Məhkəmə qərarları › İş №2(001)-1016/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1016/2023

10.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1016/2023 10.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 sentyabr 2015-ci il təvəllüdlü X2 və 07 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan Hacıqulu və Rüqəyya adlı uşaqları anadan olmuşdur. İddiaçı uşaqlarına tək baxdığından onların xərcini tək ödəyə bilmir, cavabdeh isə uşaqların saxlanılması üçün heç bir köməklik göstərmir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı C.Balayeva iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrdən görünür ki, 02 sentyabr 2015-ci il təvəllüdlü X2 və 07 aprel 2018-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. - Elektron Məhkəmə Portalından çıxarışa əsasən, Cavabdeh mağazada satıcı vəzifəsində işləyir və orta aylıq əmək haqqısı 350 manat təşkil edir. Məhkəmə AR Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 75, 76 və 78-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Həmçinin qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən tutulmalıdır. Qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. İddiaçıya izah edilir ki, cavabdehin daha artıq aliment ödəmək qabiliyyətinə malik olmasına dair sübutlar təqdim edərsə, gələcəkdə alimentin məbləğinin artırılması barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşaqların mənafeyini, eləcə də yuxarıda qeyd olunan dəyərlənməni nəzərə alaraq hesab edir ki, uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment müəyyən edilməklə tutulması ədalətli olar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, 02 sentyabr 2015-ci il təvəllüdlü X2 və 07 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh 02 sentyabr 2015-ci il təvəllüdlü X2 və 07 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar