Məhkəmə qərarları › İş №16(3-8)-85/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-8)-85/2026

09.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 16(3-8)-85/2026 09.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Şabran Rayon Məhkəməsinin **(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim A.Məmmədov) müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsi, Ərizəçi ##.##.2020-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 12:00-dək olan müddət ərzində ünsiyyətdə olmaq hüququnun verilməsi, müvəqqəti təminat tədbirinin tətbiqi müddəti ##.##.2026-cı il tarixdən 01 (bir) ay müddətində, yəni ##.##.2026-cı il tarixə kimi müəyyən edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh qərardaddan şikayət vermişdir. Şabran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədə uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilənədək onun valideynlik hüquqlarının həyata keçirilməsi qaydasının müəyyən edilməsi, onun Cavabdeh ilə birgə nikahlarından ##.##.2020-ci il tarixində doğulmuş X1 ilə ayda 4 dəfə, hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 12:00-dək ünsiyyətdə olmaq məqsədi ilə himayəsinə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə ##.##.2019-cu il tarixində, Şabran rayon Qeydiyyat şöbəsində rəsmi qeydiyyatdan keçdikdən sonra ailə həyatı qurmuşlar. Birgə nikah münasibətindən ##.##.2020-ci il tarixində övladları - X1 dünyaya gəlmişdir. Ailə münasibətləri uyğun gəlmədiyindən məhkəmənin ##.##.2024-cü il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsi ilə nikahları pozulmuş, ##.##.2020-ci il təvəllüdlü X1 üçün ayda 220 manat məbləğində aliment müəyyən edilmişdir. Lakin onun uşaqları ilə ünsiyyətdə olmaq imkanı yoxdur, belə ki, keçmiş həyat yoldaşı buna şərait yaratmır. Bu barədə mediasiya şurasına müraciət etmişdir. Lakin mediasiya prosesi başlamamışdır. Mediasiya prosesindən sonra uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi barədə məhkəmədə iddia qaldıracaqdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Cavabdeh Şabran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadından şikayət verərək, şikayətin təmin edilməsi, Şabran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli müvəqqəti qərardadının ləğv edilməsini, qərardadın icrasının dayandırılmasını və iş üzrə məhkəmə-psixoloji ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qəbul edilərkən onun etirazları və izahatları tam araşdırılmamışdır. Uşağın psixoloji vəziyyəti, atası ilə münasibəti və üstün mənafeyi nəzərə alınmadan uzunmüddətli görüş qrafiki müəyyən edilmişdir. Azyaşlı uşaq atası ilə ünsiyyətdən imtina edir və görüş zamanı psixoloji narahatlıq keçirir. İş mediator prosesinə yönləndirilsə də mediator görüşü keçirilmədən müvəqqəti görüş qaydası müəyyən edilmişdir. Uşaq astma xəstəsidir. Müəyyən edilmiş görüş müddəti uşağın yaşına, sağlamlıq və psixoloji vəziyyətinə uyğun deyil və onun mənafeyinə ziddir. Məhkəmə tərəfindən uşağın psixoloji vəziyyəti, sağlamlıq durumu və üstün mənafeyi tam araşdırılmamışdır. Azyaşlı uşağın astma xəstəsi olması, atası ilə görüşdən imtina etməsi və psixoloji narahatlıq keçirməsi nəzərə alınmadan uzunmüddətli görüş qrafiki müəyyən edilmişdir. İş mediator prosesinə yönləndirilsə də mediator görüşünün nəticəsi gözlənilməmişdir. Uşağın sağlamlıq vəziyyəti ilə bağlı tibbi sənədlər, yüksək hərarətlə bağlı tibbi müraciətlər və digər təqdim edilən sübutlar iş üzrə tam qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübut kimi azyaşlı uşağın astma xəstəsi olmasını və sağlamlıq vəziyyətini təsdiq edən tibbi sənədlər təqdim olunur. Həmçinin uşağın yüksək hərarətlə bağlı həkim müayinəsindən keçməsini təsdiq edən tibbi sənədlər əlavə olunur. Qeyd olunan sübutlar uşağın üstün mənafeyinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənədlər işə baxılarkən tam araşdırılmadığından və sonradan əldə olunduğundan apellyasiya instansiyasına təqdim edilməsi zəruridir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilməlidir. İşdən görünür ki, ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikahlarından ##.##.2020-ci il tarixində doğulmuş X1 ilə ayda 4 dəfə, hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 12:00-dək ünsiyyətdə olmaq məqsədi ilə himayəsinə verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərardadı ilə ərizənin təmin edilməsi qərara almışdır. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli */**** nömrəli qərarı ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini hansı valideynə daha çox bağlılığını ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmə kollegiyası qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni onlar uşağın sağlam böyüməsi, tərbiyələnməsi, inkişaf etməsi, maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiəsi ilə bağlı eyni vəzifələr daşıyır, həmçinin uşaqla ünsiyyətdə olmaq və onların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası uşağın azyaşlı olmasını, səhhətində yaranmış problemlərlə əlaqədar nəzarətə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, qərardad dəyişdirilməli, Ərizəçi ##.##.2020-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 15:00dək olan müddət ərzində ünsiyyətdə olmaq hüququ verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Cavabdeh Cavabdeh şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilsin. Ərizəçi ##.##.2020-ci il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 15:00-dək olan müddət ərzində ünsiyyətdə olmaq hüququ verilsin. Müvəqqəti təminat tədbirinin tətbiqi müddəti ##.##.2026-cı il tarixə kimi müəyyən edilsin. Qərardad dərhal icra edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar