Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1023/2025 14.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əmək haqqı» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı «əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əmək haqqının ödənilmədiyi 42 günün – xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan müddətdə əmək müqaviləsinə əsasən iş saatlarına görə əmək haqqının – 600 manat məbləğin, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş normasından artıq işlədiyi 130 saat iş saatlarına görə əmək haqqının – 350 manat məbləğin, mənəvi zərərə görə 2000 manat məbləğin, Mediasiya İdarəsinin hesabına ödədiyi 60 manat pul məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixli müqavilə ilə həmin tarixdə Cavabdeh MMC-də müddətli olaraq nəzarətçi gözətçi vəzifəsində işə başlamışdır. Müqavilənin müddəti 3 ay müddətinə günlük 12 saat növbəli iş qrafiki ilə müəyyənləşdirilmişdir. Qeydiyyat uçot dövrü illik olan iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə gündəlik 12 saatdan çox olmayaraq işləyəcəyi əmək müqaviləsində qeyd edilmişdir. Əmək müqaviləsinə əsasən əməyin ödənilməsi vaxtamuzd olmaqla aylıq əmək haqqının məbləği 400 manat təşkil edirdi. Lakin onu əmək müqaviləsində müəyyənləşdirilən günlük 12 saatdan əlavə olaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətlərdə artıq 130 saat işə cəlb edilmişdir. 14 saat gecə növbəsi və 24 saat günlük rejimdə işə cəlb etdikləri üçün etirazını bildirmişdir. Etirazını bildirdiyi üçün onu xx.xx.2024-cü il tarixdən işə buraxmamışlar. Adı rəsmi şəkildə Cavabdeh MMC-də nəzarətçi-gözətçi vəzifəsində işçi olaraq getdiyi halda işə buraxmamışlar və əmək haqqını ödəməmişlər. Cavabdeh MMCnin baş ofisində insan resurslarında onu qəbul edərək bildirmişlər ki, onun günahı olmadan işə buraxılmadığı günlərin əmək haqqısı və artıq işə cəlb etdikləri iş saatlarının əmək haqqısı ödəniləcəkdir. Hər iş günü işə başlayanda və işdən çıxanda turniketə barmaq izini vuraraq giriş- çıxış etmişdir. Bununla da, artıq işlədiyi iş saatlarını müəyyənləşdirmək üçün Cavabdeh MMC-dən barmaq izlərinin tabel cədvəlini-məlumatları almaq olar. Ona heç bir ödəniş edilmədiyi üçün ailəsinin və iki azyaşlı övladının ehtiyaclarını qarşılamaq üçün Şuşa şəhərində keçirilən türk dövlətlərinin qeyri-rəsmi görüşündə ofisiant işləmək üçün Şuşa otelinə getmişdir. Təsadüfən xx.xx.2024-cü il tarixdə Şuşa otelinin Cıdır düzü zalında ofisiant vəzifəsində işləyərkən Cavabdeh MMC-nin prezidenti Ceyhun Abbasovu orada görmüşdür. Yaxınlaşaraq ona qarşı edilən haqsızlıqları bildirmişdir. Öz şəxsi mobil nömrəsini ona verərək bildirmişdir ki, narahat olmasın. xx.xx.2024-cü il tarixdə Ceyhun Abbasova “WhatsApp” vasitəsi ilə yenidən müraciət edəndə demişdir ki, Cavabdeh MMCnin İnsan Resurslarına yaxınlaşsın. Ora gedəndə demişdilər ki, işinə qayıtsın. Ayın sonu bütün ödənişlərini edəcəklər. O, inanaraq xx.xx.2024-cü il tarixdən yenidən işə başlamışdır. Onu yenidən 14 saat və 24 saat, yəni müqavilədə göstərilən saatlardan artıq işə cəlb etdikləri və ona ödəməyə söz verdikləri işə buraxmadıqları 42 günün əmək haqqını ödəniş etmədikləri üçün xx.xx.2024-cü il tarixdə işdən çıxma barədə ərizəsi əsasında, xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Ona edilən qanun pozuntularına görə Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixdə X1 Xidmətinə müraciət etmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirdilər ki, təqdim edilməsi tələb olunmuş, lakin müvafiq sənədlər araşdırmaya tam təqdim