Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3873/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.000 manat, 3 il ərzində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş inflyasiya 7,25 % miqdarında 1.305 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 145 manat, vurulmuş mənəvi zərərə görə isə 2.000 manat olmaqla, cəmi 21.450 manat pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayonu Muğan Ərazi Dairəsi Muğan kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamışdır. Atası ona zəng edərək ünvan 2 ünvanda qeydiyyatda olan tanışları, hazırki iş üzrə Cavabdeh 18.000 manat pul lazım olduğunu bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərtib və təsdiq etdiyi borc müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixədək (müqavilənin 2-ci bəndi) qaytarmaq şərti ilə faizsiz (müqavilənin 3-cü bəndi) 18.000 manat borc pul vermişdir. Müqavilənin şərtlərinə görə o, Cavabdeh mülkiyyətinə - əməli idarəçiliyinə 18.000 manat pulu 21 iyun 2022-ci il tarixədək müddətinə (faizsiz) qaytarmaq şərti ilə (xx.xx.2021-xx.xx.2022) borc şəklində vermişdir. Cavabdeh isə öz növbəsində öhdəsinə götürmüşdür ki, borc götürdüyü pulun axırıncı qalığını xx.xx.2022-ci il tarixdən gec olmayaraq ona qaytarmalıdır. Cavabdehin 3 il ərzində ona vurduğu ziyana görə əsəb, stress keçirmişdir, işə çıxa bilməmişdir. Bu məsələ ilə bağlı vaxtını itirmişdir, əlavə xərclərə düşmüşdür. Yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmçinin o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 145 manat dövlət rüsumu ödəmişdir. Ötən illər ərzində Respublikada uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. Əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir və əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də endirilir. xx.xx.2025-ci il tarixli Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 %, faiz dəhlizinin aşağı həddi 6,25 %, faiz dəhlizinin yuxarı həddi isə 8,25 % səviyyəsində dəyişməz saxlanılıb. İnfyasiyanın yüksək olması insanların həyat şərtlərinə təsir edir. İnfyasiya nə qədər yüksək olarsa, insanların yaşayış səviyyəsi bir o qədər enməyə başlayır və təbii ki, bu, əhalini qane etmir. Bu vəziyyət isə öz növbəsində dövlət üçün təhlükə xarakteri daşıyır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 18.000 manat, 3 il ərzində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş inflyasiyanın 7,25 faizi miqdarında 1.305 manat, iddia ərizəsinə görə ödənilən 145 manat, vurulmuş mənəvi zərərə görə isə 2.000 manat, cəmi 21.450 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Cavabdeh 17 may 2021-ci il tarixdə İddiaçı atası, tanışı Nümayəndə şifahi razılaşma əsasında illik 7,5 % faizlə 12.000 manat məbləğində borc almışdır. Borc razılaşdırılarkən Nümayəndə bu məbləğin verilməsi üçün girov qoyulmasının zəruri olduğunu bildirmişdir. Cavabdeh isə həmin vaxt çətin vəziyyətdə olduğundan bu şərtlə razılaşmalı olmuşdur. Cavabdeh borc müqabilində təminat kimi girov olaraq ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən və ümumi sahəsi 0,85 hektar olan torpaq sahəsini qoymaq barədə iddiaçının atası ilə razılaşmışdır. Lakin bu girov, hüquqi baxımdan alğı-satqı müqaviləsi formasında rəsmiləşdirilmiş və 17 may 2021ci il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisində həmin torpaq sahəsi Nümayəndə istəyi ilə onun yerinə oğlu İddiaçı adına keçirilmiş və sonrakı proseslərdə Nümayəndə əvəzinə İddiaçı iştirak etmişdir. Əslində alğı-satqı müqaviləsində göstərilən 12.000 manat alğı-satqı predmetinin qiyməti yox, borc kimi verilmiş məbləğ olmuşdur. Bu vəsait Nümayəndə göstərişi ilə onun oğlu İddiaçı tərəfindən cavabdehə verilmişdir. Tərəflər arasında şifahi razılaşmaya əsasən, cavabdeh borcu tam ödədikdən sonra torpaq sahəsi ona qaytarılmalı idi. Cavabdeh 19 iyun 2021-ci il tarixdə borcun əsas məbləği olan 12.000 manat və bu məbləğ üzrə hesablanmış 900 manat faiz olmaqla ümumilikdə 12.900 manat vəsaiti tam şəkildə geri qaytarmışdır. Cavabdeh əvvəlki borcunu tam şəkildə ödədikdən sonra yenidən pula ehtiyacı yarandığından bir daha Nümayəndə müraciət edərək yaxın zamanlarda ondan yenidən borc almaq niyyətində olduğunu bildirmişdir. Nümayəndə isə cavab olaraq bildirmişdir ki, verəcəyi borcun təminatı olaraq Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,85 hektarlıq torpaq sahəsi onun oğlunun mülkiyyətində qalmağa davam etməlidir. O, əlavə olaraq da qeyd etmişdir ki, yalnız Cavabdeh borcunu tam şəkildə qaytardıqdan sonra həmin torpaq sahəsi ona qaytarılacaqdır. Cavabdeh bu şərtlərlə razılaşaraq 21 iyun 2021-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisində İddiaçı ilə borc müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh iddiaçıdan 18.000 manat məbləğində vəsaiti faizsiz borc almış və həmin borcu 21 iyun 2022-ci il tarixinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Hərçənd ki, müqavilə formal olaraq iddiaçı ilə bağlanmışdır, faktiki olaraq borc məbləği iddiaçının atası Nümayəndə tərəfindən verilmişdir. Cavabdeh bu borc müqaviləsi üzrə aşağıdakı ödənişləri etmişdir: 21 iyul 2021ci il tarixdə - 1.350 manat, 22 avqust 2021-ci il tarixdə - 1.350 manat, 9 oktyabr 2021-ci il tarixdə - 2.750 manat (sentyabr və oktyabr ayları üzrə), daha sonra isə 8.000 manat məbləğində ödəniş etmişdir. Beləliklə, ümumilikdə ödənilmiş məbləğ 13.450 manat təşkil etmiş və Cavabdeh İddiaçı qarşısında qalan borcu 4.550 manat olmuşdur. Sonrakı mərhələdə Cavabdeh maddi vəziyyətinin ağır olması səbəbindən borcun qalan hissəsini bir qədər sonra birdəfəlik şəkildə ödəməyi planlaşdırmış və bu səbəbdən növbəti ödənişləri həyata keçirməmişdir. 2023-cü ilin sonlarında və 2024-cü ilin əvvəllərində Cavabdeh qalan 4.550 manat məbləğində borcu ödəmək üçün Nümayəndə ilə əlaqə saxlamışdır. Bu zaman Nümayəndə ona cavab olaraq bildirmişdir ki, borcun üzərinə xeyli faiz gəldiyi üçün hal-hazırda ümumi borc məbləği 204.000 manat təşkil edir. Cavabdeh isə 4.550 manat məbləğin üzərinə belə həddən artıq yüksək faiz hesablanmasına etiraz etmşdir. Nümayəndə isə cavabında bu faizi özünün deyil, borcun əsl sahibinin hesabladığını, borc pulun başqa bir şəxsə məxsus olduğunu, həmin şəxsin hazırda 204.000 manat tələb etdiyini bildirmişdir. Cavabdeh həmin şəxsin kim olduğunu öyrənmək istəsə də, Nümayəndə bu barədə heç bir məlumat verməmiş, məsələni yalnız özü ilə həll etməli olduğunu bildirmişdir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, Cavabdeh İddiaçı və onun atası Nümayəndə qarşı ümumi borc öhdəliyi 4.550 manat təşkil edir. Eyni zamanda qeyd olunur ki, tərəflər arasında Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən, ümumi sahəsi 0,85 hektar olan torpaq sahəsinin alğı-satqısı ilə əlaqədar bağlanmış əqdin yalan əqd olması, yəni girov müqaviləsi münasibətlərini gizlətmək məqsədilə bağlanması və bu səbəbdən etibarsız hesab olunması tələbi ilə bağlı Cəlilabad Rayon Məhkəməsində mübahisə mövcuddur. Cavabdeh qeyd olunan torpaq sahəsini geri əldə etdikdən sonra, İddiaçı və Nümayəndə olan 4.550 manat məbləğində borcunu hissəhissə, könüllü şəkildə ödəməyə hazır olduğunu bildirir. Bu səbəbdən, iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 4.550 manat pulun tutulması, qalan hissədə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Zakiri tanıyır. Atası bənna olub və Zakirgilin Fatmayı kəndində yerləşən bağ evlərini tikib. Oradan münasibətləri var. təxminən 2021-ci ildə ilk olaraq, Zakir ondan pul istəmişdir. Lakin, həmin vaxt pulu olmadığından o, Zakirə pul verə bilməmişdir.Zakir ona sələmlə pul götürmək istədiyini bildirmişdir. Sonra aradan 1-2 gün keçəndən sonra kimisə tapdığını deyərək, onun da gəlməsini istəmişdir. 26 №-li notariusda sənədlərə baxaraq, həmin sənədlərin alğı-satqı ilə bağlı olduğunu görmüşdür. Torpaq sahəsi Zakirin idi. Qarşı tərəf torpağı ona satması qarşılığında 12.000 manat verəcəyini bildirmişdir. Zakirə izah etmişdir ki, bu alğı-satqıdır. Torpaq sahəsi qarşı tərəfin adına keçəcəkdir. Zakir isə bildirdi ki, tanıdığı şəxsdir, problem olmaz. Sonra alğı-satqı oldu. Qarşı tərəf də pul verdi. Qarşı tərəfin onu aldada biləcəyini Zakirə desə də, Zakir tanıdığı biri olduğunu bildirdi. Zakir dediyinə görə, 12.000 manat pul vəsaiti almış və 13.000-ə yaxın pul vəsaiti qaytarmışdır. Gördüyü müqavilə alğı-satqıdır. Sonra, Zakir həmin adamdan yenə pul almışdır. Zakir ondan da pul istəmiş və o da 3.000 manat pul vermişdir. Zakir həmin şəxsdən faizlə pul da almış, onu da ödəmişdir. Zakir 14.000 manat borcu qaytarmışdır, lakin pulları onun yanında qaytarmamışdır. Bir müddət sonra Zakir qarşı tərəfin görüşə gəlmədiyini bildirmişdir. Evini axtarıb, məsələnin uzadılmaması üçün görüş və danışıqlar təşkil etmək istəmişlər. Zakir sonra ona bildirmişdir ki, qarşı tərəflə ortaq razılığa gəlməmişdir. Çox pul istəyir. Torpaq sənədindən əlavə 18.000 manat borc müqaviləsi bağlamışdır. İş materialları: xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş 4Ə-239 reyestr saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan, Abşeron rayonu Mehdiabad qəsəbəsi ünvanda yerləşən, ümumi sahəsi 0,85 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 12.000 manata İddiaçı satmışdır. xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 3M-748 reyestr saylı borc müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq İddiaçı 18.000 manat borc almışdır. xx.xx.2025-ci il tarixli 28905 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 144,60 manat dövlət rüsumu ödənilmişdir. Tərəflər arasında mobil tətbiq üzərində aparılmış yazışmaların ekran görüntüsündən müəyyən edilir ki, tərəflər aralarında olan mübahisənin həlli ilə bağlı danışıqlar aparmışlar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: İşin faktiki hallarına əsasən xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat ofisində bağlanmış 3M-748 reyestr saylı borc müqaviləsinə əsasən Cavabdeh xx.xx.2022ci il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq İddiaçı 18.000 manat borc almışdır, həmin borc məbləğini müqavilədə şərtləşdirilmiş vaxtda qaytarmamışdır. Cavabdeh iddiaya etirazı əsaslandırarkən 21 iyul 2021-ci il tarixdə - 1.350 manat, 22 avqust 2021-ci il tarixdə - 1.350 manat, 9 oktyabr 2021-ci il tarixdə - 2.750 manat (sentyabr və oktyabr ayları üzrə), daha sonra isə 8.000 manat məbləğində ödəniş etdiyini, ümumilikdə ödənilmiş məbləğin 13.450 manat təşkil etdiyini və iddiaçıya 4.550 manat borcu qaldığını bildirsə də, həmin ödənişlərin edilməsi barədə mötəbər sübutları (ödəniş qəbzləri, ödəniş tapşırıqları, pulun verilməsinə və digər tərəfdən qəbul olunmasına dair iltizam və s.) məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdehin vəsatəti əsasında dindirilmiş şahid cavabdeh tərəfindən məhz iddiaçının borcuna görə sonuncuya dəqiq olaraq hansı məbləğdə borcun qaytarılmasını dəqiq bildirə bilməmiş və ümumiyyətlə hər hansı bir məbləğdə borcun qaytarılmasına şahid olmadığını bildirmişdir. Eləcə də, cavabdeh tərəf iddiaya etirazı əsasdandırarkən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən və ümumi sahəsi 0,85 hektar olan torpaq sahəsinin girov qoyulduğu bildirilsə də, cavabdeh tərəf bu günə qədər həmin alğı-satqı müqaviləsini etibarsız əqd, yaxud digər əqdi (real əqdi) pərdələmək üçün bağlanmış əqd kimi mübahisələndirməmişdir. Digər sözlə ifadə etdikdə, həmin müqavilə qüvvədə olmaqla, hazırki mülki mübahisəyə baxan məhkəmə tərəfindən iddia tələblərinə etirazın əsası kimi istinad edilən mötəbər sübut kimi qiymətləndirilmir. Digər iddia tələblərinə münasibətdə məhkəmə hesab edir ki, 3 il ərzində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş inflyasiya miqdarında (7,25 %) - 1.305 manat, vurulmuş mənəvi zərərə görə 2.000 manat tələbinə dair hissədə iddia əsaslı deyil və təmin edilə bilməz. Belə ki, müəyyən edildiyi kimi borcalan tərəfindən borcun qaytarılması xx.xx.2022-ci il tarixdə baş verməli idi, lakin son 3 il ərzində iddiaçı tərəfindən cavabdehə bununla bağlı hər hansı müraciət olunmamış, borc verən borc alan tərəfindən borcun uzun müddət qaytarılmaması vəziyyəti ilə razılaşmışdır. Hazırda borc verənin özünün razılaşdığı hala görə borcalan tərəfindən əlavə faizlərin ödənilməsi tələbi əsassızdır. Həmçinin iddiaçının ona mənəvi zərər vurulması ilə bağlı tələbi də heç bir mötəbər sübuta əsaslanmır. İddiaçı ona 2.000 manat məbləğində zərər vurulmasına əsas verən halların dəqiq olaraq nədən ibarət olmasına dair sübutlarını təqdim etməmiş və hazırki mübahisədən onun mənəvi dünyasında hər hansı neqativ halların yaranması araşdırma zamanı müəyyən edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, 18.000 manat borc və ödənilmiş 144 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli borc müqaviləsinə əsasən 18.000 (on səkkiz min) manat borc və ödənilmiş dövlət rüsumuna görə 144 (bir yüz qırx dörd) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-3873/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3873/2025
01.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver