Məhkəmə qərarları › İş №2(001)-1045/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-1045/2024

04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-1045/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X10 Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5196/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilərək, birgə nikahlarından doğulmuş xx.xx.2014cü il təvəllüdlü oğlu X4 və xx.xx.2015-ci il təvəllüdlü qızı X1 üçün, hər uşağa görə 235 manat, cəmi 470 manat aliment Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 07 sentyabr 2016-cı il tarixli, 2(011)- 5196/2016 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü oğlu X4 və xx.xx.2015-ci il təvəllüdlü qızı X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərin 1/3 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Hal-hazırda cavabdeh hər iki uşağa görə cəmi 265 manat məbləğində aliment ödəyir. Artıq 2016-cı ildən indiyədək həm pullar infilyasiyaya uğranmış, həm kəskin bahalaşma getmiş, eyni zamanda 2023-cü ilin yanvarından Azərbaycan Respublikasında hər uşağa görə alimentin miqdarı 220 manat təşkil edir. Ona görə də alimentin artırılması barədə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5196/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilmiş, X5 ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində bağlanmış 1712 saylı nikah qeydi ləğv edilməsi, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X6 anaları X2 yanında saxlanılması və 07 sentyabr 2016-cı il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment X2 xeyrinə tutulması qət edilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat mediasiyaya dair, 10 manat isə kargüzarlıq-poçt göndərişlərinə dair xərc ödəmişdir. Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4, xx.xx.2014-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7, xx.xx.2015-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktuba əsasən Cavabdeh hal hazırda Suraxanı RPİ 30 PŞ-nin növbətçi köməkçisi vəzifəsində işləyir və dekabr 2023-cü il tarixinə hesablanmış əmək haqqısı vergilər çıxıldıqdan sonra 801,49 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 5196/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən hər ay qazançının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən qazançının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması haqqında Xətai Rayon Məhkəməsinin 2(011)-5196/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin qəbul edilməsindən 1 ildən çox müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Xətai Rayon Məhkəməsinin 2(011)-5196/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan hər ay hər qazançının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin miqdarı dəyişdirilərək hər ay hər bir uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5196/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulan hər ay hər qazançının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 235 manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar