Məhkəmə qərarları › İş №16(3-9)-104/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-9)-104/2026

13.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 16(3-9)-104/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq müəyyən etdi: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək cavabdehlər cavabdeh3 qızına, Qurbanov İsmayıl Mürşüd oğluna və cavabdeh1 onların yaşayış evinə, həyətyanı sahəsinə və ailə üzvlərinin hərəkətlərinə yönəldilmiş videomüşahidə kameralarından istifadə etməyi qadağan edən müvəqqəti təminat tədbiri tətbiq edilməsi və cavabdehlərə onun yaşayış sahəsinə yönəldilmiş müşahidə kameralarının istifadəsinin dərhal dayandırılması barədə göstəriş verilməsi və iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehlərə ərizəçinin yaşayış sahəsini videomüşahidə vasitələri ilə izlənilməsi və qeydə alınmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini aşağıdakı kimi əsaslandırmışdır: uzun müddətdir ki, cavabdeh3 qızı, Qurbanov İsmayıl Mürşüd oğlu və cavabdeh1 tərəfindən davamlı şəkildə həyata keçirilən qanunsuz hərəkətlərin, təzyiqlərin, müdaxilələrin və özbaşınalıqların qurbanına çevrilmişdir. Həmin şəxslərin ona və ailə üzvlərinə qarşı qanunsuz davranışları artıq illərdir davam etməkdə və hər keçən gün daha təhlükəli xarakter almaqdadır. Ona məxsus torpaq sahəsinin qanunsuz zəbt olunması, ailə üzvlərinə qarşı təhqir və hədələrin səsləndirilməsi, fiziki zorakılıq halları, psixoloji təzyiqlər və digər qanunsuz hərəkətlərlə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına müraciətlər etmişdir. Müraciətləri əsasında müəyyən araşdırmalar aparılmış, bəzi hallarda cavabdehlər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq edilmiş, cərimələr kəsilmişdir. Lakin bütün bunlar heç bir nəticə verməmişdir. Cavabdehlər öz əməllərindən nəticə çıxarmaq əvəzinə, əksinə, qanunsuz davranışlarını daha da genişləndirmiş və ona qarşı təzyiqlərini artırmışdır. Onların hərəkətləri onun və ailə üzvlərinin şəxsi həyatına, ailə toxunulmazlığına və konstitusion hüquqlarına birbaşa müdaxilə xarakteri daşıyır. Belə ki, cavabdehlər əvvəlcədən razılaşdırılmış şəkildə, birgə hərəkət edərək yaşayış evini və həyətini birbaşa müşahidə etməyə imkan verən videomüşahidə kameraları quraşdırmışlar. Həmin kameralar texniki baxımdan açıq şəkildə onun yaşayış sahəsinə istiqamətləndirilmiş, evinin girişçıxış hissəsini, həyətini, gündəlik həyat fəaliyyətini və ailə üzvlərinin hərəkətlərini nəzarətdə saxlamaq məqsədi ilə yerləşdirilmişdir. Faktiki olaraq o və ailə üzvləri öz evində daimi izlənilmə hissi altında yaşamağa məcbur edilmişdirlər. Bu vəziyyət insan ləyaqətini alçaldan, psixoloji gərginlik yaradan və şəxsi həyata kobud müdaxilə təşkil edən haldır. Baş verən qanunsuzluqla bağlı yenidən polis orqanlarına çoxsaylı müraciətlər etmişdir. Dəfələrlə hüquq-mühafizə orqanlarının diqqətinə çatdırmışdır ki, söhbət sadəcə məişət xarakterli mübahisədən deyil, şəxsi həyata müdaxilə və davamlı təqib xarakteri daşıyan hərəkətlərdən gedir. Bundan başqa, məsələ ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində aidiyyəti vəzifəli şəxsin qəbulunda olmuş, bütün faktları və narahatlıqlarını şəxsən təqdim etmişdir. Nəticədə o və ailə üzvləri hər gün öz evində müşahidə olunduqları hissi ilə yaşamağa məcburdurlar. İmişli Rayon Məhkəməsinin (hakim L.Ağakişiyeva) ## #### 2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə Ərizəçi ərizəsi təmin edilməmişdir. Qərardaddan ərizəçi şikayət vermiş, qərardadın ləğv edilməsi, müvəqqəti təminat tədbiri haqqında ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxılmış, İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Kollegiya şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Ərizəçi hazırki tələbində iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək maraqlı şəxslər cavabdeh3 qızına, Qurbanov İsmayıl Mürşüd oğluna və cavabdeh1 onların yaşayış evinə, həyətyanı sahəsinə və ailə üzvlərinin hərəkətlərinə yönəldilmiş videomüşahidə kameralarından istifadə etməyi qadağan edən müvəqqəti təminat tədbiri tətbiq edilməsi, cavabdehlərə onun yaşayış sahəsinə yönəldilmiş müşahidə kameralarının istifadəsinin dərhal dayandırılması barədə göstəriş verilməsi və iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək cavabdehlərə ərizəçinin yaşayış sahəsini videomüşahidə vasitələri ilə izlənilməsi və qeydə alınması qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 157-ci maddəsinə əsasən: 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. 157.4. İddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir. 157.5. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Kollegiya hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Müvəqqəti təminat tədbiri haqqında ərizə əsaslandırılmalı, yəni ona iddia tələbinin kifayət qədər əsaslığına dair ilkin sübutlar əlavə edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, Qanunun tələbinə görə, müvəqqəti təminat tədbiri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Hazırki halda işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilənədək mövcud vəziyyətin dəyişəcəyi, yaxud ərizəçinin hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi kimi hallar müəyyən edilmir. Ərizəçi öz xahişini əsaslandırmaq üçün MTT barədə ərizəsinə müvafiq iddia ərizəsini, eləcə də belə ərizə ilə yanaşı iddia tələbinin kifayət qədər əsaslığına dair ilkin sübutları əlavə etməmişdir. Kollegiya hesab edir ki, ərizə MPM-in 157.5-ci maddəsində göstərilən hallara cavab vermədiyindən, təmin edilə bilməz. Beləliklə, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmənin qərardadını ləğv etmək üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Ərizəçi Ərizəçi şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar