Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-133/2026 11.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 26 kv.m.lik qeyri-yaşayış sahəsinin (mağazanın) və daxilindəki əşyaların üzərinə həbs qoyulması, cavabdeh Cavabdeh həmin sahəyə daxil olmasına və daxildəki əşyalara dair hər hansı sərəncam verməsinə (yerini dəyişməsinə, satmasına və s.) müvəqqəti olaraq qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri). Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburiliyini müəyyən etməklə yanaşı, bəzi hallarda qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə tədbirlər sırasına müvəqqəti təminat tədbirləri xüsusi yer tutur. Müvəqqəti təminat tədbirinin təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Qanunun mənasından göründüyü kimi məhkəmə müvəqqəti təminat tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Bu tədbirin tətbiqi mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə tələbi prosessual baxımdan qeyri-müəyyən ifadə edilmişdir. Belə ki, ərizəçi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən 26 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsinin (mağazanın) və “daxilindəki əşyaların” üzərinə həbs qoyulmasını, habelə cavabdehin həmin sahəyə daxil olmasının və “daxildəki əşyalara dair hər hansı sərəncam verməsinin (yerini dəyişməsinin, satmasının və s.)” müvəqqəti olaraq qadağan edilməsini xahiş etmişdir. Lakin ərizəçinin tələbində üzərinə həbs qoyulması xahiş edilən əmlaklar fərdi qaydada və hüquqi baxımdan kifayət qədər əsaslandırılmamışdır. Ərizədə qeyri-yaşayış sahəsinin yalnız sahəsinin 26 kv.m. olması göstərilməklə, mağazada hansı əmlakların saxlanıldığı öz əksini tapmamışdır. Bu isə məhkəməyə konkret olaraq hansı əmlaklara münasibətdə təminat tədbirinin tətbiq edilməli olduğunu müəyyən etməyə imkan vermir. Digər bir qeyri-müəyyənlik isə “daxilindəki əşyalar” ifadəsi ilə bağlıdır. Ərizəçi həbs qoyulmasını tələb etdiyi əşyaların adlarını, sayını, növünü, fərdi əlamətlərini, texniki göstəricilərini, inventar və ya digər identifikasiya məlumatlarını göstərməmişdir. Başqa sözlə, “daxilindəki əşyalar” ifadəsi ilə konkret hansı əmlakın nəzərdə tutulduğu müəyyən edilmir. Bu ifadənin məzmunundan mağazada olan bütün əşyaların, o cümlədən cavabdehə məxsus olubolmamasından asılı olmayaraq istənilən əmlakın təminat tədbirinin predmetinə daxil edilməsi kimi geniş və qeyri-məhdud nəticə yarana bilər. Belə qeyri-müəyyənlik məhkəmə qərardadının icrası mərhələsində də ciddi çətinliklər yarada bilər. Belə ki, icra edən orqanın hansı əşyaların həbs edilməli olduğunu yalnız “daxildəki əşyalar” ifadəsindən müəyyən etməsi mümkün deyil. Nəticədə qərardadın icrası zamanı həbsin predmetinin müəyyənləşdirilməsi ilə bağlı əlavə mübahisələr yarana, hətta cavabdehə və üçüncü şəxslərə məxsus müxtəlif əşyaların əsassız olaraq məhdudiyyətə məruz qalması ehtimalı yarana bilər. Bundan başqa, ərizəçinin cavabdehə “daxildəki əşyalara dair hər hansı sərəncam verməyi (yerini dəyişməyi, satmağı və s.)” qadağan etmək barədə tələbi də qeyri-müəyyən xarakter daşıyır. “Hər hansı sərəncam” və xüsusilə “və s.” ifadələri qadağanın konkret predmetini və hüdudlarını müəyyən etmir. Beləliklə, cavabdehin hansı konkret hərəkətləri etməsinin qadağan edildiyi əvvəlcədən dəqiq müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrində nəzərdə tutulmuş qadağa xarakterli müvəqqəti təminat tədbirləri konkret hərəkətlərin qadağan edilməsini nəzərdə tutur. Bu baxımdan qadağanın predmetinin və hüdudlarının dəqiq müəyyən edilməsi zəruridir. Əks halda, qərardadın icrası zamanı hansı hərəkətin qadağan edilmiş hərəkət hesab olunması məsələsi qeyri-müəyyən qalacaqdır. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu müvəqqəti təminat tədbirlərinin tətbiqi zamanı konkret təminat tədbiri ilə əsas iddia tələbi arasında əlaqənin, tədbirin həmin tələbə uyğunluğunun və mütənasibliyinin məhkəmə tərəfindən yoxlanılmalı olduğunu bildirmişdir. Təminat tədbiri əsas iddia tələbinin gələcəkdə icrasını təmin etməli, lakin Cavabdeh hüquqlarını zəruri olduğundan artıq məhdudlaşdırmamalıdır. Hazırkı halda isə ərizəçinin hansı konkret əmlakın qorunmasını təmin etmək istədiyi və hansı konkret əmlak barəsində hansı hərəkətlərin qadağan edilməsini tələb etdiyi aydın müəyyən edilməmişdir. Digər tərəfdən, Cavabdeh həmin sahəyə daxil olmasının ümumiyyətlə qadağan edilməsi də həddindən artıq geniş məhdudiyyət təşkil edir. Ərizəçi Cavabdeh sahəyə daxil olmasının hansı konkret təhlükəni yaratdığını və məhz sahəyə girişin qadağan edilməsinin gələcək məhkəmə qətnaməsinin icrası üçün nə üçün zəruri olduğunu əsaslandırmamışdır. Bu qadağa əşyaların satılması və ya özgəninkiləşdirilməsi riskinin qarşısının alınması məqsədindən daha geniş məhdudiyyət yaratmaqla Cavabdeh əmlakdan istifadə və ona sahiblik imkanlarını qeyri-müəyyən müddətə məhdudlaşdıra bilər. Mülki Prosessual Məcəllənin 157.5 və 157.6-cı maddələrinin tələbləri və Konstitusiya Məhkəməsinin müvəqqəti təminat tədbirlərinin konkret, əsaslandırılmış və mütənasib olması barədə hüquqi mövqeyi nəzərə alınmaqla, belə qeyri-müəyyən formada ifadə edilmiş tələb əsasında müvəqqəti təminat tədbirinin tətbiqi yolverilməz hesab edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirin tətbiq edilməsi barədə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 158.1.1, 158.1.2., 163 263, 264, 365, 372, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI Ərizə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-8)-133/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-133/2026
11.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver