Məhkəmə qərarları › İş №16(3-8)-127/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-127/2026

31.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-127/2026 31.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X11 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, Ərizəçi Ərizəçi vəkili və nümayəndəsi Vəkil müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı mübahisə üzrə son məhkəmə qərarı qəbul edilənə qədər miras əmlak Sumqayıt şəhəri, Corat qəsəbəsi, *** saylı evin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, nənəsi X3 məxsus olmuş ünvan 1 ünvanda yerləşən miras qalmış evə dair cavabdeh – xalası X4 tərəfindən alınmış vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsini və miras əmlakın vərəsələr arasında bölünməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Aldığı məlumata əsasən cavabdehin hüquqi varisləri miras əmlakı satışa çıxarıblar. Hətta bu barədə həmin evin hasarına “satılır” yazısını da yerləşdirmişdirlər. Məhkəmə mübahisəsi hələ bitməyib, qətnamə qanuni qüvvəsini almayıb. İş hazırda Sumqayıt Apellyasiya Məhkəməsindədir. İşə apellyasiya və Ali Məhkəmə instansiyalarında baxılacağı dövrdə mübahisəli əmlakın üzərinə həbs qoyulmalıdır. Ev satılacağı təqdirdə iddianın təminində və qətnamənin icrasında, eləcə də onların vərəsəlik hüquqlarının həyata keçirilməsində aradan qaldırılması mümkün olmayacaq nəticələr baş verə bilər. Ona görə də bunların qarşısını almaq üçün mübahisələndirilən evin üzərinə həbs qoyulmalıdır. Hazırkı iş üzrə işin hallarından görünür ki, iddiaçı Ərizəçi cavabdehlər X4 və * saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia qaldıraraq Sumqayıt “Asan Xidmət” mərkəzi notariat kontoru tərəfindən X3 məxsus əmanət bankında olan ***** nömrəli göstərilən pul və kompensasiya məbləğinə dair ##.##.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, *** saylı ünvanda yerləşən 0,1006 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka dair verilmiş ##.##.2015-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsinə və bunun əsasında X4 adına verilmiş ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə, Corat qəsəbəsi, ev 420 ünvanda yerləşən 0,0552 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsinə, miras əmlakda vəsiyyətnamə üzrə vərəsələrin payının 7/20, qanun üzrə vərəsələrin isə payının 2/20 hissədə müəyyən edilməsinə, miras əmlak olan 0,0552 ha torpaq sahəsində vərəsələrin payının müəyyən edilməsinə, miras əmlak olan 0,0454 ha torpaq sahəsinin satışından və miras qoyanın əmanət bankında olan pul vəsaitindən əldə edilmiş vəsaitlər üzərində vərəsələrin paylarına müvafiq vəsaitin X4 alınaraq paylarına mütənasib olaraq digər vərəsələrə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar X6, X9, X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt “Asan Xidmət” mərkəzi notariat kontoru tərəfindən X3 məxsus əmanət bankında olan ***** nömrəli göstərilən pul və kompensasiya məbləğinə dair ##.##.2012-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, *** saylı ünvanda yerləşən 0,1006 ha torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən ibarət miras əmlaka dair verilmiş ##.##.2015-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsinə və bunun əsasında X4 adına verilmiş ##.##.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə, Corat qəsəbəsi, ev 420 ünvanda yerləşən 0,0552 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsinə, miras əmlakda vəsiyyətnamə üzrə vərəsələrin payının 7/20, qanun üzrə vərəsələrin isə payının 2/20 hissədə müəyyən edilməsinə, miras əmlak olan 0,0552 ha torpaq sahəsində vərəsələrin payının müəyyən edilməsinə, miras əmlak olan 0,0454 ha torpaq sahəsinin satışından satışından əldə edilmiş 100.000 manatda və miras qoyanın əmanət bankında olan pul vəsaitindən əldə edilmiş vəsaitlər üzərində vərəsələrin paylarına müvafiq vəsaitin X4 alınaraq paylarına mütənasib olaraq digər vərəsələrə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İşə baxılması zamanı cavabdeh X4 ##.##.2025-ci il tarixdə vəfat etdiyi müəyyən edilmişdir. Miras münasibətlərindən irəli gələn mübahisə hüquq varisliyinə yol verən xarakter daşıdığından, məhkəmə tərəfindən cavabdeh X4 onun hüquqi varisləri X7, X2 və X8 ilə əvəz edilmiş, işə həmin şəxslərin iştirakı ilə baxılması davam etdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia təmin edilməmişdir. Qətnamədən iddiaçılar X6, Ərizəçi və X9 apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayətlərinin baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan ##.##.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhər * saylı Dövlət notariat kontoru tərəfindən ##.##.2003-cü ildə təsdiq edilən və reyestrdə 2V-221 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən ##.##.2012-ci ildə vəfat etmiş, ünvan 1-də qeydiyyatda olmuş X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi: qızı X4 miras əmlakdan tam payda irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin ##.##.2025-ci il tarixli, qeydiyyat nömrəsi 1415002798 olan, RX N-0603531 seriya nömrəli, ** nömrəli reyestr kitabının * nömrəli vərəqində qeydiyyata alınmış çıxarışına əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 77,9 kv.m, yaşayış sahəsi 58.0 kv.m, yardımçı sahəsi 19,9 kv.m olan *** saylı fərdi yaşayış evindən və 0,1006 ha torpaq sahəsindən ibarətdir. Məhkəmə kollegiyası ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməyi cavabdehə və ya arbitraj mübahisəsi tərəfinə qadağan etmək kimi müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər. Qanunun mənasından göründüyü kimi məhkəmə müvəqqəti təminat tədbiri olaraq müəyyən hərəkətləri etməyi qadağan edə bilər. Müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər qorunub saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, ərizəçinin pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Məhkəmə müvəqqəti təminat tədbirlərinin görülməsi haqqında qərardadında bu tədbirlərin görülməsi barədə ərizəyə baxılmasının nəticəsi üzrə hansı qərara gəlməsindən asılı olmayaraq bütün hallarda həmin ərizədə göstərilən dəlillərin əsaslı olub-olmamasına qiymət verməlidir. Müvəqqəti təminat tədbirlərinin tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxsin irəli sürdüyü dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsasslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, müvəqqəti təminat tədbirləri tətbiq olunarkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Kollegiya hesab edir ki, müvəqqəti təminat tədbirlərinin görülməsi mübahisə obyektinin qorunmasına xidmət etdiyindən, tərəflər arasında mövcud olan mübahisənin predmeti olan yuxarıda adı çəkilən fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Belə ki, müvəqqəti təminat tədbiri qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Müvəqqəti təminat tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməsi mübahisə obyektinin qorunmasına xidmət edir. Məhkəmə kollegiyası fərdi yaşayış evinin üzərinə həbsin qoyulması ilə bağlı isə qeyd edir ki, mübahisələndirilən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə qadağa qoyulması onun özgəninkiləşdirilməsinin qarşısını alır və buna görə də, mübahisə predmeti olan yuxarıda adı çəkilən evin üzərinə həbsin qoyulmasına zərurət yoxdur. Belə ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur. (Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsi) Sadalananlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan *(*-*)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 420 ünvanda yerləşən mübahisəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 158.1.1, 158.1.3., 263, 264, 365, 372, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatında olan *(*-*)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 420 ünvanda yerləşən mübahisəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar