Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-128/2026 14.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Ərizəçi Ərizəçi *(*-***)-****/**** nömrəli mülki iş üzrə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi üzrə Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadından veridiyi şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbiri barədə ərizə ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, iş üzrə məhkəmə qətnaməsi qəbul edilib qanuni qüvvəyə minənədək, Xaçmaz rayonu, Qaracik-Zeyid kəndində yerləşən mərhum X1 adına dövlət qeydiyyatında olan mübahisəli fərdi yaşayış evində onun maneəsiz yaşamasının, həmin evə sərbəst daxil olmasının və ona məxsus paydan istifadə etməsinin təmin edilməsi, cavabdehlərə isə onun bu hüquqlarına maneə törədən, habelə evin hüquqi və faktiki vəziyyətini dəyişdirən hər hansı hərəkətlərin həyata keçirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
3. Məhkəmə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, iddiaçı MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan, müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda hüquqlarının qorunmasının və ya bərpasının mümkün olmayacağını, yaxud əhəmiyyətli dərəcədə çətinləşəcəyini təsdiq edən konkret halları və sübutları təqdim etməmişdir, maneələrin hansı formada törədilməsi ərizədə qeyd olunmamış, qeyd olunan maneələrin aradan qaldırılması üçün məhkəmənin konkret hansı tədbirləri görməsi ərizədə öz əksini tapmamış, belə tədbirlərin görülməsi üçün əsasların mövcudluğu müvafiq dəlillərlə sübuta yetirilməmişdir. Bundan başqa, iddiaçının mübahisəli evə maneəsiz daxil olması, orada yaşaması və paydan istifadə etməsinin təmin edilməsi barədə xahişi faktiki olaraq mübahisəli əmlakdan istifadə qaydasını müəyyən etməyə yönəlir. Bu isə hazırkı iddia üzrə mübahisənin mahiyyətinin qabaqcadan həll edilməsinə səbəb ola bilər.
4. Ərizəçi həmin qərardaddan şikayət vermişdir.
5. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarında Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, cavabdehlər daşınmaz əmlakın dövlət qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına mane olmuş, mütəxəssisləri evə buraxmamış və nəticədə onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratmışlar. Məhkəmə həmin maneələrin aradan qaldırılması barədə qətnamə qəbul etmişdir. Deməli, cavabdehlərin qanunsuz maneələri artıq başqa məhkəmə aktı ilə təsdiq edilmişdir. Buna baxmayaraq, hazırkı qərardadda “maneələrin sübut edilməməsi” barədə nəticəyə gəlinməsi həmin qətnamənin nəzərə alınmadığını göstərir.
b) Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
8. Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolu:
9. 8.1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 5. Mülki hüquq münasibətlərinin subyektləri (...) 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
Maddə 6. Mülki qanunvericiliyin prinsipləri (...) 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 157. Müvəqqəti təminat tədbirlərinin tətbiqi 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.4. İddia ərizəsi verilənədək müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.6. Müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7. Məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Məhkəmə kollegiyası ərizənin və iş materiallarının araşdırılması nəticəsində hesab edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunla müəyyən edilmiş əsaslar hazırkı iş üzrə mövcud deyildir.
14. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5.1ci maddəsinə görə isə ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən 157.2-ci maddədə nəzərdə tutulan məqsədlərə nail olmağın mümkün olmadığı əsaslandırılmalıdır. Eyni zamanda, 157.5.2-ci maddəyə əsasən iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud olmalıdır. Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri həmin məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir.
15. Hazırkı iş üzrə ərizəçi müvəqqəti təminat tədbiri qismində mübahisəli fərdi yaşayış evində maneəsiz yaşamasının, həmin evə sərbəst daxil olmasının və ona məxsus paydan istifadə etməsinin təmin edilməsini, habelə cavabdehlərə onun bu hüquqlarına maneə törədən və evin hüquqi və faktiki vəziyyətini dəyişən hər hansı hərəkətlərin həyata keçirilməsinin qadağan edilməsini xahiş etmişdir.
16. Lakin ərizənin məzmunundan və təqdim edilmiş materiallardan ərizəçinin hüquqlarının məhz hazırkı mərhələdə qorunmasının və ya sonradan bərpasının mümkün olmayacağını, yaxud əhəmiyyətli dərəcədə çətinləşəcəyini göstərən konkret, real və bilavasitə təhlükənin mövcudluğu müəyyən edilmir.
17. Ərizəçi şikayətinin əsasını, əsasən, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdehlərin daşınmaz əmlakın dövlət qeydiyyatı üçün zəruri olan ölçmə işlərinin aparılmasına mane olması və mütəxəssisləri evə buraxmaması hallarının müəyyən edilməsi ilə əlaqələndirmişdir. Lakin həmin məhkəmə aktında müəyyən edilmiş halların hazırkı mübahisə üzrə ərizəçinin evdə yaşamasına və payından istifadəsinə maneələrin mövcudluğunu avtomatik olaraq təsdiq etdiyi qəbul edilə bilməz. Belə ki, həmin qətnamənin predmetini daşınmaz əmlakın dövlət qeydiyyatı üçün zəruri ölçmə işlərinin aparılmasına maneələrin aradan qaldırılması təşkil etmişdir. Bu hal isə hazırkı ərizədə tələb olunan müvəqqəti təminat tədbirinin tətbiqi üçün MPM-in 157.2-ci maddəsində nəzərdə tutulan konkret və aktual təhlükənin mövcudluğunu öz-özlüyündə təsdiq etmir.
18. Bundan başqa, ərizəçi tərəfindən mübahisəli yaşayış evinə faktiki olaraq buraxılmamasının, orada yaşamasına maneçilik törədilməsinin və ya payından istifadə etməsinin qarşısının alınmasının hazırda hansı konkret hərəkətlərlə həyata keçirildiyini təsdiq edən kifayət qədər ilkin sübutlar təqdim edilməmişdir. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız mübahisəli hüququn mövcudluğu kifayət etmir; eyni zamanda həmin hüququn müdafiəsinin təxirəsalınmaz qaydada təmin edilməsini zəruri edən real təhlükənin mövcudluğu da əsaslandırılmalıdır.
19. İş materiallarından görünür ki, tərəflər arasında mübahisəli fərdi yaşayış evinin paylı mülkiyyətində olan əmlakdan istifadə məsələsi üzrə hüquqi mübahisə mövcuddur. Belə ki, ərizəçi həmin evin 1/2 hissəsinin mülkiyyətçisidir. Bununla yanaşı, ev naturada bölünməmiş, tərəflər arasında həmin evdən istifadə qaydası müəyyən edilməmiş və ərizəçinin konkret olaraq hansı otaqdan və ya evin hansı hissəsindən istifadə etməli olduğu müəyyənləşdirilməmişdir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə bütün mülkiyyətçilərin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən isə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsini tələb edə bilər.
21. Bu baxımdan, ərizəçinin mübahisəli evdə maneəsiz yaşamasının, sərbəst daxil olmasının və payından istifadəsinin təmin edilməsi barədə tələb faktiki olaraq tərəflərin paylı mülkiyyətdə olan yaşayış evindən istifadə qaydasının müəyyən edilməsinə gətirib çıxara bilər. Belə bir nəticənin müvəqqəti təminat tədbiri qaydasında əldə edilməsi isə əsas mübahisənin mahiyyətinin qabaqcadan həll olunması riski yaradır.
22. Mülki Prosessual Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Bu normanın tələbləri nəzərə alınmaqla, müvəqqəti təminat tədbiri əsas iddia üzrə tərəflərin hüquq və vəzifələrini faktiki olaraq əvvəlcədən müəyyən edən, yaxud mübahisəli əmlakdan istifadə qaydasını mahiyyəti üzrə həll edən nəticəyə səbəb olmamalıdır.
23. Hazırkı halda ərizəçinin mübahisəli evdə faktiki yaşamasının və payından istifadəsinin təmin edilməsi onun əsas iddia üzrə irəli sürdüyü tələbin nəticəsini əhəmiyyətli dərəcədə qabaqcadan müəyyən edə bilər. Xüsusilə nəzərə alınmalıdır ki, tərəflərin həmin evdən hansı qaydada istifadə etməli olması, evin naturada bölünməsinin mümkün olub-olmaması və konkret istifadə sahələrinin müəyyən edilməsi məsələləri əsas mübahisənin predmetini təşkil edə biləcək məsələlərdir.
24. Eyni zamanda, ərizəçinin cavabdehlərə evin hüquqi və faktiki vəziyyətini dəyişdirən hər hansı hərəkətlərin həyata keçirilməsinin qadağan edilməsi barədə xahişi də konkret hərəkət və ya hərəkətsizliyin, habelə belə hərəkətlərin nəticəsində ərizəçinin hüquqlarının qorunmasının sonradan mümkün olmayacağına dair real təhlükənin konkretləşdirilməsini tələb edir. Ərizədə bu təhlükənin konkret olaraq hansı hərəkətlərdən ibarət olduğu və həmin hərəkətlərin hansı yaxın və real nəticələrə səbəb ola biləcəyi kifayət qədər əsaslandırılmamışdır.
25. Müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız ərizəçinin mülkiyyət hüququnun mövcudluğu deyil, həmin hüququn təcili və müvəqqəti müdaxilə yolu ilə qorunmasını zəruri edən hallar da sübuta yetirilməlidir. Halbuki, hazırkı iş üzrə belə halların mövcudluğu kifayət qədər ilkin sübutlarla təsdiq olunmamışdır.
26. Bundan əlavə, tələb olunan tədbirlərin tətbiqi Mülki Prosessual Məcəllənin 157.6-cı maddəsində nəzərdə tutulan mütənasiblik prinsipinə də uyğun gəlmir. Belə ki, ərizəçinin maneəsiz yaşamasının və evdən istifadəsinin təmin edilməsi tərəflər arasında istifadə qaydasının müəyyən edilmədiyi şəraitdə cavabdehin və onunla birlikdə yaşayan şəxslərin həmin əmlakdan istifadə imkanlarına birbaşa təsir göstərə bilər. Bu isə əsas mübahisə həll edilmədən qarşı tərəfin hüquqlarının faktiki məhdudlaşdırılması ilə nəticələnə bilər.
27. Beləliklə, ərizəçi tərəfindən MPM-in 157.2 və 157.5-ci maddələrinin tələblərinə uyğun olaraq, müvəqqəti təminat tədbiri tətbiq edilmədiyi halda hüquqlarının qorunmasının və ya bərpasının mümkün olmayacağına, yaxud əhəmiyyətli dərəcədə çətinləşəcəyinə dair konkret və inandırıcı hallar, habelə iddia tələbinin bu tədbirin tətbiqini zəruri edən həddə əsaslılığına dair ilkin sübutlar təqdim edilməmişdir.
28. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin xahiş etdiyi müvəqqəti təminat tədbirlərinin tətbiqi üçün qanuni əsaslar mövcud olmadığından Xaçmaz Rayon Məhkəməsinin ərizənin təmin edilməməsi barədə nəticəsi əsaslı hesab edilməli, həmin nəticə dəyişdirilmədən saxlanılmalı və şikayət təmin edilməməlidir.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.