olunmamışdır. Bununla bağlı Cavabdeh MMC-nin prezidenti Ceyhun Abbasovun və insan resurslarının əməkdaşı Leyla xanımın “WhatsApp” vasitəsilə ona verdikləri sözləri təsdiq edən səs yazıları və yazışmaları məhkəməyə təqdim edə bilər. Hər iş günü işə başlayanda və işdən çıxanda turniketə barmaq izini vuraraq giriş-çıxış etmişdir. Bununla da artıq işlədiyi iş saatlarını müəyyənləşdirmək üçün Cavabdeh MMC-dən barmaq izlərinin tabel cədvəlini-məlumatı almaq olar. Həmçinin, əmək haqqı kartı ilə əmək müqaviləsinə əsasən hansı günlərin əmək haqqının ödənildiyini təsdiq edən ABB-dən çıxarışı da məhkəməyə təqdim edir. Bu çıxarışla əmək haqqının ödənilmədiyi günlər də müəyyənləşir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: 0108021 nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin Daxili Nəzarət Departamentinə nəzarətçi-gözətçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan görünür ki, İddiaçı hesabına 2024-cü ilin may ayında 364 manat, iyun ayında 27 manat, iyul ayında isə 151,2 manat məbləğində əmək haqqı köçürülmüşdür. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin heç bir razılığa gəlməmişlər. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixindən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, şirkətdaxili işçilərin davamiyyətinin tənzimlənməsi məqsədi ilə quraşdırılmış turniket məlumatları 2 ay müddətinə saxlanılır və bu müddət keçdikdən sonra məlumatların saxlanması zərurəti aradan qalxdığına görə, arxivləşdirilmədən silinir. Belə ki, turniket məlumatları əsasında tabel cədvəli hazırlanaraq təsdiqlənir və bundan sonra həmin məlumatların saxlanmasına ehtiyac duyulmur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla, aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Həmin Məcəllənin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. İddiaçı cavabdeh tərəfindən və əmək haqqının ödənilmədiyi 42 günün – xx.xx.2024cü ildən xx.xx.2024-cü ilədək olan müddətdə əmək müqaviləsinə əsasən iş saatlarına görə əmək haqqının – 600 manat məbləğin, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş normasından artıq işlədiyi 130 saat iş saatlarına görə əmək haqqının – 350 manat məbləğin və mənəvi zərərə görə 2000 manatın ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin iş materiallarına əlavə edilmiş İddiaçı hesabdan çıxarışından görünür ki, 2024-cü ilin may ayı üzrə əmək haqqı kartına işə çıxdığı günə əsasən 364 manat, iyun ayı üzrə 27 manat, iyul ayı üzrə 151,2 manat olaraq köçürülmüşdür. Həmçinin iddiaçı əlavə iş saatlarına görə vəsaitini ödənilməsini tələb etsədə bu halı məhkəmədə sübuta yetirməmişdir. Məhkəmə iclasında çıxış edən zaman cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı cəmiyyətin direktoruna müraciət etdikdən sonra direktorun tapşırığı ilə iddiaçıya əlavə 300 manat məbləğində vəsəit ödənilmişdir və iddiaçı da bu halı məhkmədə öz çıxışı zamanı təsdiq etmişdir.Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən mənəvi zərərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, iddiaçının mənəvi zərərlə bağlı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə olan halda məhkəmədə iddia tələbini əsassız hesab edir. Hesab edir ki, iddiaçı tərəf iddia tələbi üzrə heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «əmək haqqı» tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı «əmək haqqı» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(001)-1023/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1023/2025
14.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver