizəçi Maraqlı şəxs İstehsalat Birliyinə qarşı borcun silinməsi barədə iddia tələbinə dair mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək Ərizəçi yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində (abonent kodu 011403600000136) qaz sayğacının bərpa olunması və həmin evə təbii qazın verilməsinin dayandırılmasının Maraqlı şəxs İstehsalat Birliyinə qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının təmin edilməsi, Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mülki işin materiallarından göründüyü kimi hazırki iddia tələbi cavabdehin əməkdaşları tərəfindən tətbiq edilmiş cərimənin silinməsi barədədir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sisteminin məlumatlarından görünür ki, Ərizəçi Maraqlı şəxs İB-yə qarşı borcun silinməsi barədə iddia ərizəsilə məhkəməyə müraciət etmiş və iş məhkəmənin icraatındadır. Hazırki mərhələdə, yəni mübahisəyə baxılıb qurtarana kimi onun yaşadığı evə təbii qazın verilməsinin dayandırılması əsassızdır. Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından Maraqlı şəxs İstehsalat Birliyi tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə ərizəçinin tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Göstərilənlərə görə şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** saylı qərardadı ləğv edilməlidir. Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı həmin evə təbii qazın verilməsinin dayandırılmasının Maraqlı şəxs İstehsalat Birliyinə qadağan edilməsi hissəsində dəyişdirilməli, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs İstehsalat Birliyinə qarşı borcun silinməsi barədə iddia tələbinə dair mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək təbii qazın dayandırılması iddia ərizəsi ilə mübahahisələndirilən borc məbləğinəmünasibətdə Maraqlı şəxs İB-yə qadağan edilməli, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1 Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; 158.1.3. mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs İstehsalat Birliyinə qarşı borcun silinməsi barədə iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müracitə edərək, zərər qismində abonent hesabına yazılmış 3456,87 manat borcun silinməsini xahiş etmişdir. İşin müəyyən edilmiş hallarına əsasən ərizəçi mübahisəli evdə yaşayır, ərizəçinin və onun ailə üzvlərinin mübahisəli evdə yaşadığı müddət ərzində qida və məişət ehtiyaclarının təmin edilməsi üçün əsas vasitə olan qaz təchizatının dayandırılması, həmin şəxslərin qida və məişət ehtiyaclarının təmin edilməsinə ciddi maneə hesab olunur ki, bu da yolverilməzdir. Bu səbəbdən cavabdeh təşkilat tərəfindən qaz sayğacı bərpa edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qaz təchizatının dayandırılmasının ümumilikdə cavabdehə qadağan edilməsi abonent tərəfindən mübahisələndirdiyi borc məbləğindən əlavə istifadə etdiyi qaz sərfiyyatının dəyərinin ödənilməməsinə şərait yaradan hal hesab oluna bilər. Buna görə də şikayət qismən təmin edilərək, müvəqqəti təminat tədbirinə dair qərardad dəyişdirilərək, silinməsi tələb olunan 3456,87 mamat borc məbləğinə münasibətdə qaz təchizatının dayandırılması qadağan olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 157, 158.1.2, 158.1.3, 264 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin **(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı evə təbii qazın verilməsinin dayandırılmasının Maraqlı şəxs İstehsalat Birliyinə qadağan edilməsi hissəsində dəyişdirilsin. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs İstehsalat Birliyinə qarşı borcun silinməsi barədə iddia tələbinə dair mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək təbii qazın dayandırılması iddia ərizəsi ilə mübahahisələndirilən borc məbləğinə münasibətdə Maraqlı şəxs İB-yə qadağan edilsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar