Məhkəmə qərarları › İş №2(001)-103/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-103/2025

16.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-103/2025 16.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Məmmədov Əli İlham oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti cəlb edilməklə) “ödənilməyən əmək haqqının və son haqq-hesabın ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı məhkəməyə müraciət edərək, daha sonra tələbini dəyişməklə məhkəmədən, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan dövr üçün cavabdehlə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından artıq işlədiyi iş saatları üçün ödənilməmiş əmək haqqının əmək müqaviləsinə əsasən müəyyən edilmiş iş saatları üçün hesablanmış əmək haqqının iki qatından az olmamaqla hesablanıb ona ödənilməsi vəzifəsinin; ona çatacaq son haqq hesabın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin; əmək kitabçasında müvafiq qeydlər aprılmaqla ona təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, N sayli hərbi hissənin komandiri arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanaraq təmirçi fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi 1 il müddətinə bağlanmışdır və həmin müqaviləyə əsasən ona hər ay 260 manat məbləğdə əmək haqqının ödənilməsi qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixdə müqaviləsində dəyişiklik olmuş, onu başqa bir vəzifəyə yəni N saylı hərbi hissənin qazanxana operatoru vəzifəsinə təyin etmiş, əmək müqaviləsində hər ay 345 manat məbləğində əmək haqqı ödənilməsi qeyd olunmuşdur. N saylı hərbi hissə tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2023 tarixə kimi həftədə 40 saat əvəzinə 60 saat işlədilərək şənbə, bazar və bayram günlərinə düşən əmək haqqı ödənilməmişdir. İşlədiyi müəssisədən əmək haqqını tələb etdiyi üçün cavabdeh B.Abdullayev tərəfindən onun əmək müqaviləsinə qanunsuz olaraq xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin "b"bəndinə əsasən xitam verilmişdir. İşdən çıxarılarkən xx.xx.2020-ci ildən xx.xx.2023 tarixinə kimi yuxarıda qeyd olunan aylar ərzində işlədiyi əlavə saat və günlərə görə əmək haqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi olan son haqq hesabı ödənilməmişdir. Cavabdeh B.Abdullayevin qanunsuz hərəkətlərindən Yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə şikayət etmişdir. X6 Xidmətinin xx.xx.2023, N.03. 2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 tarixli cavab məktublarına əsasən cavabdeh və onun üst qurumu olan MN-nə göndərilmiş məktubla əlaqədar barəsində olan məlumatları DƏMX-nə təqdim etmədiklərinə görə araşdırılması sona çatdırılmamış və ona məhkəməyə müraciət etmək bildirilmişdir.Neçə müddətdir ki, işsizdir və başqa heç bir yerdən gəliri yoxdur. Cavabdeh B.Abdullayev ilə dəfələrlə əlaqə yaradılsa da, o hər dəfə müxtəlif bəhanələr gətirərək yuxarıda göstərilən ödənilməyən əmək haqqını və son haqq-hesabını ödəməkdən və Əmək kitabçasını verməkdən boyun qaçırır, həmçinin hesab edir ki, cavabdeh B. Abdullayev tərəfindən onun qanunsuz işdən çıxarıldığı günədək ödəməli olduğu əmək haqqını və son haqq hesabını işdən çıxdığı gün ödəməyə borcludur. O, N saylı hərbi hissə tərəfindən işdən azad olunarkən "Əmək müqaviləmə xitam verilməsi" barədə ƏMRlə tanış olmamış və ona Əmək Qanunvericliyi ilə nəzərdə tutulmuş heç bir sənəd təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh onu təhqir edərək əsəbləşdirib, səhətinə ziyan vurub, həkimin ona kömək etməsi üçün qadağa qoymuşdur. Məcbur olub həyat yoldaşı N3 xidmətinə müraciət etmişdir. Onu da qeyd edir ki, xx.xx.2023 tarixində belə bir hərəkəti qadın hərbi qulluqçunun həyat yoldaşi üçün etmiş və saat 21:00 iradələrində onun otağında ölümünə səbəb olmuşdur. Buna da səbəb məhz şəxsi qərəzlik olub. Cavabdeh əmək Müqaviləsin də olan öhdəliklərə əməl etməmiş, iş otağında sanitar vəziyyət belə təşkil olunmamışdır. Ona ilkin mediasiya sessiyasında məlum olmuşdur ki, ona töhmət verilmiş, lakin bu haqda heç bir məlumat verilməmişdir. Həmçin töhmətlə yanaşı ona həmin aya mükafatda verilmişdir. Tarixi qeyd etməmiş, aprel və həmin aydan əvəlki aylarda verilmişdi. Tarixi nümayəndə dəqiq bildirməlidir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh B.Abdullayev tərəfindən ona xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər olan ödənilməmiş artiq iş saatları,şənbə,bazar və bayram günlərinin əmək haqqısı və son haqq hesabını ödəməlidir. Həmçinin hesab edir ki, cavabdeh B.Abdullayev tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, artıq işlədiyi iş saaatlarının əmək haqqını, ona uyğun son haqq hesabın ödənilməsini, mütəxəsis rəyi ilə təqdim edilən tabellərdə nəzərdə tutulan hesabatın nəzərə alınmasını xahiş edir. Belə ki, əmək haqqı ilə bağlı ödənişin gecikdirilməsi səbəbindən cavabdeh tərəfindən ödənilməli olan vəsaitdən (cərimədən) mütəxəssis rəyindən sonra məlumatı olmuşdur. Onunla bağlanan birinci 68 №-li əmək müqaviləsinə müqavilədə iş saatları 09:00-dan 18:00-a qeyd edilmişdir. Daha sonra 2020-ci ilin yanvarında bağlanan müqavilədə iş saatları 09:00-dan 12:00-a kimi qeyd edilmişdir. İnzibati məhkəməyə şikayətindən sonra onunla iş saatlarında 09:00-dan 18:00-a kimi dəyişiklik edilmişdir. İş materiallarında da, iki əmək müqaviləsi var. Onun iş rejimi sutkalıq olub və 09:00-dan 09:00-a kimi işləməli idi. Həftənin şənbə və bazar günləri bayram günlərinə düşdüyü üçün ona iki qat ödəniş edilməli idi. Əgər iddia edilən kimi axşam saatlarında işə çıxmamışdırsa, nə üçün ona əlavə 20 % ödəniş ediblər. 25 % pul vəsaiti nazirlik tərəfindən ona mükafat kimi ödənilmişdir. Yay fəslində də, qış fəslində də sutkalıq işləyib. Belə ki, əsgərlərin hamamdan istifadəsi üçün suyu qızdırılmasını təmin edib. Axşamlar isə qablar yuyulmalı idi. İşə gəliş və gedişi barədə tabellər dəyişdirildiyi üçün bu məqamlarda ziddiyyət yaranır.

4. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı izahatlarında bildirmişdir ki, N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixdə əmrinə əsasən mənzil istismar hissəsinin qazanxana operatoru vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə isə mənzil istismar hissəsinin 2-ci dərəcəli qazanxana operatoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci il tarixdən qazanxana operatoru vəzifəsinin icrasına başlamış və növbəli iş rejiminə görə 1 sutka(09:00-dan növbəti gün 09:00-dək) işləmiş, 2 sutka istirahət etmişdir. O, işlədiyi işə görə əmək haqqı almamışdır. O, iki gündən bir növbəli olmaqla, ayda N sutka işləmişdir. Ona artıq işləməyinə görə əmək haqqı verməyiblər, ancaq faizi hesablayıb veriblər.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh işçini əmək müqaviləsində göstərilən iş saatlarından artıq və kənar işlətmişdir. Belə ki, işçi əməyə saat 09:00-dan 18:00-dək cəlbedilməli idi. İşçiyə ödənilmiş əlavə haqq işə götürən tərəfindən özünü təsdiqlə bağlı ödənilmiş məbləğdir. İşçinin iş rejimi 42 saat olmaqla, iş müddəti 09:00-dan 18:00-dək olmuşdur. Bazar günləri əslində işçi işə çıxmamalıydı. Lakin onu məcbur çıxardıqlarına görə cavabdehin artıq ödənişlə bağlı öhdəliyi yaranmışdır.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddiaçı 2020-ci ilin sentyabr ayının sonunda yardımçı fəhlə vəzifəsində işləyə-işləyə rəhbərlik iddiaçını qazanxanaya operator vəzifəsinə keçirmişdir. Həmin gündən də iddiaçı sutkalıq növbəli iş rejimində işləmişdir. Bizim hesablamağımıza görə ortada 80 saat fərq vardır. Bundan başqa iş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçıya işlədiyi işə görə əmək haqqı ödənilməmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirmişdir ki, mülki işçilərin əmək haqqı az olduğundan rəhbərlik tərəfindən onlara əlavə 20-25 % ödənişlər mütəmadi olaraq edilirdi. İddiaçının yay aylarında bütün gün işləməsinə əsas olmayıb. Ona görə də, ona qış aylarında tam iş rejiminə uyğun əlavə haqq hesablandığı kimi, yay aylarında da, tam gün işləmədiyindən müvafiq əmək haqqı hesablanıb. İddiaçının iş qrafiki növbəli olub. Hazırda işə götürən N №-li hərbi hissədir. İşə giriş çıxış sənədlərinin saxlanma müddəti 1 ildir, daha sonra məhv edilir. Ola bilər iddiaçı 40 saatdan çox, 50-60 saat işləyə bilər. Gecə qalmasına da, əsas olmamışdır. Yat komandasının verildiyi saat 22:00-dadır. Həftə sonu isə hamam vaxtıdır. Saat 11-12-də orda kimsə olmur ki, kimsə hamamdan istifadə etsin. Yayda da, qışdada eyni qaz həcminin istifadəsi mümkünsüzdür. Qış rejimində sutkalıq işləyə bilər, qış rejimi ilə razıdır, nəzərə alınmalıdır ki, 15.N-15.04 aralığında qış rejimi bitir. Yay ayları üçün sutkalıq iş rejimi mümkünsüzdür. Əmək Müfəttişliyi, Hərbi prokurorluq bu məsələni araşdırıb. Lakin hər hansı nöqsan müəyyən olunmayıb. Ştat üzrə qazanxanada 4 nəfər olmalıydı. Lakin onlardakı qazanxanada 3 nəfər olub ki, bu da müəyyən qədər artıq iş saatının hesablanmasına səbəb ola bilər. 3 nəfər bir ayda sutkalıq iş nəzərə alınarsa, 8 gün iş günü edir. Əmək müqaviləsinin işəmuzd yoxsa vaxta muzd olmasını dəqiq bilmir. İddia tələbinin artırılmasına etiraz edir. İddiaçı 3 ilə yaxın müəssisədə işlədiyi dövrdə ona əlavə 25 % haqq ödənilib. Ona qalsa gərək tərəf olaraq, özləri də həmin əlavə haqqın geri qaytarılmasını tələb etsinlər.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirmişdir ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 247 nömrəli əmrinə əsasən mənzil istismar hissəsinin qazanxana operatoru vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə isə 21 nömrəli əmrə əsasən mənzil istismar hissəsinin 2ci dərəcəli qazanxana operatoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2020-ci il tarixdən qazanxana operatoru vəzifəsinin icrasına başlamış və növbəli iş rejiminə görə 1 sutka(09:00-dan növbəti gün 09:00-dək) işləmiş, 2 sutka istirahət etmişdir. Əlavə olaraq bildirir ki, həmin dövrdə qazanxana operatoru vəzifəsi üçün 3 işçi nəzərdə tutulmuşdur, lakin iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi dövrdən sonra 4 işçi işləyir.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Əliyev Əli Əlizadə oğlu izahatında bildirmişdir ki, iddiaçı 2021-ci ilin yanvar ayında qazanxanada operator vəzifəsinə keçirilib. Həmin tarixdən növbəli iş rejimində işləyib. Ona növbəli işə keçdikdən sonra gecə işlədiyinə görə pul verilib. Növbəli iş rejimi ilə saat 09:00-dan növbəti gün saat 09:00-dək işləyib, 13:00-dan 14:00-a kimi iddiaçının istirahət vaxtı, daha sonra isə gecə saatlarında 01:00-dan 05:00-dək yenidən istirahət vaxtıdır. Həmin vaxt iddiaçı evinə də gedə bilər. İddiaçıya 16 saatlıq iş rejiminə görə aylıq 325 manat əmək haqqı verilib, gecə işlədiyinə görə isə əmək haqqının 20 faizi miqdarında pul verilib.

10. Azərbaycan Republikası 950 saylı Hərbi hissə məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizəsində iddiaya münasibətdə bildirir ki, İddiaçı cavabdeh Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı “ ödənilməyən əmək haqqının və son haqqhesabın ödənilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-N578/2023 nömrəli iş üzrə qərarından xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Azərbaycan Republikası MPMnin tələblərinə əsasən məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddia ərizəsini icraata qəbul etməkdən imtina edir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar və tərəflərin izahatları əsasında müəyyən edilən işin faktiki halları:

12. İddiaçı ilə N nömrəli hərbi hissənin komandiri X2 arasında xx.xx.2020-ci il tarixdə 68 nömrəli əmək müqaviləsi bağlanır və işçi 1 il müddətinə inşaat bölüyünün inşaat qrupunun yardımçı fəhləsi vəzifəsinə işə qəbul edilir. İşçinin əmək haqqı məbləği 260 manat, iş qrafiki isə saat 09:00-dan 18:00-dək həftəlik 40 saat olmaqla müəyyən edilir.

13. 23.09.2020-ci il tarixdə hərbi hissənin mənzil istismar hissəsinin qazanxana operatoru vəzifəsində işləyən S.Abdurrəhmanovun vəzifəsi müvəqqəti olaraq vakant qalmış, həmin vəzifənin iş rejimi növbəli olmaqla, gün ərzində sutkalıq olmuş, lakin növbəti gün iki işçiyə istirahət verilmiş, həmin vəzifənin vakant qalmaması üçün mənzil istismar hissə rəisinin xx.xx.2020-ci il tarixli, 247 nömrəli əmrinə əsasən İddiaçı ƏM-nin 47 a) bəndinə əsasən qazanxana operatoru vəzifəsinin icrasına başlamış, lakin əvvəl tutduğu yardımçı fəhlə vəzifəsindən tam azad olunmamışdır. Həmin ərəfədə mülki işçi İddiaçı icra etdiyi iki vəzifədən daha yuxarı olan vəzifənin əmək haqqı ödənilməli olsa da, yardımçı fəhlə vəzifəsi ilə qazanxana operatoru vəzifəsi bərabər vəzifə hesab edildiyinə görə sonuncuya elə əvvəlki vəzifəsinə uyğun olaraq əmək haqqı ödənilmişdir. Yalnız qazanxana operatoru vəzifəsinin iş rejimində gecə növbəsi olduğuna görə sonuncuya əlavə maaş da verilmişdir. (Hərbi prokurorluğun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan verilən şikayətin araşdırma materiallarından N nömrəli hərbi hissənin komandiri X1 izahatı ixtisarla, bax iş materialları 1-cild 213-232 vərəq)

14. N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2021-ci il tarixli, 21 nömrəli ƏMRİdən çıxarışdan görünür ki, işçi N nömrəli hərbi hissənin mənzil istismar hissəsinin 2-ci dərəcəli qazanxana operatoru vəzifəsinə keçirilmişdir. Bununla bağlı tərəflər arasında əmək müqaviləsinə əlavə bağlanmışdır. Əlavəyə görə işçi xx.xx.2021-ci il tarixədək keçirildiyi vəzifə üzrə 260 manat əmək haqqı almalıdır və iş qrafiki növbəli iş rejimi üzrə saat 09:00-dan başlanır, saat 09:00-da qurtarır, nahar vaxtı 1 saatdır. Daha sonra əmək müqaviləsi xx.xx.2023-cü il tarixədək uzadılır.

15. xx.xx.2023-cü il tarixdə müddətin bitməsinə görə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilir və işçiyə 2023-cü iş ili üçün 6 gün əmək məzuniyyəti pulu ödənilir. Bununla bağlı N nömrəli Hərbi Hissə Komandiri 120 nömrəli əmr vermişdir.

16. İddiaçı əvvəlcə inzibati məhkəmə icraatı qaydasında ödənilməmiş əmək haqqını tələb etsə də, onun iddiası mümkün sayılmamışdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-N578/2023 saylı və Bakı Apellyasia Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(N3)-3734/2023 saylı qərardadları ilə mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu müəyyən edilmişdir.

17. İşçi əvvəlcə həmçinin işə bərpa olunma barədə tələb də irəli sürsə də, sonradan tələbini azaltmış və ödənilməyən əmək haqqının, son haqq hesabının hesablanaraq ona ödənilməsini və əmək kitabçasının ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı dövründə əmək kitabçası işçiyə təqdim edilmişdir, iddiaçı bu hissədə tələbini azaltmasa da, həmin faktı təsdiq edir.

18. Məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti iş materiallarına əsasən işçinin növbəli iş rejimində işləməsini, iş saatının 09:00-dan 09:00-dək olmasını qəbul etsə də, növbətçilik qrafikinin olmamasına, bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı göstərilmədiyinə görə(halbuki ekspert qarşısında qoyulan sualda iş qrafiki konkret olaraq göstərilmişdir), əmək haqqının müxtəlif dövrlərdə fərqli olmasına baxmayaraq, bununla bağlı əmrlərin, əlavələrin olmamasına görə, əmək müqaviləsində gecə vaxtına görə əmək haqqının hesablanma qaydası göstərilmədiyinə görə (halbuki ekspertiza təyin edilməsi barədə qərardadda qanunun tələbi göstərilmişdir) rəy verilməsindən imtina edilmişdir.

19. Bundan sonra məhkəmə tərəfindən "xxxx" MMC-dən mütəxəssis rəyi verməsi tələb edilsə də, o da rəy verməkdən imtina etmişdir.

20. İddiaçı tərəfindən "xxxx" MMC-dən mütəxəssis rəyi alınmışdır. Həmin rəyi isə məhkəmə aşağıda müəyyən edilən işin faktiki hallar baxımından mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, həmin rəydə axşam növbəsi, gecə növbəsi kimi hazırki mübahisəyə tətbiq edilməli olmayan hesablamalar aparılmışdır.

21. Mühasibat sənədlərinin tədqiqi zamanı məhkəmə tərəfindən aşağıdakı hallar müəyyən edilmişdir.

22. 01.01.2021-ci ildən xx.xx.2023-cü il dövrə qədər paylama və tabel cədvəli məlumatından müəyyən edilir ki, 2021-ci ilin yanvar ayı üçün işçinin aylıq məvacibi 260 manatdır, faktiki və haqqı ödənilən iş günlərinin sayı 18-dir, iş saatlarının sayı 143-dür, gecə vaxtına düşən iş saatları 88-dir. Fevral ayı üçün faktiki və haqqı ödənilən iş günlərinin sayı 20-dir, iş saatlarının sayı 180-dir, gecə saatlarının sayı 72-dir. Aprel ayı üçün faktiki və haqqı ödənilən iş günlərinin sayı 22-dir, iş saatlarının sayı 176-dır, gecə saatlarının sayı 80 olmuşdur. Avqust ayında faktiki iş günlərinin sayı 4 gün, iş saatlarının sayı 32, gecə saatlarının sayı 16 göstərilmişdir.

23. Buradan görünür ki, işəgötürən iş vaxtının uçotunu aparan zaman formal olaraq müvafiq ilin istehsalat təqvimini, iş vaxtı normasını və iş vaxtının cəmlənmiş uçotunu meyar olaraq götürmüş və hesablamanı da həmin normaların aşılmasını maksimum gözləməklə, xüsusilə iş vaxtından artıq işə cəlb edilmə faktından yayındırmaqla aparmışdır. Misal üçün haqqı ödənilən iş günlərinin sayı 18-dirsə və iş saatlarının cəmi sayı 143-dürsə, deməli bir günə düşən iş vaxtı 8 saat olacaqdır və hər gün gecə vaxtına düşən iş saatı 5 saatdırsa(88:18) bu zaman iş qrafiki hansı qaydada olmuşdur sualı maraq doğurur. Belə ki, işəgötürənin hesabatından yola çıxsaq o qənaət yaranır ki, işçi ya 19:00-da işə başlamış və 03:00 da iş vaxtı bitmişdir, ya da 01:00 da başlamış 09:00-da iş vaxtı bitmişdir. Cavabdehin nümayəndəsinin mülahizəsinə(yay vaxtlarında qazanxana gecə işləmir) uyğun hesablama aparılsa belə, yenə də iş qrafikinin hesablanmış iş vaxtının uçotuna uyğun gəlmədiyi aşkardır. Üstəlik digər ayların da eyni qaydada hesablamasını aparsaq iş qrafiki ilə bağlı tamam fərqli mənzərənin şahidi olacağıq.

24. Halbuki, işçinin 1 sutka iş, 2 sutka istirahət etdiyi nöqteyi nəzərdən yoxlasaq, müəyyən edilir ki, yanvar ayında işçi 11 sutka işləmişdir və 1 sutkada gecə vaxtına düşən 8 iş saatı vardır (Əmək Məcəlləsinin 97.1-ci maddəsinə əsasən saat 22-dən səhər saat 6dək olan müddət gecə vaxtı sayılır), bu zaman işçiyə nəyə görə 88 gecə vaxtına düşən iş saatlarına görə əmək haqqı ödənildiyi aydın olur. Digər aylarda da eyni qaydada yoxlama aparsaq həmin fakt öz təsdiqini tapır.

25. Odur ki, həm əmək müqaviləsinə əlavədə qeyd edilən iş qrafikindən, həm Hərbi Hissə komandirinin izahatından, həm də məhkəmə araşdırmasının nəticəsindən müəyyən edilir ki, işçinin iş qrafiki qeyd edilən formada, yəni 1 sutka iş, 2 sutka istirahət olmuşdur. Eyni zamanda sutkalıq iş rejimi üzrə işçiyə nahar fasiləsi üçün 2 saat vaxtın kifayət etməsi qəbul edilə bilər. Hansı ki, cavabdeh də işçinin sutkanın bütün hissəsini işləmədiyini mübahisələndirir. Yəni iş növbəsində işçi faktiki olaraq 22 saat işləmiş və bunun 8 saatı (22-dən 6-ya dək) gecə vaxtına düşmüşdür.

26. Bununla belə, həmin iş qrafiki nə çoxnövbəli iş rejimi, nə də ki gecə növbəsi anlayışına uyğun gəlir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” xx.xx.2021-ci il tarixli 74 nömrəli qərarı ilə bağlı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2001-ci il tarixli 9-1 qərarı ilə təsdiq edilmiş İZAHATDA qeyd edilmişdir ki, çoxnövbəli iş rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi formasından, idarə tabeçiliyindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda(fasiləsiz iş axını olan istehsalatlar da daxil olmaqla) gün ərzində iki və daha çox növbədə təşkil olunmuş, növbə müddəti ƏM-nin 89-cu maddəsinə uyğun olaraq 40 saatlı iş həftəsində (nahar fasiləsi nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi başa düşülür. Bu halda iş rejimi növbə cədvəlləri üzrə qurulur və adətən iş saatları həftələr üzrə bərabər bölüşdürülür. İş vaxtının ən az yarısı gecə vaxtına düşən iş növbəsi gecə növbəsi hesab edilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil olunan digər iş rejimləri(iş gününün hissələrə bölünməsi və.s) çoxnövbəli və ya iki növbəli iş rejimlərinə aid edilmirlər. Belə iş rejimində çalışan işçilərə gecə vaxtına düşən iş vaxtının hər saatına görə saatlıq tarif(vəzifə) maaşının 20 faizi həddinə əlavə haqq verilir.

27. Bundan əlavə həmin izahatda qeyd edilmişdir ki, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tari(vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir.

28. Göründüyü kimi işçinin iş rejimi nə çoxnövbəli iş rejiminə uyğun gəlir, çünki gün ərzində 2 və daha çox növbə olmamışdır, nə də ki gecə növbəsi hesab edilir, çünki iş vaxtının yarısından az gecə vaxtına düşür. Bundan əlavə işçinin faktiki iş rejimi əmək qanunvericiliyin tələbinə də uyğun təşkil edilməmişdir, çünki ƏM-nin 96-cı maddəsinə görə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilsə belə, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

30. 95.1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.

31. 95.2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır.

32. 96.1. Qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

33. 96.2. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir.

34. 96.3. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

35. 97.1. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.

36. 97.2 Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşdükdə, iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır.

37. 99.1 İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

38. N1-cü maddənin b bəndinə görə su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün iş vaxtından artıq işlərə yol verilir.

39. N2.1 İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

40. N3.5 İstirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

41. N7. Bu Məcəllənin N1-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

42. 160.1 Vaxtamuzd işçi eyni zamanda müxtəlif işlər, vəzifələr, peşələr və ya ixtisas dərəcələri üzrə əmək vəzifələrini yerinə yetirdikdə, habelə müəyyən edilmiş normalardan artıq dəzgaha, maşına, aparata xidmət etdikdə, onun əməyi daha yüksək haqq verilən ixtisas (peşə) dərəcələri, tarif (vəzifə) maaşları üzrə ödənilir və əmək haqqına əlavə müəyyən edilir.

43. 162.1 Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

44. 164.1 İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.

45. 165.1 İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.

46. 172.4 İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

47. 290.2 İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.

48. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə işəgötürən faktiki olaraq işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmamış və işçi iş vaxtından artıq işə cəlb edilsə də, ona Əmək Məcəlləsinin 165-ci maddəsinin tələbinə uyğun olaraq əmək haqqı ödənilməmişdir. Belə ki, işçinin gün ərzində işlədiyi iş vaxtı ən az 22 saat( 9:00-dan 9:00-a dək 2 saat nahar fasiləsi nəzərə alınmaqla), aylıq orta hesabla 220 saat olsa da, ona formal olaraq müvafiq ayın iş vaxtı normasına görə əmək haqqı ödənilmişdir. Bundan əlavə işçiyə gecə vaxtı yerinə yetirilən 80-88 saat işə görə əmək haqqı ödəməklə faktiki olaraq sutka ərzində iş vaxtının 8 saatının gecə vaxtına düşdüyünü təsdiq etmişdir.

49. Belə ki, 2021-ci ilin yanvar ayında işçi 11 gün növbədə olmuşdur(hansı ki, 88 saat gecə saatına görə əlavə ödənilmişdir və sutkada gecə vaxtına düşən saatların cəmi 8 dir) və ona 143 saat iş saatına görə əmək haqqı ödənilmişdir. Halbuki, işçi həmin ay 242 saat işləmiş və o, iş vaxtından artıq 99 saat iş görmüşdür. Buna görə isə ona iş vaxtından artıq vaxtda görülən işə görə saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğində əmək haqqı ödənilməli idi. Bu zaman əmək tarif(vəzifə) maaşının 260 manat olduğu, saatlıq tarif(vəzifə) maaşının 1.8(260:143) manat olduğu nəzərə alındıqda, iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 356 (1.8x2x99) manat təşkil edir.

50. Odur ki, iş vaxtından artıq işə görə əmək haqqının hesablanması bu düsturla müəyyən edilməlidir. 1)Əmək haqqının məbləği ay ərzində hesablanan(haqqı ödənilən)iş saatlarının cəminə bölünməklə saatlıq tarif(vəzifə) maaşı müəyyən edilməli, 2) ay ərzində növbədə olma günləri 22-yə vurularaq və bundan haqqı ödənilən iş saatları çıxılmaqla iş vaxtından artıq işə cəlb edilmə müddəti müəyyən edilməli, 3) saatlıq tarif(vəzifə) maaşının 2 qat misli iş vaxtından artıq iş saatına vurulmalıdır.

51. Bu qaydada hesablama aparıldıqda 2021-ci ilin fevral ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 52 (9 gün növbədə olmuş, 180 iş saatına görə əmək haqqı ödənilmiş, 18 saat iş vaxtından artıq işləmişdir)manat təşkil edir.

52. 2021-ci ilin Mart ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 327 (N gün növbədə olmuş, 135 iş saatına görə əmək haqqı ödənilmiş, 85 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

53. 2021-ci ilin Aprel ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 130 (N gün növbədə olmuş, 176 iş saatına görə əmək haqqı ödənilmiş, 44 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

54. 2021-ci ilin May ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 333 (N gün növbədə olmuş, 134 iş saatına görə əmək haqqı ödənilmiş, 86 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

55. 2021-ci ilin iyun ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 204 (N gün növbədə olmuş, 158 iş saatına görə əmək haqqı ödənilmiş, 62 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

56. 2021-ci ilin iyul ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 271 (11 gün növbədə olmuş, 159 iş saatına görə əmək haqqı ödənilmiş, 83 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

57. 2021-ci ilin avqust ayında işçi məzuniyyətdə olmuş və iş vaxtından artıq işə cəlb edilmə olmamışdır.

58. 2021-ci ilin sentyabr ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 92 (9 gün növbədə olmuş, 168 iş saatına görə əmək haqqı ödənilmiş, 30 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

59. 2021-ci ilin oktyabr ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 229 (11 gün növbədə olmuş, 168 iş saatına görə əmək haqqı ödənilmiş, 74 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

60. 2021-ci ilin noyabr ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 195 (N gün növbədə olmuş, 160 iş saatına görə əmək haqqı ödənilmiş, 60 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

61. 2021-ci ilin dekabr ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 199 (11 gün növbədə olmuş, 175 iş saatına görə əmək haqqı ödənilmiş, 67 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

62. 2022-ci ilin yanvar ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği N5 (N gün növbədə olmuş, 143 iş saatına görə və 48 iş vaxtından artıq işə görə əmək haqqı ödənilmiş, 29 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

63. 2022-ci ilin fevral ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 123 (9 gün növbədə olmuş, 160 iş saatına görə əmək haqqı ödənilmiş, 38 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

64. 2022-ci ilin mart ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 412 (11 gün növbədə olmuş, 135 iş saatına görə əmək haqqı ödənilmiş, N7 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

65. 2022-ci ilin aprel ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 160 (N gün növbədə olmuş, 168 iş saatına görə əmək haqqı ödənilmiş, 52 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

66. 2022-ci ilin may ayında işçi xəstəliyi ilə bağlı işə çıxmamış və iş vaxtından artıq işə cəlb edilməmişdir.

67. 2022-ci ilin iyun ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 199 (N gün növbədə olmuş, 159 iş saatına görə əmək haqqı ödənilmiş, 61 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

68. 2022-ci ilin iyul ayında işçi məzuniyyətdə olmuş və iş vaxtından artıq işə cəlb edilməmişdir.

69. 2022-ci ilin avqust ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 123 (9 gün növbədə olmuş, 160 iş saatına görə əmək haqqı ödənilmiş, 38 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

70. 2022-ci ilin sentyabr ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği N1 (N gün növbədə olmuş, 184 iş saatına görə əmək haqqı ödənilmiş, 36 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

71. 2022-ci ilin oktyabr ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 160 (N gün növbədə olmuş, 168 iş saatına görə əmək haqqı ödənilmiş, 52 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

72. 2022-ci ilin noyabr ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 199 (N gün növbədə olmuş, 159 iş saatına görə əmək haqqı ödənilmiş, 61 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

73. 2022-ci ilin dekabr ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 199 (11 gün növbədə olmuş, 175 iş saatına görə əmək haqqı ödənilmiş, 67 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

74. 2023-cü ilin yanvar ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 280 (N gün növbədə olmuş, 143 iş saatına görə əmək haqqı ödənilmiş, 77 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

75. 2023-cü ilin fevral ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 123 (9 gün növbədə olmuş, 160 iş saatına görə əmək haqqı ödənilmiş, 38 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

76. 2023-cü ilin mart ayı üçün iş vaxtından artıq işə görə ödənilməli olan əmək haqqının məbləği 412 (11 gün növbədə olmuş, 135 iş saatına görə əmək haqqı ödənilmiş, N7 saat iş vaxtından artıq işləmişdir) manat təşkil edir.

77. 2023-cü ilin aprel və may aylarında işçi iş vaxtından artıq işə cəlb edilməmişdir.

78. Odur ki, işçiyə 2021-ci ilin yanvar ayından 2023-cü ilin may ayınadək iş vaxtından artıq vaxtda görülən işə görə 4984 manat vəsait ödənilməlidir.

79. Məhkəmə bu məbləği hesablayarkən iddiaçının əmək haqqı məbləğinin artırılması ilə bağlı iş materiallarında hər hansı sübutun olmadığını, cavabdehin istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işçinin işə çıxmadığı ilə bağlı hər hansı növbəçilik cədvəli təqdim etmədiyini, 2020-ci ilin oktyabr, noyabr, dekabr aylarında işçiyə əmək haqqı hesablanması ilə bağlı müvafiq sənədlərin olmadığını, işçinin qazanxana operatoru vəzifəsinə rəsmi olaraq 2021-ci ilin yanvar ayında keçirildiyini nəzərə almış və sübut olunmayan halları mövcud olmayan kimi rədd etmişdir.

80. Bununla bağlı qanunvericiliyin mövqeyi belədir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Hazırki iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

81. Məhkəmə iddia tələbini digər hissələrdə əsassız hesab edir. Belə ki, Əmək Məcəlləsinin 83-ci maddəsinin tələbinə görə son haqq-hesab dedikdə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr başa düşülür. Hansı ki, işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, gecə vaxtı görülən işə görə əmək haqqı və digər əlavələr ödənilmişdir və iş vaxtından artıq işə görə ödənilməyən əmək haqqı da məhkəmə qətnaməsi ilə tutulmuşdur. Odur ki, son haqq-hesabın yenidən hesablanması ilə bağlı iddiaçının tələbi əsassızdır. Bundan əlavə məhkəmə icraatı dövründə əmək kitabçası müvafiq qeydiyyat aparılmaqla iddiaçıya təhvil verildiyindən iddia tələbinin həmin hissəsi də öz hüquqi mahiyyətini itirmişdir. Tətbiq edilən prosessual normalar:

82. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

83. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

84. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

85. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

86. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iş vaxtından artıq vaxt ərzində görülən işin əvəzi qismində 4984 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsindən alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

87. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İş vaxtından artıq vaxt ərzində görülən işin əvəzi qismində 4984 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsindən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar