Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-139/2026 20.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, ##.##.2022-ci il təvəllüdlü X1 anası Ərizəçi ilə birlikdə, atasının – Cavabdeh notariat qaydasında təsdiq edilmiş razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara, o cümlədən Türkiyə Respublikasına, ananın Ankara Universitetində təhsili və imtahanları ilə əlaqədar müvəqqəti səfərlər etməsinə icazə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri). Ərizənin məzmunundan görünür ki, ərizəçi apellyasiya icraatı başa çatanadək azyaşlı uşağın anası ilə birlikdə, atasının razılığı olmadan Türkiyəyə müvəqqəti səfərlərinə icazə verilməsini müvəqqəti təminat tədbiri kimi tətbiq etməyi xahiş edir. Ərizəçi uşağın anasının himayəsində olması, ananın Türkiyədə təhsil alması və apellyasiya baxışının uzanması halında uşağın anasından ayrı qalması ehtimalını əsas gətirməklə ərizəni əsaslandırmışdır. Məhkəmə kollegiyası ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Göründüyü kimi, müvəqqəti təminat tədbirinin tətbiqi üçün yalnız ərizəçinin hüquq və mənafelərinin mövcudluğunun göstərilməsi kifayət etmir. Eyni zamanda, belə tədbirin görülməməsi nəticəsində həmin hüquqların qorunmasının və ya gələcəkdə bərpasının mümkünsüzləşəcəyi və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi real və əsaslı ehtimalı mövcud olmalıdır. Bu hal ehtimal xarakterli, mücərrəd mülahizələrlə deyil, işin konkret halları və mötəbər sübutlarla əsaslandırılmalıdır. Hazırkı iş üzrə ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsini əsasən onunla əlaqələndirmişdir ki, azyaşlı uşaq onun himayəsindədir, özü Türkiyə Respublikasında təhsil alır və təhsil və imtahan fəaliyyəti ilə əlaqədar həmin ölkəyə səfər etməli olduğundan uşağın anasından ayrı qalması uşağın mənafeyinə uyğun olmayacaqdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar öz-özlüyündə Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulan müvəqqəti təminat tədbirinin tətbiqi üçün zəruri olan hüquqi əsasların mövcudluğunu təsdiq etmir. Ərizəçi tərəfindən konkret olaraq hansı tarixlərdə, hansı müddətə və hansı zərurətdən irəli gələrək uşağın ölkədən çıxarılmasının tələb edildiyi, belə səfərin baş tutmaması nəticəsində onun və ya uşağın hansı hüquqlarının sonradan qorunmasının və ya bərpasının mümkün olmayacağı konkret və mötəbər şəkildə əsaslandırılmamışdır. Digər tərəfdən, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə artıq azyaşlı uşağın atasının razılığı olmadan anası ilə birlikdə ölkə hüdudlarından kənara aparılmasına icazə verilməsi barədə iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Hazırda həmin qətnamənin qanuni və əsaslı olub-olmaması apellyasiya instansiyası məhkəməsinin araşdırma predmetidir. Bu baxımdan, ərizəçinin hazırkı ərizə ilə tələb etdiyi tədbirin tətbiqi mahiyyət etibarilə birinci instansiya məhkəməsinin qətnaməsi ilə həll edilmiş əsas mübahisənin nəticəsinin apellyasiya icraatı yekunlaşanadək qüvvədə saxlanılmasına və həmin nəticənin faktiki olaraq icrasının təmin edilməsinə yönəlmişdir. Halbuki müvəqqəti təminat tədbiri iş üzrə yekun məhkəmə aktının məzmununu qabaqcadan müəyyən etmək, yaxud mübahisənin mahiyyəti üzrə qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktının nəticəsini müvəqqəti qaydada təmin etmək vasitəsi kimi çıxış edə bilməz. Müvəqqəti təminat tədbirinin məqsədi iş üzrə yekun məhkəmə aktının icrasını qabaqcadan təmin etmək deyil, məhkəmə araşdırması başa çatanadək mövcud hüquqi vəziyyətin dəyişməsi nəticəsində tərəflərin hüquqlarının qorunmasının və ya bərpasının mümkünsüzləşməsinin qarşısını almaqdır. Həmçinin ərizəçinin istinad etdiyi uşağın üstün mənafeyinin qorunması prinsipi mübahisəsiz olaraq nəzərə alınmalı olsa da, həmin prinsip müvəqqəti təminat tədbirinin tətbiqi üçün Mülki Prosessual Məcəllənin müəyyən etdiyi prosessual şərtlərin aradan qalxması anlamına gəlmir. Uşağın üstün mənafeyi ilə bağlı mülahizələr konkret işin halları, uşağın yaşı, səfərin məqsədi və müddəti, səfərin zəruriliyi, uşağın digər valideynlə münasibətləri və digər əhəmiyyətli hallar nəzərə alınmaqla qiymətləndirilməlidir. Hazırkı halda isə ərizəçi tərəfindən uşağın anası ilə birlikdə Türkiyə Respublikasına səfərinin konkret və təxirəsalınmaz xarakter daşıdığını, səfərin həyata keçirilməməsinin uşağın hüquq və mənafelərinin sonradan bərpasını mümkün olmayacaq və ya əhəmiyyətli dərəcədə çətinləşdirəcək nəticələrə səbəb olacağını təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edilməmişdir. Bundan başqa, ərizədə tələb edilən tədbir apellyasiya instansiyası məhkəməsinin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək uşağın anası ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara, o cümlədən Türkiyə Respublikasına təhsil və imtahan fəaliyyəti ilə əlaqədar müvəqqəti səfərlər etməsinə ümumi qaydada icazə verilməsini nəzərdə tutur. Beləliklə, tədbirin tətbiqi konkret bir səfərlə deyil, gələcəkdə baş verə biləcək qeyri-müəyyən sayda səfərlərlə bağlıdır. Bu isə tələb olunan tədbirin konkretliyini və onun tətbiq edilməsini şərtləndirən faktiki halların mövcudluğunu qiymətləndirməyə imkan vermir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, ərizəçinin istinad etdiyi hallar apellyasiya şikayətinə mahiyyəti üzrə baxılarkən qiymətləndirilməli olan məsələlərlə sıx bağlıdır. Birinci instansiya məhkəməsinin uşağın ölkədən çıxmasına icazə verilməsi barədə qətnaməsinin qanuni və əsaslı olub-olmaması, uşağın səfərinin onun üstün mənafeyinə uyğunluğu və tərəflərin valideynlik hüquqlarının qarşılıqlı balansının necə təmin edilməli olması apellyasiya baxışının predmetidir. Bu məsələlərin müvəqqəti təminat tədbiri qaydasında əvvəlcədən həll edilməsi isə apellyasiya instansiyası məhkəməsinin iş üzrə mahiyyəti üzrə araşdırma aparmaq və yekun nəticəyə gəlmək səlahiyyətinin faktiki olaraq qabaqcadan həyata keçirilməsi ilə nəticələnə bilər. Odur ki, ərizəçi tərəfindən Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin tətbiqini zəruri edən əsasların mövcudluğu sübuta yetirilmədiyindən, həmçinin tələb olunan tədbir iş üzrə mübahisənin mahiyyətinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticənin apellyasiya icraatı dövründə faktiki qüvvədə saxlanılmasına yönəldiyindən məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi əsasların olmadığı qənaətinə gəlir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Ərizəçi tərəfindən verilmiş müvəqqəti təminat tədbirin tətbiq edilməsi barədə ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 158.1.1, 158.1.2., 163, 263, 264, 365, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI Ərizə təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №16(3-8)-139/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-139/2026
20.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver