Məhkəmə qərarları › İş №2(001)-101/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-101/2022

02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-101/2022 02.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənəvi zərərin əvəzinin, yeni mənzillə təmin olunana kimi aylıq kirayə haqqının və mənzildə aparılmış təmir işlərinin dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 29.04.2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 MTK ilə bağladığı alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, M.Xiyabani küçəsi 5 saylı evin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 98,8 kv.m. olan 2 otaqlı 14 saylı mənzili almışdır. 2016-cı ilin ortalarından iddiaçı həmin mənzildə təmir işlərinə başlamışdır. 2017-ci ilin yanvan ayının sonunda Cavabdeh2 iddiaçıya zənq edərək bildirmişdir ki, təmir etdirdiyi mənzil ona məxsusdur. Bundan sonra iddiaçı Cavabdeh1 MTK-nın rəhbərliyi ilə əlaqə saxlamış və ona bildirilmişdir ki, heç bir problem yoxdur, sadəcə anlaşılmazlıq olmuş, Cavabdeh2 mənzillə təmin olunmuş, onun iddiaçıya qarşı heç bir iddia və tələbi olamyacağına dair ərizəsi də alınıb və iddiaçıya həmin ərizənin surəti də təqdim olunmuşdur. Yəni hər iki cavabdeh iddiaçının mənzilində apardığı təmirə dair etiraz və ya narazılıqlarını bildirməmişlər. Təmir işlərini tam başa çatdırandan sonra 2017-ci ilin dekabr ayında iddiaçı ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. 2018-ci ilin mart ayında Cavabdeh2 iddiaçıya bildirmişdir ki, ona Cavabdeh1 MTK tərəfindən verilmiş mənzil də başqasına məxsusdur və ona görə o, iddiaçının artıq təmir olunmuş mənzilini ondan geri tələb edəcək. İddiaçı Cavabdeh2 bildirdi ki, mənzilin təmirinə 42000 manat xərc çəkmiş və əgər ona qarşı tələbi var idisə bildirərdi, iddiaçı da təmiri yarımçıq qoyub, evə yığışmazdı. Bundan sonra 2018-ci ilin aprel ayında İddiaçı Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin yerinə yetirilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə” iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 isə ona qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi barədə” qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsində Cavabdeh2 göstərmişdir ki, onlar 2017-ci ilin 10-15 yanvar arası sözügedən mənzilə baxmağa gedəndə mənzildə təmir işlərinin aparıldığını görmüşlər, Yasamal rayon Polis İdarəsinə zəng vuraraq onun mənzilində tanımadığı adamların təmir işləri apardığını bildirmiş, daha sonra polis əməkdaşları ilə həmin mənzilə gələrək ustalardan iddiaçının mobil telefon nömrəsini alaraq ona zəng etmişdir. Yəni Cavabdeh2 tərəfindən həmin mənzildə təmir işlərinin aparılması iddia ərizəsində etiraf edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.07.2018-ci il tarixli, 2(004)-4553/2018 saylı qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilmiş, qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, M.Xiyabani küçəsi 5 saylı evin 14 saylı mənzilində təmir işlərinin iddiaçı tərəfindən aparıldığını bir daha vurğulamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli, 2(103)-10607/2018 saylı qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia qismən təmin edilmiş; Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 98,8 kv.m. sahəsi olan 2 otaqlı, 14 saylı mənzilin əvəzi olaraq, həmin binada yaxud həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasında mübahisə predmeti olan mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin ilk İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulması; qarşılıqlı iddia isə təmin edilərək Cavabdeh1 MTK ilə İddiaçı arasında ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 98,8 kv.m. sahəsi olan 2 otaqlı, 14 saylı mənzilinə dair bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında 14 noyabr 2008-ci il tarixli müqavilə etibarsız hesab edilərək İddiaçı həmin mənzildən çıxarılması və Cavabdeh2 həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsində baxılmış 2(103)-10607/2018 saylı işin materiallarında saxlanılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasının rəis vəzifəsi üzrə səlahiyyətləri icra edən Elnur İsmayılov tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə (iş № 2(102)-1729/2019, 18 mart 2019-cu il tarixli qərar) ünvanlanmış 29.10.2018-ci il tarixli, 17/38-6486 saylı müraciətinə qoşulmuş Cavabdeh3 ərizəsindən görünür ki, o İddiaçı 62000 manat alaraq mübahisəli mənzili ona satmışdır. Həmin məbləğ “Yeni Yasamal“ MTK-nın xəzinəsinə mədaxil olub-olmaması və ya Cavabdeh3 tərəfindən mənimsənilməsi İddiaçı məlum deyil. Bu səbəbdən Cavabdeh3 üzərinə öhdəlik qoyulmalıdır. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmiş, icra vərəqi icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. 2017-ci ilin dekabr ayından hal-hazıra kimi iddiaçı həmin mənzildə yaşamış, evin bütün kommunal xidmətlərini (su, işıq və qaz) belə qoşdurmuş və kommunal xidmətlər abonent kimi onun adındadır. Yasamal rayon İcra və Probasiya Şöbəsi Bakı Apellyasiya Məhkəməsi qətnaməsinin ona dair hissəsini bu günə kimi icra etməmiş Cavabdeh1 MTK tərəfindən mənzillə təmin olunmağını təmin etməmişdir. Lakin Cavabdeh2 təmir olunmuş, kommunal xidmətləri qoşulmuş hazır mənzilə təcili olaraq köçməkdə israrlıdır. Belə olan halda iddiaçı hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzi və mənzildə aparılmış təmir işlərinin dəyəri ödənilməlidir. Belə ki,danılmaz haldır ki, iddiaçı mənzildə təmir işlərini cavabdehlərin icazəsi ilə aparmış, cavabdehlər apardığı təmir işlərinin dayandırılmasını ondan tələb etməmiş və bu barədə bir kəlimə də olsun ona irad tutmamış, bir aidiyyatı quruma şikayət etməmişlər. Görünən odur ki, mənzildə təmir işlərinin aparılması (toz-torpaqdan təmizlənməsi, üçüncü mərtəbəyə tikinti materiallarının daşınması, təmirin tam başa çatdırılması) Cavabdeh2 işinə yarayır və ona sərf edirmiş. Qeyd olunanlara əsasən, iddiaçı ona dəymiş mənəvi zərərin əvəzi olaraq 20000 manat məbləğində pulun cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativindən və Cavabdeh3, 18 aprel 2022-ci il tarixli, 10/5589 №-li ekspertiza rəyi ilə müəyyən edilmiş ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 93 kv.m. olan 2 otaqlı, 14 saylı mənzildə iddiaçı tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri olan 28587,60 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbinin heç bir əsası yoxdur və buna görə də rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülkü Kollegiyasının 2(103)-10607/2018 saylı mülki iş üzrə 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı Cavabdeh1 MTK-ya və ona qarşı olan Cavabdeh1 MTK-nın ünvan 3 ünvanında tikdiyi hündürmərtəbəli binanın 1-ci blokunun 3-cü mərtəbəsində ümumi sahəsi 98,8 kv.m. olan iki otaqlı 14 saylı mənzilin iş üzrə birinci cavabdeh tərəfindən onun həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə iddiası qismən təmin edilmiş; Cavabdeh1 MTK tərəfindən ünvan 3 ünvanında tikilən hündürmərtəbəli binanın 1-ci blokunun 3-cü mərtəbəsində ümumi sahəsi 98,8 kv.m. olan iki otaqlı 14 saylı mənzilin əvəzi olaraq, həmin binada yaxud həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasında mübahisə predmeti olan mənzilin ölçülərinə və digər göstəricilərə uyğun başqa bir mənzilin ilk İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulmuş və onun qarşılıqlı iddiası təmin edilərək, Cavabdeh1 MTK ilə İddiaçı arasında ünvan 3 ünvanında inşa edilmiş evin 1-ci blokunun 3-cü mərtəbəsində 14 saylı mənzilə dair bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında 14 noyabr 2008-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, İddiaçı oglunun həmin mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməsi qət edilmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10607/2018 saylı mülki iş üzrə 19 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsində ona qarşı göstərilən dəlillər hamısı əsassızdır. Belə ki, qeyd olunan məsələlərin hamısı apellyasiya instansiyası məhkəməsinin qətnaməsində öz əksini tapmışdır. İddia ərizəsində göstərilir ki, güya iddiaçı onun mənzilində təmir işləri apararkən o, öz etirazını bildirməmişdir. Bu qətiyyən həqiqətə uyğun deyildir. Belə ki, o, hələ 2017-ci ildə iddiaçıya bildirirmişdir ki, iddiaçının zəbt etdiyi mənzilin əsas sahibi odur, lakin iddiaçı bundan nətiçə cıxarmaqdansa, ona və ailə üzvlərinə qarşı hədə-qorxu gəlirdi. İddiaçının hədə-qorxuları barədə polisə də ərizə ilə müraciət edilmişdir. Bundan əlavə, o, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin 23 aprel 2018-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. O iddiaçı ilə danışan zaman, mənzildə hələ təmir işləri təzə başlamışdır. O, iddiaçıya dəfələrlə bildirdi ki, təmir işlərini dayandırsın, lakin iddiaçı ona hədə-qorxu gəlməklə öz işini davam etdirirdi. Həmçinin İddiaçı ailəsi ilə birlikdə Quba rayonunun Tülər kəndində yaşayır. Belə ki, bütün məhkəmə proseslərində, həmçinin prokurorluq orqanlarında bildirirmişdir ki, rayonda yaşayır və hər dəfə şəhərə gəlməyə imkanı olmur. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 MTK tərəfindən ünvan 3 ünvanında tikilən hündürmərtəbəli binanın 1-ci blokunun 3-cü mərtəbəsində ümumi sahəsi 98,8 kv.m. olan iki otaqlı 14 saylı mənzilin əvəzi olaraq, həmin binada yaxud həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasında mübahisə predmeti olan mənzilin ölçülərinə və digər göstəricilərə uyğun başqa bir mənzilin İddiaçı təhvil veriməsi vəzifəsi Cavabdeh1 MTK-nın üzərinə qoyulmuşdur. Lakin ona dəfələrlə mənzil təklif olunsa da, o mənzil almaqdan imtina etmişdir. Cavabdeh3 iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbi ona və "xxxx" MTK-ya qarşı olan hissədə əsassızdır və bu səbəbdən də ona və "xxxx" MTK-ya dair hissədə təmin olunmamalıdır. Belə ki, iddia ərizəsində göstərilənlərin əksəriyyəti həqiqəti əks etdirsə də, bəzi məqamlara aydınlıq gətirilməlidir. Xıdır Babyev ilə Cavabdeh2 arasında gedən bundan əvvəlki qarşılıqlı iddia tələbləri ilə bağlı məhkəmə çəkişməsi Ali Məhkəmədə baxılan zaman 29.10.2018-ci il tarixində ərizə ilə müraciət edərək bildirmişdir ki, ünvan 4 ünvanında inşa olunmuş binada yerləşən 2 otaqlı, 98.8 kv.m. sahəsi olan 14 nömrəli mənzili ilkin olaraq 50388 manata Cavabdeh2 daha sonra həmin mənzili 62000 manata İddiaçı satmışdır. İddiaçı aldığı 62000 manatı "xxxx" MTK-nın xəzinəsinə köçürülüb-köçürülməməsi dəqiq yadında deyil. Amma o dəqiq yadındadır ki, İddiaçı həmin mənzildə təmir işlərinə başlayandan təqribən iki ay sonra yəni 2017-ci ilin yanvar ayında Cavabdeh2 yanına gələrək bildirmişdir ki, o Moskvada yaşayır və hazırda mənzilinə baxmağa gəlmişdir. Mənzildə İddiaçı tərəfindən aparılan təmir işlərini görəndə Cavabdeh2 polisə şikayət etmişdir. Bundan sonra, yəni 2017-ci ilin yanvar ayının ortalarında Cavabdeh2 ilə razılaşdılar ki, ona sahəsi 94,6 kv.m. olan 216 nömrəli mənzili təhvil versinlər, o isə 14 nömrəli mənzilə dair imtina ərizəsi versin. Belə də oldu, 216 nömrəli mənzilə dair Cavabdeh2 ilə müqavilə bağladılar və ona maliyyə arayışı verildi. Cavabdeh2 yeni təhvil aldığı 216 nömrəli mənzilə dəmir qapı qoydu. Cavabdeh2 14 nömrəli mənzildən imtinasına səbəblərdən biri də mənzildə artıq Xıdır Babyev tərəfindən təmir işlərinin aparılması idi. Sevic Kərimova dirəniş göstərib 14 nömrəli mənzili geri istəsəydi, həmin zaman yəqin ki, Xıdır Babyev təmir işlərini dayandırardı, əlavə artıq xərclər çəkməzdi və yeni mənzili Cavabdeh2 yox, İddiaçı təhvil verilərdi və təbii ki, təmir işləri üçün çəkilmiş xərc o vaxt üçün böyük olmadığına görə bir ortaq məxrəcə gələ bilərdilər. İddiaçı tərəfindən 14 nömrəli mənzildə təmir işlərinin 2017-ci ilin yanvar ayından sonra da davam etdirərək tam başa çatdırmasına (payız aylarına kimi) məhz Cavabdeh2 həmin mənzildən imtina edərərək 216 nömrəli mənzili təhvil alması olmuşdur. İddiaçı 14 nömrəli mənzildə təmir işlərini başa çatdırandan sonra 2018-ci ilin yanvar ayında Cavabdeh2 yenə MTK-ya gəldi və artıq təmir olunmuş 14 nömrəli mənzili geri istəməyə başladı. Bu arada, İddiaçı təmir-tikinti işlərinə 40000 manatdan çox xərc çəkmişdir. Buna baxmayaraq Cavabdeh2 14 nömrəli mənzili orada aparılmış təmir-tikinti işlərinin xərçini ödəmədən 50388 manat qarşılığında 98,8 kv.m. super təmir olunmuş mənzilə sahiblənmək istəmiş, halbuki Cavabdeh1 MTK mənzilləri təmirsiz (pod mayak) satırdı. O, azadlıqdan məhrum olmağına rəğmən sədri olduğu "xxxx" MTK-dan daim məlumat alır. MTK-da ümumi 170 nəfərə yaxın zərərçəkmiş vətəndaşlar arasında bu kimi bir neçə mübahisəli mənzillərdə təmir işləri aparılmışdır. Mənzil sahiblərindən biri digərinə təmir olunmuş mənzili təhvil verəndə hələ belə hal olmamışdır ki, təmir işlərinə çəkilmiş xərci mənzilə yeni sahiblənən qarşı tərəfə ödəməsin və halallaşmasınlar. Hazırki halda Sevic Kərimova haqlı deyil, çünki super təmir olunmuş mənzildə o yaşayacaqdır və hazır yaradılmış şəraitdən o yararlanacaqdır. Belə olan halda "xxxx" MTK və X3 nə səbəbə Cavabdeh2 əvəzinə təmirtikinti işlərinin xərcini öz şəxsi vəsaiti hesabına ödəməli olduqları anlaşılan deyil. Cavabdeh2 həmin mənzili təhvil alandan sonra satmaq belə istəsə, təbii ki, təmir olunmuş mənzil kimi yüksək qiymətə satacaqdır, təmirsiz mənzil qiymətinə satmayacaqdır. Yəni həmin təmir xəcini qarşı tərəfdən almalı olacaq, bəs nə səbəbə Cavabdeh2 həmin mənzilə İddiaçı tərəfindən çəkilən təmir-tikinti işlərinin pulunu vermək istəmir. O, mənzili təmirsiz halda təhvil alsaydı təmir etmək üçün xərc çəkməyəcəkdirmi? Həmin xərci versin mənzilinə sahiblənsin, iş üzrə digər cavabdehlər Cavabdeh2 əvəzinə onun mənzilinə çəkilən təmirtikinti xərclərini ödəmək niyyətində deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. O, eyni zamanda məhkəməyə bildirdi ki, İddiaçı cinayət işi çərçivəsində ona ayrılmış mənzili Cavabdeh2 verməyə razı idi, lakin Cavabdeh2 uzun müddət buna razılığını verməmiş, sonradan isə Cavabdeh2 razılaşanda, artıq İddiaçı təklifindən imtina etmişdir. İddiaçı mübahisəli mənzilə yüz min manatdan çox pul xərcləyib, Cavabdeh2 isə cəmi əlli min manat pul xərcləyərək, təmirli mənzilə sahib olmaq istəyir. Bu qanunsuz və ədalətsizdir. Hər bir halda mənzildə yaşamaq üçün o, həmin mənzili təmir etmək məcburiyyətində olacaqdır. Hazır təmir olunub da. Hesab etsin ki, İddiaçı həmin mənzildə usta kimi işləmiş, mənzili onun üçün təmir etdirmiş və pulunu ödəsin. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin Cavabdeh2 münasibətdə rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda o, məhkəməyə bildirdi ki, Cavabdeh2 İddiaçı cinayət işi çərçivəsində ayrılmış mənzili bəyənməsə də, onu məhz insanlıq xatirinə qəbul etməyə razılaşdı ki, iddiaçı təmir etdirdiyi mənzildə yaşasın. Razılaşmasının müəyyən müddət alması səbəbi də ondan ibarət olmuşdur ki, yenidən aldadılmaqdan qorxurdu. Cavabdeh2 razılaşandan sonra isə iddiaçı son anda mənzili verməkdən imtina etdi. Halbuki hazırkı vəziyyətdə Cavabdeh2 özü ən böyük zərərçəkmiş şəxsdir. Belə ki, mənzili ola-ola illərdir ailəsi ilə birlikdə kirayədə yaşamaq məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında məhkəməyə bildirdi ki, evi hələ uşaqları balaca olanda – 2008-ci ildə almışdır. Əri Moskva şəhərində yaşayırdı, onlar da ailəlikcə mütəmadi olaraq yanına gedib-gəlirdilər. 2017-ci ilin yanvar ayında aldığı mənzilə baş çəkəndə gördü ki, orada təmir gedir. Mənzildə işləyən şəxslərə irad bildirəndə ona cavab verdilər ki, səlahiyyətli şəxs deyillər, ustadırlar, hər hansı əlavə məlumatları yoxdur. Ondan sonra İddiaçı telefon nömrəsini tapdı və ona bildirdi ki, mənzilin sahibidir, təmiri təcili dayandırsın və mənzili ona təhvil versin. İddiaçı buna aqressiv reaksiya verdi və ona hədə-qorxu gəlməyə başladı. İddiaçılə danışıqlar bir nəticə verməyəndən sonra o, polisə müraciət etdi. Bunu bilən MTK-nın sədri Cavabdeh3 ona başqa - 216 saylı mənzili təklif etdi. Mübahisənin daha da çox böyüməməsinə görə o, razılaşdı və həmin mənzilin qapısını dərhal dəyişərək, üstünə elan vurdu ki, əgər həmin mənzilin sahibi varsa – üzə çıxsın. Bir müddət sonra 216-cı mənzilin sahibi onunla əlaqə saxladı və mənzilini geri tələb etdi. Onda o, başa düşdü ki, Cavabdeh3 onu aldadıb. Məsələnin araşdırılması üçün Alışovu nə qədər axtarsa da, tapa bilmədi və təbii ki, heç bir mübahisə yaratmadan, mənzili sahibinə təhvil verdi. Hal-hazırda uşaqları artıq böyükdür, oğlu hətta müharibədə də iştirak edib, qayıdıb, lakin onlar hələ də kirayələrdə yaşayırlar. İddiaçının hansı əsaslarla ondan təmir xərcini tələb etməsi ona aydın deyil. Belə ki, o, iddiaçını aldatmamış, təmir təzə başlanan vaxt gəlib iradını bildirmiş və təmirin dayandırılmasını tələb etmişdir. O, hətta İddiaçı cinayət işi çərçivəsində verilmiş təmirsiz evi qəbul etməyə də razı idi, lakin İddiaçı özü bunu istəmədi. Belə olan halda hesab edir ki, iddia ərizəsi ona münasibətdə rədd eidlməlidir. Cavabdeh3 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hal-hazırda azadlıqdan məhrum olunma cəzası çəkdiyi üçün məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş edir. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.03.2019-cu il tarixli, 2(102)-1729/2019 saylı qərarında aşağıdakılar qeyd olunmuşdur: “ ... Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(004)4553/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 MTK-nın ünvan 5-də inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr sahəsi olan 2 otaqlı, 14 saylı mənzilinə İddiaçı sahiblik və istifadə hüququ tanınması, Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 2(004)- 4553/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddia qismən təmin edilərək “Yeni Yasamal» Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 2 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 98,8 kv.metr sahəsi olan 2 otaqlı, 14 saylı mənzilin əvəzi olaraq, həmin binada yaxud həmin yaşayış binasının yaxınlığında yerləşən və tikintisi başa çatdırılmış yaşayış binasında mübahisə predmeti olan mənzilin ölçülərinə və digər göstəricilərinə uyğun başqa bir mənzilin ilk İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulması, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 Mənzil Tikinti Kooperatvi ilə İddiaçı arasında ünvan 3 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 98,8 kv.metr sahəsi olan 2 otaqlı, 14 saylı mənzilinə dair bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında 14 noyabr 2008-ci il tarixli müqavilə etibarsız hesab edilsin, İddiaçı həmin mənzildən çıxarılsın və Cavabdeh2 həmin mənzilə köçürülməsi qət edilmişdir. ... apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, cavabdeh “Yeni Yasamal» MTK tərəfindən ünvan 5 ünvanında tikilməkdə olan binanın 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 98,8 kv. metr sahəli 14 №-li mənzil ilk olaraq 16.02.2008ci il tarixli müqavilə ilə Cavabdeh2 satılmışdır. Qeyd edilən müqaviləyə əsasən Cavabdeh1 MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş, tikilməkdə olan yaşayış binasının 1-ci girişi, 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr olan 2 otaqlı, 14 saylı mənzili alıcı Cavabdeh2 verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirdiyi mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 50388 (əlli min üç yüz səksən səkkiz) manat müəyyən edilmişdir. 26.02.2008, 03.05.2008, 20.08.2008, 21.11.2008, 29.12.2008, 18.02.2009, 22.02.2009, 22.03.2009, 31.03.2009-cu il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Binanın 1ci girişi, 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr olan 2 otaqlı, 14 saylı mənzilin pay dəyərindən ödənişlər həyata keçirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 MTK tərəfindən təkrar olaraq mübahisəli mənzil 2016-cı ildə tarixi «14.11.2008-ci il» kimi göstərilmiş müqavilə əsasında İddiaçı satılmışdır. Qeyd edilən müqaviləyə əsasən isə Cavabdeh1 MTK ünvan 2 ünvanda tikilməkdə olan yaşayış binasının 1-ci girişi 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr olan 2 otaqlı, 14 saylı mənzili alıcı İddiaçı verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirdiyi mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüş, mənzilin ümumi dəyəri 62000 (altmış iki min) manat müəyyən edilmişdir.16.11.2008-ci il tarixli maliyyə arayışına əsasən isə 14 saylı mənzilin pay dəyəri İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan 26.02.2008-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh1 MTK-ya məxsusdur. Binanın 1-ci girişi, 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr olan 2 otaqlı, 216 saylı mənzilin pay dəyəri Cavabdeh2 tərəfindən ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313 və 322.1-ci maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işinin istintaqı zamanı, həmçinin də Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəmələrə ünvanladığı 05 iyun 2018-ci il və 01 avqust 2018-ci il tarixli məktubların məzmunu ilə müəyyən etdiyi kimi, mübahisəli mənzilin Cavabdeh2 satılması haqqında Cavabdeh3 imzası və MTK-nın möhürü ilə təsdiq olunmuş müqavilə və maliyyə arayışının əsilləri kooperativin ofis otağından götürülməklə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1ci maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işinin materiallarına əlavə edilmişdir. MTK-nın sədri Cavabdeh3 həmin İdarədə istintaqda verdiyi ifadəsində mənzilin İddiaçı faktiki olaraq 2016-cı ildə MTK-nın hüquqşünası Habil Fətəliyev tərəfindən qanunsuz satıldığını, pul vəsaitini sonuncunun götürüb MTK-ya mədaxil etmədiyini göstərmişdir. Buna baxmayaraq, MTK-nın sədri Cavabdeh3 tərəfindən Cavabdeh2 adına həmçinin 2017-ci ilin yanvar ayında 14 №-li mənzilin əvəzlənməsi adı ilə tarixi «26.02.2008-ci il» kimi qeyd olunmuş 2 otaqlı, 94,6 kv. metr sahəli 216 № li mənzilin satışına dair sənədlər tərtib olunmuş, Cavabdeh2 aldadaraq ondan ilkin aldığı 14 №-li mənzildən imtina etməsi barədə heç bir hüquqi qüvvəsi olmayan ərizə almağa cəhd etmiş, lakin hüquqi nəticə yaratmasa da həmin ərizənin əsli məhkəməyə və istintaqa təqdim edilməmişdir. Binanın 2ci girişi 13-cü mərtəbəsində yerləşən 216 №-li mənzil isə 17.01.2008-ci il tarixli müqaviləyə əsasən 49854 manata X1. Mübahisə predmeti olan mənzilə dair Cavabdeh2 ilə müqaviləni və maliyyə arayışlarını cavabdehin adından “Yeni Yasamal» MTK-nın sədri Cavabdeh3, o cümlədən maliyyə arayışlarını mühasib Z.H.Səfərov imzalamış, İddiaçı ilə müqaviləni və maliyyə arayışını isə “Yeni Yasamal» MTK-nın sədri Cavabdeh3 imzalamışdır. İşdə olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 23.04.2018-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları ilə həmçinin müəyyən etdiyi kimi, ilk iddiaçı Cavabdeh1 MTK-nın ünvan 2 ünvanda inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 98,8 kv.metr sahəsi olan 2 otaqlı, 14 saylı mənzilin iş üzrə 1-ci cavabdeh tərəfindən onun həmin mənzilə sahiblik və istifadə hüququnun tanınmasını mübahisələndirsə də, mübahisəli mənzil barəsində qarşılıqlı iddiaçı ilə MTK arasında bağlanmış müqavilə mübahisələndirilməmiş və həmin əqd bu gün də qüvvədədir. Lakin, qarşılıqlı iddiaçı mübahisə predmeti olan mənzillə ilk iddiaçı arasında bağlanmış müqaviləni mübahisələndirir. ... Müəyyən edilmişdir ki, Cavabdeh2 14 nömrəli mənzilin ona satıldıqdan sonra təkrarən saxta müqavilə əsasında İddiaçı satılmasını aşkar etdiyinə və bu barədə polisə şikayət etdiyinə görə, MTK-nın sədri Cavabdeh3 onu aldatmaq məqsədilə 17.01.2008-ci il tarixli müqavilə ilə 49854 manata X2 216 saylı mənzili təklif etmişdir. Çünki, əvəzi ödənilməklə Natəvan Əliyarovaya satılmış mənzil yenidən Cavabdeh2 satılmasının hüquqi əsası olmadığına görə bunu Cavabdeh2 aldatmaq məqsədi ilə edildiyi bəlli idi. Ona görə də, Cavabdeh2 216 saylı mənzilə qanuni əsasla hər hansı bir hüququ yarana və həmin mənzil ona təhvil verilə bilməzdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya ərizə ilə müraciət edərək 14 saylı mənzildən imtina edərək, əvəzinə qarşılıqlı razılaşma yolu ilə ona 216 saylı mənzil veriməsini xahiş etməsi, gələcəkdə 14 saylı mənzillə bağlı heç bir iddiasının olmayacağını bildirməsi barədə ərizənin MTK rəhbərliyi tərəfindən Cavabdeh2 aldadılaraq yazdırılması mümkün olmasına dair apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə də kollegiya razılaşır. Belə ki, işə baxan məhkəmənin müəyyən etdiyi kimi, MTK rəhbərliyinin 14 nömrəli mənzili daha əvvəl əvəzi ödənilməklə Cavabdeh2 satdığı halda, yenidən İddiaçı aldadaraq həmin mənzilə dair onunla saxta müqavilə bağladığı kimi, 216 nömrəli mənzillə bağlı da Cavabdeh2 aldatmaq məqsədilə yenidən saxta müqavilə bağlamağa cəhd edilmişdir. ... Məhkəmə kollegiyası Cavabdeh1 MTK-nın sədri Cavabdeh3 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinində istintaqda verdiyi ifadəsində mübahisəli mənzilin İddiaçı faktiki olaraq 2016-cı ildə MTK-nın hüquqşünası Habil Fətəliyev tərəfindən qanunsuz satıldığını, pul vəsaitini sonuncunun götürüb MTK-ya mədaxil etmədiyini göstərsə də bu ifadələrin inandırıcı və ağlabatan olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, bu halları sübut etmək yükü artıq Cavabdeh1 MTK-nın üzərinə düşsə də, onlar bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi Cavabdeh1 MTK-nın ilk iddiaçı ilə bağladığı müqavilə və mənzilin dəyərinin ödənilməsi barədə maliyyə arayışı qüvvədədir və MTK tərəfindən bu hal mübahisələndirilməmişdir. ... Həmçinin də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu halı da düzgün vurğulamışdır ki, İddiaçı mübahisə predmeti olan mənzil qanunsuz satılsa da, sonuncunun 62000 manatı faktiki olaraq MTK-nın səlahiyyətli şəxsləri ona mənzil satacaqlarına görə almışlar”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir: “ ... Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). ... Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir”. Beləliklə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, “Yeni Yasamal» MTK tərəfindən ünvan 5 ünvanında tikilməkdə olan binanın 1-ci girişinin 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, 98,8 kv. metr sahəli 14 nömrəli mənzil ilk olaraq 16.02.2008-ci il tarixli müqavilə ilə Cavabdeh2 satılmışdır. Həmçinin həmin mənzil Cavabdeh1 MTK tərəfindən təkrar olaraq 2016-cı ildə tarixi «14.11.2008-ci il» kimi göstərilmiş müqavilə əsasında İddiaçı satılmışdır. Cavabdeh1 MTK-nın sədri Cavabdeh3 Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində verdiyi ifadəsində göstərmişdir ki, mübahisəli mənzil İddiaçı faktiki olaraq 2016-cı ildə MTK-nın hüquqşünası Habil Fətəliyev tərəfindən qanunsuz satılmış və pul vəsaitini sonuncu götürüb MTK-ya mədaxil etməmişdir. İddiaçının əsas dəlili ondan ibarətdir ki, cavabdehlər onun mənzili təmir etməyinə göz yummuş, daha çox ziyan çəkməyinə şərait yaratmış, Cavabdeh2 əvvəl gəlib öz iradını bildirsə də, sonradan MTK-dan başqa mənzil alaraq, təmirin sonunadək birdə mübahisəli mənzilə dair hər hansı tələb irəli sürməmişdir. Bununla yanaşı məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim edilmiş 2(102)-1729/2019 saylı mülki işin materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh2 14 nömrəli mənzilin ona satıldıqdan sonra təkrarən saxta müqavilə əsasında İddiaçı satılmasını aşkar etdiyinə və bu barədə polisə şikayət etdiyinə görə, MTK-nın sədri Cavabdeh3 onu aldatmaq məqsədilə 17.01.2008-ci il tarixli müqavilə ilə 49854 manata X2 216 saylı mənzili təklif etmişdir. Cavabdeh2 həmin mənzilin başqa şəxsə satılmış olmasını bilmədiyinə görə təkliflə razılaşmış, lakin həmin mənzilin sahibi tezliklə bundan xəbər tutaraq, mənzilini geri tələb etmişdir. Cavabdeh3 məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, “ ... Sevic Kərimova dirəniş göstərib 14 №-li mənzili geri istəsəydi həmin zaman yəqin ki, Xıdır Babyev təmir işlərini dayandırardı, əlavə artıq xərclər çəkməzdi və yeni mənzili Cavabdeh2 yox, Xıdır Babyevə təhvil verilərdi və təbii ki, təmir işləri üçün çəkilmiş xərc o vaxt üçün böyük olmadığına görə bir ortaq məxrəcə gələ bilərdilər”. Halbuki, iş materiallarından göründüyü kimi, Sevic Kərimovanın “dirəniş” göstərməməsinin əsas səbəbkarı Cavabdeh3 özüdür. Tərəfləri razı salaraq hüquq mühafizə orqanlarına ünvanlanan şikayətlərin qarşısını almaq üçün başqasına məxsus olan mənzili Sevinc Kərimovya təklif edərək, Cavabdeh3 nəticə etibarilə üç tərəfin: Cavabdeh2, İddiaçı və 216 nömrəli mənzilin sahibi Natəvan Əliyarovanın hüquqlarını pozmuş və bu pozuntu tərəflərin maddi və mənəvi itkiləri ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.04.2022-ci il tarixli, 10/5589 saylı Ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 41B, korpus 1, giriş B, 96 saylı mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 28587,60 manat məbləğində müəyyən edilmişdir. İddiaçıya dəymiş mənəvi ziyana münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.04.2021-ci il tarixli, 11/55 saylı Ekspert rəyindən görünür ki, İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər ağır dərəcədə olmaqla Cavabdeh1 MTK-nın səlahiyyətli şəxsləri tərəfindən ona mübahisəli mənzilin satılması ilə şərtlənmişdir. İddiaçı psixi fəaliyyətində yaranmış neqativ dəyişikliklər onun qarşılaşdığı şəraitlə əlaqədar frustrasiya (insanın qarşılaşdığı şəraitdən asılı olaraq narazılıq və ya təmin olunmamaq səviyyəsinin dözüm iradi səviyyəsindən üstün olması vəziyyəti) halını keçirməsində, onda neyrotizm əlamətlərinin üzə çıxmasında və yuxusuzluqdan əziyyət çəkməsində özünü göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir» «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyn məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 2-ci bəndində aşağıdakılar göstərilmişdir: « ... Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər». Həmin Qərarın 8-ci bəndində təsbit edilmişdir ki, « ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun». Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: a) ziyanın vurulması; b) ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; v) əvvəlki iki elementlər arasında səbəbli əlaqə; d) ziyanvuranın təqsiri. İş materiallarından iddiaçının mənəvi sarsıntılarının cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunsuz hərəkətləri nəticəsində baş verməsi müəyyən edilir. Lakin bununla yanaşı məhkəmə vurulmuş mənəvi zərərə görə iddiaçının 20000 manat tələbini ağlabatan hesab etmir. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyn məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və səhhəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 28587,60 manat məbləğində dəymiş maddi və 2500 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 28587,60 (iyirmi səkkiz min beş yüz səksən yeddi manat altmış qəpik) manat məbləğində dəymiş maddi və 2500 (iki min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 19,19 (on doqquz manat on doqquz qəpik) manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 230 (iki yüz otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10,81 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar